“Elmin populyarlaşdırılmasında KİV-lərin rolu” mövzusunda müzakirələr
aparılıb
Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyəti aparatının
mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının
dəstəyi ilə
“Elmin populyarlaşdırılmasında
KİV-lərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi
Elmi Kitabxanada təşkil olunan tədbirdə AMEA institutlarının
ictimaiyyətlə əlaqələr
şöbələrinin müdirləri
və KİV-lərin
nümayəndələri iştirak
ediblər.
Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın
olduğunu bildirərək
KİV-lərin bu prosesdə rolunu xüsusi qeyd edib. O, elmin
vəziyyəti haqqında
etibarlı, obyektiv informasiyanın cəmiyyətə
çatdırılmasında, elm və elmi
biliklərin, nailiyyətlərin
populyarlaşdırılmasında jurnalistlərin üzərinə
böyük məsuliyyətin
düşdüyünü bildirərək, KİV-lərin
akademik tədqiqatlara ictimai marağın artırılmasındakı
rolundan söz açıb.
İdarə rəisi bu sahədə kadr hazırlığı, jurnalistlərin
bir və ya bir neçə
elm sahəsi üzrə ixtisaslaşması
sahəsində mövcud
problemlərin həllinin
və elmi-populyar üslubun tələblərinə
cavab verən məqalələrin hazırlanmasının
önəmliyini bildirərək
bu gün KİV-lərdə işıqlandırılan elmi
informasiyaların keyfiyyət
və kəmiyyət göstəricilərinin istənilən
səviyyədə olmadığını
söyləyib.
Mətbuat və
informasiya idarəsinin
rəis müavini Ülviyyə Rzayeva elmin populyarlaşdırılmasında
AMEA-nın institut və təşkilatları
ilə müxtəlif
media qurumları arasında əlaqələrin
genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, ölkənin 20-dən
artıq aparıcı
qəzet və xəbər saytında aparılan monitorinqin nəticələrini açıqlayıb.
U.Rzayeva qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif
səpkili elmi materiallarda tədqiqatların
mahiyyəti ilə bağlı fikirlərin elmi üslubdan kənara çıxmadığını
qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab
verən məqalələrin
hazırlanması sahəsində
mövcud problemlərdən bəhs edib.
Ülviyyə Rzayeva müasir dövrdə müxtəlif
sferalarda dinamik inkişaf sayəsində bir-biri ilə sıx əlaqəli olan tamamilə yeni elm sahələrinin
yaranmasının elmin
populyarlaşdırılması işini mürəkkəbləşdirdiyini
vurğulayıb. O, bu gün biofizika,
kvant biologiyası, bionika, nutrigenomika, kliodinamika, rekombinant riyaziyyat, hesablama sosiologiyası, koqnitiv iqtisadiyyat kimi olduqca mürəkkəb sahələrin meydana çıxması, aparılan
araşdırmalar, əldə
edilən mükəmməl
nəticələrin qələm
əhlindən zəngin
dünyagörüşü, məhsuldar fəaliyyət,
ən əsası da ixtisaslaşmaq
üçün zaman
tələb etdiyini bildirib. Rəis müavini KİV nümayəndələri
ilə alimlər arasında sıx əməkdaşlıq əlaqələrinin
qurulmasının əhəmiyyətini
qeyd edib. O, AMEA-nın KİV və universitetlərin jurnalistika fakültələri
ilə elmin populyarlaşdırılması və təbliği işində qüvvələrini
birgə səfərbər
etmələrinin bu sahənin inkişafına
mühüm töhfələr
verəcəyinə əminliyini
ifadə edib.
Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
dekanı Vüqar Zivəroğlu, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, akademiyanın Riyaziyyat və
Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Dilçilik İnstitutunun
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri,
dosent Təranə Şükürlü və
digər çıxış
edənlər elmin populyarlaşmasında AMEA ilə
müxtəlif KİV-lər
arasında əlaqələrin
genişləndirilməsinin vacibliyini vurğulayıblar.
AMEA-nın Bakı
Dövlət Universiteti,
eləcə də digər ali təhsil müəssisələrinin
jurnalistika fakültələri
ilə birgə kurs və treninqlərin
keçirilməsinin, tələbələrin
elmi müəssisə
və təşkilatlarda
istehsalat təcrübəsinin
təşkilinin vacibliyi
bildirilib. Çıxış
edənlər, həmçinin
elm jurnalistikasının
inkişafında kadr təminatı məsələsindən
də söz açıblar. Bildirilib ki, elm və
elmi biliklərin peşəkar səviyyədə
populyarlaşdırılması və təbliğində
yüksəkixtisaslı kadr
hazırlığı mühüm
rol oynayır.
Tədbirdə bu sahənin
tədrisi istiqamətində
əməli addımların
atılmasının vacibliyi
qeyd olunaraq Azərbaycanda elm jurnalistikasının formalaşması
və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi,
o cümlədən dərs
vəsaitlərinin hazırlanması
və dissertasiya işlərinin müdafiəsinin
zəruriliyi vurğulanıb.
Təkcə jurnalistika
fakültələrində deyil, digər fakültələrdə də
populyar elm fənninin tədris edilməsi təklif olunub.
Mövzu ətrafında
müzakirələr aparılıb,
müxtəlif təkliflər
səsləndirilib.
Sonda KİV-lərin
nümayəndələrinə elmin təbliğindəki
xidmətlərinə görə
AMEA tərəfindən təşəkkürnamələr
təqdim olunub. Mükafat alanlar arasında AZƏRTAC-ın
müxbiri Pərvanə
İmanova da var.
Vahidoğlu
Orxan
İki
sahil.- 2018.- 20 dekabr.- S.8.