Üçrəngli bayrağımızın Xankəndidə,
Şuşada dalğalanacağı gün uzaqda deyil
Dövlətimizin başçısı İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında aprel döyüşlərinin böyük hərbi qələbəmiz olduğunu bir daha önə çəkərək bu reallığı da diqqətə çatdırmışdır: “Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də, məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi.”
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, dövlətimizin qətiyyətini bir daha dünyaya nümayiş etdirdi. Xatırlasaq, işğalçı Emənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın hərbi xərclərini artırmasını dünyaya sülh danışıqlarından imtina kimi təqdim etməyə çalışırdılar. Buna cavab olaraq rəsmi Bakı hər zaman bəyan edir ki, sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olması mütləqdir. Digər tərəfdən, Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Təbii ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçilməsi şəksizdir. Azərbaycan dövlətinin bu mövqeyi ordumuzun gücünə, döyüş qabiliyyətinə əsaslanır. Ölkə Prezidenti bildirir: “Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir... Ordumuzun ehtiyacları təmin edilməlidir və biz gücləndikcə, əlbəttə ki, münaqişənin həllini yaxınlaşdıracağıq.”
Ölkəmizin
iqtisadi imkanlarının genişlənməsi hər sahədə,
o cümlədən ordu quruculuğu istiqamətində
mühüm tədbirlərin həyata keçirilməsini
şərtləndirir. 2003-cü
ildə 160 milyon dollar olan hərbi büdcəmiz bu gün 3
milyard dollardan artıqdır. Dövlətimizin
başçısı İlham Əliyev hər zaman bəyan
edir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın
ümumi büdcəsinə bərabər olmalıdır.
Müharibə şəraitində yaşayan bir
ölkədə dövlət büdcəsində hərbi təyinatlı
xərclər üçün ayırmalara, ordu quruculuğuna
bu cür diqqət və qayğı təbiidir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün danışıqların istənilən nəticəni
verənə kimi orduya ayırmalarda artımın daim diqqətdə
saxlanılacağını vurğulayan Prezident İlham
Əliyev Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının - dünyanın ən
mötəbər qurumunun 4 qətnaməsinin, digər beynəlxalq
təşkilatların oxşar qərar və qətnamələrinin
icra edilməməsini ədalətsizlik hesab edərək bir
daha bildirir ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir: “Azərbaycanın
ərazi bütövlüyü danışıqlar mövzusu
deyil, olmayıbdır və olmayacaqdır. Biz
çalışırıq ki, məsələ tezliklə
beynəlxalq hüquq normaları əsasında öz həllini
tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan ərazi bütövlüyü bərpa edilsin.
Bunun üçün biz diplomatik səylərimizi
davam etdirəcəyik. Bizim işimiz haqq
işidir. Biz heç bir başqa ölkənin
torpağını zəbt etməmişik, heç bir
başqa ölkənin torpağında bizim gözümüz
yoxdur... Ancaq bu işğal çox çəkə
bilməz. Mən tam əminəm ki, Azərbaycanın
ərazi bütövlüyü istənilən yolla bərpa
ediləcəkdir. Bunu etmək
üçün biz daha da güclü olmalıyıq.
Azərbaycanda bütün sahələrdə aparılan
islahatlar, ölkəmizin inkişafı, bölgədəki
mövqelərinin möhkəmləndirilməsi nəticəsində
istədiyimizə nail ola biləcəyik.”
Aprel döyüşləri
dövlətimizin başçısı İlham Əliyevin ən
yüksək tribunalardan böyük inam və qətiyyətlə
səsləndirdiyi “Bir qarış torpağımızı
belə düşmənə verməyəcəyik” bəyanatının
təsdiqidir.
Məlum olduğu kimi, aprel döyüşlərində
Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının
bir hissəsi işğaldan azad edildi. O ərazilərdə
Azərbaycan bayrağı dalğalanır. On
minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət
edir. O torpaqlarda təmizlik işləri aparılır və
yaxın gələcəkdə məcburi köçkünlər
o ərazilərə qayıdacaqlar.
Azərbaycan Ordusunun Ermənistan
silahlı qüvvələrinə verdiyi aprel dərsləri
düşmən ölkədə hələ də
böyük rezonans doğurmaqda, ermənilərin
rahatlığını pozmaqdadır. Cəbhədəki
məlum hadisələrdən sonra işğalçı
ölkə üçün indi ən böyük qorxu analoji
hadisələrin yenidən təkrarlana biləcəyidir.
Elə bu səbəbdəndir ki, xarici himayədarlarına
əvvəlkindən daha çox sığınan ermənilərin
əsas istəyi Azərbaycanla yeni mümkün hərbi
toqquşmaların qarşısının alınmasıdır.
Amma bu da çətin ki düşmənə
uzun müddət kömək etsin. Çünki
əvvəldə də qeyd etdiyimiz kimi, rəsmi Bakı
işğal altında olan torpaqlarımızın istənilən
yolla azad ediləcəyini ən yüksək tribunalardan bəyan
edib. Heç bir güzəştdən
söhbət gedə bilməz.
Qətiyyət,
peşəkarlıq nümunəsi
İşğalçı
Ermənistanın müstəqilliyinin formal xarakter
daşıdığı inkaredilməzdir. Bu və ya digər
dövlətlərin əlində oyuncağa çevrilən,
onların maraqlarının ifadəçisi kimi
çıxış edən Ermənistan hakimiyyəti bu
gün ölkəsinin hansı səbəblərdən
iqtisadi böhran içərisində
çapaladığının fərqindədir. İşğalçılıq siyasəti onun
bütün enerji layihələrindən kənarda
qalmasına səbəb olub. İqtisadi böhran içərisində
yaşayan bir ölkənin güclü ordusunun olması nə
dərəcədə real ola bilər?
Təbliğatı real
faktlara əsaslanan Azərbaycan iqtisadi qüdrətini
artırmaqla problemin həllini yaxınlaşdırır.
Dövlətimizin başçısı İlham
Əliyev bu əminliyi ifadə edir: “Mən tam əminəm, məhz
buna görə və digər tərəfdən, artan
gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi
bütövlüyümüzü bərpa edəcəyik.”
Təbii ki, Ermənistanı
bu gün qorxuya salan məqamlardan biri Prezident İlham
Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında” Sərəncamı
olub. İşğalçı ölkədə bu,
çox geniş səs-küy yaradıb. Açıq
və qəzəbli şəkildə qeyd olunur ki, Serj
Sarkisyanın cəfəngləri, rəsmi Yerevanın
uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul
olunmur.
Xatırlasaq,
işğalçı ölkədə kütləvi tərketmələr
zamanı da hakimiyyətin yeritdiyi siyasətə etiraz
bildirilir, ən əsası Dağlıq Qarabağın Azərbaycanın
ərazisi olduğu vurğulanır. Dövlətimizin
başçısı İlham Əliyevin həyata
keçirdiyi siyasət dəstəklənir. Ölkəmizdə iqtisadi inkişaf və bundan
qaynaqlanan digər istiqamətlər üzrə atılan
addımlar cənab İlham Əliyevin uğurlu siyasətinin
nəticəsi kimi qeyd olunur. Bir məqamı
da qeyd edək ki, ABŞ-ın “Gullap İnternational” təşkilatı
Cənubi Qafqaz ölkələrində ölkə əhalisinin
Prezidentinə münasibətini öyrənərkən
işğalçı ölkədə əhali öz
prezidentlərinə deyil, cənab İlham Əliyevin siyasətinə
dəstəyini ifadə etmişdi.
Aprel döyüşləri, bunun
ardınca işğaldan azad edilmiş ərazimizdə bərpa
işlərinin görülməsi ilə bağlı Sərəncam
bir daha Azərbaycan dövlətinin qətiyyətini və
prinsipiallığını, ölkə Prezidenti İlham
Əliyevin peşəkarlığını, verdiyi vədləri
konkret əməli işində təsdiqlədiyini
nümayiş etdirdi. Prezident İlham Əliyevin
imzaladığı Sərəncamdan sonra sosial şəbəkələrdə
paylaşılan statuslardan və verilən şərhlərdən
bu qənaətə gəlmək olar ki, Ermənistanda
ümumi əhvali-ruhiyyə kifayət qədər pessimistdir.
Belə görünür ki, cəmiyyət
Dağlıq Qarabağ münaqişəsinin həllinin
uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi
çoxsaylı problemlərdən daha çox
narazılıq bildirir.
Ermənilər həm
hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana
daha böyük fərqlə uduzmağın gerçəkliyini
anlamağa başlayıblar
Hər zaman qeyd etdiyimiz kimi,
zaman hakim, tarix isə yaddaşdır. Bu yaddaşlıq
fonunda işğalçı Ermənistanın bu günə
qədər apardığı təbliğatın əsassızlığı,
qərəzliliyi bir daha açıqlanır. Bu reallıq Ermənistan hakimiyyətinə çox
yaxşı bəllidir ki, yalanın həqiqət üzərində
qələbəsi mümkünsüzdür. Baxmayaraq ki, S.Sarkisyan dünyanın nüfuzlu təşkilatlarının
tribunasından öz yalanlarını həqiqət kimi
sırımağa çalışır, utanmadan Dağlıq
Qarabağın Ermənistanın ərazisi olduğunu bildirir.
Amma unutmayaq ki, tarix faktlara əsaslanır.
İşğalçı dövlət hər
zaman fakt qarşısında aciz qalır.
Dövlətimizin
başçısı İlham Əliyevin bəyanatları
sırasında xalqın səbrinin tükənməz
olmadığı da xüsusi yer tutur. Bu tükənməzliyin
təsdiqi məhz aprel döyüşləridir. İstər cəbhə xəttində
yaşananlardan, istərsə də dövlətimizin
başçısı İlham Əliyevin məlum Sərəncamından
sonra sosial mediada paylaşılan statuslarda və yazılan
şərhlərdə çox məqamlara aydınlıq gətirilir.
Karen Mkrtçyan adlı “Facebook” istifadəçisi “Nə
vaxta qədər belə davam edəcək? Bu
gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya”
başlıqlı status paylaşıb. Digər istifadəçi
Arut Xaçatryan adlı bir nəfər “Twitter”də belə
bir paylaşım edib: “Biz hələ də anlaya bilmirik ki,
İlham Əliyevin fəaliyyətindən niyə Serj Sarkisyan
nəticələr çıxara bilmir? Azərbaycan
torpaqları geri qaytarır, bizdə isə geri dönən
yalnız əsgərlərimizin cənazəsidir. S.Sarkisyan Ermənistanı məhvə aparır.”
Henrix Aşotyan adlı biri isə “Facebook”da Prezident İlham
Əliyevin imzaladığı Sərəncamla bağlı
paylaşılan statusa belə bir şərh yazıb:
“Açıq reallıq budur. Aprel
döyüşlərində İlham Əliyev Serj Sarkisyana
yüksək peşəkarlığın necə olduğunu
göstərdi. Bizim prezident bəs nə
etdi? Seyrçi mövqeyində qaldı.
Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı
kəndinin bərpası ilə bağlı sərəncam
imzalayır. Belə davam etsə, Stepanakert (Xankəndi -
red.), Şuşa, Kəlbəcər
üçün də belə sərəncamlar gözləniləndir”.
Robert Şaqinyan adlı biri isə “Twitter”də yazıb:
“Ötən il azərbaycanlıların aprel hücumundan sonra
qorxu hələ də canımızdadır. İlham
Əliyev Azərbaycan üçün lazımi addımlar
atır, ərazilərin qaytarılması ilə bağlı
işlər görür. Cocuq Mərcanlı
kəndi buna nümunədir. Bəs Serj nə
edir?”
Bu kimi statusları xeyli sayda
sadalamaq olar. Göründüyü kimi, artıq erməni əhalisi
hakimiyyətin yeritdiyi siyasətin ölkəyə nə kimi bəlalar
gətirdiyini sosial şəbəkələrdə
paylaşmaq məcburiyyətindədir. Dağlıq
Qarabağ probleminin həllinin vacibliyini bildirən əhali
hakimiyyətin ölkə üçün nə etdiyini
düşünəndə hansısa bir uğuru önə
çəkməyin mümkünsüzlüyünü etiraf
edir.
Ümumiləşdirilmiş şəkildə
desək, ötən ilin aprelində Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində yaşananlar
dünyadan hadisələrə düzgün dəyər verməyi
bir tələb kimi ortaya qoydu. İşğalçı
dövlət sülh istəmədiyini bir daha nümayiş
etdirdi. Azərbaycan Ordusunun düşmənə
cavabı bu reallığı ortaya qoydu ki, münaqişənin
həllində sülh danışıqları səmərə
vermədiyi təqdirdə müharibə variantına
üstünlük verilərsə, Silahlı Qüvvələrimiz
işğal altında olan torpaqlarımızı azad etmək
qüdrətindədir. Dövlətimizin
başçısı İlham Əliyevin həmin ərəfədə
keçirilən Təhlükəsizlik Şurasının
iclasında səsləndirdiyi bu bəyanatı bir daha
xatırlatmaq istərdik: “... biz münaqişənin həlli
ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik.
Bununla bərabər, biz danışıqlara
sadiqik, bundan sonra da çalışacağıq ki, bu
münaqişə sülh yolu ilə öz həllini
tapsın. Bununla bərabər, biz Ordumuzun
gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar,
erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün - aprelin 2-si onlar
üçün yaxşı dərs olacaqdır.”
Azərbaycan Ordusunun
işğalçı dövlətin silahlı qüvvələrinə
verdiyi dərs bu gün böyük inam və qətiyyətlə
Cocuq Mərcanlıdan başlanan böyük yolu ruh yüksəkliyi
ilə təhlil etməyimizə əsas yaradır.
Yeganə Əliyeva,
İki sahil.- 2017.- 28 yanvar.- S. 3.