İnsansevərlik, mərhəmət,
qarşılıqlı hörmət
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın çoxşaxəli
fəaliyyətinin əsasında
məhz bu prinsiplər dayanır
“Mehribanın
beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz
öz fəaliyyəti nəticəsində bir çox ölkələrin
ən yüksək dövlət mükafatları və ordenləri
ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır
ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur
ki, hər iki mötəbər təşkilatın eyni zamanda
səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası,
sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə
bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin
təzahürüdür. Çünki bu gün Azərbaycan
dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox
töhfə verən ölkələrdən biri kimi
tanınır.” Yazıya dövlətimizin
başçısı İlham Əliyevin Mehriban xanım Əliyevanı Azərbaycanın
Birinci vitse-prezidenti kimi təqdim edərkən reallığa əsaslanaraq səsləndirdiyi
bu fikirlərlə başlamağımız səbəbsiz
deyil. Təbii ki, dünyaya çıxış öncə
ölkə daxilində görülən işlərdən, əldə
olunan uğurlardan başlanır. Mehriban xanım
Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs
etmədən öncə bu gerçəkliyi xüsusi
vurğulamaq lazımdır ki, bu gün Azərbaycanın beynəlxalq
əhəmiyyətli tədbirlər üçün ideal məkan
seçilməsində Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xidmətləri
böyükdür və onların miqyasının nə qədər
geniş olduğunu qısa təhlil əsasında aydın
görmək mümkündür.
YUNESKO-nun Ümumdünya
İrs Komitəsinin növbəti 43-cü sessiyasının gələn
il Bakıda keçirilməsi
ilə bağlı qəbul olunan qərar və bu qərara əsasən dövlətimizin
başçısı İlham Əliyevin Təşkilat Komitəsinin
yaradılması haqqında Sərəncamı Azərbaycanın milli-mənəvi dəyərlərinin,
tarixi-mədəni irsinin qorunması və təbliği işinə Heydər
Əliyev Fondunun töhfələrinə də işıq
salır.
Bu
günlərdə Mehriban xanım Əliyevanın BMT-nin
humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı
olan UNESCO-nun xoşməramlı səfiri seçilməsinin 14 ili
tamam oldu. Mehriban xanım Əliyeva bu ada Azərbaycan
şifahı xalq ədəbiyyatının və musiqi irsinin qorunub
saxlanılması və
inkişaf etdirilməsi sahəsindəki davamlı səylərinə,
dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində xidmətlərinə,
həmçinin UNESCO-nun
ideyalarına sadiqliyinə
görə layiq görülüb. Ümumiləşdirilmiş
şəkildə desək, 2004-cü il avqustun 13-dən Azərbaycan-UNESCO əməkdaşlığı
yeni mərhələyə daxil olub. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər
Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə
bağlı layihələri bizim mənəvi, tarixi, mədəni
irsimizin qorunması işində əvəzolunmaz rol
oynayır. Milli sərvətimiz olan muğam sənətinin
yenidən inkişafı və beynəlxalq arenaya
çıxarılması məhz Heydər Əliyev Fondunun və
Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü
nəticəsində mümkün olmuşdur. Azərbaycanda
keçirilən muğam müsabiqələri artıq həyatımızın
ayrılmaz hissəsinə çevrilib. Bu, sadəcə olaraq
sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir.
Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi
dəyərlər, ənənələr xüsusi rol
oynayır. Bu baxımdan belə təşəbbüslər
çox böyük ictimai məna daşıyır.
Təbii
ki, bu xidmətlər özlüyündə əlaqələrin
inkişafına stimul verir. Beynəlxalq səviyyəli
dialoqlarda iştirakı ilə
bəşəri dəyərlərə sadiqliyini,
Azərbaycanın dünya mədəniyyətinin bir
parçası olduğunu əməli fəaliyyəti ilə
təsdiqləyən Mehriban xanım Əliyeva “Mən bu
kürsüdən istifadə edərək bir daha
hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın
bu günü və sabahı naminə gələcəkdə
də çalışmağa
hazırdır. Bu yolda bizə dəstək verən, yardım
edən hər bir insana, hər bir quruma-istər dövlət,
istər qeyri -dövlət qurumuna, -bizimlə birgə, əməkdaşlıq
yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı
çatdırıram” söyləyərək, hər bir uğurun əsasında
yüksək məsuliyyət hissinin dayandığını
bildirir. Ölkə daxilində
və dünya arenasında
həyata keçirdiyi layihələrin əhəmiyyətini
nəzərə alan ölkə Prezidenti İlham
Əliyev Mehriban xanım
Əliyevanı Vətənimizin ən ali mükafatı - “Heydər Əliyev mükafatı”
ilə təltif edərkən
bildirmişdir ki, Fondun
bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın
milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu
şərəfli funksiyalar bu
Fondun üzərinə düşür.”
Mehriban
xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə
məsuliyyət hissinin uğurların açarı
olduğunu təsdiqləyir.
Onun Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatı
mərasimində söylədiyi bu fikirləri də
xatırlatmaq istərdik: “Mən
əminəm ki, vəzifədən asılı olmayaraq, insan
öz yolunu, peşəsini seçəndə hər hansı
bir işinə, əməyinə vicdanla yanaşmalı,
qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə
nail olmağa çalışmalı, söz və işlərində
bütöv olmalıdır.” Bu prinsiplərə söykənərək uğur səhifələrinin
sayını artıran Heydər Əliyev Fondunun fəaliyyətini
belə səciyyələndirmişdir: “Rəhbərlik etdiyim Heydər
Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini
humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində
bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın
ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz
infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində
ayrı-ayrı insanların problemlərinə heç zaman
biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə
olmaq, onları dinləmək və eşitmək, köməyə
ehtiyacı olana kömək etmək, mənəvi dəstək
vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının
birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət
qurumlarında çalışan bütün insanların əsas
borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə
insansevərlik, mərhəmət, qarşılıqlı
hörmət, mehribançılıq unudulmamalıdır.
Əksinə, məhz bu mənəvi dəyərləri uca
tutaraq ən yüksək qələbələr əldə
etmək, ən böyük zirvələrə qalxmaq olar.”
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər kəsə gələcəyi
ilə bağlı düzgün seçim etməsinə yardımçı
olan müsahibələrinin birində “İnsanlarda hansı keyfiyyətlərə
qiymət verirsiniz” sualına cavabını xatırlatmaqla
bugünkü uğurlarına yol açan ümumiləşdirməni
aparmış olarıq. Mehriban xanım Əliyeva həmin
suala cavabında bildirmişdir: “Saflığı və mənliyi,
səmimiliyi və xeyirxahlığı, ağlı və
peşəkarlığı. Heç bir ifadədə
süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat
quruluşu çox şeyi yox edir, insana yeni-yeni bilik,
bacarıq, imkan verərək, bəzən onun mənəvi
tamlığını tapdalayır. Uğurun,
firavanlığın arxasınca qaçmaq, bunlara nəyin
bahasına olursa olsun, nail olmaq istəyi insanları tanınmaz
dərəcədə dəyişir, bu da məyusluq gətirir.
Düzdür illər ötdükcə mən insanların zəifliklərinə
və bir çox şeylərə daha dözümlü
yanaşmağa başlamışam. Lakin özüm
üçün yolverilməz saydığım şeylərə
görə, başqalarını da bağışlaya bilmərəm.
Xoşbəxtlikdən məni həm ailəmdə, həm də
peşəkar fəaliyyətimdə yalnız parlaq, pozitiv, səmimi
və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət həmişə
sevinc gətirir.”
İnkaredilməzdir
ki, Mehriban xanım Əliyevanın
siyasi xadim kimi fomalaşmasında ulu öndər Heydər Əliyev siyasi məktəbinin
güclü təsiri olmuş,
müdrik siyasi xadimin bilik
və təcrübəsindən,
zəkasından bəhrələnmişdir. Ulu öndər Heydər Əliyev
irsinin təbliği məqsədilə 2004-cü ildən fəaliyyətə
başlayan Heydər Əliyev
Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və
texnologiya, ekologiya, sosial və digər sahələrdə
müxtəlif layihələr həyata keçirərək
yeni cəmiyyət quruculuğunda fəal iştirak edir,
ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini
verir. Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə “Azərbaycanın
taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı”
fikrini
çıxışında əsaslı şəkildə
şərh edən Mehriban
xanım Əliyeva həyat dərsi kimi dəyərləndirdiyi məqamlara da diqqət yönəldərək
bildirmişdir: “Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası
kimi ölkəmizin sevincli-kədərli
günlərini və anlarını, Azərbaycanın bu tarix
yollarını özündə əks etdirir. Məhz Heydər
Əliyevin həyatı və fəaliyyəti sübut etdi
ki, əlçatmaz xəyalların
və arzuların reallaşması insan fenomeninin gücünə
mümkündür. Səksən il sürən bu şərəfli
ömür sübut etdi ki, böyük və nadir insanlar
doğulduqları andan ömrün sonuna qədər yüksək
və ali missiyanın
daşıyıcıları olurlar. Onlar millətlərinin və
ümumiyyətlə, bəşər tarixinin
inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz
rol oynamış olurlar. Yəqin ki, belə insanların
ömrü elə bu səbəbdən alov parçası
kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə
qədər böyük bir məqsədə xidmət edir və
əbədi mübarizəyə həsr olunur. Belə insanlar
tarixin mürəkkəb anlarında
bütün çətinlikləri dəf edərək
həmişə zəfər çalır, qalib gəlirlər.
Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir
müstəqil Azərbaycan Respublikası və onun
bugünkü nailiyyətləridir.”
İllər
keçdikcə görülən işlərin miqyası daha
aydın görünür. 27 ilə yaxın müstəqillik
tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf
yolu, əldə etdiyi uğurlar göz qabağındadır.
Müstəqillik əldə etdikdən sonra beynəlxalq aləmdə
qüdrətli dövlət kimi
tanınan, Qərblə Şərq arasında
körpü rolunu oynayan, sivilizasiyalararası dialoq məkanı
sayılan, böyük nüfuz
qazanan, hazırda dünyanın ən sabit, geosiyasi əhəmiyyəti
ilə fərqlənən Azərbaycan mədəniyyətlərin
qovuşduğu məkandır.
Müasir dövrün tələbinə uyğun fəaliyyət
göstərmək, yerləşdiyimiz əlverişli məkandan dünya
hadisələrinin gedişinə uyğun yararlanmaq, zamanı
qabaqlamaq günümüzün başlıca
çağırışıdır. Qloballaşma əsrində təkcə
mənsub olduğun xalqın milli - mədəni irsinin deyil, bütünlükdə bəşəri
dəyərlərin mənfi təsirlərdən qorunması istiqamətində nəyəsə nail olmağın
özü insandan fədakarlıq, qətiyyət və dünyamızda gedən proseslərə dərindən bələd olub,
layiqli qiymətləndirmək bacarığı tələb
edir. Bu baxımdan Mehriban
xanım Əliyeva qarşısına qoyduğu məqsədə
nail olmuş, Azərbaycanın tanıdılması
baxımından tarixi xidmətləri
ilə fərqlənmişdir. Bu gün Heydər Əliyev
Fondunun layihələri, təşkil
olunan görüşlər
dünya siyasətçiləri, ekspertləri,
ziyalıları tərəfindən dəstəklənib,
haqqında xoş sözlər deyilirsə bu səmimi duyğular ilk növbədə
təşəbbüskar kimi
Mehirban xanımın əməyinə verilən qiymətdir.
Heydər
Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan
xalqı tərəfindən yüksək qiymətləndirilir.
Fondun təşəbbüsü ilə həyata keçirilən
layihələr sırasında
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini
xüsusi qeyd etməliyik. Məhz
bu proqramın başlanması nəticəsində son 14 ildə
ölkəmizdə üç mindən çox məktəb
əsaslı təmir olunub və ya yenidən tikilib istifadəyə
verilib.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı da xüsusi
yer tutur. Uşaq evlərinin və
internat məktəblərinin ən müasir səviyyədə təşkilinə diqqəti artıran Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli
cəhətdən sağlam böyüməsi
üçün əlindən gələni əsirgəmir.
Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli
olan yüzlərlə xəstə, əlil körpənin
sağalıb yenidən həyata
qayıtmasında böyük rolu və xidmətləri
olan Mehriban xanıma ünvanlanan
minnətdarlıq məktublarının sayı
sonsuzdur. “Diabetli uşaqlara ən yüksək qayğı”
layihəsi çərçivəsində Azərbaycanda
diabet xəstəliyinə düçar olmuş uşaqlar
müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və
digər dərmanlarla təmin edilmişlər. Bakıda
talassemiyalı xəstələr, uşaqlar üçün
Mərkəzin, tələbatı ödəyəcək qədər
Qan Bankının
yaradılması gələcək nəslin
sağlamlığı üçün ən böyük
töhfədir. “Talassemiyasız həyat naminə” layihəsi
çərçivəsində görülən işlər
də deyilənlərin təsdiqidir. Valideyn hamayəsindən
məhrum olan bütün uşaqları doğma övladı
kimi sevən, qayğısını əsirgəməyən
“Hər uşağın ailəyə ehtiyacı var” söyləyən
Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, heç bir
internat, uşaq evi - ən müasir, bütün tələblərə
cavab versə belə- heç vaxt ailə mühitini, ailə
tərbiyəsini əhatə edə bilməz.”
Ölkə
daxilində və dünya
arenasında həyata
keçirdiyi layihələrin əhəmiyyətini nəzərə
alan ölkə Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin
ən ali mükafatı - “Heydər Əliyev mükafatı”
ilə təltif edərkən
bildirmişdir ki, Fondun
bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın
milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın
olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu
şərəfli funksiyalar bu
Fondun üzərinə düşür.”
Mehriban
Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin
deputatı olub. O, deputat olarkən çox böyük işlər
görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin
həlli istiqamətində çox böyük addımlar
atıb. Seçicilərinin rəğbətini qazanan Mehriban
xanım Əliyeva bu missiyasını da yerinə yetirərkən
məsuliyyətin önəmini əməli fəaliyyəti
ilə təsdiqləyib.
Mehriban
xanım Əliyevanın yüksək təşkilatçılığı
Azərbaycanın ev sahibliyi etdiyi “Euvrovision” mahnı
yarışmasının, həmçinin ilk Avropa Oyunları
və IV İslam Həmrəyliyi Oyunlarının dünyaya səs
salan təqdimatından da aydın göründü. İlk
Avropa Oyunlarının açılış mərasimini
xatırlasaq, bu tədbirin Azərbaycanın
dövlət müstəqilliyini yenidən bərpa etməsinin
24-cü ilinə təsadüf etməsi ritmik nağara sədaları
altında 24-dən sıfıra doğru geriyə
sayımın başlamasında öz ifadəsini
tapmışdır. 24 illik yolun, yerləşdiyi coğrafi məkanın
Azərbaycana qazandırdığı uğurlar müxtəlif
təqdimatlarla ölkə və dünya ictimaiyyətinə
çatdırıldı.
Mehriban xanım Əliyeva açılış mərasimində
bildirmişdir: “Bu möhtəşəm bayram müstəqil
Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının
qələbəsidir. Müstəqillik illərində əldə
etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində
bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının
tarixində yeni səhifə yazılır. Bu səhifəni
biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı
Azərbaycanı hər zaman qorusun!”
“Azərbaycan
zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə
malik olan ölkədir. Multikulturalizm və tolerantlıq,
dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik
Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”
söyləyən Mehriban xanım Əliyeva bildirmişdir ki,
bu tədbir Azərbaycanın mədəniyyətlərarası
dialoqun inkişafında oynadığı rolu nümayiş
etdirir: “Müstəqil dövlət kimi biz gəncik. Cəmi
24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə
geriyə saymağın məhz həmin rəqəmdən
başlanılması ilə üst-üstə
düşür. Son 24 il ərzində ölkəmizdə
sürətli inkişaf, irəliləyiş və müasirləşmə
müşahidə olunub. Azərbaycanın iqtisadi sabitliyi və
davamlı inkişafı bizə bu cür böyük idman tədbirini
keçirmək imkanı yaradır.”
Mehriban xanım bu əminliyi də ifadə etmişdir
ki, gələn illərdə
Avropa Oyunlarının məşəli nə qədər
uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015”-in
parlaq ruhunun atəşi orada olacaq.
Onu da qeyd
edək ki, Azərbaycanda mədəniyyətin,
təhsilin, səhiyyənin və idmanın inkişafında
səmərəli fəaliyyətinə, Azərbaycan
xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş
təbliğinə və birinci Avropa Oyunlarının təşkilində
böyük xidmətlərinə görə Mehriban xanım
Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə
“Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Mehriban
xanım Əliyevanın ictimai-siyasi fəaliyyətini, mədəniyyət,
təhsil, səhiyyə və digər sahələrdə
gördüyü işləri, humanitar missiyasını
ölkəmizin siyasi tarixində
ilk dəfə formalaşmış “birinci xanım” kontekstində dəyərləndirmək
düzgün olmazdı. Sirr
deyil ki, dövlət başçılarının
xanımlarının əksəriyyəti daha çox ictimai
fəaliyyətə, xeyriyyəçiliyə meyl göstərir.
Amma Mehriban xanım
Əliyevanın timsalında birinci xanım statusu ənənəvi
çərçivəyə sığmır. Azərbaycanın
birinci xanımı bir tərəfdən humanizm, mərhəmət,
xeyriyyəçilik və qayğıkeşliyi özündə
ehtiva edir, digər tərəfdən Heydər Əliyev
Fondunun prezidenti kimi elm, ədəbiyyat,
mədəniyyət, təhsil, səhiyyə və digər
sahələrdə həyata keçirilən yüzlərlə
dəyərli layihənin, mədəni irsimizin qorunması və
beynəlxalq arenada təbliği proqramlarının müəllifidir.
Ötən ilin fevralından isə
Azərbaycanın Birinci vitse-prezidenti kimi təkmil islahatlarla, mühüm
addımlarla davamlı inkişafa öz töhfəsini verir.
Mehriban
xanım Əliyevanın gördüyü işlərin
dövlətə, xalqa verdiyi səmərə ölçüyəgəlməz
dərəcədə dəyərli və əhəmiyyətlidir.
İnsan amilinə yüksək dəyər verilən ölkəmizdə
Amnistiya aktlarının qəbulunda Mehriban xanım
Əliyevanın təşəbbüskar kimi
çıxış etməsi ictimaiyyət tərəfindən
böyük rəğbətlə qarşılanır. Təbii
ki, bu, onun humanistliyindən, mərhəmətindən
irəli gələn addımlardır. “Hər bir cəmiyyətdə
mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər
əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm
dövlət qurumları, həm vətəndaş cəmiyyəti
məhz bu prinsiplər əsasında
həm öz həyatını, həm öz fəaliyyətini
qurur, demək olar, o cəmiyyət inkişaf etmiş,
uğurlu cəmiyyətdir. Mərhəmət
təkcə çətinliyə düşən insanlara
yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli
qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların
bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə
öz yerlərini tutmaları, layiqli həyat yaşamaları
üçün onlara şans
verməliyik” söyləyən, ümummilli lider Heydər
Əliyevin ədalət və insanpərvərlik
ideyalarını davam və təbliğ etdirən
Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya
aktları sayəsində yenidən
cəmiyyətə qayıdan insanlar bu xeyirxahlığı
humanizm prinsiplərinin qələbəsi kimi dəyərləndirirlər.
Təbii
ki, bir yazı çərçivəsində Mehriban xanım
Əliyevanın çoxşaxəli fəaliyyətini əhatə
etmək qeyri-mümkündür.
Reallıq budur ki, Mehriban xanımın fəaliyyətinin
əsasında dövlətçilik, dövlətə xidmət
kimi prinsiplər əsas yer tutduğundan hər zaman Azərbaycanın
hərtərəfli iikişafına töhfə verməyə
səy göstərmiş, bunu əməli fəaliyyəti ilə
təsdiqləmişdir. Məhz onun bu xidmətləri ötən ilin fevralında dövlətimizin
başçısı İlham Əliyevin Sərəncamı
ilə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini
şərtləndirdi. “Mən
işimi sosial məsələlərin, əhalinin aztəminatlı
hissəsinin problemlərinin həlli üzərində qurmaq
niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik
qorxulu anlayışlardır. İstər ictimai xadim, istərsə
də dövlət məmuru üçün humanizmi qorumaq
vacibdir” söyləyən Azərbaycanın
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın ötən bir
ildən artıq dövr ərzində qeyd olunan istiqamətlərdə gördüyü işlərin
miqyasının nə qədər böyük olduğu
göz önündədir.
Davamlı inkişaf yolunda inamla irəliləyən Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Dövrün tələbinə uyğun olaraq təkmilləşmə, yeniləşmə dövlət siyasətimizin əsasını təşkil edir. Səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmaq mümkündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu fikirlərini xatırlatmaq istərdik: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.”
İki sahil.- 2018.- 25
avqust.- S.8-9.