Azərbaycan diplomatiyasının böyük uğuru

 

Xəzərin hüquqi statusu məsələsinin təxminən 300 illik yaşı var. XVIII əsrin sonlarından başlayaraq Xəzər sahilində Rusiya, Osmanlı və Böyük Britaniya imperiyaları arasında Azərbaycana məxsus tarixi ərazilər uğrunda bir neçə çoxillik və qısa müddətli qanlı müharibələr yaşanmışdır. Xəzərsahili ərazilərin bölüşdürülməsi və Azərbaycan torpaqlarının gələcək “hüquqi statusu və mənsubiyyəti” ilə bağlı ilk dövlətlərarası sənəd Rusiya ilə İran arasında rus çarı I Pyoturun 1722-1723-cü illərdə 80 min qoşunla Xəzər hövzəsinə ilk yürüşündən sonra Sankt-Peterburqda imzalanmışdır.

 

Öz iştirakı olmadan, Azərbaycan torpaqlarının hüquqi mənsubiyyətinin və Xəzərin statusunun müəyyən edilməsinə növbəti cəhd XX əsrin əvvəlində - (1907-ci ildə) işğalçı ingilis və rus imperiyaları arasında “İran, Əfqanıstan və Tibet ərazilərində müstəmləkəçilik fəaliyyəti” ilə bağlı imzalanan Birgə Konvensiyada göstərilmişdir. Konvensiyaya görə, bütün Azərbaycan (İran) əraziləri Şimal və Cənub olmaqla iki hissəyə ayrılırdı ki, bunlar da müvafiq olaraq İngiltərə və Rusiyanın təsir dairəsinə daxil edilirdi. Bu müqavilədən başlayaraq Rusiya Xəzərin Cənub-Qərb və Şimal sahillərində yerləşən Azərbaycan ərazilərini, Bakı, Astara və Dərbənd kimi iri şəhərlərini öz təsir dairəsinə salaraq, imperiya ərazilərinə qatmışdır. 1917-1921-ci illər arasındakı qısa zaman kəsiyi istisna olmaqla, bu ərazilər SSRİ dağılana qədər şəriksiz şəkildə Rusiyanın təsir dairəsində olmuşdur.

Birinci Dünya müharibəsinin nəticələrinə və Versal (1919-cu il) sülhünün şərtlərinə görə dünyada və Xəzər regionunda baş verən geosiyasi və coğrafi dəyişikliklər, Rusiyada bolşevik inqilabının baş verməsi, Osmanlı imperiyasının süqutu, Fars körfəzi, Orta Asiya, Cənubi Qafqaz və Avrasiyanın digər bölgələrində yaşanan ciddi beynəlxalq proseslər 1921-ci ildə sovet Rusiyası ilə hövzənin digər böyük ölkəsi hesab olunan İran şahlığı arasında Xəzər bölgəsinin statusu məsələsinə yenidən qayıtmaq və Azərbaycanın taleyini həll etmək məsələsini aktuallaşdırdı. O zaman müharibənin qalib dövlətləri, ilk növbədə, Böyük Brianiya tərəfindən ciddi təzyiqlərə və geostrateji basqılara məruz qalan hər iki tərəf həmin ildə bağladıqları müqavilə ilə “hər hansı bir xarici dövlətin gəmilərini Xəzər dənizinə buraxmamaq” haqqında qarşılıqlı öhdəlik götürdülər. Faktiki olaraq Xəzərin əvvəlki (1828-ci il) bölgüsü xəritəsini - Şimal və Cənub təsir dairələrinə ayrılmasını və müvafiq olaraq idarə edilməsini yenidən təsdiq etdilər. Müqavilənin şərtlərinə görə hər iki ölkə Xəzərdə müstəsna hüquq qazanır, birgə balıqçılıq fəaliyyəti həyata keçirmək, xarici gəmiləri dənizə buraxmamaq öhdəliyi götürürdü. Mütəxəssislərin fikrinə görə, bu müqavilə faktiki olaraq Rusiya və İranın xarici ölkələrə qarşı birgə mübarizə aparmaq haqda “strateji müttəfiqliyini” təsbit edərək, Xəzəri yalnız iki ölkənin birgə istifadə edə biləcəyi geosiyasi məkana və daxili dənizə çevirirdi. Razılaşmaya müvafiq olaraq Xəzərin cənubunda İran, qalan bütün sahillərində isə sovet Rusiyası ətraf ərazilərin və xalqların taleyini istədiyi kimi həll etmək imkanı qazanırdı.

Təxminən eyni məzmunlu hüquqi müqavilə 1935 və 1940-cı illərdə iki ölkə rəsmilərinin imzaladıqları iki hökumətlərarası müqavilədə öz əksini tapmışdır. 1940-cı ildə İkinci Dünya müharibəsi təhlükəsi hər iki ölkənin astanasında dayanan zaman, SSRİ-nin təşəbbüsü ilə İranla Xəzər hövzəsinin hüquqi statusu və iki ölkə arasındakı münasibətlərlə bağlı müqaviləyə yenidən baxılmışdır. Bu müqavilələrdə qeyd olunmasa da, SSRİ və İran arasında öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Xəzər dənizi faktiki olaraq iki hissəyə (milli sektorlara) bölünmüşdü. İranın sahil sərhədlərindən dənizin orta xəttinə qədər olan hissə (təxminən bütün dəniz səthinin 14 faizi İrana, 86 faizi isə Sovet İttifaqına düşmüşdü) İranın, qalan hissə isə SSRİ-nin ərazisi hesab olunurdu.

İki ölkə arasında 1954, 1956 və 1957-ci illərdə həyata keçirilmiş sərhəd demorkasiyası zamanı da yuxarıda göstərilən bölgü əsas götürülmüş və İranın Xəzər sərhədlərinin başlanğıcı Azərbaycanın Astara - Türkmənistanın Həsənqulu yaşayış məntəqələrindən- dənizin orta xəttinə qədər- düz xətt üzrə müəyyən edilmişdir. O dövrün bütün siyasi xəritələrində bu bölgü prinsipial olaraq sərhəd hüdudu olaraq göstərilmişdir. SSRİ isə öz daxili qaydalarına müvafiq olaraq ( eyni orta xətt prinsipi üzrə) Xəzər dənizinin ona aid olan 86%-lik ərazisini milli təsərrüfat işləri aparmaq və s. məqsədlərlə 1970-ci ildə dörd Xəzərətrafı respublika arasında - Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla milli sektorlara bölmüş, hər bir müttəfiq respublikanın dəniz ərazilərini (sektorlarını) müəyyən etmişdir.

SSRİ-nin süqutundan və Xəzər ətrafında Sovet İttifaqının tərkibindən çıxmış 3 yeni müstəqil dövlət meydana gəlir. Xəzər hövzəsi öz geosiyasi və geoiqtisadi xarakteristikasına görə nəinki təkcə bölgə ölkələri üçün həyati əhəmiyyətli məkana, eyni zamanda mühüm planetar bir faktora çevrilir. Xəzər dənizinin yeni geosiyasi statusu onun karbohidrogen yataqlarının mənsubiyyətini, su hövzəsində iş aparmaq hüququnu və üstün mövqe haqqını, dənizin xəzərətrafı ölkələr arasında bölüşdürülməsini və s. kimi çoxsaylı dövlətlərarası geosiyasi məsələlərin həllini də gündəmə gətirdi.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən beşinci Zirvə toplantısında Xəzərin statusunu müəyyənləşdirən Konvensiya imzalandı. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə baş tutan sammitin yekunu olaraq imzalanan bu Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi. Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbəttdə, bu, həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatları var. Əslində, Xəzərin statusuna görə mübahisələrin bu qədər uzun müddət sürməsinin əsas səbəbi də elə bu hesab olunur.

İllərlə davam edən müzakirələr zamanı ən mübahisəli məqamlardan biri də Xəzərin göl və ya dəniz olması ilə bağlı idi. Çünki bu amil onun statusunun müəyyənləşməsində və bölgüsündə həlledici faktor idi. Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edirdi. Konvensiyaya görə, 5 sahilyanı dövlət Xəzərin dəniz olması barədə ortaq razılıq əldə etdilər. Su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutuduğu mövqe də elə bundan ibarət idi. Yəni, Konvensiyada əksini tapan prinsiplər Azərbaycanın illər boyu irəli sürdüyü mövqe ilə üst-üstə düşürdü. Azərbaycanın israrlı mövqeyi və Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində Konvensiyanın imzalanması istiqamətində mövcud olan bir çox anlaşılmazlıqlar aradan qalxdı. Məsələn, Türkmənistanın mövqeyinin daha konstruktiv olmasında Azərbaycanın müstəsna xidmətinin olduğunu qeyd etmək olar. Eyni zamanda daha öncə Rusiya, Qazaxıstan və Azərbaycan arasında imzalanmış razılaşmanın da bu prosesdə əhəmiyyətli rol oynadığını söyləmək olar. Bu baxımdan Konvensiyanın imzalanmasını ilk növbədə Xəzəryanı ölkələrin, xüsusən də Azərbaycanın uğuru kimi qiymətləndirmək olar.

Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi TransXəzər Kəmərinə ciddi maneə törədirdi. Konvensiyaya görə, sahil dövlətləri öz sektorlarında baş verən texnogen qəzalara görə birbaşa məsuliyyət öhdəliyi də götürürlər. Razılaşmaya əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər. Eyni zamanda, Xəzər dənizinin suları da ticarət üçün açıq elan olunur.

Bir sözlə, imzalanan Konvensiya ilə bütün mübahisəli məsələlər öz həllini tapdı. Bu da Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirərək, iqtisadi qüdrətini daha da artıracaq.

 

Sevinc Azadi

 

İki sahil.- 2018.- 18 avqust.- S.10.