Tbilisidə “Son iclas”
bədii-sənədli filminin
təqdimatı olub
Bakı Media Mərkəzinin
prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli
filminin Tbilisi şəhərində
təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
edilmiş film Heydər
Əliyev Fondunun dəstəyi və “BP
Azerbaijan” şirkətinin sponsorluğu
ilə hazırlanıb.
Filmdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
ən fəal rəhbərlərinin yaxından
iştirakı ilə
əzab-əziyyət, mübarizələr
sayəsində əldə
olunan müstəqilliklə
bağlı respublikanın
son dövrlərində verilən
çətin qərarlardan
bəhs edilir.
Azərbaycanın Gürcüstandakı səfiri
Dursun Həsənov çıxış edərək
Azərbaycan Xalq Cümhuriyyətinin yaranma
zərurətindən, xalqımızın
dövlətçilik tarixindəki
rolundan danışıb. Bildirib ki,
cəmi 23 ay yaşamasına
baxmayaraq, Cümhuriyyət
Şərqin ilk və
ən demokratik respublikasına çevrilə
bilib və bu respublika Azərbaycan
xalqının milli qürur mənbələrindən
biridir.
D.Həsənov Xalq Cümhuriyyətinin
100 illiyi ilə əlaqədar Gürcüstanda
keçirilmiş sərgi,
rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə
də məlumat verib. Bildirib ki, bu gün “Son iclas” filminin nümayişi Cümhuriyyətin 100 illik
yubileyinə həsr olunmuş silsilə tədbirlərdəndir. Filmdə Xalq
Cümhuriyyətinin son günlərində
baş verən hadisələrdən bəhs
olunur və hökumətin son qərarını
hansı çətin
şəraitdə verdiyi
əks etdirilir. Qeyd edilib ki, film bu günə qədər araşdırılmamış
və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə
alınıb. Filmdə, həmçinin
Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə
qovuşmasına böyük
örnək olduğu
ön plana çəkilir. Diplomat bildirib ki, Bakı
Media Mərkəzinin prezidenti
Arzu Əliyevanın rəhbərliyi ilə həyata keçirilmiş
işlər sırasında
“Hədəf Bakıdır.
Hitler neft uğrunda döyüşü necə
uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm
İli”nə həsr olunmuş “Bir günəş altında”,
Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyəti
ilə bağlı “Miras” və digər bədii-sənədli
filmlər yer alır.
Daha sonra
“Son iclas” filmi ingilis dilində gürcücə subtitrlərlə
nümayiş etdirilib. Tamaşaçılar sırasında Azərbaycanın
Gürcüstandakı səfirliyinin
əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin
rəhbəri Mahir Məmmədov, azərbaycanlı
və gürcü ziyalılar, gənclər
və tələbələr
olublar. Film izləyicilər tərəfindən
böyük maraq və alqışlarla qarşılanıb.
Ekran əsərinə
tamaşa edən gürcü politoloq Tengiz Txilava jurnalistlərə müsahibəsində
filmin yüksək peşəkarlıqla hazırlandığını
deyib. Bildirib ki, film onda çox güclü təəssürat yaradıb.
Politoloq
deyib: “Ekran əsərinə sona qədər demək olar ki, bir
nəfəsə tamaşa
etdim. Çox emosionallıqla hazırlanan
bu ekran əsəri maraqlı faktlarla zəngindir. Təəssüf ki, Gürcüstanda
ilk respublikanın yaradılmasının
100 iliyinə həsr olunmuş belə film hazırlanmayıb”.
Xətayi Əzizov
İki
sahil.- 2018.-22 dekabr.- S.9