Dövlətçilik ənənələrimizə
dəyərli töhfə
Dövlətimizin
başçısı İlham Əliyevin 2018-ci ili ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bu
cür dəyərləndirilir
Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyev “1918-ci ildə
yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də
bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir.
Ondan sonrakı illər, onilliklər də həyatımızın
böyük mərhələləridir, parlaq səhifələridir,
xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil
Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni
potensialını yaradıbdır” fikirləri ilə bu reallığı təsdiqləyirdi
ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin
məhz Azərbaycan torpağında yaranması
xalqımızın o dövrdə milli müstəqillik,
azadlıq duyğuları ilə yaşaması ilə
bağlıdır. O illərdə qabaqcıl
şəxsiyyətlər, mütəfəkkir adamlar,
ziyalılar xalqımızda milli azadlıq, müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
oyanış əhval-ruhiyyəsini yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik
Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
1918-ci il mayın 28-də müsəlman
Şərqində ilk dünyəvi demokratik dövlət
yaradıldı. Bu respublika azərbaycanlıların tarixi
yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi
kimi iz qoymuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq
Cümhuriyyətinin ömrü uzun olmadı. ADR gərgin və
mürəkkəb ictimai-siyasi şəraitdə cəmi
23 ay fəaliyyət göstərə bildi. Sovetlər Birliyi
Azərbaycanı məcburi surətdə öz tərkibinə
daxil etdi. Lakin bu yaşananlar Azərbaycan xalqının azad,
müstəqil yaşamaq istəyini oldürmədi, əksinə
daha da alovlandırdı. 1991-ci ildə Sovet imperiyasının
dağılması ilə Azərbaycan yenidən öz
müstəqilliyini elan etdi. Dövltimizin
başçısı İlham Əliyev daim
çıxışlarında Azərbaycan Demokratik
Respublikasından bəhs edərkən bildirir ki, əgər
Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi,
əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən
inkişaf etmiş, ən zəngin ölkələrdən
biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Azərbaycanın bu günü
üçün möhkəm təməl olan ADR-nin fəaliyyətinə
qısa baxışımız təbii ki, səbəbsiz
deyil. Məhz tariximizin yaddaşına söykənərək,
Azərbaycan xalqının qəhrəmanlıq səhifələri
ilə dolu olan tarixinin olduğunu söyləyir, bunu
dünyaya çatdırırıq.
Ümummilli Lider hər zaman bu
çağırışı səsləndirirdi- Azərbaycanı
təkcə müstəqil bir dövlət, zəngin təbii
sərvətlərə malik ölkə kimi yox, zəngin
tarixi, mədəniyyəti olan ölkə kimi
tanıtmalıyıq. Son 14 ildən artıq
dövr ərzində ulu öndər Heydər Əliyevin
siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyevin daim bildirir ki, tarixi paralellər fonunda Azərbaycanın
müstəqillik yolunda qazandığı uğurları
indiki və gələcək nəsillərə
çatırmalıyıq. Təbii ki, bu işdə mətbuatın
üzərinə böyük məsuliyyət
düşür.
Azərbaycanın 1991-ci il oktyabrın 18-də
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət
müstəqilliyini bərpa etməsindən bizləri
ayıran 26 il tariximizə biri-birindən əhəmiyyətli
uğurları yazıb. Müsəlman Şərqində
ilk demokratik respublika olmuş Cümhuriyyətin
bayrağını, himni və gerbini öz dövlət
atributları kimi qəbul etməsi və 28 May
gününün dövlət bayramı səviyyəsində
qeyd edilməsi Azərbaycanın 1918-ci ildə
imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki
xidmətlərinə dərin hörmət və ehtiramının
təzahürüdür. Dövlətimizin
başçısı İlham Əliyev 2018-ci ilin ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə
bir daha dövlətçiliyimizə, ənənələrimizə,
Azərbaycan xalqının müstəqilliyinə töhfə
verdi. Bu mühüm addımdan öncə ölkə
Prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
haqqında Sərəncam imzalamışdır. Sənəddə də bildirilirdi ki, Azərbaycan
Xalq Cümhuriyyəti təcavüzə məruz
qaldığı üçün qarşıya qoyduğu məqsədlərə
tam müvəffəq ola bilmədən süquta uğrasa da,
onun şüurlarda bərqərar etdiyi müstəqillik
ideyası unudulmadı. Azərbaycan xalqı ötən
dövr ərzində milli dövlətçilik
atributlarının bir çoxunu qoruyub saxlaya bildi.
Ümummilli lider Heydər Əliyevin respublikada uğurla
gerçəkləşdirdiyi siyasət xalqımızın
tarixi-mədəni yaddaşını özünə
qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq
məfkurəsi işığında müstəqillik
arzularının güclənməsi və yaxın gələcəkdə
yenidən həqiqətə çevrilməsinə zəmin
yaratdı.
Dövlətimizin başçısı
İlham Əliyev eyni zamanda Nazirlər Kabinetinin 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında bildirmişdir: “Bu il biz müstəqilliyimizin
yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl
müsəlman aləmində ilk dəfə olaraq demokratik
respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu
respublikanı Azərbaycan xalqı yaradıb və bir daha
bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan
xalqı böyük xalqdır, istedadlı xalqdır, azad
xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması və iki il ərzində fəaliyyəti
tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki,
hələ yüz il bundan əvvəl ən ülvi demokratik
dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində
onları təmin edib. Bugünkü Azərbaycan müstəqil
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz
Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə
sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz.
Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz
tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət
aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz
də olub və bizim tarixi şəhərimiz olan İrəvan
Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil
etməliyik. Bu müsbət və çətin məqamları
gizlətməməliyik. Amma bütün çətinliklərə
və əlbəttə ki, bizim üçün sağalmayan
yara olan İrəvanın Ermənistana verilməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini
Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.”
Azərbaycanın 26 illik müstəqillik
tarixini vərəqlədikcə hər günün tariximizə
uğur səhifəsi kimi yazıldığı diqqətdən
kənarda qalmır. 1993-cü ildə ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət
qayıdışı ölkəmizin müstəqillik tarixində
yeni mərhələnin əsasını qoydu.
Düşünülmüş və məqsədyönlü
siyasətin nəticəsində Azərbaycan 1991-1993-cü illərin
anarxiyasından, xaosundan, özbaşınalıqlarından
xilas oldu, sabitlik məkanına çevrildi. Zəngin təbii
resurslarımızdan səmərəli istifadə etmək məqsədilə
imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan
reft müqaviləsi Azərbaycanın iqtisadi
inkişafının, dünya iqtisadi sisteminə
inteqrasiyasının təməlini qoydu. Məhz
23 illik yoldan sonra, yəni “Əsrin müqaviləsi”nin
imzalandığı vaxtdan ötən 23 ildə qazanılan
uğurlar ötən il “Yeni əsrin müqaviəsi”nin
imzalanmasına yol açdı. Azərbaycan bu addımın
atılması ilə dünyada qazandığı etibarlı
tərəfdaş imicini daha da möhkəmləndirdi.
İqtisadi tərəqqini hər bir
inkişafın əsası kimi dəyərləndirən ulu
öndər Heydər Əliyevin müəllifi olduğu neft
strategiyası ölkəmizə yeni-yeni uğurlar
qazandırır. İqtisadi və siyasi islahatların vəhdətliyi
fonunda Azərbaycan biri-birindən önəmli uğurlara imza
atdı, beynəlxalq təşkilatlara üzv qəbul
olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında tribunalar qazandı.
Bugünkü uğurlarımız bir daha bu
reallığın təsdiqidir ki, möhkəm təməl
inkişaf üçün açardır. Ulu öndər
Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə
uğurla davam etdirən Prezident İlham Əliyev təkmil
islahatları ilə Azərbaycanın islahatçı,
yenilikçi ölkə kimi nüfuzunu daha da möhkəmləndirir.
Beynəlxalq maliyyə qurumlarının
hesabatlarında islahatçı ölkə kimi mövqeyini
daim qoruyan Azərbaycan inkişaf etmiş ölkələr
sırasında birgə addımlamaq istəyini məhz
bugünkü reallıqlara söykənərək ortaya qoydu.
Ənənəvi olaraq keçirilən Davos Dünya
İqtisadi Forumunun 48-ci toplantısında da Azərbaycanın
uğurları təqdir olundu.
Müstəqillik tariximizə
qısa nəzər salmaqda məqsədimiz budur ki, zəngin
dövlətçilik ənənələrinə, tarixə
malik olan xalqımız ən ümdə amal, arzu və niyyətlərini
gerçəkləşdirərək bütün sahələrdə
əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr
edə bilər. Dövlətimizin
başçısı İlham Əliyevin bildirdiyi kimi,
güclü, qüdrətli Azərbaycan hər birimizin
qürur mənbəyidir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız
tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində
diplomatik qələbəmizin, eyni zamanda güclənən
ordumuzun fonunda bu problemimiz də öz həllini tapacaq,
soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq,
müstəqilliyimiz, suvenerliyimiz daha da möhkəmlənəcək.
Azərbaycanın üçrəngli bayrağının Xankəndidə,
Şuşada dalğalanacağı gün uzaqda deyil. Cocuq Mərcanlıya
qayıdış bu inamın təsdiqidir.
Yeganə
Əliyeva
Iki sahil.- 2018.- 7 fevral.- S.4.