Heydər Əliyev adına NEZ modernləşmə
və yenidənqurma mərhələsində
Heydər
Əliyev adına Neft Emalı Zavodunun (NEZ) kollektivi ötən ili uğurla başa vurmuşdur. 2016-cı il zavodun modernləşdirilməsi və yenidənqurma
işlərinə başlanılması, bu
işlər üzrə bir sıra
müqavilələrin bağlanılması və texnoloji qurğularda bir sıra mühüm işlərin yerinə
yetirilməsi ilə yadda qaldı. Onu qeyd edək ki, zavodun rekonstruksiya
və modernizasiyası ilə bağlı işlər çərçivəsində
müəssisənin illik emal
gücünün artırılması və
burada “Avro 5”
standartlarına cavab verən daha yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə
tutulur. Bu məqsədlə
zavodun ilkin emal, katalitik krekinq və katalitik riforminq qurğularının və ümumizavod təsərrüfatının rekonstruksiya edilməsi və irili-xırdalı 12 yeni qurğunun
inşası planlaşdırılır.
Keçən il Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev adına NEZ-ə təşrif buyurması ilə yadda qaldı. Sentyabrın 19 -da cənab İlham Əliyev zavodun yenidənqurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak etdi.
Təməlqoyma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə yeni bitum istehsalı qurğusunun inşası və Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.
Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq. Bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına Neft Emalı Zavodu arasında müvafiq müqavilə imzalanıb. Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunun (NEZ) mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına Neft Emalı Zavodunun istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək.
Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin növbəti mərhələləri çərçivəsində müəssisədə yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulub. Proqrama əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodunda “Avro-5” standartı üzrə dizel yanacağı, benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə zavodun emal gücü 7,5 milyon tona qədər artırılacaq, nəticədə ölkənin növbəti 15-20 il üçün avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək və keyfiyyətli neft məhsulları üzrə ixrac potensialı daha da artırılacaq. Sözsüz ki, layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
2016-cı ildə müəssisənin ən mürəkkəb texnoloji quruluşa malik qurğusu sayılan 21¹-li ED-AV-6, katalitik krekinq və digər qurğuların saz vəziyyətdə saxlanması, fasiləsiz iş rejiminin təmin edilməsi və standartlara uyğun yüksək keyfiyyətli məhsul istehsalına nail olmaq üçün onların fəaliyyətləri ilboyu diqqət mərkəzində saxlanılmış, vaxtaşırı olaraq müvafiq təmir işləri aparılmışdır. Bütün bunlardan əlavə, yaxın vaxtlarda həmin qurğularda neftin emalı prosesinin daha da dərinləşdirilməsinə xidmət edən bir sıra digər mühüm işlər də görüləcəkdir. Belə ki, “Avro-5” standartının tələblərinə uyğun avtomobil benzinlərinin istehsalını təşkil etmək məqsədilə Dövlət Proqramı çərçivəsində Heydər Əliyev adına NEZ-də ilkin emal qurğusunun (ED-AVQ-6) istehsal gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yanacaq-enerji sərfiyyatının azaldılması və digər istismar xərclərinin aşağı salınması üçün yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həyata keçiriləcək tədbirlər sırasında katalitik krekinq qurğusunun gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, istismar xərclərinin aşağı salınması, dizel yanacaqlarının keyfiyyət göstəricilərinin artırılması və nəticədə NEZ-də istehsal olunan bütün növ avtomobil benzinlərinin tərkibində benzolun miqdarının Avropa standartlarına çatdırılması da vardır.
Ötən il SOCAR prezidentinin “Maliyyə dayanıqlığı və xərclərin optimallaşdırılması haqqında” əmrinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində xərclərin optimallaşdırılması və gücləndirilmiş qənaət rejiminə keçidlə bağlı bir sıra işlərin görülməsinə başlanmışdır. Belə ki, zavodun daxilində suyun məsrəfinə nəzarəti təmin etmək üçün əlavə sayğacların quraşdırılması məqsədəuyğun hesab edilmiş və bunun üçün əlavə olaraq, 90 ədəd müxtəlif ölçülü su sayğacı istehsalat və sahələr üzrə quraşdırılmışdır.
Həmçinin zavodda istifadə olunan buxar və yanacağa qənaət məqsədilə hesabat aparılmayan yerlərə hesabat qovşaqlarının (daraldıcı quruluşlar və ölçü qurğuları) quraşdırılması prosesinə başlanmışdır. Artıq kollektiv müəssisədə xeyli miqdarda su, buxar, elektrik enerjisinə qənaət etməyə müvəffəq olmuşdur.
Eyni zamanda, texnoloji qurğularda qənaət rejimi ilə bağlı tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu vəzifələr texniki suyun soyudulması üçün havasoyuducularının mövsümə uyğun olaraq minimum səviyyədə işlənməsi, qurğularda mövcud olan susoyuducularına verilən dövri suyun, su buxarı verilən aparat və avadanlıqlarda texniki rejim normalarına əməl olunmaqla izafi miqdarda işlənməsinə yol verilməməsi, istehsalat, qurğu və sahələrə verilən içməli, texniki və yanğınsöndürmə sularının normalar daxilində istifadə olunması işlərini yerinə yetirməyi zəruri edir.
Sözsüz ki, gücləndirilmiş qənaət rejiminə əməl olunması, görülən məqsədyönlü tədbirlər israfçılığın qarşısının alınmasında mühüm rol oynayacaq, çəkilən xərclərin azalmasına kömək edəcək ki, bu da zavodun maliyyə durumuna öz müsbət təsirini göstərəcəkdir.
Artıq 2017-ci ilin ilk həftələrini yaşayırıq. Müəssisənin istehsalat və sahələrində normal iş ahəngi davam edir, kollektiv iqtisadi uğurların davamlı olması, ölkənin neft məhsullarına olan tələbatının ödənilməsi üçün mövcud imkanlardan maksimum istifadə etməyə çalışır.
Məlum olduğu kimi, 2015-ci ilin əvvəlindən SOCAR prezidentinin əmrinə əsasən, öz tabeliyində hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərən “Azərneftyağ” NEZ-in fəaliyyətinə xitam verilmiş və Heydər Əliyev adına Neft Emalı Zavoduna qoşularaq birgə xammalın emalı və neft məhsullarının istehsalı təşkil edilmişdir. Azərbaycan Respublikasının təsdiq olunmuş yanacaq-enerji balansına müvafiq SOCAR-ın Baş ofisi tərəfindən 2016-cı il üzrə zavoda 6070 min ton xam neft və “Qaradağ” QEZ-dən 24 min ton qaz benzinin, cəmi 6094 min ton xammalın emalı planlaşdırılmışdır.
Faktiki olaraq həmin hesabat dövründə 6009,4 min ton neft və 58 min ton kənardan daxil olan xammal, cəmi 6067,4 min ton xammal emal edilmişdir. Təyin olunan plana müvafiq neftin emalı 99% və ümumi xammalın emalı üzrə plan 99,6% yerinə yetirilmişdir.
2016-cı il ərzində zavodun ayrı-ayrı istehsal sahələrində texnoloji intizamın yaxşı səviyyədə olması və yaranmış şəraitə uyğun iş rejiminin seçilməsi nəticəsində işçilərimiz tərəfindən sərf olunan enerji resurslarına qənaət edilmişdir.
Ötən ilin birinci rübündə SOCAR-ın tapşırığına əsasən, “Azərenerji” ASC-ni soba mazutu məhsulu ilə təmin etmək üçün zavodda “mazut rejimi” tətbiq edilmişdir. Bu səbəbdən ilin son ayında soba mazutunun istehsalı və təhvili xeyli artmışdır. Bunun nəticəsində, hesabat ilində neftin faktiki emal dərinliyi 90% təşkil etmişdir və təyin olunan plan səviyyəsində icra olunmuşdur.
2016-cı ildə neft məhsullarının ümumi çeşidləri üzrə istehsal planı 100,3% yerinə yetirilmişdir. İlin əvvəlindən 1139,6 min ton avtomobil benzini, 2509,2 min ton reaktiv mühərrik və dizel yanacaqları, 185,6 min ton maye qaz, 206,6 min ton neft koksu, 179,1 min ton neft bitumu, 68,4 min ton DT və A markalı mühərrik yanacağı, 9,8 min ton müxtəlif növ sürtkü yağları, kimya sənayesi üçün 173,6 min ton hidrotəmizlənmiş benzin və 59,3 min ton təmizlənmiş quru qaz, “Azərenerji”yə və başqa təşkilatlara 398,6 min ton soba mazutu və sair neft məhsulları istehsal edilmişdir. Ümumi olaraq həmin dövrdə zavodda 1701,5 milyon manat dəyərində əmtəəlik neft məhsulları istehsal edilmişdir.
Neft məhsullarının satış planı 100,8% yerinə yetirilmişdir. 2016-cı il ərzində ümumi neft məhsullarının satışı 5576,3 min ton təşkil etmişdir ki, bunun 4062,1 min tonu respublika daxilində realizə olunmuşdur və 1514,2 min tonu isə ixrac edilmişdir. Belə ki, ümumi satışda ixracın payı 27,2% təşkil etmişdir. Zavodumuzda istehsal olunan mühərrik yanacaqlarının 25%-i xarici bazarda satılmışdır.
Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivi cari ildə də dövlət plan-tapşırıqlarını yerinə yetirərək ölkə iqtisadiyyatına öz töhfələrini verməklə, yüksək əmək göstəricilərini əldə emək əzmindədir.
Şamil Həşimov
Neftayıran” qəzetinin
redaktoru
İki sahil.- 2017.- 27 yanvar.- S.6.