Səkinə Babayeva:
Sifarişçilərimiz
keyfiyyətə üstünlük
verirlər
Müsahibimiz “Bakı Tekstil Fabriki”
MMC-nin sədri, Azərbaycanda Qadın Sahibkarlar
Assosiasiyasının sədri Səkinə Babayevadır
Azərbaycanın
qədim və ənənəvi sahələrindən biri olan yüngül
sənaye ölkənin xarici iqtisadi əlaqələrinin inkişafı
baxımından mühüm potensiala malikdir. XIX əsrin
sonunda Cənubi Qafqazda
ən böyük pambıq parça fabriki və Azərbaycanda
ilk tikiş fabriki Bakı şəhərində
yaranıb. Qeyd edək ki,
ötən əsrdə sənayenin formalaşması yüngül sənayenin
sürətli inkişafına təkan verdi.
Bu gün də
ölkə rəhbəri tərəfindən qeyri-neft
sektorunun vacib sahələrindən
olan yüngül sənayenin
inkişafına diqqət ayrılır. Azərbaycanda Qadın
Sahibkarlar Assosiasiyasının (AQSA) sədri,
“Bakı Tekstil Fabriki”
MMC-nin direktoru Səkinə
Babayevanın bu və digər məsələlər
ətrafında fikirlərini öyrəndik.
- Səkinə xanım, ölkəmizdə sahibkarlığın, eləcə də qadın sahibkarlığının inkişafına yaradılan şəraiti necə dəyərləndirirsiniz?
- Son illər qeyri-neft sektorunun, xüsusilə də paytaxt Bakıda və regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələr həyata keçirilir. O cümlədən qadın sahibkarlığın inkişafına dəstək göstərilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar, o cümlədən qadın sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınlar xeyli nailiyyətlər qazanıblar. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görülür.
- Siz həm də Azərbaycan
Qadın Sahibkarlar Assosiasiyasının
İdarə Heyətinin sədrisiniz.
- Bir faktı qeyd edim ki, ötən ilin oktyabrında ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası təsis olunub. Ölkə rəhbərliyinin tövsiyəsi ilə təsis olunan qurumun əsas məqsədi respublikamızda qadın sahibkarlığının inkişafına xidmət edir. Assosiasiya yeni layihələr üzərində çalışır, beynəlxalq təcrübənin öyrənilməsi, öz təcrübəmizin ölkə hüdudlarından kənarda aşılanması işləri davam etdirilir. Dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi, qadınların sahibkarlıq sahəsində fəallığının artırılması baxımından əhəmiyyətli olacaq. Qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı regionlarda təlim və tədrisin genişləndirilməsində, Sahibkar Qadınlar Assosiasiyasının xətti ilə xanım sahibkarların xarici ölkələrlə iqtisadi əlaqələr qurmasında bu qurumun böyük imkanları olacaq.
- Rəhbəri olduğunuz Bakı Tekstil Fabrikinin tarixi və fəaliyyəti
barədə məlumat verərdiniz.
- Bakı Tekstil Fabriki 1939-ci ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Sovetlər Birliyinin yeni qurulduğu dövrdə nəinki ölkəmizdə, bütün Qafqaz bölgəsində toxuculuq sahəsində ilk fabrik olan bu müəssisənin yaradılmasında əsas məqsəd Sovet dövlətinin Azərbaycan Respublikasının zəngin sərvətlərindən biri olan pambıq istehsalı və onun məhsullarına olan tələbatı idi. Hətta II Dünya müharibəsi illərində Sovet ordusunu geyimlə təmin edirdi. 1991-ci ildə Sovetlər birliyi dağıldıqdan sonra Bakı Tekstil Fabrikində ciddi dəyişikliklər baş verdi və müəssisə planlı Sovet iqtisadiyyatı prinsiplərindən uzaqlaşaraq öz fəaliyyətini dünya standartları və qlobal bazar prinsipləri üzərində yenidən qurdu. 2010-cu ildə fabrik özəlləşdirildi və o vaxtdan MMC kimi fəaliyyətini davam etdirir. Əsas məqsədlərdən biri də qadınların işə cəlb olunması, məşğulluğunun artırılmasıdır. Hazırda 312 nəfər qadın işlə təmin olunub. Yeni açılacaq 2 sexdə 154 qadının işlə təmin olunması planlaşdırılır. Bu gün müəssisəyə Almaniya, İtalya, Hollandiya, Yaponiya və Türkiyədən ən son xammal və texnologiyalar tətbiq olunmaqla yanaşı müasir təcrübəyə malik xarici mütəxəssislər də cəlb olunur. Hazırda müəssisədə yüksək keyfiyyətə və təhlükəsizlik göstəricilərinə malik xüsusi təyinatlı geyimlərlə (uniformalarla) yanaşı, dünya və Avropa standartlarına uyğun 5 mindən çox çeşidli trikotaj məhsulu istehsal olunur, eyni zamanda, müxtəlif təyinatlı dövlət və şirkət şifarişləri yerinə yetirilir. Müəssisənin kollektivi trikotaj istehsalı üzrə bir çox qabaqcıl ölkələrdə təşkil olunan treninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirak edir, yeni təkliflər və real praktika bazası yaradır. Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda milli atributlar üstünlük təşkil etsin. Nəinki məktəbli geyimləri, eyni zamanda, digər yaş kateqoriyalarına aid insanlar üçün də istehlak malları istehsal etməyi planlaşdırırıq. Bir sözlə, bizim müəssisə dövlət standartlarına uyğun müxtəlif çeşidlərdə istehlak mallarının istehsalı ilə məşğuldur. İşimizdə keyfiyyətə üstünlük veririk. Bu isə yerli bazarda tələbatı artırır.
- Fabrikinizdə
neçə çeşiddə tekstil məhsulları
istehsal edilir və
brendləriniz varmı?
- Fabrik 7 sahədən ibarətdir. Xüsusi təyinatlı geyimlər, promo geyimlər, məktəbli formaları, hərbi, tibbi, idman geyimləri, fərdi mühafizə vasitələri, kişi, qadın və uşaq alt geyimləri, corab və digər geyimlər istehsal edirik. Bu məhsulların brendləşdirilməsi işləri həyata keçirilir. Müəssisəmizin yeni avadanlıqlarla təchiz olunması nəticəsində 49 adda milli brendlərimiz var. “Enzo”, “Alpar”, “Corabçı”, “Betex”, “Sette Bellezze”, “Zanbag” və digər məhsullarımız milli mağazalarda öz yerlərini tuturlar. Bununla biz vətəndaşlarımıza milli brendlərimizi təqdim edirik.
- Bildirdiyiniz kimi,
fabrikinizdə dövlət və özəl müəssisələr
üçün uniformalar
da müəssisənizdə
hazırlanır. Sirr deyilsə
sifarişçiləriz ən çox nəyə
üstünlük verirlər?
- Məqsədimiz keyfiyyəti yaradan effektlərə sahib yeni nəsil parçalarla, gündəlik və kooporativ tələbata uyğun məhsullar hazırlayıb, gedişatın bütün mərhələlərində mükəmməlliyi hədəfləyən, “yüksək keyfiyyət, əla qiymət” qaydasına önəm verən və bu istiqamətdə sistemli şəkildə daha da böyüyən bir tekstil firması olmaqdır. Dövlət, özəl, ictimai iaşə obyektləri var ki, bunların da müxtəlif istiqamətdə fəaliyyət göstərirlər. Sifarişçilərimiz də hava və iqlim müxtəlifliyinə görə əsasən keyfiyyətə üstünlük verirlər.
- Bu gün
dövlətimiz tərəfindən “Made in Azerbaijan” brendi ilə dünya
bazarlarında öz layiqli
yerini tutması istiqamətində ciddi işlər görülır. Siz də bu istiqamətdə
məhsullarınızın ixracını düşünürsünüzmü?
Ümumiyyətlə, məhsullarınız hansı
xarıcı ölkələrdə satılır?
- İndi Azərbaycan hökuməti qeyri-neft sənayesi və aqrar sektorda istehsal edilən məhsulların “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində ciddi işlər görür. Dünyanın aparıcı ölkələrində Azərbaycanın ticarət evləri yaradılır və Azərbaycan brendi olan məhsulların yeni bazarları müəyyənləşdirilir. Dövlət başçımız daim biz sahibkarlara öz dəstəyini göstərir. Bu dəstəkdən qaynaqlanaraq Bakı Tekstil Fabriki öz işini ildən-ilə təkmilləşdirir. Son zamanlar bizə verilən sifarişlər, eyni zamanda, ölkələrarası sazişlər nəticəsində çeşidlərimizi artırmaq və məhsul ixrac etmək məqsədilə müqavilələr imzalamışıq. Cənab İlham Əliyevin qadın sahibkarlığının inkişafı ilə tapşırıqları bizi daha da həvəsləndirdi. Əsas məqsəd, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, qeyri-neft sektorunun inkişafında daha aktiv çalışmaqdır. Hazırda yerli bazarda özünəməxsus yeri olan Bakı Tekstil Fabrikinin milli brendlərini yaxın zamanlarda xarici bazarlarda görə biləcəksiniz. Fabrikimizin məhsulları bu il Rusiyaya ixraca olunmağa başlayıb. Biz çalışırıq ki, bütün istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara cavab versin. Bu, xarici bazarlara çıxış imkanımızı artırır. Əsasən məhsulların qablaşdırılması prosesini həyata keçiririk. Bununla bağlı mütəxəssislərimiz səylə çalışırlar. “Made in Azerbaijan” brendi adı ilə Bakı Tekstil Fabriki də öz məhsullarını daha geniş xarici bazarlara çıxaracaq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün səmərəli çalışmaq iqtidarındayıq.
- Səkinə
xanım, tədris ilinin başlanmasına
az müddət qalıb. Təəssüflər
olsun ki, bazarlarda mənşəyi bilinməyən məhsullar
var. Valideynlərə nə məsləhət
görərdiniz?
- Bildiyiniz kimi, Azərbaycanda iki müəssisə var ki, rəsmi olaraq məktəbli geyimlərinin ən böyük istehsalçısıdır. Bakı Tekstil Fabriki də bunlardar biridir. Valideynlərin hər zaman həssas yanaşdığı məsələlərdən biri də məktəbli geyimlərinin keyfiyyətli və estetik görkəminin, gözəlliyinin yüksək olmasıdır. Bazarlarda keyfiyyət göstəriciləri aşağı olan məhsullar da var. Bunu ilk növbədə qanunlar vasitəilə tənzimləmək lazımdır. Bu isdə valideynlər özləri daha çox maraqlı olmalıdırlar. Həmçinin, maarifləndirici tədbirlər həyata keçirilməlidir. Müəssisə olaraq təhsil ocaqlarında görüşlər keçiririk. Bunun daha kütləvi olması üçün kütləvi informasiya vasitələrində maarifləncirici materiallar yer almalıdır. Qeyd edim ki, Sumqayıt, Şirvan şəhərlərində, Abşeron və Salyan rayonlarında firma mağazalarımız fəaliyyət göstərir.
- Maraqlı
müsahibəyə görə təşəkkür edirik.
Orxan Vahidoğlu
İki sahil.- 2018.- 17 avqust.- S.13.