“Şərqi-Rus” qəzeti və
Naxçıvan ədəbi mühiti
XIX əsrin sonu və XX əsrin əvvəllərində
Azərbaycan ziyalıları mətbuata olan ehtiyacın
artdığını görərək ana dilində qəzet
və ya jurnallar çıxarmaq üçün dəfələrlə
hökumət dairələrinə müraciət etdilər.
Lakin çar hökuməti Azərbaycan
mətbuatının da inkişafına mane olurdu.Ona görə
də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində
çıxan mətbuat orqanlarını mütaliə edirdi.
Lakin çar hökuməti
müsəlman vətəndaşların yad təsirlərin
altında qalmasına da göz yuma bilməzdi, ona görə
də bu sahədə bəzi
güzəştlərə getmək məcburiyyətində
qaldı. Belə bir dözülməz şəraitdə
çarizmin irəli sürdüyü maneələri
aşmaq cəhdi böyük XX əsrin ilk illərində
maarifçimiz M.Şahtaxtlıya nəsib oldu. O, Parisdən
qayıdaraq 1902-ci il aprelin 2-də Rusiyanın Mətbuat
işləri üzrə baş idarəsinə xahişnamə
ilə müraciət etdi. Böyük çətinliklərlə
qəzetin Tiflisdə nəşrinə icazə ala
bildi.Böyük maarif fədaisi burada “Məhəmməd
ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə
təşkil etdi. Əsrin əvvəllərində xalqın
milli-mənəvi inkişafı uğrunda hərəkat
başlamışdı. Bu gəlişmələrdən
ruhlanan böyük ədib yazırdı: “Güman
edirəm ki, bütün müsəlman ziyalıları, həmçinin
ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə
can atan kiçik xalqımızın inkişafının
insanpərvər dostları məni müdafiə edəcək
və bu işin mədəni əhəmiyyətini layiqincə
anlaya biləcəklər”.1903-cü il
martın 30-da xalqımızın mədəniyyəti tarixində,
mətbuatımızın tarixində əlamətdar bir hadisə
baş verdi: həmin gün ziyalılarımızın
çoxdan bəri həsrətlə gözlədikləri əsrin
ilk milli mətbuat nümunəsi meydana çıxdı.
“Şərqi-Rus” qəzetinin ilk nömrəsinin
işıq üzü görməsi xəbəri böyük əks-səda verdi.“Şərqi-Rus”
qəzeti çarizmin istismarı şəraitində
dövrün mütərəqqi ziyalılarını öz ətrafına
toplayaraq zülm altında əzilən
xalqların xoşbəxt həyat arzularının tərcümanına
çevrildi. “Şərqi-Rus” 1905-ci il yanvarın 15-dək nəşr
olunmuşdur. M.Şahtaxtlı
Peterburqa getməsi ilə əlaqədar 1904-cü ilin 23
noyabrından inanıb etibar etdiyi C.Məmmədquluzadəni
öz yerinə müvəqqəti redaktor təyin etmiş,
görkəmli ədibimiz qəzet
bağlanana qədər bu vəzifəni icra etmişdir.Bu qəzetin
mədəniyyət və ədəbiyyatımız
tarixində çox böyük xidmətləri olmuşdur.
Belə ki, M.Ə.Rəsulzadənin xalqa müraciəti,Ömər
Faiq Nemanzadənin ilk alovlu publisistik əsərləri,
F.Köçərlinin ədəbi əsərləri, C.Məmmədquluzadənin
ilk mətbu əsəri “Poçt qutusu” hekayəsi bu qəzetdə nəşr olunmuşdu. M.S.Ordubadinin, M.Ələkbər Sabirin,Abdulla
Surun,Əliqulu Qəmküsarın ilk mətbu əsərləri
yenə bu qəzetdə işıq üzü
görmüşdü. C.Məmmədquluzadənin bir jurnalist
kimi yetişməsində “Şərqi-Rus” ilk
yaradıcılıq məktəbi rolunu oynamışdır.
“Xatiratım”da o, bu hadisəyə belə qiymət verir: “Möhtərəm ədibimiz M.Şahtaxtlı öz qəzetinin idarəsinə cəlb
etməklə məni qəzet dünyasına daxil etdi” .“Şərqi-Rus”
iki ildən az bir müddət çap olunmasına baxmayaraq,
Azərbaycan ictimai fikir tarixində, milli mətbuatımızın
tarixində böyük bir hadisə idi. Böyük
naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan
milli mətbuatına yol açdı. Eyni zamanda “Molla Nəsrəddin”
jurnalının baş məşqinə çevrildi .O zaman
Azərbaycanda mətbuat işində çalışan
olduğu üçün M.Şahtaxtlı əvvəl həftədə
üç dəfə ,sonra həftədə beş
gün nəşr olunan qəzet üçün ədəbi
işçi ,mətbəə işçisi problemi ilə
üzləşmişdi.Bu iş üçün o,öz həmyerlilərinin
gücündən istifadə etməyə üstünlük
verirdi. Qəzet öz səhifələrində
Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi,ədəbi
mühitə də qayğı göstərir,nəzm və nəsr
yazanları həvəsləndirirdi Təsadüfi deyildir
ki,yuxarıda da qeyd etdiyimiz kimi böyük satira ustası C.Məmmədquluzadənin
mətbuat dünyasına gətirən yol “Şəri-Rus”dan
başlayırdı.O,Mirzə Cəlildən əlavə digər Naxçıvan ziyalıları ilə
məktublaşır,əlaqə saxlayır,onları qəzetin
redaksiyasına cəlb etmək istəyirdi. Bu
baxımdan,o dövrün görkəmli Naxçıvan
ziyalılarından M.T.Sidqini,Qurbanəli Şərifzadəni
də xüsusilə qeyd etmək olar..Pedaqoji fəaliyyətlə
yanaşı publisistika, jurnalistik fəaliyyətlə də məşğul
olan M.T.Sidqi Baxçasarayda nəşr olunan “Tərcüman”,
Kəlkəttədə nəşr olunan
“Həblülmətin”, Qahirədə nəşr olunan
“Sürəyya”, Bakıda nəşr olunan “Kaspi” qəzetləri
ilə yaxından əlaqə saxlamış, həmin mətbuat
orqanlarında çıxış etmiş, əsl mənada
qəzetçi kimi tanınmışdı . Ona görə də ana dilində
“Şərqi-Rus” qəzetinin nəşri xəbəri böyük
maarif xadimini ürəkdən sevindirmişdi. Qəzetin nəşrə
başlamasından əvvəl Şahtaxtılı ona rəsmi
məktub yazmış, redaksiyada daimi işləmək
üçün Tiflisə dəvət etmişdi. M.Sidqi qəzetin
nə vaxt işıq üzü görəcəyini, bunun
milli tərəqqi yolunda mühüm bir hadisə
olacağını “Şərqi-Rus”un redaktoruna
yazdığı məktubda önəmlə
vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus”
qəzeti millətin gənclərinin qaranlıq ürəklərində
nur saçacaq və bilik və mərifət
çırağı cəhalət çölündən səadət-xoşbəxtlik
sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi
olaraq həkk olunacaqdır”.Görkəmli
publisist milli dildə, ana dilində qəzetin nəşri xəbərini
böyük sevinclə qarşıladığını bəyan
edərək göstərirdi ki, həqiqətən bu xoş
xəbər bütün elm və mədəniyyət xadimlərinə,
xüsusilə bu vilayətin bütün elm sahiblərinə yeni bir ruh və sevinc bəxş
etmişdir. İnsana elə gəlirdi ki, guya Şərqdə
yeni günəş doğdu və ulduzlar parladı.M.Sidqi əziz
dostunun Tiflisə qəzet redakiyasında işləməyə
dəvətini ailə vəziyyəti ilə əlaqədar qəbul
etməmiş, ancaq Naxçıvanda yaşayıb qəzetin
abunə işlərinə kömək etmiş, qəzetdə
sanballı məqalələrlə iştirak etmişdir. Bunu
Sidqinin M.Şahtaxtılıya yazdığı məktublarda
da müşahidə edirik.“Şərqi-Rus”un nəşri bu
maarif fədaisini çox sevindirmişdi. O,
redaktoru bu münasibətlə ürəkdən təbrik
etmiş, bundan sonra Azərbaycan dilində milli qəzetin nəşrinin
millətin alim və ədibləri ilə avam və cahilləri
arasında vasitə olub nəşri-maarifə davam edəcəyinə
ümidvar olduğunu bildirmişdi.Maarifçi ədibin qəzetdə nəşr nəşr
etdirdiyi bir neçə məqalə,xüsusilə “Təəssüf,yenə də təəssüf” və
“Qazetə,yaxud qəzet nədir” məqalələri diqqəti
cəlb edir. Sonuncu məqalə xüsusilə diqqətəlayiqdir.
Xalqın maariflənməsi işində mətbuatın
mühüm əhəmiyyət
daşıdığını yaxşı başa
düşən müəllif bu məqalədə
yazırdı ki, bütün dünya qəzetin əhəmiyyətini
və mahiyyətini dərk etdiyi halda, İran və Qafqaz
müsəlmanlarının əksəriyyəti hələ
də onu şeytan əməli sayır: “Xülasə, uzun bir
mərəkə...və illa yerdə qalan əhalinin
hamısı qəzetədən rugərdan olub və bəlkə
qazet kəlməsindən tənəffür edirlər. Bu
günə müsəlmanlar arasında ərəbi olsun, farsi
olsun, türki olsun, adına ki, qazet dedin iş tamamdır.
Ondan sonra hər nə desən məhəlli-etina və
layiqi-təvəccöh deyildir” (33, s. 164).Böyük təəsüf
hissilə qeyd etməliyik ki, dövrünün
açıqfikirli maarif fədaisi, görkəmli pedaqoq və
publisist Məhəmməd Tağı Sidqi cəmi 49 il
ömür sürmüşdür. Sidqinin qəflətən
vəfat etməsi bütün ziyalıları yasa
boğduğu kimi “Şərqi-Rus”un əməkdaşlarını
da dərindən kədərləndirmişdi. Təsədüfi
deyildir ki, burada Sidqinin ölümü ilə əlaqədar
bir sıra yazılar, vida məqalələri çap
olunmuşdu. Bunlar arasında Sidqinin “qardaşım”-deyə
müraciət etdiyi böyük satira ustası Cəlil Məmmədquluzadənin
qəzetin 30 yanvar 1904-cü ildə çap olunmuş məqaləsi
xüsusilə diqqəti cəlb edir. Müəllif
“Getdi cahandan həzrəti-Sidqi” adlandırdığı bu məqalədə
böyük maarif fədaisinin Ordubadda, eləcə də
Naxçıvan şəhərində təhsilin, yeni tədris
üsulunun, üsuli-cədid məktəblərinin
yayılması üçün, xalq arasında qəbul edilməsi
üçün göstərdiyi fədakarlıqları
ürək yanğısı ilə təsvir edir:
“Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi
təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi
nəinki İrəvanda, bəlkə Qafqazın böyük
müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti Sidqinin getməyinə etdiyimiz ah-naləmizin
əsl səbəbi budur” .Böyük satira ustası Sidqinin
Ordubaddakı fəaliyyəti üzərində geniş şəkildə
dayanır, onun Naxçıvan ziyalılarının
israrlı dəvətini qəbul etməsindən bəhs edərək
yazırdı: “Allah şahiddir ki, Sidqinin vətənimizə
varid olmaqlığı şəhərimizin mədəniyyət
və maarif tarixi üçün bir mühüm fəqərə
oldu” (65).C.Məmmədquluzadə yazır ki, mərhum
nəşri-maarif və təməddün, dini-islama rəvac
vermək, insaniyyət aləminə məhəbbət yolunda
çalışırdı. Maarifin inkişafı
baxımından M.Sidqinin dövrü ilə ondan on il əvvəl
arasında yer ilə göy qədər fərq var idi.Qeyd etmək lazımdır ki, o zaman Ordubadda
yaşamış tarixi romanlar ustası M.S.Ordubadi də qiymətli
dostunun, əqidə yoldaşının vəfatından
çox kədərlənmişdi. “Şərqi-Rus”da nəşr
etdirdiyi bir şeirdə qüdrətli ədib Sidqi ilə
dostluğunu dilə gətirir,
böyük təəssüf və kədər
hissilə Sidqinin vəfatının ümümxalq matəminə
çevrildiyini göstərir:
Çıxıbdır şəhərdən dişarə,
cəmaat izdihamla,
Könül bir ləhzə fikr et, gör nə
qeyrətli camaatdır.
Qılıb pişvaz nəşin xalq o dəm və möhnəta guyan
Görən söylərdi bilqət yəqin
ruzi-qiyamətdir
Sidqinin yaxın dostlarından Əsəd
ağa Kəngərlinin də bu ağır itki barədə
qəzetdə məqaləsi çap olunmuşdu. “Sidqi mərhumun tərcümeyi-halı”
başlığı ilə çap olunan həmin məqalədə
müxbir dəfn mərasiminin ümuxalq matəminə
çevrildiyini, dövlət adamlarının, ziyalıların,
məktəb şagirdlərinin, xalq kütlələrinin bu
izdihamda fəal iştirak
etdiyini təsirli bir dillə belə təsvir edir: “Cənazənin qabağınca “Məktəbi-tərbiyyə”
şagirdləri 120-dən ziyadə barmaq boyda balalar əllərində
siparə nəhayət xunavər və məlaləngiz
sövt ilə kəlami-şərif oxuyaraq növhə edəndə
məktəb balaları və camaat səs-səsə verib
şövqlə ağlayıb məscidə bir şur,
qülqülə saldılar indiyədək
bir kəsin vəfatı əhaliyə belə təsir etməmişdi.
İştə belə bir
vücudi-alimiqdarı biz qeyb etdik. Əgərçi
özü bu aləmdən getdi, lakin mərifət və qeyrət
toxumunu insaniyyət bağında əkib səmərəsi ələddavam
yetişməkdədir və asari-ədəbiyyəsi ilə
cərideyi-aləm səhifəsində adını səbt
edib özünə bir mənəvi heykəl ucaltdı .
“Şərqi-Rus”un ədəbiyyat
aləminə təqdim etdiyi istedadlı gənclərdən
biri də görkəmli tarixi roman ustası M.S.Ordubadi
olmuşdur.Şair Hacağa Fəqir Ordubadinin ailəsində
yetişmiş Məmməd Səid uşaqlıqdan poeziya həvəskarı
idi.M.Sidqinin yetirməsi olan Məmməd Səidin təbrik mövzusunda ilk mətbu şeiri də “Şərqi-Rus”da işıq
üzü görmüşdü.”Ədəbiyyat” rubrikası
ilə verilən həmin şeir
qəzetdə Məhəmməd Hacıağazadə, təxəllüs
Səid Ordubadi imzası ilə nəşr olunmuşdur.Ordubadi
sonralar elə bu təxəllüslə məşhurlaşmışdı.
Gözüm,dur,xabi-qəflətdən
çıxıb gün aşkar oldu
Behəmdullah şəbi -yelda gedib
nisfü-nahar oldu
mətləli qəzəli ilə
başlayan bu şeirdən sonra müəllifin elə həmin ilin son nömrələrindən
birində “Xabi-qəflət” adlanan geniş həcmli bir əsəri
nəşr olundu.Qeyd etmək lazımdır ki, şairin “Şərqi-Rus” qəzeti
ilə əməkdaşlığı onun
yaradıcılığına
müsbət təsir göstərmişdi. Səid
bu illərdə mütaliəyə böyük həvəs
göstərir, özünün göstərdiyi kimi, şeirə
və yazıçılığa marağı gündən-günə
artırdı, 1904-cü ildə “Qəflət” əsərini
yazıb bitirmişdi.
Şeirdəki xabi-qəflətdən
qurtuluşa çağırış sədaları, “etməz
tərəqqi elmsiz millət” nidası M.Səidin artıq tədricən yeni əsrin
şeir ənənələri üstündə kökləndiyini
nümayiş etdirir. Az sonra müəllif qəzetdə
çap etdirdiyi həmin şeiri genişləndirmiş,
poemaya çevirmiş və bu əsər 1906-cı ildə
“Qəflət” adı ilə Məhəmməd ağa
Şahtaxtlının C.Məmmədquluzadəyə satdığı “Qeyrət” nəşriyyatında
işıq üzü görmüşdür.
Naxçıvanın tanınmış
ziyalılarından Əyyub ağa Kəngərlinski də
“Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq
edirdi. Səbur təxəllüsü ilə şeirlər
yazan Ə.Kəngərlinski qəzetə şeiri ilə yanaşı
göndərdiyi təbriknaməsində bildirirdi: “Müddətlərcə intizarını çəkdiyimiz
“Şərqi-Rus” qəzetəsi şükr olsun ki, mətbuat
aləminə qədəm qoydu və bu səadətli gündə
bizim ana dilimizdə və milli lisanımızda nəşr
olunan ruznaməyə həsrət olan gözlərimiz onun
mütaliəsi ilə işıqlandı. Şad ol gözüm həmişə ki, şad eylədin məni!
Ümidvarəm ki inşəallahi-təala bu qəzetə illərcə
davam edib bizim əfkarımızın
vüsətinə və türk qövmünün maarif və
mədəniyyətinə və bəlkə ümum müsəlmanların
tərəqqi və tərbiyətinə xeyir vasitəsi
və mənfəət rəhnüması olacaqdır” .
Naxçıvan ədəbi mühitinin
görkəmli nümayəndələrindən biri kimi
şair-dramturq Hüseyn Cavid də XX əsrin ilk qəzetinin nəşrini
alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr
olunduğu illərdə Cənubi Azərbaycanda-Urmiyədə
müvəqqəti yaşayan görkəmli sənətkar
Tiflisdən uzaqlarda olmasına baxmayaraq, qəzetin ən fəal
oxucularından biri idi və bu mətbuat orqanında
üç publisistik məqalə ilə
çıxış etrmişdir. Qəzetin
23.01.1904-cü il tarixdə çap olunan nömrəsində şairin
“Ürmiyədən məktub” adlı bir yazısı
çap olunmuşdur. M.T.Sidqinin vəfatı ilə
əlaqədar qələmə alınmış bu yazıda
şair ustadı, ona əlifbanı öyrədən, elm
yolunu göstərən, Gülçin təxəllüsünü
verən əziz müəlliminin vəfatından dərindən
kədərləndiyini qəzet vasitəsilə oxuculara
çatdırmağa çalışır. Sidqinin bir
maarif xadimi kimi islam dünyasında bir işıq olduğunu
qeyd edir və “filhəqiqə o günə ərbabi-kəmal
və əshabi-məqal şəxslərə Qafqaz
toprağı bu az zamanda çətin pərvəriş
vermiş olur”- deyə yazırdı.
Cavid əfəndinin “Naxçıvandan təbsirə”
başlığı altında başqa bir publisistik məqaləsi
qəzetin 27.VIII.1904-cü il tarixli nömrəsində dərc
olunmuşdur. Müəllif əvvəlki məqaləsindəki
fikirləri burada davam etdirir, islam tarixinə nəzər
salır. Son dövrlərdə elmi və texniki inkişaf sahəsində
Avropanın Şərqdən xeyli irəli getdiyini göstərir.
Bu inkişaf oxumaq və maarif sayəsində həyata
keçirilmişdir deyə yazır. Bu sahədə gənclərə
dil öyrənməyin vacibliyini tövsiyyə edir. Hər kəs
birinci, ana dilinə vaqif olmalıdır, ondan sonra dövlətin
dili olan rus dilinə üstünlük verməlidir. Bisavad
mollaların minbərdən nəql etdiyi zəif rəvayətlərin
adamda istehza doğurduğunu qeyd edir.
Görkəmli satirik şair və jurnalist
Əliqulu Qəmküsar məşhur Molla Nəsrəddinçilərdən
biri kimi tanınır. Amma onun ilk mətbu əsərləri hələ
1903-cü ildə XX əsrin ilk azərbaycandilli mətbuat
orqanında-”Şərqi-Rus”da işıq üzü
görmüşdü.
Naxçıvanda
yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti
ilə sıx əlaqə saxlayırdı.
Yaşadığı bölgədə rast gəldiyi hadisələri,
təsadüf etdiyi problemləri qəzetdə
işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli
publisist yazılarında qəflət yuxusu, cəhalət,
mövhumat, fanatizm qətiyyətlə tənqid olunurdu.
“Şərqi-Rus”un təsirilə artıq qəflət əleyhinə
mübarizə kütləvi və kəskin xarakter
almış, qələm əhlinin mənəvi borcuna
çevrilmişdi. Ə.Qəmküsarın
“Culfadan” adlı silsilə publisistik məqalələrinin
birində epiqraf kimi verilmiş “Dinəndə yandı dilim,
dinməyəndə dil yandı; nə dərdi gizlədə
bildim, nə aşikar elədim”
beyti təkcə bir müəllifin deyil,
bütövlükdə qəzetin, ziyalıların ədəbi
mövqeyini ifadə edirdi .
Həmin məqaləsində o yazır: “Həmin dekabrın 14-cü gecəsi bir dəstə
zəvvar etibati- Aliyədən
qayıdıb biletsiz olduqları cəhətinə gecədən
iki saat gedəndə (Ərəs) çayından gizlin
keçdikləri zaman sərhəd qarovullarına
düçar olub ikisi suda qərq və qalan 8 nəfəri də
atları ilə giriftar olmuşlar. Əgərçi
bu vücudu- mübarəklərin
yollarda çəkdikləri zəhmət və əziyyətlərdən
başqa bu axırıncı mərhələdə bu minval
ilə xar və zəlil olub gözlərinin qabağında
atlarınının satılmasının təfsili özgələrə
şayani- ibrətdir. Əmma çün bu ruznamə
içrə ümum müsəlmanın nəfinə
çox danışıqlar olub
kimsəyə təsir bağışlayıb
bağışlamamağı da hənüz müəyyən
deyil. Mən dəxi istəmirəm həmiyyət və qeyrət sahiblərinin
dərdlərini artıram. Bu cür vaqiələr
azından ildə 20 dəfə ittifaq düşür. Əgər
ruhani alimlərimiz bu bibəsirət və nadan tayfanın Məşhədi-
müqəddəs ziyarətinin savabından qabaq hifzi- bədən
və hifzi- namus qaydalarını düşünsələr
bu fəlakətli hallar, bir sürü
oğul-uşağı qanlı göz yaşlarına buraxan
bu ağır müsibətlər meydana gəlməz”.
Ə.Qəmküsar qəzetdə nəşr
olunmuş digər publisistik yazılarında da cəhalət
və mövhumatı tənqid edir, mədəni tərəqqinin
yayılması üçün qələmi ilə xalqa xidmət
göstərirdi.
“Şərqi-Rus” və onun
naşiri böyük maarif fədaisi M.Şahtaxtlının ədəbi-elmi
yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında
demək olar ki,öz layiqli qiymətini almamışdır.Mən
deyərdim ki,M.Şahtaxtlı irsinə ən doğru qiyməti
Naxçıvan Ali Məclisinin Sədri vermişdir.Belə
ki,Ali Məclis Sədrinin 27 fevral 2006-cı il sərəncamı
ilə böyük maarif fədaisinin anadan olmasının 160
illiyi qeyd olunmuş,Naxçıvan şəhərindəki
kitab evinə adı verilmiş,adına küçə
verilmiş,anadan olduğu Şahtaxtı kəndində
Şahtaxtinskilərin ev muzeyi təşkil olunmuşdur.Bu sərəncamın
işığında gərkəmli ədibin
seçilmiş əsərləri ilk dəfə nəşr
olunmuş, elmi irsi milli müstəqilliyimizin verdiyi imkanlar səviyyəsində
tədqiq edilmişdir.
Əbülfəz Quliyev
İki
sahil.- 2018.- 7 aprel.- S.25