Yunus Oğuzun “Ovçu”
romanı Aprel döyüşlərinin tarixidir
Aprelin 6-da Atatürk Mərkəzində
yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus
Oğuzun "Ovçu" romanının təqdimatı
keçirilib. Geniş ictimaiyyət nümayəndələrinin
iştirak etdikləri mərasimdə millət vəkili,
Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov
qeyd edib ki, istedadlı yazar Yunus Oğuz indiyə qədər əsərlərində
daha çox tarixdən yazıb. Məlum olduğu kimi
onun çoxlu tarixi romanları var: "Atabəylər"
"Nadir şah", "Əmir Teymur" , "Təhmasib
Şah" kimi tarixi romanların müəllifidir. Bizim
tariximizin elə bir dövrü yoxdur ki, Yunus Oğuz o barədə
yazmamış olsun. Onun həmin əsərlərində də
müasirlik var, müasir dövrdə baş verən hadisələr,
bugünkü dövrümüzün ictimai-sosial fəlsəfəsi
əksini tapıb. Onu da xatırladım ki, Yunus Oğuz
yazıçılıqdan əlavə həm də peşəkar
filosofdur. Elə bu səbəbdən də onun tarixdən
yazdığı əsərlərdə tarixi faktlar nə qədər
dəqiqdirsə, eyni dərəcədə də o faktlar
müasir dövrümüzü əks etdirir. Bu mənada
Yunus Oğuzun tarixi əsərlərinə biz yalnız bir
tarixçinin yazdığı xronika kimi yox, yaxud
yazıçının tarixə ədəbi münasibəti
kimi yox, həm də bir fəlsəfi əsər kimi
baxırıq. "Ovçu" əsəri müasir
dövrdən, 2016-cı ilin Aprel döyüşlərindən
bəhs edir. Düzdür, o hadisələr də artıq
bizim üçün tarixdir, amma yaxın tarixdir. Baxmayaraq ki, bu əsər müasir dövrdən bəhs
edir, ancaq Yunus Oğuz yenə də çalışır ki,
hadisənin tarixi mahiyyətini kəşf eləsin. Əsərdə
konkret obrazlar var, əsərin qəhrəmanı Aprel hadisələrində
öz həyatı və hərbçi fəaliyyəti, millətin
öz torpağını qorumaq instinktinin hadisəsi
olaraq konkret Murad Mirzəyevin obrazını yaradıb. Əsərdə
həmçinin Murad Mirzəyevin atası Telman müəllim,
həyat yoldaşı Fizzə xanımın, o cümlədən
milli qəhrəmanların obrazı var. Onlar dövlətin,
ordunun, vətənpərvərliyin birbaşa göstəriciləridir.
Belə düşünmək olar ki, əsər xeyli dərəcədə
müasirlik və publisistik bir səviyyədədir. Amma bu
publisistik zahiridir və Yunuz Oğuzun yazıçı kimi
ustalığı ondan ibarətdir ki, öz qəhrəmanlarını
tarixdə itirmir. Yəni, tarixin içində həddindən
artıq obrazlaşdırmır. Daha dəqiq, əsərdə
bizim bu günümüzün real mənzərəsini
yaradıb".
***
Onun sözlərinə görə, ilk dəfədir
ki, Azərbaycan ədəbiyyatında Ali Baş Komandanın,
Azərbaycan Prezidentinin obrazı yaradılıb. Prezident
Administrasiyasında birbaşa ölkənin ictimai-siyasi həyatına,
ölkədə gedən proseslərə, cəmiyyətin
idarə olunmasında rəhbərlik edən şəxslərin
obrazı yaradılıb. Konkret Əli Həsənov,
müdafiə naziri Zakir Həsənovun obrazı ərsəyə
gətirilib. Bir romanda bu qədər real,
tanıdığımız insanların obrazı
yaradılıb, amma əsər bədiilik, tarixilik və fəlsəfilikdən
çıxmayıb: "Əslində bu çox çətin
məsələdir. Yadımdadır, görkəmli
yazıçımız Anara sual verəndə ki, siz 20-ci əsrin
50-ci illərinə qədər yaşayan şəxsiyyətlərlə
bağlı əsərlər yaratmağa meyillisiniz, amma
onları film, teatr kimi ortaya çıxarmırsınız. Cavab verdi ki, bu çox çətin məsələdir,
çünki onların nəsilləri yaşayır, onlar
haqqında xatirələr həddindən artıq təzədir,
istidir. Ədəbiyyat isə obrazları mütləq müəyyən
qədər fundamentallaşdırmalı və
soyutmalıdır. Bu problem təbii ki, müasir dövrdən
yazanda hər bir yazıçının qarşısında
dayanır. Bu problemin öhdəsindən bir sənətkar,
düşüncə adamı, böyük üslub sahibi
olaraq Yunus Oğuz gəlib və ədəbiyyatımıza həqiqətən
müqayisəsi mümkün olmayan bir əsər bəxş
edib".
Onun bildirdiyinə görə, belə bir
gözəl əsərin meydana çıxmasının ən
birinci şərti bizim Aprel hadisələrindəki qələbəmizdir:
"Belə gözəl əsərin ortaya
çıxmasının əsas şərti Murad Mirzəyev
kimi qəhrəmanın olmasıdır, onun ailəsənin Vətən
barədə verdiyi təəssürat, vətənpərvərlik,
insanpərvərlikdir. Əlbəttə ki, bu
yazıçının işini asanlaşdırır.
O yerdə ki, millət, cəmiyyət, dövr, zaman qəhrəman
yetirirsə, bu yazıçı üçün çox
böyük bir dəstəkdir. Çünki hər bir siyasi,
fiziki, təbii hadisənin sonu mütləq ideyadır. Ona
görə də bu qəhrəmanlar bizim üçün
yalnız tarixdə qalmış obraz yox, həm də
ideallardılar, bizim gələcəyimizdir. Mən də bu əsər
haqqında bir yazı yazmışam, adını da
qoymuşam "Tarix yalnız keçmişdə qalmır, həm
də qarşıdan gəlir". Bu əsərdə Yunus
Oğuz öz yazıçı üslübuna sadiq qalaraq bu
günlə tarixi çox peşəkar bir şəkildə
birləşdirib. Həmişəki Yunus
Oğuz tarixdə bu günü görür, bu əsərdə
isə bu tarixi bu gündə görür və bu qəhrəmanlığın
təsadüfi olmadığını, bu qəhrəmanlığın
özünün də çox böyük varisliyin
olduğunu göstərir".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri Qafar Əliyev qeyd edib ki,
ölkəmiz bu günlərdə aktiv siyasi proseslərin
içərisindədir, prezident seçkiləri
keçirilir. Eyni zamanda, bu günlərdə həm də
2016-cı ilin dördgünlük Aprel döyüşlərinin
tarixi qələbəsini qeyd edirik. Azərbaycanın
bütün ərazilərində bu hadisənin mahiyyəti
bir daha yada salınır, döyüşlərdə qəhrəmanlıq
göstərmiş Azərbaycan ordusunun gücünü
göstərmiş insanların şücaəti yad edilir. Qəhrəmanlarımız
yad edilir, şəhidlərimizin ruhuna dualar oxunur və gənclərimiz
vətənpərvər ruhda tərbiyə edilir.
"Aprel döyüşləri həqiqətən
müasir müstəqil Azərbaycan Respublikasının ordu
quruculuğunda, hərb tarixində qızıl hərflərlə
yazılmış bir səhifə oldu. Bu, qəhrəmanlıq
səhifəsi idi. Bu, Dağlıq Qarabağ məsələsi
ətrafında başlanmış olan müharibənin
gedişində bir strateji təşəbbüsün ələ
alınması anı idi. Məhz həmin
döyüşlərin nəticəsindən sonra Azərbaycan
xalqı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan
ordusu öz torpaqlarını işğaldan azad etməyə
qadirdir, Azərbaycan xalqı vuruşmağa və erməni
işğalçılarını yerində oturtmağa
qadirdir. Lakin müəyyən bəlli güclər və
qüvvələr çox narahat oldular, döyüşü
xahiş-minnətə düşərək
dayandırdılar. Bu döyüşlər başlayan andan
beynəlxalq hadisəyə çevrilmişdi. Dünyanın hər
yerindən-ABŞ Dövlət Departamentindən, Avropa
Şurası, ATƏT, Moskva və digər yerlərdən bu
hadisəyə ciddi münasibət göstərildi. Bu döyüş həm də bir lakmus rolunu
oynadı. Azərbaycanın dostları ölkəmizin
müdafiəsinə qalxdılar, Azərbaycanın haqq
işini dünyanın müxtəlif ölkələrində
müdafiə etdilər, Azərbaycanın bu döyüşlərdə
haqlı olduğunu göstərdilər. Azərbaycanın
düşmənləri isə təbii ki, ermənilərin
müdafiəsinə qalxdılar, Azərbaycan ordusunun fəaliyyətini,
hərbi əməliyyatları dayandırmağı tələb
etdilər. Guya cəbhə bölgəsində erməni
uşaqlarının və qocaların öldürülməsi
barədə yalan məlumat yaymağa başladılar. Bununla
bizə təzyiq göstərməyə
çalışdılar. Bu siyasət, bu mübarizə bu
gün də davam edir. Bu gün də beynəlxalq miqyasda Aprel
döyüşlərinin tarixi əhəmiyyəti ilə
bağlı fikir mübadiləsi aparılır. Rəsmi sənədlərə
görə, aprelin 8-də ermənilər Moskvada bu
döyüşlərdə həyatlarını itirən erməni
əsgərlərinə həsr olunmuş xeyriyyə konserti təşkil
edəcəklər. Xeyriyyə konsertindən əldə edilən
vəsaitdən Aprel döyüşlərində həlak
olmuş insanların ailələrinə yardım ediləcək.
Göründüyü kimi bu gün də dünyanın hər
yerində erməni lobbisi haray salaraq Aprel döyüşlərində
Azərbaycan ordusunun erməni ailələrini, əsgərlərini
qırdığını iddia edir. Ermənistan hakimiyyətinin
müəyyən dairələri isə Aprel hadisələrini
qələbə kimi qələmə verirlər. Lakin bizə
gəldikdə, Azərbaycanın xaricdəki diaspor təşkilatları
bu istiqamətdə doğrudan da böyük işlər
görüblər. Elə diaspor nümayəndləri də
var ki, Aprel döyüşlərinin əhəmiyyətini
azaltmağa çalışırlar. Müxtəlif fikirlər
yayırlar ki, guya "Azərbaycan ordusunun zəif olması
Aprel döyüşlərində üzə
çıxdı, Azərbaycan məğlubiyyətə
uğradı". Belə fikirlərlə əslində bizim
milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən
təbliğat aparırlar:
"Biz uzun müddətdir ki, Xocalı
soyqırımının mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması üçün böyük
kampaniya aparırıq. "Xocalıya ədalət"
kampaniyası çərçivəsində ilbəil
Xocalı soyqırımını tanıyan dövlətlərin
sayı artır. Artıq bu dövlətlərin sayı
iyirmiyə yaxınlaşır. Biz xarici ölkələrdə
Xocalı məsələsindən danışanda "bizi belə
qırıblar" deməklə özümüz haqqında
zəif, gücsüz xalq təsəvvürü
yaradırıq. Bunun özü də bizim xeyrimizə olmayan
bir məsələdir. Bu mənada Yunus Oğuza bir
yazıçı kimi çox təşəkkür edirəm
ki, Aprel döyüşlərinin ertəsi günü fəaliyyətə
başladı və qısa müddət ərzində bu
mövzuda ilk romanı ərsəyə gətirdi. Bu əsl vətənpərvərlik,
əsl qəhrəmanlıq nümunəsi, bir
yazıçı mövqeyidir. Bu romanın mövzusu Aprel
döyüşlərinin qəhrəmanlarıdır,
xüsusən polkovnik Murad Mirzəyev və onun
döyüş yoldaşlarının həyat yolundan bəhs
edir. Bu insanın fəaliyyətini mən də izləmişəm,
sözün həqiqi mənasında Milli Qəhrəman, Azərbaycan
hərbçisidir. O, şücaəti ilə Azərbaycan
xalqının nəyə qadir olduğunu göstərib ki, həmin
qəhrəmanlıq da bu əsərdə əksini
tapıb". Q. Əliyev qeyd edib ki, gələcəkdə
də təkcə Xocalı hadisələri deyil, eləcə
də Aprel döyüşlərinə dair bədii ədəbiyyatın,
xüsusən "Ovçu" kitabının başqa dillərə
tərcümə olunub yayılması məqsədəmüvafiqdir.
Xarici ölkələrdə görsünlər
ki, bir xalq təkcə hücuma, təcavüzə məruz
qalan, qırılan, soyqırıma uğrayan bir millət
deyil, həm də öz gücünü, öz əzmkarlığını
göstərməyə qadir olan bir xalqdır.
REKLAM
facebook.com
Daha ətraflı
Native
Video by Adributor
Millət vəkili, Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov qeyd edib ki,
"Ovçu" romanı Aprel hadisələrindən əvvəl
yazılsaydı, bizə bu qədər təsir etməzdi. Nəzərə
almaq lazımdır ki, romanın qəhrəmanları
yaşayırlar. Adətən bədii ədəbiyyat
nə qədər gerçəkliyin inikası olsa da tarixi sənədlər
daha dəqiq hesab olunur. Ancaq nədənsə
Azərbaycan jurnalistikasının məhsulu olan xəbərləri
bu romanla müqayisə etdikdə, bu roman həqiqətləri
əks etdirmək baxımından daha ciddi görünür.
Baş verən hadisələr, hadisənin başvermə səbəbi,
hadisələrin gedişinin əsərdə əks
olunması müasir romançılıqda yeni bir üsuldur:
"Hər xalqın həyatında müəyyən tarixi
hadisələr olur. Məsələn, Kulikova
döyüşləri milləti ayıltdı, bütün
hadisələri dəyişdirdi. "Əkinçi"
qəzeti xalqın milli özünüdərkini, milli
şüuru oyatdı. Bildirdi ki, bu ərazidə
yaşayan, bu dildə danışan insanlar kimdir, istəkləri
nədən ibarət ola bilər. Aprel döyüşləri də bizim milli
şüurumuzu silkələdi, yatmış milli
özünüdərk hissimizi oyatdı. Artıq
Aprel döyüşlərinə qədər bizim içimizdə
fikirlər başqa idi. Azərbaycan ordusu
müasir silahlarla təmin olunsa da, haradasa özünə inam
bu qədər güclü deyildi. Azərbaycandan
kənarda orduya olan münasibət nisbətən başqa
cür idi. Ermənistan mətbuatındakı
dördgünlük Aprel döyüşlərinin nəticələri
ilə bağlı analitik yazılardan da məlum olur ki, Aprel
döyüşləri bizim həyatımızda hansı rolu
oynadı. Bu roman da Aprel döyüşlərində
Azərbaycan xalqının əzmini göstərir, igid Azərbaycan
əsgərlərinin şücaətini əks etdirir. Ali Baş Komandandan tutmuş Murad Mirzəyev və
onun döyüş yoldaşlarının qəhrəmanlığını
göstərir. Əsərdə Azərbaycan
əsgərinin, Azərbaycan döyüşçülərinin
simvolik obrazı yaradılıb". Onun
sözlərinə görə, tarixi əsərlər yazmaq
üçün vaxt keçməli, fikirlər ümumiləşməli,
qəhrəmanlar obrazlaşdırılmalıdır.
Ən yaxşı əsərlər müəyyən zaman kəsiyindən
sonra yaranır: "Yunus Oğuzun bu romanı bədii əsərdir,
maraqlısı odur ki, əsərin qəhrəmanları bu
gün də yaşayırlar. Bu baxımdan roman
oxucuların diqqətini cəlb edir. Romanda
11-ci əsrdə hadisələr baş verir, dayanır, Nadir
Şahın vaxtına keçir və 2016-cı ilə qədər
gəlib çıxır. Yazıcı əsərdə
hadisələri göstərir, onları təhlil etmir,
şüurlara yeritmir. Yazıçı
bir filosof kimi tarixə gediş edir. Bu isə
onun filosof olmasından irəli gəlir. Mahir
oxucu əsərdə tarixi bağlılığı
tapır və başa düşür ki, Murad Mirzəyevin qəhrəmanlığı
haradan gəlir".
Ə.
Amaşov qeyd edib ki, romanın dili olduqca sadə, aydın və
lokanikdir. Müəllif baş verən
olayları aydın dildə oxuculara çatdırır.
Bununla da müasir romançılıqda sadəliyə
çox böyük önəm verilir: "Əsər nə
qədər sadə dildə yazılsa, bir o qədər
oxucunu cəlb edir. Əminəm ki, bu əsərin
qiyməti bundan sonra da veriləcək".
Millət
vəkili Qənirə Paşayeva qeyd edib ki, böyük tarixi
əsərlər yazmağa zaman lazımdır: "Ancaq mən
hesab edirəm ki, bu gün baş verən hadisələrlə
bağlı çoxlu sayda kitablara ehtiyac var. 40-50 il sonra
böyük əsərlər yazıla bilər ki, onlar da
bizim tariximiz üçün lazımdır. Ancaq
bu gün yazılan əsərlər bizim bu günümüz
üçün lazımdır. O günümüz
üçün ki, insanlar bilsin ki, bizim qəhrəmanlarımız
hansı ideyalar uğrunda şəhid olublar. Daha
dəqiq, torpaqlarımızı işğaldan azad etmək
uğrunda bu zirvəyə yüksəliblər. Bizim torpaqlarımızın hələ də
yüzdə iyirmisi işğal altındadır. Ona görə də belə əsərləri daha
çox yazmaq lazımdır. Heç nəyi
də bəzəyib-düzəmək lazım deyil. Sadəcə onların ailəsindən başlamaqla
həyat hekayələrini yazmaq tələb olunur. Çünki onlar o qəhrəmanlığı
öz həyat yolları, amalları ilə zatən özləri
yazıblar. Yunus bəyə bir daha təşəkkür
edirəm ki, bu işi görüb. Bu
gün gənclərimizə kimə oxşamağı, kimdən
örnək götürməyin lazım olduğunu
aşılamaq lazımdır. Biz Aprel zəfəri
yazan qəhrəmanlarımızın necə şücaət
göstərdiklərini bilirik. Murad Mirzəyevi, Samid
İmanovu hamı tanıyır. Amma onların hansı həyat
yolunu keçərək şəhidlik məqamına gəldiyini
çox az insanlar bilir. Vətən
sözdə, dildə yox, yaşam fəlsəfəsi ilə
sevilir. Yazılan əsərlərdə
övladların necə yetişdirilməsi kimi məsələlər
əksini tapmalıdır. Vətənlə,
millətlə bağlı məsələlərdə cəmiyyətə
mesajlar verilməlidir. Hərbçilərin
xanımlarının fədakarlıqları əksini
tapmalıdır. Bu əsərdə deyilir
ki, Murad Mirzəyev ömrünü fəda etdi, amma sağ
olanda da ömrünün iyirmi dörd saatının əksəriyyətini
bu Vətən üçün yaşayıb. Azərbaycan gənci bu kitabı oxuyanda
düşünəcək ki, günün iyirmi dörd
saatını sosial mediada oluramsa, onun yarım saatını
sosial mediada Vətənin əsgəri olum. Ona əl uzadanlara qarşı mübarizə
aparım. Bununla gənclər
özünün məsuliyyətini dərk edəcək.
Ona görə belə əsərlər
çox yazılmalıdır". Millət vəkili
onu da qeyd edib ki, Təhsil Nazirliyinə müraciət edəcək
ki, "Ovçu" romanı orta məktəblərdə təbliğ
edilsin: "Biz tariximizlə bağlı kitabları
uşaqların oxuması üçün əlimizdən gələni
etməliyik, hətta məktəblər üzərinə vəzifələr
də qoymalıyıq. Bu kitabın dili elə sadədir
ki, 14 yaşından başlayaraq hər bir uşaq oxuyub dərk
edə bilər. Universitet tələbələrinin
daha rahat oxuya biləcəyi bir dildə yazılıb. Ən əsası isə lazımsız teleseriallar əvəzinə,
belə kitablara filmlər çəkilməlidir. Mümkündür ki, heç olmasa on seriyadan ibarət
bir film çəkilsin. İş
adamlarını çağırıram ki, belə kitablarla
bağlı filmlərə vəsait ayırsınlar. Bunu etmək bir o qədər də çətin
deyil, ortada Türkiyə təcrübəsi var. Onlar bu
addımı gənc nəslin ruhunu tutmaq üçün
edirlər. Biz də gənclərimizə
aşılaya bilərik ki, bu kitabda əksini tapmış qəhrəmanlardan
biri də sənsən. Sən də qəhrəmanlıq
göstərə bilərsən ruhunu gənclərə
aşılamaqdan ötrü bu addımı atmaq
lazımdır. Məlumdur ki, bu gün
kitabların gücü filmin, görüntünün
gücü qədər təsirli deyil. Bədii
ekran insanlar üçün daha çox təsirli olur. Belə halda bu kitaba daha çox dəyər
vermiş olarıq". Onun sözlərinə görə,
Aprel döyüşləri ilə Ermənistana və onun
arxasında duran bütün güclərə mesaj verildi ki,
Azərbaycan əvvəlki Azərbaycan deyil, güclü bir
dövlətdir, güclü peşəkar ordusu, Vətən
uğrunda şəhid olmağı bacaran qəhrəmanları
var: "Azərbaycan torpağının hər
qarışı üçün canını qurban verməyə
hazır olan gənclərimiz var. Azərbaycan
torpaqlarını heç kimə güzəşt etməyəcək.
Bu, çox önəmli mesaj idi. Biz hamımız bir olmalıyıq ki, dövlətimiz
daha da güclənsin. Dövlətimizin
güclü olması bizi Xankəndinə, Şuşaya daha da
yaxınlaşdırır".
Əsərdə qəhrəmanlıq obrazı
yaradılmış Murad Mirzəyevin atası Telman Mirzəyev
romanın müəllifi Yunus Oğuza təşəkkür
edib. Bildirib ki,
təkcə Aprel döyüşlərində deyil, eləcə
də Azərbaycanın ərazi bütövlüyü
uğrunda qəhrəmanlıq göstərən bütün
Vətən oğulları barədə kitab yazılmasına
ehtiyac var: "Belə əsərlər gənclərin vətənpərvərlik
ruhunun formalaşması üçün əhəmiyyətli
rol oynayır. Odur ki, istərdim belə romanlar
davamlı olsun".
İTV-nin əməkdaşı Vəsilə
Vahidqızı qeyd edib ki, belə əsərlərin geniş
təbliğinə ehtiyac var. Xüsusən, televiziyalar bunu nəzərə
almalı və kitabın təbliği üçün vaxt
ayırmalıdırlar. Yalnız bu halda gənclərə vətənpərvərlik
ideyasını aşılamaq olar.
"Ovçu" kitabının redaktoru, yazar
Elçin Hüseynbəyli qeyd edib ki, Aprel döyüşlərinin
qəhrəmanları mütləq şəkildə təbliğ
edilməlidir.
Bunun üçün yazarların, ziyalıların və
dövlətin kifayət qədər imkanları mövcuddur:
"Yazıçı qəhramanlara dəyər verdiyi kimi
yazıçının kitablarına da dəyər verilməlidir.
Bunun dəyəri isə yazılmış əsərləri
cəmiyyətə çatdırmaqdır. Qəhrəmanlar döyüşüb, Vətən
yolunda şəhid olublar, yazarlar da bunu qələmə
alıblar. İndi əsas məsələ
həmin kitabları geniş ictimaiyyətə
çatdırmaqdır. Yunus Oğuzun əsərində
əsl Azərbaycan qəhrəmanı obrazı
yaradılıb. Bu obrazlar gənclərimiz
üçün bir nümunədir. Kitabın
təbliğinin gənclərin vətənpərvərlik
ruhunun inkişafında müsbət rol oynayacağı
şübhə doğurmur".
Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının
prezidenti Cavad Derəxti bildirib ki, əsərdə əksini
tapmış qəhrəman obrazı əlli milyonluq azərbaycanlının
təmsilçisidir. Aprel döyüşlərində qəhrəmanlıq
göstərən hərbçilərin qələmə
alınması məhz bunun təbliğidir: "İstərdim
ki, kitab əski əlifbaya çevrilib Güney Azərbaycanda
da yayılsın. Biz diaspor nümayəndəsi
olaraq çalışacağıq ki, bu kitab müxtəlif
dillərə tərcümə olunaraq dünyada
yayılsın. Mətbuat vasitələrində,
xüsusən, elektron mediada bunun təbliğinə nail
olacağıq. Onu da deyim ki, bu kitab əsasında
filmin çəkilməsi təbliğat baxımından əhəmiyyətli
olardı".
Almaniyada Dünya Azərbaycanlıları
Assambleyasının prezidenti Rəşad Quliyev qeyd edib ki,
Aprel döyüşləri Azərbaycan xalqı
üçün bir sınaq idi. Lakin saxta erməni təbliğat
maşını bu hadisədən öz məqsədləri
üçün istifadə etməyə
çalışırdı: "Ermənistan
anlamalıdır ki, Azərbaycan ordusu 90-cı illərin ordusu
deyil. Azərbaycan ordusu inkişaf edərək peşəkar
orduya çevrilib. Hazırda Azərbaycan ordusu dünyanın ən
güclü orduları sırasındadır".
Novosibirskdəki Azərbaycan diaspor təşkilatının
təmsilçisi Mirkazım Seyidov qeyd edib ki,
"Ovçu" əsəri vaxtında yazılmış
kitabdır. Apreldə baş verən döyüş Azərbaycan
ordusunun qüdrətini göstərdi. Kitabda da həmin qəhrmanların
obrazı yaradılıb. Bu kitab rus və ingilis dillərinə
tərcümə edilərək yayılmalı, qısa bir
zamanda ikinci hissəsi yazılmalıdır. Diaspor təşkilatlarının
bu məqamda gördüyü işlər dünyaya
çatdırdı ki, Azərbaycan xalqı 9 milyondan ibarət
deyil".
"525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid bildirib ki, Yunus Oğuz
tarixi əsərlər müəllifidir və
yazdığı əsərlər həmişə geniş
oxucu kütləsinin marağına səbəb olub: "Aprel
döyüşlərində Azərbaycan ordusunun qüdrəti,
peşəkarlığı bir daha aşkara
çıxdı. İgid əsgərlərimiz əsl qəhrəmanlıq
nümunəsi göstərdilər. "Ovçu"
kitabında da həmin qəhrəmanların obrazı
yaradılıb. Bu qəhrəmanlığın təbliği
üçün kitabın xarici ölkələrdə də
yayılmasına ehtiyac var".
Tədbirdə iştirak edən hərbçilər
belə bir əsəri ərsəyə gətirdiyinə
görə müəllifə təşəkkür ediblər.
Sonda çıxış edən Yunus Oğuz
isə tədbir iştirakçılarına və kitabın
ərsəyə gəlməsində əməyi olan hər kəsə
təşəkkürünü bildirdi və qeyd etdi ki,
"Ovçu" romanı müasir tariximizlə
bağlı yazdığı ilk əsərdir və gələcək
fəaliyyətində Qarabağ uğrunda savaşan əsgər
və zabitlərimizin şərəfli döyüş yolu
haqqında daha möhtəşəm əsərlər yazmaq
niyyətindədir.
İki
sahil.- 2018.- 7 aprel.- S.28.