Mədəniyyət xadimlərinin
alternativsiz seçimi İlham Əliyevdir
Xalq artisti, professor, Azərbaycan
Milli Konservatoriyasının "Muğam"
kafedrasının müdiri Arif Babayev
- Arif
müəllim, istərdik ki, Azərbaycan cəmiyyətinin
sayılıb-seçilən bir nümayəndəsi kimi sizin
fikrinizi bilək. Aprelin 11-də keçiriləcək
prezident seçkilərində hansı namizədin qalib
olmasını arzulayırsınız və niyə?
- Mənim
80 yaşım var. Həyatı görə-görə gəlmişəm.
Arxada qalan illərdə qazandığım təcrübə
yaxşını pisdən fərqləndirməyimə imkan
verir. Mən Allaha çox şükür
edirəm ki, müstəqil dövlətimizi qura bilmişik.
Görün dünyada nə qədər xalq
var, ancaq onların bir çoxunun dövləti yoxdur. Öz taleyinin sahibi olmaq xalqımızın çox
böyük uğurudur. Biz müstəqilliyimizin
qədrini bilməliyik, yaşından asılı olmayaraq hər
kəs dövlətimizin sütunlarının möhkəmlənməsinə
öz töhfəsini verməlidir. Ulu
öndərimiz Heydər Əliyev bu fikri həmişə
vurğulayırdı ki, müstəqilliyi qorumaq onu əldə
etməkdən daha çətindir.
Mən
hesab edirəm ki, seçki marafonuna qatılan namizədlərdən
kim çalışdığı sahədə dövlətçiliyimizin
möhkəmlənməsinə, ölkəmizin inkişafına daha
çox töhfə veribsə və bu ali məqsəd naminə
çalışırsa, o da qalib olmağa, xalqın
etimadını, seçicilərin mandatını qazanmağa
layiq olmalıdır. Mən namizədlərin
siyahısına baxmışam. Əlbəttə,
onların arasında Azərbaycan naminə bu və ya digər
xidmətləri göstərən namizədlər də var.
Ancaq mən onların arasında favorit, ən layiqli namizəd
kimi hörmətli Prezidentimiz İlham Əliyevi
görürəm. Hesab edirəm ki, dövlətçiliyimizə
xidmət məsələsində İlham Əliyevlə
seçki marafonuna qoşulan digər namizədlər
arasında müqayisəyəgəlməz fərq var.`
İndiki narahat dövrdə dövləti idarə etmək
asan məsələ deyil. Gəlin
dünyanın mənzərəsini göz önündə
canlandıraq. Ayrı-ayrı ölkələrdə
insanlar qarşıdurmalardan, müharibələrdən, ərzaq
çatışmazlığından əziyyət çəkirlər.
Şəxsən mən televizorda adi
dolanışıq naminə doğma yerləri tərk edib
Avropaya üz tutan miqrantların üzləşdikləri məşəqqətləri
görəndə ürəyim ağrıyır. Azərbaycanda isə əmin-amanlıq, sabitlik var.
Hesab edirəm ki, bu, hər şeydən vacibdir. İnsanlar sabahkı günə ümidlə
baxırlar, həyatlarını inamla qururlar. Ölkəmizdə əmin-amanlığı təmin
edən Prezident İlham Əliyevdir. O, Azərbaycan xalqının
firavan yaşaması, ölkəmizin milli maraqlarının təmin
olunması üçün əlindən gələn hər
şeyi edir.
İlham Əliyevi müsbət mənada fərqləndirən
cəhətlərin sayı çoxdur. Mən xanəndəyəm,
sənət adamı kimi tez-tez respublikanın bölgələrinə
səfərlərə gedirəm. Tam səmimi
deyirəm. Əvvəllər bölgələrə
səfərə gedəndə ciddi narahatlıq keçirərdik.
Harada qalacağımız problemə
çevrilirdi. Yol-iz bərbad vəziyyətdə
idi, adi rahatlıqlar belə yox idi. Ancaq
indi vəziyyət fərqlidir. Bölgələrimizin
siması tamam dəyişib. Regionlardakı
şərait, kommunal rahatlıqlar elə paytaxt Bakıdakı
kimidir. Bölgələrdə müasir və
milli memarlıq üslubunda tikilən yeni mədəniyyət
ocaqları, konsert salonları sənət adamlarının
öz məharətlərini nümayiş etdirmələrinə
imkan verir. Bölgələrdə
yaşayan insanlar da bizimlə söhbətlərində
bütün bunlardan məmnunluqlarını bildirirlər və
onlar üçün belə şəraiti
yaratdığına görə Prezident İlham Əliyevə
minnətdarlıqlarını ifadə edirlər.
Xarici ölkələrdə də Azərbaycana
münasibət dəyişib. Mən dünyanın
64 ölkəsində olmuşam, müxtəlif konsert
salonlarında muğamlarımızı səsləndirmişəm.
Xaricdə çoxlu dostlarım var. Onlar da
vaxtaşırı müxtəlif mədəni tədbirlərdə
iştirak etmək üçün Bakıya təşrif gətirirlər.
Bilsəniz qonaqlar şəhərimiz,
bütövlükdə Azərbaycan haqqında necə xoş
sözlər ifadə edirlər. Onlar
ölkəmizin inkişafından, Bakıdakı yeni tikililərdən,
müasirliklə qədimliyin vəhdətindən heyrətə
gəldiklərini gizlətmirlər. Ölkəmiz,
şəhərimiz haqqında belə xoş sözləri
eşitmək adamda qürur, milli iftixar hissi yaradır.
Eyni zamanda, ölkəmizin sadaladığım
reallıqları bizi nə qədər sevindirirsə, həm
də məsuliyyət hissimizi artırır. Bu inkişaf,
bu quruculuq, necə deyərlər, sehrli çubuq sayəsində
baş vermir, görülən işlərin arxasında
dövlət başçısı İlham Əliyevin gecəli-gündüzlü
zəhməti dayanır. Bu işlərin
miqyasını göz önündə canlandıranda
düşünürəm ki, Prezidentimiz gecə də,
gündüz də çalışır.
- Yəqin
ki, siz İlham Əliyevin milli mədəniyyətimizə
qayğısından ayrıca söhbət açmaq istərdiniz.
- Mən
deyərdim ki, İlham Əliyevin və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə
qayğısı daha geniş bir söhbətin mövzusudur. İndi ölkəmizdə müxtəlif sahədə
çalışan insanlar deyə bilərlər ki, Prezident
İlham Əliyev məhz onlara daha artıq dərəcədə
diqqət və qayğı göstərir. Mən isə hesab edirəm ki, milli mədəniyyətimiz
İlham Əliyevin timsalında özünün böyük
hamisini, mədəniyyət sahəsində
çalışanlar isə özlərinin böyük
dostlarını tapıblar.
Dövlətimizin başçısı ölkədə
mədəniyyətin inkişafına xüsusi diqqətlə
yanaşır.
O, sözün əsl mənasında, mədəniyyətimizin,
milli dəyərlərimizin təəssübkeşidir. Mən yenə müqayisələr aparmaq istərdim.
Müstəqilliyimizin ilk illərində mədəniyyət
ocaqlarının, mədəniyyət kollektivlərinin, bu sahədə
çalışanların vəziyyəti dedikcə
ağır idi. İndi isə bütün
ölkə miqyasında mədəniyyət ocaqları yenidən
qurulur, qədim tarixi abidələrimizə yeni həyat
verilir, mədəniyyət xadimlərinin, bu sahədə
çalışanların sosial vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli
addımlar atılır. Azərbaycan
Prezidentinin rəhbərliyi ilə həyata keçirilən
bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva da öz layihələri ilə dəstək verir.
Azərbaycan mədəniyyətinin dünya
miqyasında təbliği, milli muğam sənətinin yaşadılması
ilə bağlı görülən işlər indi ölkəmizin
beynəlxalq imicinin formalaşmasında mühüm rol
oynayır. Son illərdə
reallaşdırılan tədbirlər, Bakıda muğam mərkəzinin
istifadəyə verilməsi, muğam festivallarının
keçirilməsi milli musiqi mədəniyyətimizin mühüm
qolu olan muğama yeni nəfəs verib, desək, əsl həqiqəti
ifadə etmiş olarıq.
Mənim hazırda çalışdığım Azərbaycan
Milli Konservatoriyasının yeni binasının yüksək səviyyədə
tikilərək istifadəyə verilməsi İlham
Əliyevin milli musiqimizə, bütövlükdə mədəniyyətimizə
çox həssas münasibətinin ifadəsidir. Xalqımızın
Ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə
imzaladığı Fərmanla yaranan Azərbaycan Milli
Konservatoriyası müstəqillik dövründə fəaliyyətə
başlayan ilk ali məktəblərdən
biridir. Ulu öndərin 2001-ci il 10 avqust
tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki
bazasının yaradılması haqqında" Sərəncamı
ilə Bakı Musiqi Kolleci və respublika İncəsənət
Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil edildi.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin
təhsilin və mədəniyyətin inkişafına
göstərdiyi qayğı yeni tarixi dövrdə
xalqımıza daha bir təhsil ocağını - Milli
Konservatoriyanı bəxş etdi.
Sonrakı dövrdə Milli Konservatoriyanın fəaliyyəti
dövlətimizin başçısı İlham Əliyevin
diqqətindən kənarda qalmadı. 2006-cı ildən
Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin tikintisinə
başlandı. 2012-ci ildə Prezident
İlham Əliyev bu təhsil ocağının inşası
ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam
imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı.
Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin
açılışı isə Prezident İlham Əliyevin
və ölkənin birinci xanımı Mehriban
Əliyevanın iştirakı ilə 2014-cü il 13 fevral tarixində baş tutdu. Beləliklə,
müəllim və tələbələr çox
böyük hədiyyə almış oldular. Milli Konservatoriyanın yeni binasında ən
müasir standartlar səviyyəsində şərait
yaradılıb. Burada 1000 nəfərin təhsil
alması üçün imkan var.
Mən çalışdığım Milli Konservatoriya
barədə geniş söhbət açdım. İlham
Əliyevin diqqət və qayğısı sayəsində
ölkəmizin digər təhsil və mədəniyyət
ocaqlarında da belə gözəl şərait
yaradılıb. Hesab edirəm ki, İlham Əliyevin
Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin
açılışı mərasimində dediyi "Biz
hamımız çalışmalıyıq ki, milli musiqimiz
yaşasın, inkişaf etsin, zənginləşsin"
sözləri Onun bütövlükdə zəngin Azərbaycan
mədəniyyətinə münasibətdə dərin
təəssübkeşliyini ifadə edir.
Təbii ki, dövlət başçısının
davamlı diqqət və qayğısı mədəniyyət
sahəsində çalışanlarda Ona qarşı dərin
hörmət və ehtiram hissi formalaşdırıb. Bu gün mədəniyyət
sahəsində çalışanların böyük əksəriyyəti
İlham Əliyevin ölkəni inamla idarə etməsindən,
milli mədəniyyətimizə hamilik göstərməsindən
razıdırlar və bu hərtərəfli qayğıya
daha fədakar çalışmaqla, daha geniş
yaradıcılıqla cavab verməyə
çalışırlar. O ki qaldı aprelin 11-də
keçiriləcək seçkilərə, biz mədəniyyətimizə
və mədəniyyət sahəsində
çalışanlara dövlət qayğısının
davamlı olmasını istəyirik. İstəyirik
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
başladığımız işlər, yeni layihələr
elə Onun iştirakı ilə də tamamlansın.
Bizim seçkilərdə alternativsiz seçimimiz İlham
Əliyevlə bağlı olacaq!
- Arif
müəllim, milli mədəniyyətimizdən,
muğamlardan söhbət açarkən musiqi beşiyi olan
Qarabağı xatırlamamaq mümkün deyil. Bilirik
ki, Ağdamda dünyaya göz açan xanəndə kimi, siz
də qəlbinizdə böyük bir nisgil gəzdirirsiniz.
İlham Əliyevin ölkənin ərazi
bütövlüyünün təmin olunması istiqamətində
apardığı siyasət barədə nə deyə bilərsiniz.
- Mən Ağdamın Sarıhacılı kəndində
anadan olmuşam. Düşünürəm ki, xanəndəlik
də mənə elə Qarabağın torpağı,
daşı, axan çayları, saf havası ilə verilib.
Axı Qarabağda hər şey sanki elə
muğam zümzümə edir. Torpaqlarımızın
işğal altında qalması həm bir azərbaycanlı,
həm də o yerlərdə dünyaya göz açan bir
insan kimi, məni göynədir. O yerlərlə
bağlı qəlbimdə sonsuz xatirələr var. Mən
yaxşını da, pisi də görən bir insanam. Ən böyük arzum Qarabağın, doğma
Ağdamın azad edilməsini görməkdir. Məni buna ruhlandıran isə Prezident İlham
Əliyevin apardığı siyasətdir. Dövlət başçımız bəzi beynəlxalq
təşkilatların ikili standartlar sərgiləməsinə,
işğalçı Ermənistanın başını
sığallamasına rəğmən, qətiyyətlə bəyan
edir ki, Azərbaycanın ərazi bütövlüyü
mütləq bərpa olunmalıdır.
Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində Milli Ordunun davamlı olaraq
güclənməsi son vaxtlarda təmas xəttində Azərbaycanın
üstün mövqe qazanmasını təmin edib. Şanlı
aprel döyüşləri isə xalqımızın
böyük zəfərinin uzaqda olmadığından xəbər
verir. Hesab edirəm ki, Cocuq Mərcanlının
bərpası Böyük Qayıdışın
başlanğıcıdır.
2017-ci ildə Cocuq Mərcanlı kəndinin bərpası
təmin edilib.
Eyni zamanda, Şıxarx qəsəbəsində
böyük şəhərcik salınıb. İşğaldan azad edilən ərazilərdə
hər cür rahatlığa malik qəsəbələrin
salınması böyük rəmzi məna
daşıyır. Bu kimi layihələrin
icrası ilə biz dövlətimizin, xalqımızın iradəsini
göstəririk. Bir daha göstəririk
ki, Azərbaycan xalqı heç vaxt işğalla
barışmayacaq. Biz hamımız hörmətli
Prezidentimiz İlham Əliyevin ölkəmizin ərazi
bütövlüyünün təmin olunması istiqamətində
apardığı siyasətə dəstək verməliyik, həmişə
Onun yanında olmalıyıq!
İki
sahil.- 2018.- 5 aprel.- S.7.