Azərbaycan turizm həvəskarları
üçün əlverişli məkana çevrilib
Bu ilin ilk yarısında ölkəmizə
dünyanın 189 ölkəsindən
1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz
çox turist gəlib
Turizm bir çox ölkələrin
gəlir sahəsi kimi inkişaf edərək dövlət
büdcəsinin formalaşmasında
önəmli rol oynayır. Məsələn, Avropa
ölkələri hər
il bu sahədən
təqribən 45-50 milyard
dollar gəlir əldə
edirlər. Qardaş Türkiyənin bu istiqamətdə də böyük uğurları
var. Belə ki, 2017-ci ildə ölkənin turizmdən qazancı təqribən 30 milyard
dollar həcmində hesablanıb.
Əslində bu sahənin inkişafı Azərbaycan
dövləti üçün
də prioritetdir. Ona görə
ki, turizm qazanc mənbəyi olmaqla bərabər, həm də ölkənin tanıdılması,
onun müasir dünyaya çıxışını
sürətləndirən faktordur.
Bu gün ölkəmizdə
turizmin inkişafı
üçün yaradılan
hüquqi və iqtisadi baza respublikamızın
turizm potensialından daha səmərəli istifadəyə imkanlar açıb. Həyata keçirilən
tədbirlər Azərbaycanı
turizm həvəskarları
üçün cəlbedici
məkana çevirib.
Yaxşı xidmətdən və
gəzintidən razı
qalan qonaqlar yenidən Azərbaycana gəlmək arzusunda olurlar. Faktlar da belə deməyə əsas verir. Əgər
2016-cı ildə ölkəmizə
gələn turistlərin
sayı 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında
isə 15 faiz artıbsa, deməli, artıq Azərbaycan dünyada turizm ölkəsi kimi tanınır. Qürur doğuran odur
ki, yalnız yay aylarında deyil, ilin digər
fəsillərində də
gəzməyə və
istirahətə gələnlərin
sayı çoxalıb.
Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana
dünyanın 189 ölkəsindən
1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hazırda respublikamızda turizmin
daha da inkişaf
etdirilməsi üçün
bir neçə istiqamət üzrə tədbirlər görülür.
Bakının kommunikasiya və
marketinq planı hazırlanır, turizm brendi formalaşdırılır.
Paytaxtın marketinq strategiyası,
xüsusən də biznes strukturları ilə əlaqələr genişləndirilir.
Turistlərin üz tutduqları səfalı yerlərdən
biri də Gəncə şəhəri
və onun yaxın ətrafındakı
rayonlardır. Bu ilin
birinci yarısında
Gəncə Turizm İnformasiya Mərkəzinə
11 min 243 müraciət olub.
Mərkəzə müraciət edən
turistlərdən 7 min 328-i yerli, 3 min 915-i xarici ölkə vətəndaşıdır.
Bu il Gəncəyə
ən çox turist İran və Türkiyədən
gəlib.
Son illər yaradılan
yüksək səviyyəli
turizm obyektlərindən
biri də “Şahdağ” Qış-Yay
Turizm Kompleksidir. Dəniz səviyyəsindən
1300-2300 metr yüksəklikdə
yerləşən bu kompleksin ərazisi 2058 hektardır. Nəinki
Azərbaycanda, dünyada
ən mükəmməl
layihələrdən olan
“Şahdağ” Qış-Yay
Turizm Kompleksi bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərir.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış
İstirahət Kompleksi
isə Qəbələ
rayonundadır. Kompleksin birinci mərhələsinin
açılışı dörd il
bundan öncə
(2014-cü il, yanvar) dövlət başçısının
iştirakı ilə
reallaşdırılıb. Bu möhtəşəm istirahət məkanı ilin bütün fəsillərində turistlərə
kanat gəzintisinə,
qış mövsümündə
xizəklə sürüşməyə,
xizəkçilik məktəbi,
hotel və digər xidmətlərdən istifadə
etməyə imkan verir.
Respublikamızın dilbər guşələrindən olan Qəbələnin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və hotel xidməti göstərmək mümkündür. İstirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləziz yeməkləri təklif olunur. Qonaqlar üçün kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edilir. Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən yüksək şəraitə malik kənd evlərində istirahət etməyə üstünlük verirlər ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur.
Ölkəmizin şimal bölgəsində, xüsusilə Qubanın unikal yaşayış məskəni olan Xınalıq kəndinin turizm imkanları genişləndirilir. Xınalığın füsunkar görünüşünün və qədimliyinin, eləcə də tarixi, mədəni, arxeoloji xüsusiyyətlərinin qorunub saxlanılması ilə bağlı yeni infrastruktur layihələrinin reallaşdırılması qərara alınıb.
Respublika ərazisindəki digər turist marşrutları üzrə də yeni infrastruktur və turistyerləşdirmə obyektləri yaradılır.
Elçin Zaman
İki sahil.- 2018.- 16 avqust.- S.10.