11 aprel günü xalq öz
müdrikliyini bir daha sübut etdi
Milli Məclisin Mədəniyyət
komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az
saytına müsahibə verib:
- Jalə xanım, aprelin 11-də ölkəmizdə
prezident seçkiləri seçicilərin mütəşəkkil
iştirakı şəraitində baş tutdu. Siz seçki
kampaniyasında aktiv iştirak etdiniz. Seçkinin nəticələri
haqqında düşüncələriniz nədən ibarətdir?
- Sualınızı
cavablandırmazdan əvvəl, ölkə və xalq olaraq
yaşadığımız tarixi hadisə olan prezident
seçkisi və bu seçkidə hər bir Azərbaycan vətəndaşının
alternativsiz namizədi olan cənab İlham Əliyevin möhtəşəm
qələbəsi münasibətilə hər bir oxucumuzu,
bütünlükdə Azərbaycanımızı təbrik
etmək, gözün aydın olsun, Vətən, demək istəyirəm.
Artıq Azərbaycanın ən yeni tarixinin daha bir parlaq səhifəsinə
çevrilən 11 aprel günü xalq öz müdrikliyini bir
daha isbat etdi.
Xalq-hər bir azərbaycanliya
yaxşı Prezident olmağı bacaran, amalı bütöv
və inkişaf edən Azərbaycan olan, ölkəsinin
sabitliyini, möhkəmliyini hər şeydən üstün
tutan, bu yolda böyük qətiyyət və əzmkarlıq
göstərən bir namizədə- İlham Əliyevə səs
verdi. Xalq- öz xoşbəxtliyinə, əmin-amanlığına,
işıqlı gələcəyinə səs verdi. Sualınıza gəlincə, bəli, Prezident
seçkisinin təbliğat kampaniyasına start verildiyi 19 mart
tarixindən, ta təbliğatın son gününə - 10
aprel tarixinə qədər cənab Prezident İlham Əliyevin
təbliğat-təşviqat qrupunun üzvləri olaraq olkənin
çox müxtəlif şəhərlərində, qəsəbə və kəndlərində, istər ölkəmizin
ayrı ayrı rayonlarında, istərsə də Bakı və
Bakı ətrafı rayonlarda çox sayda görüşlər
keçirtdik. Əvvəla onu deyim ki, getdiyimiz hər məkanda
yüksək əhval-ruhiyə, toy-bayram sevinci,
insanlarımızın rəhbərə olan sevgisi,
etimadı, rəğbəti və inamıyla
qarşılaşırdıq. Keçirtdiyimiz hər
görüşdə bizi bir sevgi dənizi
qarşılayırdı. Bu sevginin tək ünvanı var
idi-İlham Əliyev! Bu görüşlərimizdə bizim dəyərli
həmvətənlərimiz, qədirbilən insanlar deyirdilər
ki, cənab Prezidentin heç bir təbliğata, heç bir təşviqata
ehtiyacı yoxdur. Onlar deyirdilər ki, cənab Prezidentin təbliğatı
da, təbliğatçısı da, təşviqatı da, təşviqatşısı
da elə Onun özüdür, Onun nurlu əməlləri, həyata
keçirtdiyi əvəzsiz işlərdir. Onlar deyirdilər
ki, İlham Əliyev bizim alternativsiz namizədimizdir. Artıq
seçkinin nəticəsi məlumdur. Cənab İlham
Əliyev 86, 02 % səslə önümüzdəki 7 il
üçün Prezident seçildi. Bu nəticə gözlənilən
idi. Başqa bir nəticə zatən heç kimin
ağlına belə gəlmirdi. Bir az əvvəl
də qeyd etdiyim kimi, Azərbaycan vətəndaşının
öz rəhbərinə olan etimadı, sevgisi, inamı o qədər
böyükdür və tamdır ki, bu prosesin nəticəsi
haqqında hələ seçkiyə start verilməmişdən
çox çox əvvəllər də qətiyyətli
fikir yürütmək və dəqiq proqnoz vermək
mümkün idi. Nəticələr onu göstərdi ki,
xalqın seçimi birmənalıdır. Əslində Azərbaycan
xalqı öz sözünü illər əvvəl deyib. Azərbaycan
xalqı öz mövqeyini illər əvvəl ortaya qoyub. Bundan tam 25 il əvvəl, Ulu öndər Heydər
Əliyevi bütöv bir xalqın lideri olaraq görməklə,
illərdən sonra onun ideyalarına sadiqlik nümayiş
etdirməklə, onun siyasi, mənəvi və fiziki varisi olan
cənab İlham Əliyevi Prezident seçməklə kimin
yanında olduğunu bütün dünyaya nümayiş
etdirib. Yəni, qısacası 11 aprel gününün qələbəsinin
möhkəm təməli, polad bünövrəsi Azərbaycanda
illər əvvəl atılıb. Və Azərbaycan xalqı
da həmin möhkəm təməl, polad bönövrəyə
əsaslanaraq getdiyi yolda inamla irəliləməkdədir.
- Sizcə, cənab İlham Əliyevə
xalqın yüksək inam və sevgisinin əsasında
hansı amillər dayanır?
- Sualınızın cavabını bir az
uzaqdan başlamaq istəyirəm. Bundan təqribən
bir əsr əvvəl məşhur Azərbaycan şairi Məhəmməd
Hadi böyük ürək ağrısı, təəssüf
hissi ilə yazırdı ki, yox millətimin xətti bu imzalar
içində. Bu misralar onun qələmindən süzülərkən,
şübhəsiz ki, Məhəmməd
Hadi, bilmirdi ki, çox keçməyəcək, əzəli-əbədi
Azərbaycan torpağı olan qədim Naxçıvanda, sadə
bir ailədə bir oğlan uşağı dünyaya gələcək
və bu oğlanın adını Heydər qoyacaqlar. Şair
təbii ki, bunu da bilmirdi ki, həmin körpə
böyüyüb bütün bir xalqın vüqarına, əzəmətinə
çevriləcək-Heydər Əliyev adlı dahi olacaq.
Xalqının, ölkəsinin başı üzərində
Günəş kimi əzəmətlə parlayacaq. Və Azərbaycan
məhz onun sayəsində yaşayacaq, var olacaq. Məhz Heydər Əliyev, xətti imzalar içərisində
tanınmayan millətini aləmə tanıtdırdı,
ölkəsinə dünyanən ehtiramını
qazandırdı. Xalqını və ölkəsini yox
olmaqdan, məhv olmaqdan qurtardı. Ölkəsinin böyük
əziyyətlər bahasına əldə etdiyi müstəqilliyinin
xilaskarına çevrildi.
Heydər Əliyevin vətən, xalq
qarşısındakı xidmətləri əlbəttə
ki, həddindən artıq çoxdur və ölçüyəgəlməzdir.
Lakin Ulu öndərin bu böyük xidmətlərinin
içərisində, bizlərə bəxş etdiyi iki
şah əsər var. Bunlardan biri - müstəqil Azərbaycan
Respublikası, digəri isə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev! Ulu öndər
heç vaxt yanılmırdı. İllərin zəngin təcrübəsinə
söykənən iti ağlı, dərin düşüncəsi,
zəngin dünyagörüşü ona hər zaman doğru
olan yolu göstərirdi. Milli liderimiz xalqa son müraciətində,
“Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim
başladığım, amma başa çatdıra bilmədiyim
işləri o davam etdirəcək”, deyərkən də
yanılmadı, xalqa bir daha nicat yolunu işarə verdi.
Mən, bundan bir-neçə il əvvəl,
ölkə Prezidenti möhtərəm İlham Əliyevin
xarici televiziya kanallarından birinə verdiyi müsahibədən
bir məqamı dəyərli oxucularımızın nəzərinə
çatdırmaq istəyirəm. Müxbirin, “uşaqlıqda
prezident olmaq arzusunda olmusunuzmu”, sualına İlham Əliyev belə
bir cavab vermişdi: “Uşaqlıqda mən general olmaq istəyirdim.
Atam Heydər
Əliyev general olanda mənim altı yaşım var idi. Əlbəttə,
hərbi forma, qeneral paqonları bütün uşaqlar
üçün xüsusi ehtiram predmetidir. Uşaqlıqda biz hamımız müharibə
oyunları oynayırdıq, hamımız
özümüzü böyük sərkərdələr
kimi təsəvvür edirdik. Mənə gəldikdə
isə hər gün generalı evimizdə görürdüm.
Buna görə də, təbii ki, mən də
atam kimi general olmaq arzusunda idim. Mən
general olmadım, lakin bütün başqa məsələlərdə
atam kimi olmağa çalışıram”. Məncə sizin sualınızın bir hissəsinin
cavabı elə cənab Prezidentin bu müsahibəsində
öz əksini tapıb. Bəli, bu bir həqiqətdir.
Prezident İlham Əliyev doğulub
böyüdüyü, ab-havasını udduğu ailənin
layiqli davamçısı olduğunu öz əməlləri
ilə çox qısa bir müddətdə sübut etdi.
Ölkədə
gedən nəhəng quruculuq işləri, gündən-günə
güclənən iqtisadiyyatımız, sürətlə
abadlaşan və inkişaf edən şəhər və kəndlərimiz,
elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə
göstərdiyi əvəzsiz qayğı və ən ümdəsi
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda
nümayiş etdirdiyi qətiyyət və siyasi iradə
möhtərəm Prezidentimizə ümümxalq sevgisini
qazandırıb. Məhz Onun qətiyyəti və
iradəsi nəticəsində bu gün üçrəngli
müqəddəs bayrağımız Cocuq Mərcanlıda, Lələtəpədə
dalğalanır. Bu milli qüruru bizlərə
yaşatdığı üçün cənab Prezidentimizə
borcluyuq. Əgər müstəqil Azərbaycan
Heydər Əliyevin əsəridirsə, dəyişən,
inkişaf edən müasir və güclü Azərbaycan
dövləti də İlham Heydər oğlu Əliyevin
dönməz iradəsinin, yorulmaz fəaliyyətinin bəhrəsidir.
Bax, bütün bu sadaladıqlarımız və
bir müsahibənin həcminə sığdıra bilmədiyimiz
misilsiz xidmətləri İlham Əliyevi xalqının
sevimlisinə, inam və ümid yerinə çevirib.
-
Seçkilər istənilən ölkənin tarixində yeni
bir dövrün, inkişaf və islahatlar mərhələsinin
başlanğıcı kimi xarakterizə edilir. Siz
necə hesab edirsiniz, növbəti prezident seçkiləri Azərbaycanın
tarixində hansı rol oynayacaq?
- Cənab İlham Əliyev bundan
15 il əvvəl ilk dəfə Prezident kürsüsünə
qalxarkən müqəddəs kitabımız olan Quran-i Kərimə
və Azərbaycanın ana qanunu olan Konstitusiyamıza əl
basaraq dedi ki, mən hər bir azərbaycanlının
Prezidenti olacağam. Bu vədi qısa bir
zamanda həqiqət oldu. Əməlləriylə kimliyindən,
yaşından, harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlının Prezidenti, həm də yaxşı
Prezidenti olmağı bacardı. And içərkən, “Azərbaycanı
zəngin, qüdrətli dövlətə çevirəcəyik”
dedi və bu vədi də həqiqət oldu. Azərbaycan
büdcəsi astronomik bir sürətlə artdı.
Hazırda Azərbaycanın sadəcə orduya
ayırdığı büdcə, bədnam Ermənistanın
bütünlükdə büdcəsini üç dəfə
üstələyir. And içərkən çox
böyük bir qətiyyətlə “Regiondakı heç bir
layihə Azərbaycanın iştirakı olmadan həyata
keçirilə bilməz”, dedi və ölkəmiz ən əhəmiyyətli
regional layihələrin başlıca üzvünə
çevrildi. Bu gün Azərbaycan Avropa ilə
Asiyanı birləşdirən bir çox strateji layihələrin,
əsrlərdən bəri böyük imperiyaların arzusunda
olduqları, amma nail ola bilmədikləri Fars körfəzindən
Fin körfəzinədək çəkiləcək olan yolun
başlıca və ən əhəmiyyətli tərəfidir.
And içərkən, “Ölkədə bir dənə də
olsa qaçqın çadırı qalmayacaq” dedi və bu vədinə
də əməl etdi. Bunu da xüsusilə qeyd
etməliyik ki, onun məqsədyönlü və uğurlu
siyasəti nəticəsində nəinki taleyinə
qaçqınlıq, köçkünlük payı
düşən soydaşlarımız yeni, bütün
standartlara cavab verən qəsəbələrə
köçürüldülər, hətta həmin
insanların bir hissəsi 30 ilə yaxındır həsrətiylə
yaşadıqları doğma torpaqlarında - Cocuq Mərcanlıda
quruculuq işləri ilə məşğuldurlar. Məhz Onun
bacarıqlı bir Alı Baş Komandan kimi verdiyi əmrlər
sayəsində biz bundan iki il əvvəl üç rəngli
müqəddəs bayrağımızı doğma
Qarabağımıza-Lələtəpəyə sancdıq. And içərkən, “Azərbaycan gündən-günə
dəyişəcək, inkişaf edəcək, böyüyəcək”
dedi və on beş il ərzində ölkədə gedən
nəhəng quruculuq işləri sayəsində ölkə
simasını tamamən dəyişdi, müasir, abad, yeni bir
ölkəyə çevrildi. And işərkən dedi
ki, “məktəbsiz kənd qalmamalıdır” və on beş
ildə 3100 yeni məktəb övladlarımızı qoynuna
aldı. And içərkən, “Yol mədəniyyətdir.
Yollarımız yenidən qurulmalıdır” dedi və ölkə
ərazisində 12000 km yolun çəkilməsinə nail oldu.
And içərkən, Azərbaycanın ən ucqar kəndi də
qazlaşdırılacaq, dedi və bu gün bütün Azərbaycan
mavi yanacaq alır. And içərkən, əhaliyə fasiləsiz
işıq təmin olunmalıdır, dedi. Bu gün ən uzaq
kəndimizdə də 24 saat işıq var. And içərkən,
əhaliyə keyfiyyətli içməli su təmin edilməlidir,
dedi və bu gün illərdən bəri susuzluqdan əziyyət
çəkən ən quraq rayonlarımız da, dağlardan
çəkilən bulaq suyuyla təmin edilir. Hər kəsin
evi olmalıdır, dedi və ölkəmizdə minlərlə
ailəyə isti ocaq bəxş edəcək olan sosial mənzillərin
tikintisinə nail oldu. Bu
sadaladıqlarımız, son on beş ildə cənab Prezident
tərəfindən irəli sürülən və uğurla
hyata keçirilən həyat əhəmiyyətli, strateji
ağırlıqlı layihələrin, dövlət
proqramlarının, imzalanan fərman və sərəncamların
bir hissəsidir. Və bu illər ərzində
qazandığımız bütün uğurların içərisində
çox əhəmiyyətli bir uğur da var. Bu - vətəndaş
və dövlət həmrəyliyi, xalq və rəhbər
birliyidir. Bəlkə iki yüz və hətta
daha çox illik dövlət və dövlətçilik,
demokratiya təcrübəsi olan bir çox dünya ölkələrinin
nail ola bilmədikləri milli birlik, milli vəhdət - ən
böyük qazancımızdır. Bizi bu yoldan artıq
heç bir güc döndərə bilməz. Çünki
xalq anlayıb ki, getdiyi yol haqq yoludur.
Əlbəttə ki, inkişafımız davam
edir və edəcək. Azərbaycanın gələcək
inkişaf strategiyasını hədəfləyən, Azərbaycan
insanına daha yaxşı, daha firavan həyat bəxş edəcək
olan yeni proqramlar hazırlanacaq, Azərbaycan
iqtisadiyyatını, sənayesini daha böyük sürətlə
inkişaf etdirməyə xidmət edən layihələr
həyata keçiriləcək. Və əlbəttə ki, bu
gün yeganə dərdimiz olan, həlli məqsədli şəkildə
ikili standartlı ölkələr tərəfindən
müşkülə çevrilən Dağlıq Qarabağ
problemi ən qısa zamanda öz həllini tapacaq. Azərbaycan
bu əsassız münaqişənin, bu elan edilməmiş ədalətsiz
müharibənin qalibi olaraq adını dünya tarixinə
yazdıracaq. Buna inamımız şəksizdir. Biz Prezidentimizə, Onun həyata keçirtdiyi siyasətə
arxalanırıq və əminik ki, məhz Onunla birlikdə
getdiyimiz böyük yolda daha güclü, daha qüdrətli,
daha əzəmətli Azərbaycanın vətəndaşı
olmaq qürurunu yaşayacayıq. İlhamlı illərlə
zəfərə gedən yolumuzda Tanrı hamımıza
yar olsun!
İki
sahil.- 2018.- 18 aprel.- S.11.