Gəncə: Cümhuriyyət
dövründə və sonra...
Azərbaycan Xalq Cümhuriyyəti - 100
Gəncə... Tarix boyu başı çox bəlalar çəkmiş bu şəhər Azərbaycan Xalq Cümhuriyyətinin
ilk məkanlardan biri kimi də tariximizə düşüb. Ona görə
də Azərbaycan Xalq Cümhuriyyəti deyəndə ilk ağıla gələn şəhər Gəncə olur. Bu şəhər yeni təşəkkül tapmış dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarına ev sahibliyi edib və 3 ay onun paytaxtı olub.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında bəyannamə qəbul edildi. 16 iyun 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətini Gəncədə (hazırkı
Azərbaycan Dövlət Aqrar Universitetinə məxsus binada) davam etdirməli oldu. Çünki o zaman Bakının bolşevik-daşnak dəstələrinin nəzarəti altında olması Cümhuriyyətin
orada fəaliyyət göstərməsinə imkan vermirdi. Tarixçilərin fikrincə, Gəncənin paytaxt seçilməsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz xidmətlər göstərmiş Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi Gəncə torpağının yetirmələrinin də rolu olub.
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan milli hökumətin fəaliyyətinin Gəncə dövründə dövlətçiliyimiz üçün çox böyük əhəmiyyət kəsb edən bir sıra sənədlər, qərarlar,
o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərar qəbul edildi. Həmin qərara əsasən, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı oldu. Amma bu bayraq birmənalı qarşılanmadı. Odur ki, az sonra ondan imtina edildi. Belə
ki, Cümhuriyyət Bakıya köçdükdən sonra Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul olundu. Yeri gəlmişkən, bu gün dalğalanan müqəddəs dövlət bayrağımız
ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda qəbul edilib və qaldırılıb.
O dövrdə yaradılması vacib olan ordunun təşkili, sözün həqiqi mənasında, Cümhuriyyətin gücünün göstəricisinə çevrildi. Həm ermənilərin, həm də
bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Azərbaycan Xalq Cümhuriyyəti
Müsəlman Korpusunun Azərbaycan Korpusuna çevrilməsi haqqında qərar qəbul etməklə
1918-ci ilin
26 iyununda Azərbaycan Milli Ordusunu yaratdı. Ordu quruculuğunda irəliləyişə nail olmaq məqsədilə Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Milli səfərbərlik haqqında qərar qəbul edildi, hökumətin qərarı ilə yaş senzi 19 yaşa endirildi. Bakı sovetinin Gəncə üzərinə hücumu da məhz bu kimi hərbi tədbirlərin sayəsində dəf olundu.
Azərbaycan dilinin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edilməsi də (27 iyun 1918-ci il) Cümhuriyyətin Gəncə dövrünə təsadüf etdi. Onu da qeyd edək ki, həmin qərar ana dilimizin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bundan təxminən iki ay sonra, yəni 28 avqust 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi.
Rəsmi mətbuat orqanının nəşri də Nizami yurdu ilə bağlıdır. 1918-ci il iyunun 25-də hökumət qəzetinin nəşrinə dair verilmiş qərarda həmin orqanın smetası tərtib edildi, hökumətin təsdiqinə vermək və Gəncədəki mətbəəni həmin nəşrin çapı üçün hazırlamaq tapşırıldı. Bir həftədən sonra “Azərbaycan hökumətinin xəbərləri”nin nəşri haqqında qərar verildi. “Hökumət xəbərləri”nin nəşrinə
rəhbərlik 27 iyul tarixli qərarla xalq maarif nazirinə tapşırıldı. Azərbaycan hökumətinin orqanı olan və Gəncədəki qubernator mətbəəsində çap olunan “Azərbaycan” qəzetinin ilk nömrəsi çox əlamətdar günə, sentyabrın 15-nə - Bakının erməni daşnaklarından təmizlənərək Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti altına keçdiyi günə təsadüf etdi.
Azərbaycan Xalq Cümhuriyyəti Gəncədə fəaliyyəti zamanı çar Rusiyasının istilası ilə əlaqədar 1804-cü ildən
I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılmış bu
şəhərin tarixi adını 1918-ci il 30 iyul tarixi qərarla bərpa etdi. Həmin qərarda deyilirdi: “Yelizavetpol şəhərinin adı Gəncə və Karyagin qəzasının adı Cəbrayıl qəzası ilə əvəzlənsin”. Bu əlamətdar hadisəni xalq çox razılıqla qarşıladı, hətta xeyli sayda qurbanlar da kəsdi. Çünki o vaxta qədər Gəncə sözünü dilinə gətirən hər kəs pulla cərimə ödəməli idi.
Amma təəssüf ki, qırmızı imperiya dövründə qədim Gəncənin başı üzərini yenidən qara buludlar bürüdü.
22 fevral 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilərək respublikamızda müstəmləkə rejiminin qurulmasında və ərazilərimizin parçalanmasında, torpaqlarımızda ermənilər üçün muxtar vilayət yaradılmasında böyük rolu olmuş S.M.Kirovun “şərəfinə” Kirovabad adlandırıldı. Bu isə heç də təsadüfi deyildi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olması, Bakının bolşevik-daşnaklardan və onlarla həmfikir olanlardan azad edilməsi uğrunda ölüm-dirim mübarizəsinin bu şəhərdən başlanması, XI Qırmızı orduya qarşı qəhrəmancasına mübarizə aparması səbəbindən xalqımızın qəlbində Gəncə bir taxt qurmuş, azadlıq və mübarizlik simvoluna çevrilmişdi. Ona görə də imperiya bu yolla xalqın qan yaddaşını silmək istəyirdi. Sovet dövründə rus kommunistinin adı
verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq o qədər də asan deyildi. Bu çətinliklərə baxmayaraq, ötən əsrin 70-ci illərində respublikamıza
rəhbərlik edən ulu öndər Heydər Əliyevin göstərişi ilə Kirovabad şəhərində iki yeni rayon yaradıldı və onlardan birinə Gəncə adı verildi. Həmçinin orada salınan təzə yaşayış massivi də “Yeni Gəncə” adlandırıldı. Bu addımlar milli düşüncəyə təsirsiz ötüşmədi. Gəncənin adının qaytarılması məsələsi
ilk dəfə 1987-ci ildə qaldırıldı. Nəhayət, 30 dekabr 1989-cu ildə
Gəncə şəhərinin tarixi adı özünə qaytarıldı.
Gəncədə
fəaliyyət göstərdiyi müddətdə Azərbaycan
Xalq Cümhuriyyəti digər bir sıra mühüm sənədlər
də qəbul etdi: Azərbaycanda hərbi vəziyyətlə, Zaqatala quberniyasının təşkili
ilə, vətəndaşlıqla bağlı qərarlar qəbul
olundu. Sərhəd rayonlarında mühafizə, gömrük
postlarının təşkili kimi mühüm tədbirlər
də bu şəhərin paytaxt olduğu vaxtda həyata
keçirildi.
Yeri gəlmişkən,
qeyd edək ki, ulu öndər Heydər Əliyevin
müdrikliyi və uzaqgörənliyi sayəsində
inkişaf etmiş Gəncə bu gün onun layiqli
davamçısı Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin qayğısı sayəsində
yeni intibah dövrünü yaşayır: elm, mədəniyyət mərkəzi
olaraq dünya miqyasında tanınır, qədimliyi,
müasirliyi və gözəlliyi ilə bu diyara gələnləri
heyran edir.
Xatırladaq
ki, 2009-cu il mayın 25-də Prezident İlham Əliyev Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi binanın
girişində üzərində “Azərbaycan Xalq
Cümhuriyyətinin Milli Şurası və Hökuməti 16
iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada
fəaliyyət göstərib” sözləri
yazılmış xatirə lövhəsinin
açılışında iştirak edib.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2018.- 7 aprel.- S.29.