Tarixdə iz buraxanlar: Niyazi

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqust ayının 20-də Tiflisdə anadan olub. Atası Zülfüqar bəy, anası Böyükxanım xanımdır. Niyazi niyə iki soyadı daşıyırdı? Tağızadə-Hacıbəyov soyadı Niyazinin öz seçimi olub. Tağızadə anası Böyükxanımın soyadıdır. Yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olub. Onun faciəli qətlindən sonra Niyazi bu soyadı yaşatmağı özünə borc bilib.

 

Niyazinin atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Anası Böyükxanım ixtisasca həkim olub. Niyazi uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, H.Cavid kimi dövrün tanınan sənət adamları, yazıçıları arasında böyüyüb. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alıb, fəqət sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad şəhərlərinə gedib.

 

Üzeyir Hacıbəyovun məsləhəti ilə Moskvaya gedən Niyazi orada Onesinlər adına Musiqi-Pedaqoji Texnikumunda, görkəmli müsiqiçi və müəllim Mixail Fabianoviç Onesinin sinfində musiqi təhsilinə başlayıb. Onun M.F.Onesinin rəhbərliyi altında məşğul olduğu illər gərgin əmək və bəstəkarlıq sənəti xüsusiyyətlərinin öyrənilməsi dövrü idi. Moskva şəhərinin zəngin bədii həyatı – opera tamaşaları, simfonik və kamera musiqisi konsertləri, görkəmli dirijorların, musiqi ifaçılarının çıxışları Niyazinin istedadının inkişafına təkan verib. 1929-1931-ci illər ərzində Niyazi Leninqrad Mərkəzi Musiqi Texnikumunda Q.Popovun və P.Ryazanovun rəhbərliyi altında bəstəkarlıq məşğələlərini davam etdirib. Həmin dövrdə Niyazi gənc Azərbaycan bəstəkarı Asəf Zeynallı ilə birlikdə Leninqradda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkil edilməsi və keçirilməsi sahəsində mühüm işlər görüb. Fəqət Leninqradın iqlimi Niyazinin səhhətinə pis təsir etdiyinə görə orada təhsilinə davam edə bilməyib. Bir müddət sonra Dağıstana köçüb və Dağıstan Xalq Maarif Komissarlığında elm, ədəbiyyat və incəsənət bölməsinin müdiri təyin edilib. Bu illər ərzində Niyazi Üzeyir bəy Hacıbəyov ilə müntəzəm olaraq yazışır, onun məsləhətlərini diqqətlə dinləyirdi. Eyni zamanda Üzeyir Hacıbəyov da tez-tez öz yaradıcılıq planları və Azərbaycanın musiqi həyatında baş verən hadisələr haqqında Niyaziyə məlumat verirdi. 1933-cü ilin ortalarında Niyazi Bakıya qayıdır. Burada o, müəyyən müddət Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında professor L.Rudolfun və S.Ştrasserin rəhbərliyi altında məşğul olur.

 

Niyazi bəstəkarlıq fəaliyyətinə məhz həmin dövrdə başlayıb. O öz qüvvəsini müxtəlif janrlarda sınayıb, tezliklə ilk əsərləri olan “Od içində” fortepiano poemasını və Azərbaycan simfonik musiqisinin ilk nümunələrindən olan “Zaqatala suitası”nı yaradıb. Niyazi 1934-cü ildə Azərbaycan Bəstəkarlar təşkilatının üzvü olub. Bir ildən sonra o, M.Maqomayevin muğamların nota salınması təşəbbüsünü davam etdirərək məşhur xanəndə Cabbar Qaryağdıoğlunun ifasında “Rast” və “Şur” muğamlarının not yazılarını tərtib edib. Bu not yazılarının Azərbaycan muğamlarının şifahi sənət növü olan muğamların qorunması və bəstəkar yaradıcılığında istifadəsi üçün böyük nəzəri və təcrübi əhəmiyyəti vardı. Eyni zamanda həmin not yazıları 30-cu illərdə milli musiqimizə, çalğı alətlərimizə qarşı çıxan yanlış nəzəriyyələri təkzib etdi.

 

Niyazi keçən əsrin 30-cu illərində kino və teatr musiqisi sahəsində fəal çalışıb. O, atası ilə birlikdə Cəfər Cabbarlının “Almas” dramının ssenarisi əsasında çəkilən ilk səsli Azərbaycan bədii filmi üçün musiqi yazıb, dram tamaşalarına musiqi bəstələyib.

 

Niyazi dirijorluq fəaliyyətinə də həmin dövrdən başlayıb. O, 1934-1935-ci illərdə Azərbaycan Neftçilər İttifaqı dram teatrının orkestrinə rəhbərlik edib, sonralar Azərbaycan bəstəkarlarının ilk simfonik əsərlərini, Ü.Hacıbəyovun, M.Maqomayevin operalarından orkestr fraqmentlərini idarə edib. Niyazinin M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində M.Maqomayevin “Nərgiz” operasının yeni tamaşasının hazırlanması ilə bağlı işi onun dirijorluq fəaliyyətində yeni mərhələ olub. Bu mərhələdə Niyazi M.Maqomayevin “Nərgiz” operasının yeni musiqi redaksiyasını hazırlayıb. 1938-ci ildə “Nərgiz” operası Moskvada ilk dəfə keçirilən Azərbaycan incəsənəti dekadasının proqramına daxil edilib və dekada iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Son dərəcə böyük ifadəliklə dirijorluq edən Niyazinin istedadı xüsusilə qeyd olunub və bu uğuruna görə layiq olduğu mükafat – “Şərq nişanı” ordeni ilə təltif edilib. Tezliklə o, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri təyin edilib və bu vəzifədə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin daimi tərkibini təşkil etmək üçün fəaliyyət göstərib.

 

Niyazinin ifaçılıq yaradıcılığının inkişafının yeni mərhələsi simfonik orkestrlə birgə işi ilə başlanıb, onun dirijorluq texnikası təkmilləşib, orkestrin repertuarı zənginləşib. Onun simfonik əsərlərin təbliği ilə bağlı olan fəaliyyəti məhz həmin dövrdə meydana çıxıb və sonralar intensiv inkişaf edib. Bu dövrdə Niyazinin repertuarı sovet respublikaları bəstəkarlarının əsərləri ilə zənginləşib.1939-cu ilin sonlarında Bakıda keçirilən sovet musiqisi dekadasında S.Turenkovun “Belorusiya” suitasından, N.Lışenko-Revutskinin “Taras Bulba” operasının uvertürasından, R.Qliyerin “Şahsənəm” operasının uvertürasından ibarət olan proqramla çıxış edən Niyazi Üzeyir bəy Hacıbəyovun “Koroğlu” operasının tamaşalarına da bu zamandan dirijorluq etməyə başlayıb.

 

Niyazinin Ü.Hacıbəyovun musiqisi ilə əlaqəsi tədricən dərinləşib və daha maraqlı olub.  O, həmin musiqiyə daha çox məftun olub və bu musiqi xəzinəsindən böyük ehtiramla bəhs etməyə başlayıb. Niyazi Ü.Hacıbəyovun “Koroğlu” operasına xüsusi bir duyğu ilə yanaşıb, bu müdrik əsərin musiqisini böyük sadəlik, yetkin ustalıqla ifa edib. O, müəllifin partiturasını dinləyicilərə bənzərsiz parlaq cizgilərlə, emosional zənginliklə, incə dinamika ilə və coşqun ritmik əlavələrlə çatdırırdı. 1940-cı ildə Niyazi Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

 

Müharibə illəri Niyazi üçün gərgin yaradıcılıq və ictimai-fəaliyyət dövrü olub. O, dəfələrlə hərbi hissələrə gedib, böyük siyasi tərbiyə işləri aparıb. 1941-ci ilin oktyabr ayında Niyazi M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivilə birlikdə sovet qoşun hissələri qarşısında çıxış etmək üçün İrana gedib. Burada özünün dirijorluğu ilə nümayiş etdirdiyi teatr tamaşaları, o cümlədən Üzeyir Hacıbəyovun “Koroğlu” operası böyük uğurlar qazanıb. Niyazi İran səfərindən aldığı təəssüratları S.Rüstəmin sözlərinə bəstələdiyi “Təbrizim” adlı səmimi mahnısında əks etdirib.

 

1942-ci il may ayının 22-də Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində onun “Xosrov və Şirin” lirik-dramatik operası səhnəyə qoyulub. Bu operanın musiqisində səmimi, lirik ariyalar, ifadəli xor və orkestr fraqmentləri diqqəti cəlb edir. Operanın quruluşunu hazırlayan İ.Hidayətzadə yazırdı: “Bəstəkar misilsiz poeziyanın cazibə qüvvəsini əxz etmiş və onu musiqidə təqdim edə bilmişdir.”

 

Niyazi Uca Yaradanın Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır. O, əlindəki dirijor çubuğu ilə sanki musiqinin xəritəsini cızırdı. Maestro böyük dirijor olmaqdan əlavə, həm də bənzərsiz bir bəstəkar idi. Yaratdığı “Çitra” baletinə görə Niyazini Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görüblər. Azərbaycan milli peşəkar dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu altında dünya musiqisinin qızıl fonduna daxil olub. Maestronun böyük şövq və məhəbbətlə tamaşaya hazırladığı “Nərgiz”(M.Maqomayev), “Vətən” (Q.Qarayev və C.Hacıyev), “Sevil”(F.Əmirov), “Qaratoxmaq qadın” (P.Çaykovski), “Knyaz İqor” (A.Borodin), “Karmen” (J.Bize)... operaları, “Gülşən” (S.Hacıbəyov), “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev)... baletləri incəsənət tariximizin yaddaqalan səhifələridir. Niyazi böyük bir dahi idi. O, həm əməlləri, həm əsərləri, həm də xeyirxah işləri ilə mədəniyyətimizə, xüsusən də musiqi sənətinə misilsiz töhfələr bəxş edib.

 

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O: “Xalqın – xüsusən də gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulan musiqi təbliğatı bu aktual problemi həll edə bilər”– deyirdi.

 

1959-cu ildə SSRİ Xalq Artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunub. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayıb. Həmçinin P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yenu quruluşlarına dirijorluq edib, həmin baletlərlə Parisin “Qran-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları verib və böyük uğurlar qazanıb. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor, bir azərbaycanlı kimi, ona doğma olan Türkiyəni seçib. Niyazi P.Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, C.Verdinin “Aida” operalarına Ankara Opera və Balet teatrında, türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasına İstanbul Opera Teatrında ilk quruluş verib, onun ilk tamaşasına və “Yunus Əmrə” oratoriyasına dirijorluq edib. İfaçılıq sənəti ilə tanınan sənətkarlar D.Şostakoviç, Ş.Şarayev, K.Sekki, B.Tarcan və başqaları tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib.

 

Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o həm bəstəkar kimi milli müsiqimizi zənginləşdirib, həm də bir dirijor kimi Ü.Hacıbəyovdan başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görüb. Niyazi sənəti əbədidir. Çünki onun istedadı, yaradıcılıq fəaliyyəti və yorulmadan çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanıb.

 

Bu da bir həqiqətdir ki, Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoyub. O, Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verən, tanınan və istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm də dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Tarixi şəxsiyyət Şostakoviç: “Azərbaycan bəstəkarları xoşbəxtdirlər, çünki bu ölkədə Niyazi var”– deyib . Maestro Niyazi onun əsərlərini həqiqətən də hər yerdə – Praqada, Londonda, Parisdə ifa edirdi. Maestro Niyazi, əlbəttə, Qara Qarayevlə, Fikrət Əmirovla da işləyirdi və onların yeni əsərlərinə birinci dirijorluğu da özü edirdi. Niyazi əsl xalq adamı idi, millətini ürəkdən sevirdi.

 

Bəli, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Elə bir ölkə yoxdur ki, orada maestro Niyazini tanımasınlar və sevməsinlər. Niyazi ilə sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı Dmitriy Şostakoviç onun haqqında belə deyib: “Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu müsiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var.”

 

Maestro Niyazinin misilsiz xidmətləri daima xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən onun ev-muzeyi kimi fəaliyyət göstərir. Hər il avqust ayında burada Maestronun xatirə gecəsi keçirilir. Böyük sənətkar doğulduğu ayda, 1984-cü il avqust ayının 2-də vəfat edib.

 

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU

Professor

Bakı xəbər.- 2018.- 2 fevral.- S.15.