Azərbaycan türkcəsidir dilim mənim!

 

Şirinliyi ovsunlayıb çox milləti,

Misilsizdir musiqisi, şeriyyəti;

Əzəl gündən sevir haqqı, hüriyyəti

Keşiyində durub xalqım, elim mənim,

Azərbaycan türkcəsidir dilim mənim!

Şair Oktay Rza.

 

“Ana dilimiz: mənəvi pasportumuz, ruhumuz, əbədiyyət rəmzimiz” sözləri  təsadüfi işlədilən ifadələrdən deyil. Korifeylərimizin bu dildə dünya ədəbiyyatı xəzinəsinə bəxş olunan misilsiz əsərlərinin müxtəlif xalqlar tərəfindən sevilməsi Azərbaycan dilinin gözəlliyi, saflığı, imkanlarının tükənməzliyi ilə bağlıdır.

Ana dilini  milli dövlətçiliyin başlıca rəmzləri kimi dəyərləndirən və doğma dildə poeziyamızın klassik nümunələrini yaradan sərkərdə, görkəmli şair Şah İsmayıl Xətai gənclərə nəsihətində yazırdı: “ Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəffərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin. Yaxşı nə etdimsə  davam etdirin, xətalarımı təkrar etməyin... Atalar sizə üç əmanət qoyublar: Dilimiz, qeyrətimiz, vətənimiz.”

 Dilimizin gözəlliyinə dəyər verənlərdən biri də rus yazarı  M.Y.Lermantov olub: “Azərbaycan dili burada, ümumilikdə Asiyada fransız dilinin Avropada oynadığı  rol qədər zəruri bir dildir.”

 “Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda  arzu edirik ki,  hansı qitə , hansı ölkədə  yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də  mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin” söyləyən ulu öndər Heydər Əliyevin xalqları  birləşdirən dilimizin saflığının qorunmasındakı xidmətləri əvəzsizdir. “Müstəqil  Azərbaycan dövlətinin  əsas ideyası azarbaycançılıqdır” söyləyən Ulu Öndərin ən dəyərli tövsiyələrindən biri də bu idi ki,   xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzlərindən olan dilimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

 ...XIX-XX əsrlərdə dəfələrlə latın qrafikalı əlifbaya keçmək üçün səylər göstərilmişdir. Tarixdən də bəllidir ki, müxtəlif zamanlarda  təzyiq və təsirlərə  məruz qalan Azərbaycan dilinin əlifba islahatları dramaturq M.F.Axundov kimi   digər maarifçi  ziyalıları da  düşündürmüş, bu istiqamətdə  müəyyən addımlar atılmışdır. 1922-ci ildə  Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin  yaradılması, yeni tərkibə  Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin  tapşırılması bu istiqamətdə atılmış ilk addım olsa da, bu təşəbbüs uzun sürmədi.  1 yanvar 1940-cı ildən latın əlifbası  kiril yazısı əsasında  tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi bir daha ziyalıları  əlifbanın təkmilləşdirilməsi yolunda   düşünməyə vadar etdi.

Türk dünyasının birliyini təmin edəcək bu missiyanı yerinə yetirmək isə uzaqgörən siyasətçi, ən böyük azərbaycanlı  Ulu Öndərə nəsib olmuşdur. Türkçülük ideyasının mübariz təbliğatçısı, Azərbaycan xalqının yaxın dostu, Qazax yazıçısı  Oljas Süleymenov Azərbaycanda  diqqət yetirilən dil siyasətinin əhəmiyyətini, ulu öndər Heydər Əliyevin bu sahədə  göstərdiyi fədakarlığı  bu sözləri ilə qiymətləndirmişdir:  “Latın əlifbasına keçmək böyük cəsarət, siyasi iradə tələb edirdi. Cənab Heydər Əliyevdə bu keyfiyyətlər, habelə  zəngin siyasi təcrübə, kəskin və tarixi prosesləri istiqamətləndirə  bilmək istedadı vardır. Bu tarixi bir qərardır.”

  1993-cü ildə  hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  məsuliyyətlə yanaşan  ümummilli lider Heydər Əliyev  ziyalılarla görüşü zamanı  dilimizin taleyi  ilə əlaqədar geniş müzakirə apardı. Ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.  Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni  özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi. Milli mənəvi dəyərlərimizin qorunmasında  xüsusi xidmətləri olan Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ( 18 iyun 2001-ci il) və “ Azərbaycan  Respublikasında dövlət dili haqqında  Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il) fərmanlarının həyata keçirilməsi ilə    ədəbi dilimizin fəaliyyət imkanları daha da  genişləndirilmiş,  üslub potensialları təkmilləşdirilmiş, nitq mədəniyyətimizin qarşısında  yeni üfüqlər açılmışdır.

 Ulu Öndər  9 avqust  2001-ci ildə  “Azərbaycan əlifbası və Azərbaycan  dili gününün təsis edilməsi haqqında” Fərmanı imzalamaqla latın qrafikalı əlifbanın  daha geniş miqyasda işlədilməsini təmin etdi. Həmin fərmana əsasən hər il 1 avqust tarixi  Azərbaycan  əlifbası və Azərbaycan  dili günü kimi qeyd edilir.

Dilimizin inkişafında, təkmilləşməsində, saflığının qorunmasında fədakarlıq göstərən Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən və dil siyasətini davam etdirən, “Dil siyasətində  sərhəd məhdudiyyəti yoxdur” ideyasına sadiq qalan  Prezident İlham Əliyev “ Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında  “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki,  “elektron hökumət”, “elektron dərslik”, “elektron kitabxana” terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. “Azərbaycan Milli Ensiklopediyanın nəşri haqqında” sərəncam imzalandı.

Dünya Azərbaycanlılarının,  türk  dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq  və əməkdaşlıq qurultaylarında, türkdilli  ölkələrin dövlət başçılarının zirvə toplantılarında irəli sürülən təklif və təşəbbüslər əsasında da   türk birliyinin  gücləndirən oxşar dil və əlifbadan istifadə əsas amil kimi diqqətdə saxlanıldı.  Yekdil qərar əsasında yaradılan TÜRKSOY-un təklifinə əsasən türkdilli akademiyanın təsis olunması təşəbbüsünün əsasında da  oxşar və ortaq dəyərlərə malik  xalqların birlik, həmrəylik istəkləri dayanır. Bu gün artıq  işlək qurum kimi fəaliyyət göstərən  Türkdilli Dövlətlərin Parlament Assambleyasının türk dünyası  birliyinin möhkəmlənməsində xidmətləri əvəzsizdir. Türk dövlət və  cəmiyyətləri arasında  qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi  məqsədilə ortaq əlifbanın, ortaq türk televiziyasının yaranmasının əsasında da  ünsiyyət vasitəsi olan dil amili dayanır.

Dünya hadisələrinin qloballaşdığı, beynəlxalq layihələrin xalqları birgə  əməkdaşlığa  cəlb etdiyi müasir dövrümüzdə eyni əlifbanı,  oxşar dili paylaşan türk xalqlarının birliyi daha vacibdir. Beynəlxalq səviyyədə  mənafelərini müdafiə etməsi baxımından   dili, əlifbası, tarixi və mədəniyyəti oxşar olan türk xalqlarının həmrəyliyi,  bu çərçivədə vahid dil istiqamətində  çalışmaları  daha önəmlidir.

Dost ölkədə  ənənəvi olaraq keçirilən  Türk Dili Olimpiadalarında  bütün qitələri təmsil edən  məktəblilərin eyni dildə - türk dilində mahnı oxuyub, şeir söyləməsi möhtəşəm bir hadisədir. Bu  möhtəşəmlik  türk birliyinin, həmrəyliyinin əbədilik simvoludur.  Azərbaycan dilinin təkmilləşdirilməsi, dövlət qayğısının artırılması, dilçilik araşdırılmalarını əsaslı surətdə yaxşılaşdırmaqla fundamental və  tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səyləri bu gün də aktualdır. Azərbaycan dilinin dünya dilləri arasında  ən kamili olduğunu bir çox ölkələrin nümayəndələri də etiraf etmişlər. Dil bilmək yaxşıdır.  Bir neçə dil öyrənmək hər kəsin intellekt səviyyəsini yüksəldir, başqa xalqların tarixi, mədəniyyəti, məişəti  barədə  məlumat  əldə etməsi imkanlarını artırır. Amma ilk növbədə öz tarixini öyrənmək, ana südü ilə  ruhumuza daxil olan  ana dilini sevmək insanların vətəndaşlıq borcudur. Sevindirici haldır ki,  ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarda Azərbaycan dilinin öyrənilməsinə maraq artmaqdadır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadə coğrafiyasını genişləndirmək, dilimizi yad təsirlərdən qorumaq, dünya dilləri qrupunda mövqeyini möhkəmləndirməkdir. Unutmayaq ki, Ana dilimiz ulularımızdan bu günümüzə miras qalan ən qiymətli xəzinədir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2018.- 1 avqust.- S.6.