Xalça sənəti
xalqımızın böyük sərvətidir
Bu
günlərdə Xaçmazda “Azərxalça” ASC-nin
filiallarından birində 100-cü xalçanın kəsilməsi
xoş hadisə kimi qarşılanıb. Bu münasibətlə
keçirilən mərasimdə bildirilib ki, filialda Quba, Qusar, Şabran, Siyəzən,
bir sözlə, respublikamızın şimal bölgəsinin
kəndlərində toxunan qədim və orijinal xalça
çeşniləri əsasında yeni xalçaların
toxunmasına üstünlük veriləcək, həm də əvvəllər
böyük zəhmət
bahasına başa gələn gözəl xalçalar bundan sonra sənaye üsulu ilə
istehsal olunacaq. Bu üsul
xalçaçıları izafi vaxt və zəhmət sərf
etməkdən qurtaracaq. Burada
texniki hazırlıq işləri mexanikləşdiriləcək və
beləliklə, xalça istehsalında xərclər
azalacaq. Nəticədə maya dəyəri
aşağı olan yüksək
keyfiyyətli xalçalar istehsal ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından
birində
xalçaçılığın inkişafı barədə belə deyib: “Biz indi
xalçaçılığı geniş təbliğ
edirik. Bu, bizim qədim sənətimizdir. “Azərxalça”
yaradılıbdır, 13 şəhərdə yeni xalça
kombinatları yaradılır. Onlardan birinin
açılışında mən
özüm olmuşam-Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il
istifadəyə veriləcək. Bu, minlərlə iş
yerinin yaradılması deməkdir və bu, bizim gözəl
ixrac potensialımızdır.
Yun tədarükü
məsələlərinə əvvəlki illərdə o qədər
də böyük diqqət göstərilmirdi. Məndə
olan məlumata görə, bizim cəmi bir fərli-başlı
tədarük məntəqəmiz olub. Bizim bütün
bölgələrimizdə yun tədarükü təşkil
edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda
böyük yun fabriki də yaradılsın.”
Prezident İlham Əliyev xalçaçılıq sənətini bizim milli
sərvətimiz kimi dəyərləndirib və
bildirib ki, biz onun daim
inkişaf etməsinin qayğısına qalmalıyıq:
“Əsrlər boyu Azərbaycan
xalçaçılığı inkişaf etdirilibdir və
Bakının mərkəzində - Bulvarda
açılmış
Xalça Muzeyi həm
özlüyündə bir memarlıq əsəridir və eyni
zamanda, bizim qədim sənətimizi bütün dünyada
nümayiş etdirir. Ancaq əfsuslar olsun ki,
xalçaçılıq sənaye kimi Azərbaycanda az
inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul
olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində,
həm də xaricə sata bilirlər. Nəzərə alsaq
ki, bu sahədə bizim böyük ənənələrimiz
var, xalça sənəti Azərbaycan xalqının
böyük sərvətidir və dünya miqyasında biz
qabaqcıl yerdəyik, ona görə qərar qəbul edilib
ki, bu məsələlər məqsədyönlü şəkildə
öz həllini tapsın. Həm bu qədim sənət
yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda ,
biz xalçaçılıq sənayesini də yaradaq. Bu,
ixrac yönümlü məhsul kimi ölkəmizə
böyük həcmdə valyuta gətirəcək.”
Qürur
duyuran faktdır ki,
dünyanın ən qədim
xalçasının vətəni Azərbaycandır. Həmin
xalça 1950-ci illərdə Altayda tapılıb. Sovet arxeoloqları orada qazıntı
apararkən bir kurqandan salamat qalmış bəzəkli
xalça tapılıb. Onlarl müəyyən ediblər ki,
həmin xalça bizim
eradan əvvəl V əsrdə Bərdə şəhərində
toxunub. 2500 il əvvəl
toxunmuş həmin Bərdə saqa-oğuz xalçası indi də muzeydə
saxlanır.
Belə
faktı xüsusilə xatırlatmaq
xoşdur ki, Azərbaycanda tarixən özünəməxsus sənətkarlıq üslubu olan
xalçaçılıq məktəbləri mövcud olub.
Təbriz, Ərdəbil, Gəncə, Naxçıvan, İrəvan, Qarabağ, Şirvan, Quba
xalçaları bəzəyinə, çeşnisinə,
ölçüsünə və rəng çalarlarına
görə bir-birlərindən fərqlənirdilər. Onların hər biri özünəməxsus gözəllikləri ilə göz
oxşayırdı. İstər
qədim dövrlərdə, istərsə də indiki zamanda Azərbaycan
xalçaları bütün dünyada şöhrət
tapıb.
Bu gün
həmin şöhrəti daha
da artırmaq və onu gələcək
nəsillərə təqdim etmək üçün Azərbaycan
dövləti lazım olan bütün tədbirləri həyata
keçirir.
“Azərxalça”
Acıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri
Tural Səfərov qəzetimizə
açıqlamasında bildirdi
ki, dövlət başçısının
qarşımıza qoyduğu
bütün vəzifələr və
tapşırıqlar müvəffəqiyyətlə yerinə
yetirilir. O, diqqətə çatdırdı ki, hazırda 10 xalça fabrikimiz
işləyir, 10 fabrik bu il, 10 fabrik isə 2019-cu ildə
tikilib istifadəyə veriləcək. Ölkə Prezidentinin
Sərəncamı ilə Tərtər rayonunda daha bir
xalça istehsalı emalatxanasının tikintisinə vəsait
ayrılıb.
Tural Səfərov qeyd etdi ki, xalça istehsalına əsaslı
baza yaratmaq üçün Sumqayıt şəhərində
yun əyirici və boyaq müəssisəsi inşa edilir.
Ölkəmizin beş regionunda-Naxçıvanda, Bərdədə, Sabirabadda,
Şabranda və Qobustanda tikilməkdə olan yunun ilkin
emalı və boyaq müəssisələri yaxın vaxtda istifadəyə veriləcəkdir.
Bütün bu işlər başa çatandan sonra nəfis Azərbaycan
xalçaları xarici ölkələrə ixrac ediləcək. Bununla da xalça istehsalı yeni
inkişaf mərhələsinə qədəm qoyacaq.
Vəli İlyasov
İki sahil.- 2018.- 25 avqust.- S.14.