Böyük Qələbənin ovqatıdır bu!..

 

Abbas Səhhətin “Vətən” şeiri hamımızın əzbərindədi... Vətənə ürəyinin gözüylə baxanlar görür ki, inanır ki, Vətən əsgər ürəyindən başlayır, Vətənin sərhədləri əsgər ürəyinin hüdudlandırdığı yerdi, Vətənini sevənlər üçün dan yeri o hüdudlarda sökülür...

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi kimi, ən müasir, ən mürəkkəb texnikaları da idarə edən əsgərdir. Ona görə də respublikamızda orduya diqqət və qayğının əsasında əsgərə diqqət və qayğı dayanır. Əsgərin döyüş hazırlığı ordunun gücü deməkdir, döyüş hazırlığının yüksək mənəvi-psixoloji hazırlıqla tamamlanması - ordunun qüdrəti. Azərbaycan Ordusu belə ordudur. Ön xəttə bu düşüncələrdən dikələn ovqatla gəlmişəm. Bu ovqatın adı Vətəndir. Əsgərlərimizlə bu ovqatın cazibəsində kəlmələşəcəyik. Yenə hər kəlmədə Vətən, torpaq, qələbə olacaq, yenə “İşğalın sonuna az qalıb, Vətən!” nidasını bu ovqatın üverturası biləcəyimizə zərrəcə şübhəm yoxdur...

Yayın istisində-bürküsündə, qışın şaxtasında-sazağında döyüş növbətçiliyi aparanların - duruşunu, yerişini, baxışını, döyüş əzminin, qələbə ruhunun ifadəsi bildiyim əsgərlərin əhatəsində olanda kimsə istini-bürkünü, şaxtanı-sazağı hiss etmir. Bu, Vətən sevgisinin qüdrətidir. Səngərlərə bu ovqatla çatmışıq...

Ana Vətən söz birləşməsinin mahiyyəti yaşam fəlsəfəmizdirsə, ayları-illəri bu fəlsəfənin işığında yaşayırıqsa, bu işığın səngərlərdən uğur yoluna - Böyük Qələbəyə aparacaq yola düşəcək işıq biliriksə, biz də əsgərik. Əsgər deyiliksə, layiqli vətəndaş deyilik. Bu qənaət səngər qənaətidir, səngərli qənaətdi, səngərləri sərhədlərə köçürmək amalıyla xidmət edənlərimizin Vətən sevgisinə ehtiramın qənaətidir. Bu düşüncələrdən boy göstərən ovqatla səngərdəyik. Niyəsə, verəcəyim sualı qabaqlayası cavab eşitmək keçir könlümdən. Belə də olur.

- Əsgərlərimizin hamısının istəyi, istək azdır, arzusu birdir: Böyük Qələbənin əsgəri olmaq!, - mayor Ramin İbrahimov belə deyir, qürurla döyüş növbətçiliyi aparanlara baxır. Bu baxışa sığınan sevgini sezmək çətin deyil. Hamımız  - həmkarım Mübariz Musayev də, mən də, əsgərlər də bu ovqatın cazibəsinə düşürük. Bu ovqat 1994-cü ilin yanvarından - Horadiz ovqatından, 2016-cı ilin aprelindən - Lələtəpə, Bayraqtəpə qələbələrindən, 2018-ci ilin mayından - Günnüt zəfərindən başlanan ovqatdır və Böyük Qələbənin ovqatına aparır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elnur Musayev arzuladığımız inamla deyir ki, əsgərlərimizin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırıq.

Zabitlərin də, əsgərlərin də bizə tanış, bizə doğma, bizə munis ovqatında 2016-cı ilin aprel döyüşlərinin, döyüşlərdən sonrakı gözəlim ovqatın eynini görürük. Belə məqamlarda Yusif Mirzəyev deyərdi: “Ürəyim dağa döndü...”...

2016-cı ilin aprel döyüşləri, qazanılan qələbə heç zaman unudulmayacaq. Səngərdə gördüyüm, görüb də könlümə köçürdüyüm ovqat Lələtəpədə, Bayraqtəpədə, Günnütdə dalğalanan bayraqlarımızın qalibiyyət ovqatıdır, bu ovqat Cocuq Mərcanlının gözdoyduran, könülaçan görkəminin ovqatıdır, bu ovqat iyunda Bakıda ordumuzun 100 illiyinə həsr olunan hərbi paradın möhtəşəmliyinin ovqatıdır, bu ovqat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin möhtəşəm paradda qətiyyətlə, inamla dediyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”  kəlamın ovqatıdır...

Komandirin təqdim etdiyi əsgərlərlə kəlmələşirik. Səmimi mükalimələşmədi. Eşitdiklərim səngərə gələli cazibəsinə düşdüyüm ovqatı o qədər incəliklə tamamlayır ki! Bu tamamlamanı Ana Vətən söz birləşməsinin mahiyyətinə vəfa borcu, əsgərlərin hərbi parad haqqında dediklərini həmin günün, həmin günün timsalında günlərimizin, yaxın gələcəyimizin ovqatı bilirəm:

- Ali Baş Komandanın dediyi paradı yaxın gələcəkdə izləyəcəyik, bəlkə də iştirakçısı olacağıq, - mayor Ramin İbrahimov belə deyir. Bu, dönməz inamdır, güvəncdir, hərbi xidmətə, deməli, dövlətə sədaqətdir. Hamımız bu ovqatla qarşı səmtə baxırıq. “Yayın yay günü qarşı tərəfdə bom-boz buludlar çaxnaşır. Düşmənin sığındığı səngərlərin göylərində dolaşan bulud topaları sizin - Azərbaycan əsgərinin qəzəbidir. Bineyi-qədimdən belədi: dolan bulud boşalıb...” - deyirəm. Mayor Ramin İbrahimovun əli müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elnur Musayevin çiyninə enir:

- Bayaq sözarası dediyiniz şeiri elə bil bizim əsgərlərə yazıbsınız. Onların hər biri həqiqətən Vətən istəyərsə, Vətənə görə şəhid olmağa hazırdır. Vətəni belə sevirlər, bu sevgiylə xidmət edirlər. Hər biri...

Səbirsizlik edirəm:

- ...Mübarizdir, Samiddir, Raqufdur, Çingizdir...

- ...Ali Baş Komandanın əmriylə döyüşə hazırdır. Döyüşlərdə qələbə qazanacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. Gecələrin səhərini bu ovqatla açırıq...

Səngər bizə könlümüzü telləndirən belə gözəl ovqat yaşadır...

Çisək başlayır. Yayın yay günü bu ayamı gözləmirdik. “Təbiətin yağışını yaxın vaxtlarda Azərbaycan əsgərinin qazanacağı qələbədən sonra yağacaq aydınlıq yağışının başlanğıcı bilirəm”, - mayorun ovqatı qəlbimdən keçənlərin ifadəsi olan bu ovqata qarışır. Bu, səngərin qüdrətidi, səngərdə döyüş növbətçiliyi aparanların qətiyyətinin qüdrətidir.

Mayor Ramin İbrahimovun əlinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elnur Musayevin çiyninə enməsi, bu incə sevgi, güvənc, ehtiram təması (bu təmasın səmimiliyini bir azdan daha əhatəli, daha şəbəkəli görəcəyik) başlanğıcı aprel zəfəri olan ovqatın davamıdır, bu ovqat Böyük Qələbəyəcən daha ecazkar, daha möhtəşəm olacaq, şübhəsiz. Bu təmasda etibar, inam, ehtiram görürəm. Bu inam dövlətə, dövlətçiliyə sevginin inamıdır, bu ehtiram hərbi anda sədaqətin ehtiramıdır. Belə dəyərləndirilən əsgərlər, şübhəsiz ki, Ali Baş Komandanın əmrini qələbəylə tamamlayacaq, məmləkətə arzuladığımız ovqatı yaşadacaq. Əminliklə deyəcəyik ki, bir də sərhədlərimizin bu üzündə səngərlər olmayacaq. Səngərə gələli könül xoşluğuyla yaşadığımız ovqat bu əminliyin ovqatıdır. Əsgər Ziyəddin Xanəmirovun dediklərini də bu ovqatın fonunda dinləyirik:

- Torpaqlarımızı işğaldan biz azad edəcəyik. Bizdən sonra əsgərlərimiz dövlət sərhədlərimizdə xidmət edəcəklər!..

Bu ovqatın adı - Vətəndir, közü - Vətəndir, odu - Vətəndir! “Bu ovqatın əsgəri olmaq da səadətdir, Vətən!” demək keçir könlümdən. Deyirəm. Əsgər Rövşən Əliyevin nəsə demək istədiyini mən də sezirəm, komandiri də.  Əsgər komandirinin icazəsiylə könlünü coşduran, bir azdan könlümüzü coşduracaq kəlmələr deyir:

- Hərbi xidmətə Astara rayonundan çağırılmışam. Aprel döyüşlərində məktəbliydik. Döyüşlərdə iştirak edə bilmədik. Mən də, xidmət yoldaşlarım da 8 aydı aprel ovqatıyla, qələbə amalıyla xidmət edirik. Qələbəni qalib əsgər kimi yaşamaq istəyirik...

Azərbaycan Ordusunun bütün əsgərlərinin belə düşündüyünə, bu amalla xidmət etdiyinə necə inanmaya bilərsən?! Belə kəlmələri bütün döyüş bölgələrində tərxis olunmasına sayılı günlər qalan əsgərlərdən də eşitmişəm, xidmətə təzə başlayan əsgərlərdən də. Bunları Azərbaycan əsgərinin döyüş ruhu, qələbə əzmi bilmişəm. Bu qənaət ömrümə səngərli anlardan hopub. Hər dəfə səngərlərə bu qənaətin zəmanətiylə gəlmişəm...

Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən kütləvi vətənpərvərlik tədbirlərindən birinin (“Hər birimiz Vətən üçün bir əsgərik”) mahiyyəti indi də düşüncələrimin axarını özünə çəkməkdədir. Həmin tədbirdə şəhid atasının tövsiyələri Ata nəsihəti kimi dinlənilmişdi:

- Hər birinizi oğluma qardaş bilirəm. Şəhid qardaşlarınızın murazını yerinə yetirəcəyinizə inanıb gəlmişəm. Bu inam Ali Baş Komandana inamdır, Müdafiə Nazirliyinin rəhbərliyinə inamdır, sizin Hərbi anda sədaqətinizə inamdır, bayrağımızı Cıdır düzündə dalğalandıracağınıza inamdır...

Şəhid atasının kəlmələri tədbiri coşdurmuşdu. Hər dəfə səngərlərdə söhbətləşəndə əsgərlərə bunu da xatırladıram və

- O möhtəşəm kütləvi vətənpərvərlik tədbirində şəhid atasının dediklərini şəhid atasını ata bilən əsgərlərin bizə yaşadacaqları qələbə ovqatının işığı bilmişdim. Sizin ürəyinizdən düşən işıq o ovqatı daha da nurlandıracaq, - deyirəm. Əsgərlərin hamısı əmr alıbmış kimi yayın yay günü arxayınlıqla ələnən yağış damlalarının içindən bayaqdan bəri boz  buludlar dolaşan səmtə baxır. Hamısının əli avtomatın qundağını “əzir”. Bu, döyüş əzmidir, döyüş əzminə söykəkli qələbə ruhudur. Bu ovqatı Azərbaycan Ordusunun şəxsi heyətinin hər an yaşadığına, bu ovqatla xidmət etdiyinə ictimaiyyət dönməzliklə inanır, - deyirəm. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elnur Musayevin dedikləri mənə 2016-cı ilin aprelində Lələtəpədə gizir Tahir Misirxanovdan eşitdiklərimi xatırladır:

- Hərbi xidmət Vətən qarşısında borc ödəməkdir. Məni yenidən hərbi xidmətə sizin dediyiniz o ruh gətirib. Ali Baş Komandanın əmriylə döyüşdük. Qələbə qazandıq. Bu, qazanacağımız qələbənin başlanğıcıdır. Bu qələbə ordumuzun gücünü təsdiqləməklə bərabər, xalqın ruhunu, qələbəyə inamını kükrətdi. O döyüşlərdə xalqın ruhunu gördük, bizə güvəncini gördük, minlərlə qocanın, yeniyetmənin, müharibə əlilinin döyüşlərdə iştirak etmək istəyi ordu ilə xalqın birliyinin təsdiqi idi. Biz bu inamı qələbəyə yetirdik. Yaxın vaxtlarda Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan tamamilə azad edəcəyik.

Tahir Misirxanov kimi yenidən hərbi xidmətə qayıdan Elnur Musayev də belə deyir. Bu eyni düşüncə qənaətimin dönməz təsdiqinə dönür: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə dediyi kimi, “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır”. Azərbaycan Ordusunun hərbi qulluqçularının Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqəti kimi, Tahirlərin, Elnurların düşüncələri də bu gücün tərkib hissələrindəndir.

Səngərdə yaşadığım ovqat  “Horadiz halayı”nın ovqatıdır.

Bu ovqat “And içirik”in ovqatıdır...

Bu ovqat Böyük Qələbəyə köklənən (kökləyən) ovqatdır...

Bu ovqat işğala oxunan hökmün ovqatıdır...

“İşğalın sonuna az qalıb, Vətən!” deyirəm. Döyüş növbətçiliyinə gedən əsgərlər də, döyüş növbətçiliyindən qayıdan əsgərlər də “İşğalın sonuna az qalıb, Vətən!” deyir. Yerə-göyə inandığım kimi inanıram ki, dənəbir-dənəbir yağan yağış damlalarına bürünən meh bu dönməz qətiyyəti qarşı tərəfə də çatdıracaq....

Güvənclə gəldiyim səngərdən “Böyük Qələbənin ovqatıdır bu!” inamıyla qayıdıram...

 

Rəşid Faxralı

 

İki sahil.- 2018.- 17 avqust.- S.14.