ŞƏRUR YALLILARI
Əzizim
Naxçıvana,
Yol gedir Naxçıvana.
Şərurum
bir tamaşa,
İndi gəl Naxçıvana.
Elə
ki, hava qaraldı, qaranlıq gecənin bağrını dələn bir səs
yüksəlir göyə. Yallının səsi.
Onda nə hikmət, nə ululuq varsa adamı tez
əfsunlayır, sehrinə salır. Nağaranın səsi dağlarda, daşlarda əks-səda
verir. Hay-harayın kəndləri
bürüdüyünün şahidi olursan, çiyinlər
birləşir, qollar çarpazlaşır, ayaqlar şimşəkdən
sanki güc alır. Mağar boyu halay qurulur, yallı tutulur. Belə
başlanır Şərur toyları. Yaşlı nənələr,
sinəsi sazlı-sözlü
babalar, müdrik insanlar danışırlar ki, bu qədimlərdə
də belə olub. Şərur elinin bütün məclisləri yallı ilə başlayıb,
yallı ilə sona çatıb. Bu yurd yerinin suyundan içib, havasından
udan hər kəs bu qədim rəqsin bir neçə
növünü
bacarırmış. Əslində elə
indi də Şərurda az adam tapılar ki,
bütövlük, birlik simvolu olan
vətənpərvərlik, mübarizlik təlqin edən bu qədim rəqsi bilməsin. Elə yallı
Şərur elinin “milli
emblem”idir aforizmi də bu mənada yaranıb. Həm də ona
görə ki, Şərur deyiləndə milli folklorumuzun bu qədim növü yada
düşür. Nə zaman
keşməkeşləri, nə də müasirləşmə yallılarımızı bizə unutdura bilməyib.
Şərurda
fəaliyyət göstərən folklor ansamblları incəsənətimizin
bu nadir növünü qoruyub yaşadır. Nəsildən-nəslə ötürücü, zənginləşdirici
missiyasını uğurla davam etdirir. Yenidənqurma və əsaslı təmirdən
sonra estetik
görünüşü ilə göz oxşayan Şərur
Rayon Mədəniyyət Şöbəsinin binasından ətrafa yayılan gözəl bir musiqiyə hakim kəsilmək isə bir
başqa aləmdir.
Yallılar milli pasportumuz olan tarixi abidələrimiz qədər dəyərlidir. Səsi-sorağı sərhədləri aşır
Şərur yallısının. Haralarda olmayıb
Şərur yallısı?
1924-cü
ildən fəaliyyətə başlayan bu folklor ansamblı böyük səhnəyə
1936-cı ildə qədəm qoyub. 1938-ci ildə Moskva şəhərində
keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti
ongünlüyündə
doğurduğu rezonans isə o zaman dahi bəstəkarımız
Üzeyir Hacıbəyovun bu münasibətlə kollektivə
göndərdiyi təbrik teleqramında da öz əksini tapıb.
Milli mənəvi
varlığımızın, qəhrəmanlıq, mübarizlik kimi ali
keyfiyyətlərinin təcəssümü olan
bu qədim sənəti
yaşadan kollektiv Azərbaycan tarixinin dirçəliş mərhələsinin
başlanğıcından
fenomenal şəxsiyyət Heydər Əliyevin diqqət və qayğısı
sayəsində respublika
ümumittifaq miqyaslı tədbirlərin fəal
iştirakçısına
çevrilib.
Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Kimya Babayeva deyir ki,
Azərbaycanın milli mədəniyyətinin, folklorunun gözəl incilərindən biri yallılarımızdır.
Yallılar Azərbaycanın bir çox bölgələrində yayılıb və inkişaf edib. Amma ən
çox yallı növü Şərur mahalında geniş yayılıb. Şərur yallısının
çox böyük
tarixi var. Bir əsrə bərabər yaşı olan rəqs növü bu günümüzədək qorunub, saxlanılıb. Məqsədimiz gələcək nəsillərə təqdim
etməkdən ibarətdir.
“Şərur” yallı ansamblı əvvəllər
kiçik qrup şəklində olub.
Sonradan dahi
bəstəkar Üzeyir Hacıbəyovun SSRİ Ali Sovetinə bu rayondan deputatlığa namizədliyi irəli
sürülüb. Onun seçiciləri ilə
göruşə gəlməsi
zamanı konsert proqramı
təşkil olunub. Yallı bəstəkarın
çox xoşuna gəlib. Deyib ki: “Azərbaycanda da yallılar
var, amma yallı
Şərurda doğulub. Yallının məkanı Şərurdur”.
Sözsüz
ki, belə
gözəl fikirlər müəyyən zamanlarda
ulu öndərimiz Heydər
Əliyev tərəfindən də deyilib. Biz Bakıda keçirilən tədbirlərdə
iştirak edəndə,
Ulu Öndər bizim
kollektivə yaxınlaşıb bildirdi ki: Şərur
yallısı bizim dünənimiz,
bu günümüz və
gələcəyimizdir. Şərur yallılarını qoruyub saxlamalıyıq”. Bu fikirlər bu
gün də bizim
üçün önəmlidir. Şərur yallı ansamblı doğma
Naxçıvanımızı nəinki Azərbaycanda, ondan kənarda
,dünyanın bir çox ölkələrində
keçirilən folklor festivallarında təmsil etmişdir.
Keçmiş SSRİ dönəmində biz Almaniyada,
Macarıstanda, Polşada, müstəqillik əldə
olunduqdan sonra 2000-ci ildə Misir Ərəb Respublikasında keçirilən folklor
festivallarında iştirakçısı olmuşuq. Kollektiv orada yüksək
çıxışına görə “Qızıl
açar” mükafatına layiq görülmüşdür.
Mədəni əlaqələrimiz genişləndikdən
sonra demək olar ki, hər il Türkiyə Respublikasına
dəfələrlə dəvət olunur, folklor
festivallarında iştirak edirik. Yaxın vaxtlarda türk ulusoyun xətti ilə bu ilin gözəl bir tədbiri
milli bayramımız olan Novruza təsadüf etdi və biz 10
gün müddətində həmin tədbirlərin
iştirakçısı olduq. Hər bir yallı
üzvü təşəkkür bəlgəsi ilə qiymətləndirildi.
Son 2-3 il ərzində bizim 4-5 unudulmuş
yallımız səhnədə ifa olunur. Gözəl musiqi və
hərəkətləri var. Şərur Yallı ansamblı
üzvlərinin əksəriyyəti Azərbaycanın və
Naxçıvanın fəxri adlarına layiq
görülüblər. Onların
arasında Prezident mükafatçıları da var. Biz
çalışırıq ki, yüksək diqqət və
qayğıya görə işimizin öhdəsindən
layiqincə gələk.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov demişdir: Naxçıvanın üç
incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf,
Gəmiqaya və Şərur yallıları”. Buna görə
də biz bu inciləri qoruyub saxlamalıyıq.
Xalqımızın yaratdığı belə rəqslər
saysız-hesabsızdır. Mütəxəssislərin fikrincə bir vaxtlar
Şərur bölgəsində yallının 100-dən
çox növü olub. Onların bir qismi
toy mərasimlərində, el şənliklərində
yaşadılaraq bu günə gəlib çıxıb.
Şərur yallısının qorunması,
yaşadılması və təbliğində Şərur
yallı ansamblının mühüm rolu olub.
“Nurani”
Yallı ansamblının üzvü Azad Qasımov:
1963-1964-cü illərdən bu kollektivdə fəaliyyət göstərirəm.
MR-də və Azərbaycanda keçirilən əlamətdar
günlərdə kollektivlə birgə iştirak etmişəm.
Şərur yallı ansamblına marağı
babalarımızdan öyrənmişik. Onlar toylarda yallı
gedər və bizə də təbliğ edərdilər.
Həm də bu yallıya həvəs bizim
qanımızda, canımızdadır. Yallıya
bugünkü qədər diqqət və qayğı
olmayıb. 1972-ci ildə Moskvada “Ruhani xalq
rəqsi” adlı veriliş verildi. Bir neçə yallını biz orada ifa etdik.
Bakıda filarmoniyada yenə konsert təşkil
olundu. Almaniyada qazandığmız nailiyyətlərə
görə hamı ora yığışmışdı.
Məqsədimiz o idi ki, onu gələcək nəsillərə
ərmağan edək. 70-dən artıq
yaşım var, yenə bu kollektivdə aparıcılardan
biriyəm. Yaşlı insanların təmsil
olunduğu “Nurani” yallı ansamblının 12 nəfər
üzvü var. Onların 70-dən yuxarı yaşları
olmasına baxmayaraq, el şənliklərində iştirak
edirlər.
1972-ci ildə Almaniya Demokratik Respublikasında folklor
festivalı keçirilir. Ansamblı bu tədbirə
xalq artisti Əminə Dilbazi hazırlaşdırır.
Məşhur rəqqasə xatirələrində yazır: “mən
bilirdim ki, bizim yallı
mədəniyyətimiz Naxçıvanda – Şərur
torpağındadır. Biz ora-Almaniyaya elə bir
folklor nümunəsi aparmalıyıq ki, üstündə
xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi.
Həmin il ansambl SSRİ Ali Sovetinin fəxri fərmanı
ilə təltif olunur. Kollektivə Xalq Yallı
ansamblı status verilir. 1984-cü ildə
Polşanın Zelyonaya Qora şəhərində təşkil
olunan Beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini
əks etdirən “Şərur yallısı” sənədli
filmi çəkilir. Kollektivin bu uğurlarında
Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova,
Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın
tanınmış musiqisi və rəqs ustalarının
böyük xidmətləri olub. Müstəqillik
dövründə ansambl daha böyük uğurlara imza
atır. Kollektiv 1997-ci ildə Türkiyənin
İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərində
keçirilən Dədə-Qorqud festivallarında uğurla
çıxış edir. 2001-ci ildə
Misirin paytaxtı Qahirədə XII Beynəlxalq Folklor
Festivalında da yüksək sənət nümayiş
etdirirlər. Bu gün Şərur rayonunda
“Şərur qönçələri” uşaq yallısı,
“Gənclər yallısı” və “Nurani yallısı” fəaliyyət
göstərir.
Azərbaycanın əməkdar mədəniyyət işçisi Səttar Əhmədov: “Şərur qönçələri”
yallı ansamblı 1998-ci ildən rayon Mədəniyyət
Sarayının nəzdində fəaliyyət göstərir.
Bu il ansamblın 20 yaşı tamam olur. Kollektivin 30 nəfər üzvü var. 15 oğlan,
15 qız. Repertuarda 20-yə yaxın
yallı növü vardır ki, gənclər bu
yallıları səylə mənimsəyib, ifa edirlər.
2006-cı ildə “Şərur qönçələri” ilk dəfə
olaraq Türkiyənin Qars şəhərində keçirilən
1 nisan Cocuq bayramında uğurlu
çıxışlarına görə qızıl medala
layiq görülmüşlər. Uşaqların
əksəriyyəti 9-13-16 yaş qruplarındadırlar. “Şərur” Xalq yallı
ansamblının 6 nəfər üzvü “Şərur
qönçələri”nin yetirmələridir.
Çalışırıq nəsildən-nəslə
bu yallıları yaşadaq, inkişaf etdirək.
Azərbaycan xalqının milli dəyərlərinin və
tarixi yaddaşının bərpasında ümummilli lider Heydər
Əliyevin böyük xidmətləri olmuşdur. Milli dəyərləri
xalqımızın varlığının vacib şərti
hesab edən fenomenal şəxsiyyət deyirdi: “Milli dəyərləri
olmayan millət həqiqi millət, milli dəyərləri
olmayan xalq həqiqi xalq ola bilməz”. Bizim
milli dəyərlərimiz əsrlər boyu
xalqımızın həyatında ,
yaşayışında formalaşıb. Biz
öz milli dəyərlərimizlə fəxr edirik. Milli dəyərlərimiz, onun əsas
daşıyıcısı olan xalq
yaradıcılığının qorunması, yaşadılması
və təbliği sahəsində ümummilli lider Heydər
Əliyev tərəfindən əsası qoyulan siyasət MR-də
bu gün də uğurla davam etdirilir. 2016-cı il sentyabrın 30-da Naxçıvanqala Tarix
Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı”
festivalları keçirilib. Keçirilən festivallar MR-ın mədəni
həyatında əlamətdar hadisə olub.
Xalqımızın birlik və mübarizlik rəmzi
sayılan yallıların təbliği olduqca əhəmiyyətlidir.
Naxçıvan-Şərur
el yallıları kitabı da xalq musiqi və xoreoqrafiya incilərinin qorunub
saxlanması və gələcək nəsillərə
çatdırılması baxımından xüsusi əhəmiyyət
kəsb edir.
Naxçıvan Muxtar
Respublikasının əməkdar mədəniyyət
işçisi Əkrəm Məmmədli: Yallıların əksəriyyəti
xalqın süzgəcindən süzülərək indiki
dövrümüzə qədər gəlib
çıxmışdır. Yallıların
indiki dövrdə toplanıb nota salınması işini
oğlum Kənan Məmmədli ilə özümüzə vəzifə
borcu saydıq və bu yallıları toplayıb nota
saldıq.
Biz 92 yallı növü
topladıq. Yallının məkanı ilə
maraqlandıq, Azərbaycanın əməkdar mədəniyyət
işçisi İsgəndər Əliyev və MR-in əməkdar
artisti tarzən Zöhrab Axundovun köməkliyi ilə
yallıların toplanmasını həyata keçirə
bildik. Yallıların əksəriyyət
növü Şərur bölgəsində inkişaf edib.
Gözəl musiqi və xoreoqrafiya abidəmiz
olan yallıları toplayıb kitab halında gələcək
nəslə ərmağan etdik. Belə qənaətə
gəldik ki, harda yallı varsa, ora oğuz türklərinin
torpağıdır.
Kitabda Azərbaycan xalq musiqi janrına aid olan yallılar,
həmçinin yallıları müşayiət edən
musiqi dəstəsi, bu dəstədə istifadə olunan
çalğı alətləri, Şərurda ifa olunan
yallılar haqqında məlumat verilmişdir.
Musiqişünas Kənan Məmmədli: Bir çox Azərbaycan bəstəkarları
əsərlərində yallıların müəyyən
növlərindən istifadə etmişdir. Yallı
Şahbuzda bir adda ifa olunubsa, Şərurda digər adda ifa
olunmuşdur. Yallının qədimliyi e.əvvələ
gedib çıxır. Yallıların
nota salınması işində atam Əkrəm Məmmədli
ilə birlikdə yallıları qeydə aldıq. Kitab Naxçıvan MR Ali Məclisi Sədrinin təşəbbüsü
ilə həyata keçirildi. Bu işi yenə
də davam etdirmək niyyətimiz var.
Unutmayaq ki, yallı xalqımızın birlik rəmzidir. Onu qoruyub
saxlamaq isə hər kəsin müqəddəs borcudur.
Adilə Səfərova
Naxçıvan Televiziyasının
baş redaktoru
İki sahil.- 2018.- 30 avqust.- S.11.