Naxçıvana məxsus yeddi fərqləndirici
xüsusiyyət
Yaxud turistlərin diqqətini cəlb edən tarix və abidələr haqqında
Neft sektorundan sonra ölkəmizdə prioritet inkişaf istiqamətlərindən olan turizmin inkişafı əsasən iki səbəblə bağlıdır. İlk məsələ ondan ibarətdir ki, hər hansı ölkəyə və regiona turistlərin cəlbi üçün yetərli infrastruktur olmalı, turistlərin təhlükəsizliyi təmin edilməlidir. İkinci məsələ isə ondan ibarətdir ki, siz hər bir turisti maraqlandıran “niyə” sualını mütləq cavablandırmalısınız. Yəni hər bir şəxs səyahət edəcəyi məkanı seçərkən beynində istər-istəməz belə bir sual doğur: mən bu əraziyə niyə getməliyəm? Heç də təsadüfi deyildir ki, inkişaf etmiş turizm sənayesinə malik olan ölkələrdə hər hansı ərazi və ya abidəylə tanış olan turist üçün mütləq o abidənin və yaxud ərazinin hekayəsi ya da hansı unikallığı ilə seçilməsi maraqlı olur. Elə buna görə də ölkəmizlə və onun zəngin tarixə və yetərli turizm infrastrukturuna malik Naxçıvan Muxtar Respublikası ilə maraqlanan insanın diqqətini cəlb etmək istəyiriksə ilk növbədə onun beynindəki niyə sualını cavablandırmalıyıq. Təcrübə göstərir ki, bu sualı cavablandırmaq üçün təkcə tarix və təbiət abidələri haqqında ümumi məlumat vermək yetərli deyil. Çünki təbiət və tarix abidələri dünyanın demək olar ki, hər bir ölkəsində var. Deməli, biz turistlərə və muxtar respublikamıza gələn qonaqlara tariximiz və təbiətimizlə bağlı məlumatı yox, bu tarixi və təbiət abidələrini fərqləndirən cəhətin nə olduğunu göstərməliyik. Bəs Naxçıvana gəlmək istəyən turistə təqdim edə biləcəyimiz Naxçıvana məxsus yeddi fərqləndirici xüsusiyyət hansılardır?
1. Bir nöqtədə dayanmaqla dörd ölkənin
ərazisini görmək imkanı
Doğrudur, muxtar respublikanın turizm potensialından danışılarkən burada Sədərək rayonunun rolu o qədər də fərqləndirilmir. Lakin Sədərək rayonunun yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinin özü turistləri cəlb etmək üçün maraqlı bir amildir. Dünyada çox az ərazilər vardır ki, siz o nöqtədə dayanmaqla bir neçə ölkənin ərazisini eyni anda görmək imkanına sahibsiniz. Məhz Sədərək rayonunun ərazisi bu xüsusiyyətinə görə dünyanın unikal nöqtələrindən biri hesab edilə bilər. Beləliklə Naxçıvana səfər edəcək turistin diqqətini ilk növbədə bu cəhətə yönəltməliyik.
2. Dünyanın ən yüksək nöqtələrindən
birində yerləşən muzey
Dünyada muzeylər çoxdur. Onların hər biri bir xüsusiyyətinə görə fərqlənir. Vatikan muzeyləri İntibah dövrünə aid ən zəngin eksponatlara malik olan muzeylər hesab edilir. Müxtəlif mədəniyyətlərə aid 300 mindən artıq eksponatın saxlanıldığı Fransadakı Luvr Muzeyi dünyada adı ən çox bilinən və ən böyük muzey sayılır. İtaliyadakı Uffizi Qalereyası ən populyar və ən qədim sənət əsərlərinin saxlanıldığı muzeylər sırasındadır. ABŞ-dakı Metropolitan Muzeyi isə 2 milyondan artıq əsərə ev sahibliyi etməklə dünya muzeyləri sırasında adını fərqləndirir və turistləri özünə cəlb edir. Rusiyadakı Ermitaj Muzeyi də dünyanın ən qədim və ən böyük muzeylərindən biri olması ilə turistlərin maraq dairəsinə düşmüşdür.
Naxçıvandakı Gəmiqaya Muzeyi isə turistlər üçün iki cəhətdən maraqlı ola bilər. İlk növbədə turistlərə izah etmək lazımdır ki, bu ərazi ümumdünya Tufanından sonra insanlığı qurtaran Nuhun gəmisinin torpağa toxunduğu ilk nöqtədir. Bu ərazidə yaradılmış muzey isə bütün dünyada dəniz səviyyəsindən ən yüksək nöqtədə yerləşən unikal muzeylərdən biridir.
3. Nuh Peyğəmbərin məzarüstü
türbəsi
Dini turizm dünyada ən böyük turizm sektorlarından biri sayılmaqdadır. Araşdırmalar göstərir ki, hələ də Vatikana, Qüdsə və yaxud Tibetə səfər edən bir çox turist üçün bu ərazilərin dini mahiyyəti xüsusi önəm kəsb edir və o insanları oraya gətirən də məhz teoloji müqəddəslikidir. Və yaxud hər il dünya müsəlmanlarının mərkəzi və qibləgahı sayılan Məkkə şəhərindəki Kəbəni və Mədinə (Yəsrib) şəhərindəki Məhəmməd Peyğəmbərin (s.ə.s.) məzarını milyonlarla insan ziyarət edir. Bu ziyarətləri gerçəkləşdirən hər bir xarici ölkə vətəndaşı isə kifayət qədər ciddi məbləğdə həmin ölkələrin büdcəsinə xeyir verir.
Qeyd etmək lazımdır ki, bu cəhətdən də Naxçıvan öz fərqləndirici xüsusiyyəti ilə seçilir. Əgər Vatikana əsasən dünya xristianları, Qüdsə xristianlar və yəhudi inanclı şəxslər, Məkkəyə isə müsəlmanlar gedirsə, Nuh Peyğəmbər bütün təkallahlı dinlərin tərəfdarları üçün müqəddəs sayılır və bu səbəbdən onun məzarüstü türbəsini görmək hər üç dinin tərəfdarları üçün maraqlı ola bilər.
4. Əshabi-Kəhf müqəddəsliyi
Bu gün Əshabi-Kəhf möcüzəsinin Naxçıvana ən çox turist cəlb edən səbəblərdən biri, bəlkə də birincisi olduğu şübhəsizdir. Müqəddəs “Qurani-Kərim”də adı çəkilən “Əshabi-Kəhf”lərdən birinin də məhz Naxçıvanda yerləşməsi yaxın qonşuluqda yerləşən müsəlman ölkələrinə məlum olsa da, bunu digər İslam ölkələrinə də çatdırmaq daha ciddi turist axınına səbəb ola bilər və qarşıdan gələn 2018-ci ildə Naxçıvanın “İslam Mədəniyyətinin Paytaxtı” olması bunun üçün əla fürsətdir.
5. Dünyanın ən böyük
Duz mağaralarından biri
Duzdağ mağarası və insanların sağlamlığı üçün qurulmuş Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvana turist cəlb edilməsi üçün əlimizdə olan ən böyük resursdur. Duzdağın heyrətamiz şəfası muxtar respublikaya bu günə qədər gələn insanları necə valeh edibsə buraya gəlmək istəyən insanları da valeh edə bilər.
6. Üzən ada - Batabat
unikallığı
Batabat yer üzündə olan uçqun və sürüşmə nəticəsində yaranan onlarla bənd göllərindən biridir. Lakin bu yüzlərin içində onu fərqləndirən bir məqam var. Bu göl dünyanın yeganə üzən adasının mövcud olduğu bənd gölüdür. Bu torf adanın saatlar ərzində gölün bir tərəfindən digər tərəfinə getdiyini müşahidə etmək belə insana qəribə bir rahatlıq bəxş edir. Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə olan bu gölü elə məhz bu cəhətinə görə hər bir turist görmək istəyər.
7. Əlincə - Dünyanı lərzəyə salan Tamerlana 14 il müqavimət göstərən qala
Bizim Əmir Teymur kimi tanıdığımız fatehi dünya Tamerlan kimi tanıyır. 1370-ci ildən 1405-ci ilə qədər davam edən 35 illik yürüşləri ilə Əmir Teymur haraları özünə tabe etdirməmişdi ki? Orta Asiyanı, Rusiyanın cənubunu, Xorasanı, İranı, Gürcüstanı, İraqı, Suriyanı, Anadolunu, Hindistanı və s. Bunu bütün dünya bilir. Çoxunun bilmədiyi bir məqam isə Teymurun bəzi mənbələrə görə 12, bəzi mənbələrə görə isə 14 il ərzində ələ keçirə bilmədiyi Əlincə qalasının harada yerləşməsidir. Bu qalanı isə dövlətimiz ən yüksək səviyyədə restavrasiya edib. Onu daha çox tanıtmaq və beynindəki “niyə getməliyəm” sualını cavablandırmağa çalışan turistlərə səbəb kimi təqdim etmək isə bizim - yəni hər birimizin üzərinə düşür. Çünki bir yazıya sığışdıra bilmədyimiz bu və ya digər unikallıqları dünyaya tanıtdıqca, bizim də dünyanı daha yaxından tanımaq imkanımız olacaq.
Elnur Kəlbizadə,
AMEA Naxçıvan Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun
elmi işçisi
İki sahil.- 2017.- 28 yanvar.- S. 14.