Vətənpərvər
zabit ucalığı
Azərbaycan Ordusunun təməl daşını
qoyan ilk şanlı motoatıcı briqadanın zabiti və
peşəkar səngər jurnalisti kimi həm həyat, həm
də xidməti fəaliyyətimdə önə çəkdiyim
mənəvi tələblərdən biri coşqun vətənpərvərlik
hissləri ilə bahəm söz və əməl birliyidir. Bu mütləq dəyər olmadan hər hansı
qalibiyyət kürsüsünə, yüksək şəxsiyyət
zirvəsinə kimsə çıxa bilməz.
Sözügedən ülvi dəyərlərə
ömrünün bütün dolaylarında qanı-canı ilə
əməl edən vətənçi həmkarım ehtiyatda
olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə
doktoru, Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədr müavini Cəlil Malik oğlu Xəlilov haqqında
söz açmaq istəyirəm.
Çox qürur doğuran ömür tarixinin səhifələrini
vərəqlədikcə elini-yurdunu sevən bir əsl azərbaycanlı
kimi onunla şərəf duymağa başlayırsan. Silahdaşları
tam əminliklə bəyan edirlər ki, o, hələ gənclik
cağından etibarən qibtə edilən erudisiya sahibi olaraq
hamının diqqətini özünə cəlb etmişdir.
Parlaq gələcəyinə kimsə bədgüman ola bilməzdi.
Bunun real nəticəsidir ki, sovet əyyamında
böyük nüfuz sahibi kimi rəğbətlənən
Simferopol Ali Hərbi Siyasi Məktəbinin məzunu olmuş Cəlil
Xəlilov hər hərbçiyə nəsib olmayan ikinci ali təhsil kimi hüquqşünas
ixtisasına yiyələnmişdir. Tacikistan
Dövlət Universitetinin hüquq fakültəsinin layiqli məzunu
olaraq davamlı surətdə inkişaf edən həqiqi hərbi
xidmətini daha da mükəmməl axara salmışdır.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
Cənub Sərhəd Dairəsinin Pamir sərhəd dəstəsində
zastava rəisinin müavini, sərhəd dəstəsində
hərbi-siyasi şöbədə təlimatçı vəzifələrində
layiqincə xidmət etdikdən sonra çox çətin
imtahanlarla tariximizə yazılan Əfqanıstan savaş
taleyinə qovuşmuşdur.
Əfqanıstan
döyüşçülərinə yaxşı məlumdur
ki, onların yaşadıqları savaş hərbi taktika
hüdudları daxilində çox fərqli bir savaş formasıdır.
Ön və arxa xətti qısa zamanda dəyişən
qarışıq tipli belə döyüş səhnəsindən
baş çıxarmaq müşkül hesab edildiyinə
görə üzbəüz mübarizədə qalib gəlmək
şansı hər kəsə qismət olmurdu. Döyüşlər
əksər hallarda qəfil basqı formasında davam edirdi.
Sovet ideyaları naminə bu yolda az qurban
verməmişik. Amma qazanılan müharibə
təcrübəsi Dağlıq Qarabağ hərbi əməliyyatlarında
çox gərəyimiz olmuşdur. Bu mənada
savaşın hər üzünü görmüş həmkarım
Cəlil Xəlilovun ana yurdumuzun müdafiəsi yolunda zəruri
xidmətlərinə görə özümüzü ona mənən
borclu sana bilərik.
Dövlət müstəqilliyimiz elan edildikdən sonra Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibində
Sərhəd Qoşunlarımızın yaradılması və
formalaşdırılması istiqamətində
aparılmış mühüm işlərin, sanballı
uğurların əksəriyyətində Cəlil Xəlilovun
xüsusi xidmətləri olmuşdur.
Vətəncanlı
həmkarımız Cəlil Xəlilov Azərbaycan dövlətçiliyinin
mühafizəsi ilə bağlı müqəddəs qayəmiz
ətrafında tələb olunan əməl və əqidə
birliyi, sarsılmaz həmrəylik naminə mübahisəli məsələlərin
həlledici məqamlarında Ulu Öndərimizin müdrik bir
fikrini tez-tez misal çəkirdi: “Böyük siyasəti
kiçik hisslərə, xırda mənfəətlərə
bağlamaq olmaz”.
Fikrimin bu
məqamında Azərbaycan Respublikasının Milli Məclisinə
bir neçə dəfə millət vəkili
seçilmiş general-mayor Vladimir Timoşenkonun xüsusi
hörmət bəslədiyi Cəlil Xəlilov haqqında rəy
və mülahizələrini xatırlatmaq istəyirəm: “Cəlil
Malik oğlu ilə
ünsiyyət məni həmişə sevindirir. Bu ciddi və savadlı insan şanlı
döyüş və əmək yolu keçmişdir. Ana təbiətimiz ona analitik ağıl,
mehribanlıq, yüksək mənəvi keyfiyyətlər bəxş
etmişdir. Onun insanlara həssas münasibəti,
başqasının dərd-sərini anlamaq cəhdi adamı təkcə
valeh etmir, həm də harmonik dost aurası yaradır. Cəlil heyrətamiz dərəcədə öyrənmək
həvəskarıdır, onun güclü erudisiyası elm sahəsinə,
zəruri bilgilərə bitib-tükənməyən həvəsin
nəticəsidir. Tarix, geosiyasət,
kulturologiya onun hobbisidir. Təhlükəsizlik
məsələlərində isə əsl peşəkardır.
Bir sıra elmi əsərin, ali təhsil
müəssisələri üçün dəyərli dərsliklərin
müəllifidir. Onun əsərlərində
bir çox aparıcı ölkənin milli təhlükəsizlik
sisteminin ətraflı və müqayisəli təhlili
aparılmışdır. Bu elmi
yaradıcılığı əsasında Azərbaycan özünəxas
xüsusiyyətlərini nəzərə alaraq
respublikanın təhlükəsizlik sisteminin təkmilləşdirilməsi
ilə bağlı innovativ yollar təklif etmişdir.
Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatında
zamanın nəbzi daim nəzarət altındadır. İstər respublikamızın daxilində, istəsə
də beynəlxalq aləmdə baş verən mühüm
hadisələrə operativ reaksiya verilir. Belə ki, ictimai rəyin
dərin qatlarına nüfuz etməyi sevən, həmişə
tarixi həqiqətlərin üzərinə çıraq
tutan həssas qəlbli Cəlil Xəlilovun heyrətamiz təşəbbüskarlıq
cəhdləri zamanın ağır keçilən
dolanbaclarında heç vaxt nəticəsiz qalmır.
Onun təşəbbüsü ilə Azərbaycanın
İkinci Dünya müharibəsi veteranları tərəfindən
Roma papası Fransiskə ünvanlanmış müraciət
beynəlxalq arenada böyük əks-səda doğurmuş və
mənfur erməni daşnaklarının insanlığa yad
içalatını dağıtmışdır.
Müraciətin bir abzasını xatırlatmaq yerinə
düşər: “Azərbaycan və Vatikan tərəfindən sivilizasiyalar və dinlərarası
dialoq naminə bariz əməkdaşlığın gözəl
nümunələri yaradılan bir şəraitdə
qonşumuz Ermənistanda faşist ideyalarının dövlət
səviyyəsində təbliğatı aparılır.
Ürək ağrısı ilə diqqətinizi belə bir məsələyə
yönəltmək istəyirik ki, Ermənistan Hitler və
Himlerin ən yaxın adamlarından biri olmuş, Dro və Njde adı ilə
tanınmış SS erməni cəza legionunun rəhbərləri,
generallar Drastamat Kanayanın və Qaregin Ter-Arutunyanın təmizə
çıxarılması üçün əlindən gələni
əsirgəmir... Ermənistanın bu “milli qəhrəmanları”
Ukraynada və Polşada on minlərlə günahsız
insanın məhv edilməsinə, yəhudilərə və
nasist ideologiyası üçün “münasib” sayılmayan
digər insanlara qarşı törədilmiş cinayətlərə,
habelə Hitler konslagerlərində kütləvi
qırğınlara görə ciddi cavabdehlik
daşıyırlar... Məgər,
bu hərəkət
həlak olmuş günahsız insanların xatirəsinə
təhqir deyilmi?! Məgər, bu əməl faşizm
qurbanlarının ruhunu həyasızcasına
alçatmırmı?!”
Çalışqan
həmkarım Cəlil Xəlilov hərbçiliklə
yanaşı alimlik fəaliyyətini uğurla davam etdirmiş
və ağır hərbi güzəranın müxtəlif
sınaq və dolaylarında təcrübədən
keçirdiyi real tarixi və elmi nümunələrə
yaradıcı surətdə dayaqlanaraq “Milli təhlükəsizliyin
təmin edilməsində milli mənlik şüurunun rolu”
mövzusunda elmi işini müvəffəqiyyətlə
müdafiə etmişdir. Dörd kitab, əllidən
çox elmi məqalə, bir proqram və dərslik müəllifidir.
O, milli dəyərləri, fərqli geosiyasi məqamları
önə çəkərək dünya siyasətinin əsas
prinsiplərindən birini təşkil edən milli mənafe və
təhlükəsizlik məsələlərini elmi süzgəcdən
keçirmişdir. Ən sərfəli cəhətlərdən
biri odur ki, halal gərgin əmək və alın təri
hesabına hasilə gətirdiyi elmi bəhrələr quru və
formal nəzəri
mühakimələr kimi kitablarda ölü materiala
çevrilməmişdir. C.Xəlilov Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti kimi fəal pedaqoji fəaliyyət
göstərir və elmi yaradıcılıqla yanaşı
cani-dildən gələn müəllimlik missiyası ona kifayət
qədər məmnuniyyət bəxş edir, heç vaxt fəaliyyətsiz
qalmağı xoşlamır.
Onun elmi
yaradıcılığını geniş təhlil edən
keçmiş zabit yoldaşım professor Bədirxan Əhmədli
yazır ki, “...siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent C. Xəlilovun “Milli təhlükəsizlik
strategiyası” (Bakı,2016) dərsliyi olduqca böyük əhəmiyyət
daşıyır. İndiyədək C. Xəlilov milli təhlükəsizlik
problemi ilə bağlı bir çox məqalələr yazsa
da, son tədqiqatı monumentallığı,
aktuallığı və əhəmiyyəti ilə bu sahədəki
boşluğu tamamilə doldurur. Əslində
bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu,
problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın
da tələblərinə cavab verir və ona görə də
onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq
mümkündür.
...Dərslik-monoqrafiyada
kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu
və xüsusiyyətlərinə ayrıca bir fəsil
ayırması problemin aktuallığından irəli gəlmişdir.
Belə ki, indiki zamanda kollektiv təhlükəsizlik dövlətlər tərəfindən
sülhə təhdidin aradan qaldırılması, təcavüz
aktlarının qarşısının alınması, yaxud
yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin
təmin edilməsini şərtləndirən əsas amillərdəndir.
Beynəlxalq təhlükəsizlik sisteminin universal və
regional məsələləri ilə bağlı son əlli ildə dünyada qəbul
edilən qərarlar və müxtəlif beynəlxalq təşkilatların
fəaliyyəti yeni dünya təhlükəsizlik sisteminin
formalaşması istiqamətində dəyərləndirilir. Dərslikdə dünyada milli təhlükəsizliyin
mürəkkəb, çoxşaxəli bir sistem olduğu və
burada şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizlik
məsələləri və onların tərkib hissələri,
eləcə də prioritet istiqamətlərinin başlıca
yer tutması çoxsaylı nümunələr və nəzəri
fikirlər əsasında təhlil edilir”.
Nə qədər
ki, halal yurd yerimiz kimi Dağlıq Qarabağ problemi öz ədalətli
həllini tapmayacaq, o zamanadək beynəlxalq kürsülərdə
Azərbaycan veteranlarının mübariz elçisi olaraq
alovlu natiqimiz Cəlil Xəlilovun qəzəbli söz
qılıncı öz qınına sığan deyil. Bəzən
erməni lobbisinin təsiri altında
beynəlxalq mühitin qəfil mürəkkəbləşməsi,
ziddiyyətli informasiyaların kəmiyyətinin artması bu
sahədə intellektual yükümüzü
ağırlaşdırsa da, Cəlil müəllimin vətənçiliyindən
doğan hiss və emosiyaları öz gücünü elə
sabit saxlayır ki, bəzən Moskvada, bəzən Parisdə,
bəzən də Belqradda onun çıxışını
canlı eşidən beynəlxalq
simalar ixtiyarsız bir tərzdə ona inam bəsləməyə
başlayır və Ermənistan - Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
açıqladığı tarixi həqiqətlərimizi səmimi
qəbul edirlər. Rəzil erməni
yalanlarını əks etdirən inkar dolu baxışlara
qarşı müqavimət göstərdiyi zaman emosional
yükə davamlılığı həmişə bizə
uğur gətirmişdir. Təxminən bir ay əvvəl
İsveçrənin Cenevrə şəhərində
Sülh Əsgərləri Beynəlxalq Assosiyasiyasının
təşkilatçılğı sayəsində “Sülh
Əsgərlərinin beynəlxalq günü” adı
altında keçirilən tədbirdə Azərbaycan
veteranları adından Cəlil Xəlilov iştirak
etmişdir. Tədbirdə hərbi diplomat ustalığı
ilə çox təsirli çıxış edərək
Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının 20 faizinin işğal edilməsi ilə
bağlı mühüm faktlara aydınlıq gətirmiş,
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli
istiqamətində BMT-nin 4 qətnaməsinin icrasız
qalmasından, dünya dövlətlərinin bəzi məqamlarda
ikili mövqeyindən söz açmış, həmçinin
ATƏT-in Minsk Qrupunun fəaliyyətində dönüş
yaratmağın, Ermənistana qarşı ciddi sanksiyaları
tətbiq etməyin nə qədər zəruri olduğunu tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır. Fəal müharibə veteranı
kimi dünyada sülhün bərqərar olunmasında
göstərdiyi təşəbbüskar ictimai fəaliyyətinə, ədalətin
təntənəsi naminə həyata keçirdiyi xüsusi
xidmətlərinə görə həmin assosiyasiya tərəfindən
Nobel sülh mükafatının yubiley medalı ilə təltif
edilmişdir. Bəli, bu onun halal qismətidir.
Cəlil Xəlilov hər gün
qaynayıb-çağlayan ictimai fəaliyyət obyektinə -
qədirbilən respublika veteranlarımızın “Baş Qərargahının”
binasına yeni ideyalarla gəlir. Cəlil müəllim
daim düşünür, inkişafın yeni yollarını
açır, təzə qüvvələr yaradır. Başlıca fəaliyyət xətti ondan ibarətdir
ki, veteran deyilən müqəddəs bir varlıq
susqunluğu, cansıxıcı ətaləti yaxına
buraxmır. Di gəl ki, həlli
gücümüz daxilində olsa da, canüzücü
Dağlıq Qarabağ pobleminin acısı, doğma yurdun
işğal dərdi sevinc şkalamızda məhdudiyyət həddi
qoymuşdur. Bir zamanlar ona görə
ağlayırdıq ki, çox qəmli idik,
yaşadığımız faciələr içimizə
dağ basırdı, ordu təminatı, ordu quruculuğu ilə
bağlı problemlər düşmənə qanudduran igid
döyüşçülərimizin uğurlu hərbi əməliyyatlarını
yarımçıq qoyurdu. İndi mənən elə
köklənmişik ki, qəm və sevincimiz Böyük
Qafqazda gücünə qarşı güc göstərilə
bilməyən şanlı ordumuzun nəzarəti
altındadır.
Təbii
ki, bu nikbin ruhlu
sözlərdən sonra içimizdə bir nida
şahə qalxır: Ordumuza min alqış!... Biz daim yeni
aprel səhəri həsrətindəyik... Vətəncanlı
veteranlarımız böyük şövqlə yeniyetmə gənclərimizə
ibrətli tövsiyələrini verir, öz missiyası
daxilində qələbə mənzilinə gedən yoda
süni yaradılan əngəl və maneələri dəf
edirlər...
İbrahim MƏSİMOĞLU,
hərbi jurnalist,
müharibə veteranı,
ehtiyatda olan
polkovnik-leytenant
İki sahil.-
2018.- 1 avqust.- S.10.