Naxçıvanda
Duz Muzeyi istifadəyə verilib
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz
Muzeyinin yaradılması haqqında” Sərəncam
imzalayıb. Ötən müddətdə sərəncamın
icrası istiqamətində tədbirlər görülüb,
“Duzdağ” otelində Naxçıvan Duz Muzeyi
yaradılıb.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Mətbuat Xidmətindən
AZƏRTAC-a bildirilib ki, aprelin 25-də Naxçıvan Duz
Muzeyi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri
akademik İsmayıl Hacıyev tədbirdə
çıxış edərək deyib ki, müstəqillik
illərində Naxçıvan tarixinin hərtərəfli
öyrənilməsinə başlanıb, 1996-cı ildə
“Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq
simpoziumunun keçirilməsi bu sahədə əhəmiyyətli
addım olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin müvafiq sərəncamları ilə keçirilən
“Nuh peyğəmbər, dünya tufanı və
Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və
şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər
və Duzdağ” və digər beynəlxalq konfranslar
Naxçıvan tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin
öyrənilməsində mühüm rol oynayıb. Muxtar respublikanın digər ərazilərində
olduğu kimi, Duzdağda da aparılan beynəlxalq arxeoloji
ekspedisiya zamanı xeyli sayda maddi-mədəniyyət nümunələri
aşkarlanıb, mühüm elmi nəticələr əldə
edilib. Tədqiqatlar zamanı müəyyən
olunub ki, Naxçıvan Duzdağından eramızdan əvvəl
V əsrdən mədən üsulu ilə duz
çıxarılıb. Bu da dünyada bu
yolla duzun ilk emalı təcrübəsidir. Duzun çıxarılması müəyyən əmək
alətlərinin hazırlanmasını tələb edir ki, bu
da sənətkarlığın inkişafına səbəb
olub. Duz istehsalının ən
böyük təsirlərindən biri də duz ticarətinin
inkişafına təsir göstərməsidir. Bütün bunların nəticəsində
Naxçıvanda ilkin şəhər mədəniyyəti
formalaşıb. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına
əsasən Naxçıvan Duz Muzeyinin yaradılması da
xalqımızın tarixinə, mədəniyyətinə,
milli-mədəni dəyərlərinə göstərilən
böyük qayğının daha bir ifadəsidir.
İsmayıl Hacıyev Naxçıvan tarixinin tədqiqinə
və təbliğinə göstərdiyi diqqət və
qayğıya görə muxtar respublikanın ziyalıları
və elmi ictimaiyyəti adından Ali Məclisin Sədrinə
minnətdarlıq edib.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini
mühüm hadisə kimi dəyərləndirib, bu münasibətlə
tədbir iştirakçılarını və gələcək
ziyarətçiləri təbrik edərək deyib:
Naxçıvanın tarixi Naxçıvan duzunun
çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək
üçün, ilk növbədə, Naxçıvan duzunun
tarixini öyrənmək lazımdır. Çünki
Naxçıvanın şəhər kimi formalaşmasında
Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti
olmuşdur. 5-7 min il bundan əvvəl
tədavüldə qiymətli metallardan və puldan istifadə
olunmurdu. Həmin dövrdə yeganə tədavül
vasitəsi duz olduğunu nəzərə alaraq demək olar
ki, Naxçıvan şəhəri məhz duzun
çıxarıldığı bu ərazilərdə
salınmışdır. Bu da o qənaətə gəlməyə
imkan verir ki, Naxçıvan şəhərinin
formalaşması 5-7 min il bundan əvvəl
Naxçıvanda ilk dəfə duzun
çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin
tarixçiləri tərəfindən də məlumatlar
verilmişdir. Belə ki, II əsrdə yunan alimi Klavdi
Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi,
XIX əsrdə rus alimi Konstantin Nikitin və bundan sonrakı
dövrlərdə tədqiqat işləri aparan yerli
tarixçilərimiz öz əsərlərində
Naxçıvan şəhərinin formalaşmasının
Nuh peyğəmbərlə və duzun
çıxarılması ilə bağlı olduğunu qeyd
etmişlər.
Ali Məclisin
Sədri deyib: Bu günə qədər Naxçıvan
duzunun çıxarılması və Naxçıvan şəhərinin
yaranma tarixi ilə bağlı bir sıra tədbirlər
görülüb. Naxçıvan
Duzdağı ilə bağlı ilk tədbir 1996-cı ildə
keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq
simpoziumu olub. “Naxçıvan: ilkin şəhər
və Duzdağ” beynəlxalq simpoziumunda isə
Naxçıvanın Duzdağ mədəniyyəti ilə
bağlı məsələlər müzakirə olunub, yeni
faktlar üzə çıxarılıb. Ötən dövrdə Naxçıvan
Duzdağı ilə bağlı beynəlxalq konfranslar da
keçirilib, 1 monoqrafiya, 9 kitab və 80-ə yaxın elmi məqalə
dərc olunub. Həmçinin
Naxçıvan Muxtar Respublikasında müxtəlif muzeylər
yaradılıbdır. Lakin
Naxçıvan Duz Muzeyinin yaradılması xüsusi əhəmiyyətə
malikdir. Əgər Naxçıvanda ilk
insanların məskunlaşmasını və şəhər
mədəniyyətinin formalaşmasını duzun
çıxarılması ilə götürürüksə,
onda Naxçıvan tarixinin araşdırılmasına da həmin
dövrdən başlamaq lazımdır.
Ali Məclisin
Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyev
Naxçıvan tarixinin öyrənilməsi məqsədilə
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsini yaratmış, bu sahədə qarşıya
mühüm vəzifələr qoymuşdur. Çünki
Naxçıvan tarixi Azərbaycan tarixinin əsas hissəsini
təşkil edir. Ötən dövrdə
Naxçıvan tarixinin öyrənilməsi istiqamətində
mühüm tədbirlər görülüb, elmi-tədqiqat
işləri aparılıb. Naxçıvan
duzunun tarixi ilə bağlı da tədqiqatlar aparılıb,
eksponatlar toplanıb. Həmin eksponatlar bu
gündən etibarən Naxçıvan Duz Muzeyində
nümayiş olunacaqdır.
Qeyd olunub ki, bu gün də öz əhəmiyyətini
itirməyən Naxçıvan duzu hazırda məişətdə,
sənayedə, təbiətdə, insan
sağlamlığının qorunmasında geniş istifadə
olunur, ondan müxtəlif əl işləri hazırlanır. Hər il
minlərlə insan Duzdağ Fizioterapiya Mərkəzində
müalicə olunur. Bütün bunlar bir daha
Naxçıvan duzunun bu gün də böyük əhəmiyyətə
malik olduğunu göstərir. Qarşıda
duran əsas vəzifə isə Naxçıvanın duz
tarixini öyrənərək gələcək nəsillərə
çatdırmaqdır. Ona görə də
Naxçıvan tarixi bundan sonra da dərindən öyrənilməli,
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsi, müvafiq dövlət qurumları və
ziyalılar Naxçıvan şəhərinin
yaranmasının duzun çıxarılması ilə
bağlılığı sahəsində tədqiqatları
genişləndirməli, arxiv sənədləri toplanmalı,
yeni kitablar və elmi məqalələr
yazılmalıdır.
Ali Məclisin Sədri Naxçıvan Duz Muzeyinin
yaradılmasında əməyi olanlara təşəkkürünü
bildirib, kollektivə gələcək işlərində
uğurlar arzulayıb.
Sonra muzeyə baxış olub. Məlumat verilib
ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir.
Muzeydə 81 eksponat, o cümlədən duzdan
hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan
Duzdağı haqqında nəşr olunmuş kitablar,
Naxçıvan şəhəri, Nuh peyğəmbər və
Naxçıvan, Duzdağ mədəniyyəti və duz
yataqları haqqında dərc olunmuş qəzet
materialları, “Duzdağ” sənədlər toplusu
nümayiş olunur. Ekspozisiyada ümummilli
liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni
və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın
hər daşı, hər qayası tarixin canlı
şahididir” və ölkə Prezidenti İlham Əliyevin “Qədim
Naxçıvanın ən möcüzəli yerlərindən
biri olan Duzdağın hər qarışında tarixin
sirli izləri qalıb” fikirləri yer alıb.
Naxçıvan duzla bağlı inam və adətlərlə
zəngindir. Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı
nümunələri nümayiş olunur. Ekspozisiyadakı
daş alətlər, daş çəkic və
çapacaqlar, duz torbaları, saxsıdan və gildən
hazırlanmış duz qabları, daş həvəngdəstə
və baltalar, duz kristalları, karsit və duz süxurları
Naxçıvan Duzdağının qədim tarixini və mədəni
potensialını özündə əks etdirir. Vaxtilə
Duzdağ mədənində istifadə olunan və hazırda
muzeydə nümayiş olunan bu alətlər
Naxçıvanda sənətkarlıq ənənələrinin
qədim dövrlərdən formalaşdığını
göstərir. Duzdan hazırlanmış və üzərində
“Məhəmməd və Əli” sözləri
yazılmış “Quran-i Kərim” duza verilən böyük
dəyərin ifadəsidir.
Muzeydə nümayiş olunan dəyərli
eksponatlar sırasında narın duzun saxlanmasında və
daşınmasında istifadə olunan duz torbaları da yer
alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə
aid olub, Azərbaycanda, xüsusən, muxtar respublikamızda
toxuculuğun inkişafından xəbər verir. Daş duzdan
hazırlanmış əl işləri, Azərbaycan
Respublikasının dövlət bayrağının duzdan
hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır.
Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı seçilib. Bununla bağlı duzdan
hazırlanmış loqotip Naxçıvanın özünəməxsus
simvollarını özündə əks etdirir.
Duzdağla və Naxçıvan şəhər
mədəniyyəti ilə bağlılığı nəzərə
alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulub.
Ali Məclisin Sədri Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən
Naxçıvan duzu ilə bağlı arxeoloji
qazıntıların aparılması, Duzdağ mədəniyyəti
ilə bağlı beynəlxalq konfransların keçirilməsi,
Naxçıvan duzunun tərkibi haqqında məlumatın
muzeydə nümayiş olunması və
naxçıvanlı sənətkarların duzdan
hazırladıqları əl işlərinin
satışının təşkili barədə müvafiq
tapşırıqlar verib.
İki
sahil.- 2018.- 26 aprel.- S.9.