Dünya memarlığının nadir inciləri

Naxçıvan abidələri

 

Qədim diyarımız Naxçıvan xalqımızın daş yaddaşı, misilsiz sərvəti olan, yaşı minilliklərə söykənən sirli-soraqlı tarixi abidələrlə zəngindir. Sevindirici haldır ki, bu gün təkcə paytaxt şəhərimizdə deyil, muxtar respublikamızın hansı səmtinə üz tutsan orada hər daşı-qayası min bir tarix danışan şanlı keçmişinin yadigarı olan, dünəndən bu günə işıq salan abidələr görərsən.

 

Elə götürək Naxçıvanın Şərqə açılan qapısı Culfa rayonunu... Xalqımızn mərdlik, yenilməzlik, mübarizlik rəmzi - Əlincə qalası, Azərbaycan memarlığının əvəzsiz nümunəsi - Gülüstan türbəsi, qədim insanların müdafiə istehkamı - Qazançı qalası, qoca Şərqin memarlıq incisi, şeyxlər ocağı - Xanəgah abidə kompleksi, əcdadlarımızın iman yeri, zikr evi - Kırna türbəsi ulu diyarımızın tarixi zənginliyindən xəbər verən abidələrdir.

Öncə dünya mədəniyyəti tarixində özünəməxsus yeri olan Əlincə qalasının keçmişinə nəzər salaq. Bu qalanın tarixi xalqımızın öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə ilə bağlıdır. Elə bu səbəbdəndir ki, qala qədim diyarın mübarizlik və əyilməzlik simvolu kimi özünə şöhrət qazanıb. Araşdırdığımız mənbələrdə qalanın salınma tarixi barədə dəqiq məlumat olmasa da bu abidənin orta əsrlərdə Azərbaycanın tərkibində olan dövlətlərin tarixində əvəzolunmaz rol oynadığı və xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə edildiyi qeyd olunub.  Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinin istehkam qalası olsa da, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınıb. Azərbaycan Atabəyləri - Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın istər hərbi-strateji, istərsə də siyasi mövqeyi xeyli artıb.  Qalanın tarixində XIV əsr isə xüsusi yer tutur. Bu, Əmir Teymurun hücumları və qalanın mərd-mərdanə müdafiəsi ilə bağlıdır. Yenilməz, əyilməz, mübariz qala 14 il Əmir Teymur qoşunlarının həmləsinə sinə gərib, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru öz möhkəmliyi ilə heyrətləndirib. Bu illər ərzində qalaya dəfələrlə hücumlar olsa da, Əmir Teymurun qoşunu qalanı ala bilmyib. Azərbaycanda orta əsrlərin sonlarına yaxın baş verən feodal çəkişmələri və müharibələri nəticəsində qala dağıdılsa da bu gün qədirbilən dövlətimizin qayğısı sayısində yurdumuzun köksündə yenidən bərq vurur. Muxtar respublikamızda tarixi-mədəni irsimizə daim qayğı ilə yanaşan dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, ədadlarımızın miras qoyub getdiyi bütün mədəni sərvətlərimizin gələcək nəsillər üçün qorunub saxlanılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən Əlincəqalada muxtar respublika rəhbərinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən aparılan genişmiqyaslı bərpa işləri bu sahədə görülən tədbirlərin növbəti təzahürüdür.

Qalanın etimologiyasına gəldikdə isə bu toponim mənbələrdə “əlini çək” kimi qeyd olunsa da, elmi mülahizələrə görə Əlincə, Alançıq - “meydança”, “kiçik meydan”; alan - qədim türk dilində “düzənlik”, “meydan” sözlərini ifadə edir.  Naxçıvan folklorunda isə qalanın toponimi başqa bir maraqlı fikirlə mülahizə olunur. Deyilənlrə görə bu ad Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı yaranıb. Zaman keçdikcə həmin qala adı canlı danışıq dilində tədricən Əlincə şəklinə düşüb.

Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi özünə şöhrət qazanan Əlincə qalası ən qədim ulu dastanımız “Kitabi Dədə Qorqud”da da möhkəm istehkam qala kimi də təsvir olunub. Onuncu boyda “Əgrəgi tutdular, Əlincə qalasına zindana bıraqdılar”; “Hünərin var isə qartaşın Əlincə qələsində əsirdir, var onu qurtar” ifadələri bunu bir daha təsdiq edir.

Qalanın çevrəsindəki qəbirstanlıq, türbələr və xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan da xəbər verir. Mənbəlrdə hürufilərin yaşayış məskəni, qiyam və mübarizə məkanı kimi qeyd olunan qalada  Hürufiliyin banisi Fəzlullah Nəiminin 1394-cü ildə Miranşahın əmri ilə burada öldürüldüyü barədə də məlumatlar qeyd olunub. Yerli sakinlərin fikrincə, Nəimi Əlincədə qətlə yetirildikdən sonra onun cənazəsi Xanəgah kəndində dəfn edilib. Hazırda qəbrin üzərində Xanəgah adlı abidə də ucaldılıb. Yerli əhali tərəfindən “Şeyx Xorasan” adlanan abidə tədqiqatçılar tərəfindən Nəiminin təhsil alıb kamilləşdiyi Xorasandan Azərbaycana gəldiyi üçün Xorasanlı şeyx, Xorasan şeyxi kimi izah edilir. Bu qəbrin üzərində ucalan abidə Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq kompleksidir. Kompleksdə türbə, məscid və bəzi tikililərin qalıqları zəmanəmizədək gəlib çatıb. Buraya daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilib. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid isə sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri 901, miladi 1495-1496 -cı illərdə Xond Bikə xatın tərəfindən inşa edilib.

İgidlərə qalxan, yağıya sipər olan digər istehkam isə Qazançı qalasıdır. Qazançı kəndindən şimalda yerləşən eramızdan əvvəl III-I minilliklərin əvvəllərinə aid edilən abidə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Mənbələrdə qala eramızdan əvvəl II minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olaraq da qeydə alınıb. Qazançı qalasından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab - küpə, kasa, çölmək tipli qab nümunələri bu qalanın qədim keçmişindən xəbər verən tarixi əhəmiyyətli mənbələrdir.

Buradakı türbələr keçmişimizdən bu günümüzə açılan pəncərə, ötənlərimizin oxunmamış kitabıdır. Bu baxımdan Naxçıvanın türk-islam mədəniyyəti nümunələrindən biri olan Gülüstan türbəsi  də Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən bu türbə muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Orta əsr mənbələrində bəzən “Kəsik günbəz” kimi xatırlanan, memarlıq-konstruktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə Azərbaycanın türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb. Türbənin  memarlıq üslubu Səlcuqilər dövrünün abidələri ilə, üzərindəki həndəsi ornamentlər isə  Əcəmi memarlıq məktəbinə daxil olan abidələrlə oxşarlıq təşkil edir. Gülüstan türbəsinin və abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Qoruq Araz çayının sol sahilində yerləşir. Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsidir ki, Naxçıvan ərazisində mövcud olan tarixi abidələr qorunur  və mühafizə altına alınır. Bu gün əcdadlarımızın yadigarlarına göstərilən diqqət və qayğı sayəsində tarixi abidələrimizə yeni həyat verilir, daş yaddaşımız əvvəlki vəziyyətinə, görünüşünə qaytarılmaqla təzələnir. Tariximizin qaranlıq qalan hər bir səhifəsi yenidən vərəqlənir, oxunur. Bu mənada Gülüstan türbəsi də dövlətimizin qayğısı ilə əhatə olunan abidələrdəndir. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı əsasında bərpa olunub.

Xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan digər daş yaddaşımız isə Kırna türbəsidir.  Culfa rayonunun Kırna kəndində yerləşən bu memarlıq abidəsinin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə yürütməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvari günbəzlə örtülüb. Abidənin üzərində kitabə olmadığından tikintinin inşa tarixinin dəqiq müəyyənləşdirilməsi mümkün deyil. Lakin türbənin memarlıq quruluşuna görə onun XIII əsrə aid olduğu ehtimal edilir.

Bəli, abidələr təkcə tariximizin daş yaddaşı deyil,  eyni zamanda onu yaradan xalqın istedad və zəkasının məhsulu, mədəni səviyyəsinin meyarıdır. Gücün, qüdrətin, zəkanın, mədəniyyətin bir növ nümayişi, tarix boyu əyilməz olan bir xalqın, bir ulusun bu günə əmanətidir. Bu əmanəti qorumaqla tarixi və mədəni irsimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

 

Gülcamal Tahirova

 

İki sahil.- 2018.- 9 avqust.- S.11.