“Caspian Energy” jurnalının Naxçıvana həsr olunmuş nömrəsinin təqdimat mərasimi  

“Caspian Energy” jurnalının Naxçıvana həsr olunmuş nömrəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, aprelin 17-də “Caspian Energy International Media Group” və “Caspian European Club” Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə “Caspian Energy” jurnalının Naxçıvanın lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil ediblər.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin “Caspian European Club”un idarə heyətinin və üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.

“Caspian European Club”un sədrinin birini müavini və baş icraçı direktoru Telman Əliyev xatırladıb ki, sözügedən reytinqdə regionlar 18 parametr üzrə altı qrupa bölünüblər: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifah və kənd təsərrüfatı.

“Bu reytinqi biz bir neçə il ərzində “Caspian European Club”un sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini “Caspian Energy” jurnalının yekun nömrəsində dərc edirik”, - deyə Telman Əliyev əlavə edib.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirləri “Caspian Energy” jurnalına verdikləri müsahibə zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə vurğulayaraq, Naxçıvan rəhbərliyinin alternativ və bərpaolunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətdən valeh olduqlarını qeyd ediblər.

Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin muxtar respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat yaradıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.

Çıxışının sonunda Telman Əliyev “Caspian Energy” jurnalının bu nömrəsinin dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacağını bildirib.

Naxçıvan Muxtar Respublikasının Bakıda Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışı zamanı bildirib ki, investisiya reytinqi üzrə Naxçıvanın ölkə üzrə birinci yerə çıxması ilə bağlı yanvarın 23-də Naxçıvanda Heydər Əliyev Muzeyində tədbir keçirilib, müvafiq sertifikat və sənədlər təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər Naxçıvanda da yüksək səviyyədə icra olunub. Sosial-iqtisadi, elmi-mədəni, quruculuq, abadlıq, sənaye, kənd təsərrüfatı sahələrində, nəqliyyat, rabitə, infrastruktur, turizm, eyni zamanda ordu quruculuğunda, məhsul istehsalının artımı və əhalinin həyat şəraitinin yaxşılaşdırılması, yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Qazanılan nailiyyətlər muxtar respublikanın iqtisadi potensialını xeyli artırıb. “Caspian Energy” jurnalının Naxçıvana həsr olunan xüsusi buraxılışında muxtar respublikanın məhsullarının müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin MR-da iqtisadiyyatın inkişafı üçün göstərilən səylər öz əksini tapıb.

“Naxçıvanın sosial-iqtisadi göstəricilərinə nəzər salsaq, müstəqillik illərində sosial-iqtisadi sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam edib. Bu müddət ərzində bir nəfərə düşən ÜDM-nin həcmi 45,4 dəfə, sənaye məhsulu istehsalı 105,9 dəfə, kənd təsərrüfatı istehsalı 11,8 dəfə artıb. Hazırda Naxçıvanda 372 növdə məhsulun istehsal olunması, 344 növ məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabın ödənilməsi sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sahəsində mümkün olub. Muxtar respublikada aqrar sektorda istehsalın keyfiyyətli və səmərəli təşkili, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ərzaq təhlükəsizliyinin təminatında mühüm rola malikdir. Ümumilikdə son illər ərzində Naxçıvanın iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilib, 12 min 75 müxtəlif təyinatlı obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilib”, - deyə B.Əsgərov vurğulayıb.

O qeyd edib ki, davamlı iqtisadi və sosial inkişafın daha bir mühüm göstəricisi enerji təminatıdır. Elektroenergetika sahəsində də aparılan kompleks tədbirlər nəticəsində ciddi uğurlar qazanılıb, Naxçıvanın əlverişli iqlimi və coğrafi şəraiti alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkan açıb. Burada ilk dəfə olaraq 22 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib. Alternativ və bərpaolunan enerji mənbələri üzrə işləyən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı ümumi istehsalın 60 faizini təşkil etməkdədir ki, bu da regionda və dünyada mühüm göstərici hesab edilir. 2005-ci ilin sonundan başlayaraq Naxçıvanda qaz infrastrukturunun yenidən qurulması nəticəsində əhalinin və təsərrüfat subyektlərinin qazla təminatı 100 faiz başa çatdırılıb, müasir və etibarlı yol-nəqliyyat infrastrukturu yaradılıb, bu sahənin davamlı inkişafı təmin olunub.

Naxçıvanda ixrac və turizmlə bağlı nailiyyətlərə də toxunan B.Əsgərov deyib ki, muxtar respublikada istehsal olunan ixrac potensiallı yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları Türkiyə, Rusiya, Latviya, Ukrayna, Qazaxıstan, Çin, BƏƏ, Gürcüstan, İran və İraq kimi ölkələrə ixrac edilir. Turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, məqsədyönlü tədbirlər turizmin dinamik inkişafına geniş imkanlar yaradıb. 2017-ci ildə Naxçıvana xarici ölkələrdən 410 mindən çox turist gəlib. Bütün bu uğurlar Naxçıvan Muxtar Respublikasını 2017-ci il üzrə illik investisiya reytinqində ilk yeri tutmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova Naxçıvan Muxtar Respublikası ilə xarici dövlətlər arasındakı beynəlxalq əlaqələrin inkişafına verdiyi töhfəyə və investisiya imkanlarının genişləndirilməsinə görə “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub.

 

Təqdimat mərasimində, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə hazırda Naxçıvan Muxtar Respublikasında yüksək iqtisadi nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırıb.

Onun sözlərinə görə, bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf siyasətinin nəticəsidir. “Coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq, Naxçıvan Azərbaycanın ürəyidir”, - deyə deputat söyləyib. O, həmçinin Türkiyə və digər ölkələrin Naxçıvana böyük dəstəyini də qeyd edib. Deputat Aydın Mirzəzadə investisiya reytinqinin lideri seçildiyinə görə Naxçıvan Muxtar Respublikasını təbrik edərək, daha böyük uğurlar arzulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin mühüm hissəsini Türkiyə və Naxçıvan əlaqələri təşkil edir. “Uzun illər ərzində formalaşmış bu əlaqələr hazırda da fəal şəkildə inkişaf etməyə davam edir. Biz Naxçıvanın Türkiyə bazarında iştirakını və bunun nəticəsində ticarət əlaqələrinin və turizm əməkdaşlığının inkişaf etdiyini görürük”, - deyə səfir bildirib.

Səfir Erkan Özoral Naxçıvanı daha yaxşı tanımaq üçün yaradılmış imkana görə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun timsalında Naxçıvan Muxtar Respublikasına və “Caspian European Club”a minnətdarlığını bildirib.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez 2017-ci il oktyabrın 18-19-da Naxçıvanda olduğunu qeyd edib. “Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ilə görüşdüm. Bu görüş bütün sahələrdə ikitərəfli əlaqələri müzakirə etmək üçün əla imkan idi”, - deyə o söyləyib. Həmçinin Naxçıvan iqtisadiyyatının inkişaf dinamikasını qeyd edən səfir bir neçə yerli müəssisə ilə yanaşı, baş çəkdiyi Naxçıvan biznes-mərkəzinin fəaliyyətinin buna sübut olduğunu bildirib.

Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva Naxçıvana üç dəfə səyahət etdiyini qeyd edib: “Naxçıvana səfərim - səfir qismində Azərbaycan regionuna ilk səfərim zamanı məni ən çox təsirləndirən istər hökumət nümayəndələri, istərsə də Naxçıvanın dostsevər xalqı tərəfindən göstərilən səmimi və isti münasibət oldu. Naxçıvanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğumu Naxçıvanın Ali Məclisinin Sədri Vasif Talıbovla bölüşdüm. Fürsətdən istifadə edib “Caspian Energy”nin tərtib etdiyi investisiya reytinqində ən yüksək nəticə əldə etdiyinə görə bütün Naxçıvan Muxtar Respublikasını ürəkdən təbrik edirəm.

Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana bildirib ki, inkişaf etmiş sənaye infrastrukturu və kənd təsərrüfatı istehsalat bazası sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının iqtisadiyyatında yüksək mövqe tutur.

Səfirin sözlərinə görə, Naxçıvana səfəri zamanı o, burada daş duz, dolomit, sink, qurğuşun, inşaat materialları, mərmər konstruksiyalar, plastik materiallar, çuqun, rəngli metal və sair istehsal edən çoxsaylı sənaye müəssisələrinin fəaliyyət göstərdiyinin şahidi olub. “Naxçıvanda ət, süd məhsulları, bal, şərab, konservləşdirilmiş meyvə və şirələr də daxil olmaqla qida ərzaqlarının və kənd təsərrüfatı məhsullarının istehsalı yüksək inkişaf edib. Əhalinin yaşayış səviyyəsi də yüksəkdir. Naxçıvan yüksəksəviyyəli təhsil və tibb müəssisələri ilə fəxr edə bilər. Nəqliyyat infrastrukturu Naxçıvanı İran və Türkiyə ilə əlaqələndirir. Hazırda Naxçıvanı yüksək ixracat potensialı ilə təmin edən nəqliyyat infrastrukturunun gələcək inkişafı həyata keçirilir”, - deyə Hindistanın səfiri Sanjay Rana çıxışına yekun vurub.

Azərbaycanın Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli baş tutmuş seçkilərdən və Prezident İlham Əliyevin qələbəsindən sonra bu cür tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, İlham Əliyevin qələbəsi Prezidentin ölkənin bütün iqtisadi regionlarının inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasəti bir daha nümayiş etdirir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşən Musayev, həmçinin qeyd edib ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatların Naxçıvan Muxtar Respublikasının yüksək nəticələr əldə etməsində və investisiya reytinqində lider seçilməsində mühüm rolu olub.

Özbəkistanın fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev jurnalın sözügedən nömrəsinin məzmunu ilə tanış olduğunu bildirərək qeyd edib ki, bu buraxılış oxucuya Naxçıvanın iqtisadi inkişafının tam mənzərəsi ilə tanış olmaq imkanı yaradır və Naxçıvanda heç vaxt olmayan şəxs bu region barədə kifayət qədər ətraflı məlumat əldə etmiş olur. O, həmçinin vurğulayıb ki, bu gün Azərbaycanın hər bir guşəsi sürətlə inkişaf edir. “İyunun 20-də Naxçıvanda keçirilməsi planlaşdırılan tədbir bir daha regionun sürətli inkişafını əyani şəkildə nümayiş etdirir. Əminəm ki, Naxçıvan MR daha böyük nəticələrə nail olacaq”, - deyə səfir çıxışına yekun vurub.

Tədbirdə, həmçinin Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rahman, Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka, həmçinin İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose İqnasiyo da çıxış edərək təəssüf hissi ilə Naxçıvanda olmadıqlarını vurğulayıb, lakin yaxın vaxtlarda muxtar respublikaya səfər etmək niyyətində olduqlarını bildiriblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un üzvləri, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvləri hesab olunurlar.

“Caspian European Club”un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

“Caspian Energy” dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

 

İki sahil.- 2018.- 18 aprel.- S.13.