Müsəlman
Şərqinin ilk demokratik respublikasının parlamenti
Azərbaycan
Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətininyaratdığı
parlamentin indi də varisidir.
Varislik həmişə eyni zamanda
böyük məsuliyyət demək olubdur...
Heydər Əliyev
Azərbaycan
xalqının ümummilli lideri
Bu il Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
yaradılmasının 100 ili tamam olur. XX əsrin əvvəllərində
müsəlman Şərqində bir çox Avropa dövlətləri
üçün nümunə ola biləcək
parlamentin yaradılması böyük tarixi əhəmiyyət
daşıyan hadisə idi. Azərbaycan Xalq
Cümhuriyyəti kimi, onun parlamenti də özünəməxsus
tarixi yol keçib. Xalq Cümhuriyyəti
parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə
baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan
tarixində silinməz izlər qoyub. Azərbaycan
Xalq Cümhuriyyəti parlamenti bu gün xalqımızın
qürur mənbəyidir.
AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın
müxbir üzvü Musa Qasımlının Azərbaycan Xalq
Cümhuriyyəti parlamentinin tarixi və onun fəaliyyəti
barədə məqaləsini təqdim edir.
1918-ci il
noyabrın 20-də Azərbaycan Milli Şurasının
M.Ə.Rəsulzadənin sədrliyi və M.Ə.Sidqinin
katibliyi, Baş nazir F.Xoyski və digər nazirlərin
iştirakı ilə Bakıda keçirilən ikinci
iclasında “Müvəqqəti Azərbaycan Parlamanının
(Məclisi-Məbusan) təşkili haqqında qanun layihəsi”
geniş müzakirə edilib və müvafiq qanun qəbul
edilib. Qanuna görə, birpalatalı parlamentə
seçkilər gizli keçirilməli idi. Qanunun birinci maddəsində yazılırdı ki,
Azərbaycan parlemanı (Məclisi-Məbusan) 120 əzadan ibarətdir.
Qanunun preambulasında da qeyd olunduğu kimi, 1917-ci il
üçün Qafqaz təqviminin məlumatlarına görə,
Azərbaycan ərazisində (Bakı və Gəncə
quberniyaları, Zaqatala dairəsi, İrəvan və Tiflis
quberniyalarının bir hissəsi) 2.750.000 nəfər əhali
yaşayırdı. Onlardan 1.900.000 nəfərini
müsəlmanlar, 500.000 nəfərini ermənilər, 230.000
nəfərini ruslar təşkil edirdi. Hər nümayəndə
üçün 24.000 əhali nəzərə
alınardısa müsəlmanlardan 80, ermənilərdən
21 və ruslardan 10 nümayəndə seçilməli idi. Sayca azlıq təşkil etmələrinə
baxmayaraq, Azərbaycan ərazisində yaşayan alman, yəhudi,
gürcü və polyak əhalisinin də hərəsinə
1 nümayəndə seçmək hüququ verilirdi.
Bundan əlavə, qanunda Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinə Bakı Həmkarlar Təşkilatı
Şurası tərəfindən 3, Bakı Sovet Qurultayı və
Ticarət-Sənaye Cəmiyyəti tərəfindən isə
2 nümayəndənin göndərilməsi də nəzərdə
tutulurdu.
Qanunun
ikinci maddəsində Azərbaycan parlamentinin Azərbaycan Məclisi-Müəssisanı
çağırılana qədər fəaliyyət göstərəcəyi
qeyd edilir, onun formalaşma mənbələri və tərkibi
konkret olaraq aşağıdakı kimi göstərilirdi:
“Azərbaycan
parlemanı Azərbaycan Məclisi-Müəssisanı dəvət
oluncaya qədər aşağıdakı tərtiblə
intixab olunmuş əzadan təşəkkül edir:
a) Rusiya Məclisi-Müəssisanına
dörd müxtəlif siyasi firqə siyahıları mucibincə
Mavərayi-Qafqaz əhaliye islamiyyəsi tərəfindən
intixab olunub da sonra Mavərayi-Qafqaz “Seym”ində əza sifətilə
bulunmuş və bədə Azərbaycan Şurayi-Millisini təşkil
eyləmiş 44 zatdan;
b) Azərbaycan
bələdiyyələri müsəlman əzasilə əskidən
mövcud bulunan Milli Müsəlman komitələri əzası
tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq
zəvatdan;
p) Əqəliyyətdə
bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən
cəlb olunacaq zəvatdan;
t) Bakı Həmkarlar Şurası ilə Sovet siyezd, ticarət
və ərbabi sənaye ittifaqından cəlb olunacaq zəvatdan”.
Qanunun
üçüncü maddəsində parlamentdə 80 yer
ayrılmış türk-müsəlmanların, 21 yer
ayrılmış ermənilərin, 10 yer ayrılmış
rusların və hərəsinə 1 yer ayrılmış
alman, yəhudi, gürcü və polyakların mandat yerlərini
hansı mənbələr əsasında təşkil edəcəyi
qeyd olunmuşdu. Qanunda yazılırdı:
“Əsasən
mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə
cəlb olunacaq:
a)
Əhaliye islamiyyə tərəfindən: Bakı - 5;
Göyçay uyezdi - 2 (biri şəhər, biri uyezd); Cəvad
- 2 (biri şəhər, biri uyezd); Quba - 3 (biri şəhər,
ikisi uyezd); Lənkəran - 2 (biri şəhər, biri uyezd);
Şamaxı - 2; Gəncə - 3 (biri şəhər, ikisi
uyezd); Ərəş - 2; Cavanşir - 1; Zəngəzur - 2;
Qazax - 1; Cəbrayıl - 1; Nuxa - 2 (biri şəhər, biri
uyezd); Şuşa - 2 (biri şəhər, biri uyezd); Zaqatala -
2 (biri şəhər, biri mahal); İrəvan vilayətinin Azərbaycana
keçən hissəsi - 3; Tiflis vilayətinin Azərbaycana
keçən hissəsi - 1.
Qeyd: a)
Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi
müsəlman əzası tərəfindən seçiləcəkdir.
Digər şəhərlərdə dəxi
şəhər hissəsinə düşən nümayəndəyi
- ümumi intixabla seçilmiş müsəlman
qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri
tərəfindən intixab olunacaqdırlar.
b)
Seçkilər gizli olacaq;
p) Əqəliyyət
təşkil edən millətlərdən: erməni əhalisi
tərəfindən 21, 8-i Gəncə erməni əhali komitəsindən,
8-i Şuşa erməni əhali komitəsindən,
5-i də Bakı erməni əhali komitəsindən;
Rus əhalisindən
Bakıdakı rus milli şurasından - 10;
Alman əhalisi
təşkilati-milliyyəsindən - 1;
Yəhudi
şurayi milliyyəsindən - 1;
Gürcü
komitəsindən - 1;
Polyak komitəsindən - 1.
t) Bakı Həmkarlar Cəmiyyəti Şurasından –
3; Bakı Sovet siyezd və ticarət-sənaye cəmiyyətlərindən
müştərəkən - 2.
Qeyd: 1 - Bələdiyyəsi
və milli komitəsi olmayan qəzalar nümayəndələrini
köy obşestva nümayəndələrinin ictimaində təyin
edə bilərlər. Bir ictimai hər
obşestvadan birər nümayəndə göndərilmək
surətilə hasil olur.
Qeyd: 2 -
Əhvali fövqəladə məruz bulunan yerlərin
nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.
Qeyd: 3 -
Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən
44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa
bir səbəblə məclisdən çıxarsa, onun əvəzinə
mənsub bulunduğu siyahının mərtəbi bulunan firqəyi
müəssisani tərəfindən başqa birisi təyin
olunur.
Qeyd: 4 - Cəlb olunacaq şəxasın intixabati şəhərlərdə
bələdiyyə rəisləri, uyezdlərdə mirovoy
sudyalar və ya onların müavini və əqəliyyətə
mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs
və nəzarəti ilə icra olunur və intixab olunacaq zəvaətə
kəndi imzaları ilə keyfiyyət intixabi müvəzzəh
və müsəddiq etimadnamələr verilir”.
1918-ci il dekabrın 1-də Milli Şuranın növbəti
iclası keçirildi. Hökumət sədri
F.Xoyski qısa məruzə ilə çıxış etdi.
O, əyalətlərdə parlamentə seçkilər barədə
məlumat verərək bildirdi ki, demək olar, hər yerdən
seçilmiş nümayəndələrdə dekabrın 3-nə
gəlib çata bilərlər. Lakin bu gün
Məhəmməd peyğəmbərin vəfatı
gününə təsadüf etdiyi üçün Baş
nazir parlamentin ilk iclasının
açılışını dekabrın 7-nə keçirməyi
təklif etdi. Təklif qəbul olundu.
Azərbaycan
parlamentinin açılış mərasimi 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin
Tağıyevin Nikolayev küçəsində yerləşən
Qızlar Məktəbinin binasında oldu. Müsəlman Şərqi
tarixində ilk dəfə olaraq respublika parlamenti ¬¬– Azərbaycan
Xalq Cümhuriyyətinin ali qanunverici
orqanı öz işinə başladı. Bu, Azərbaycan
tarixində və bütün müsəlman dünyasında
çox böyük hadisə idi.
Parlamentin açılış mərasimi təntənəli
şəraitdə keçdi. Bakı şəhərində
bayram ab-havası hökm sürürdü. İnsanlar bir-birini təbrik edirdilər. Parlamentin binası xüsusi mühafizə altına
alınmışdı. Artıq saat 13-də
deputatlar öz yerlərində əyləşmişdilər.
Diplomatik dairələrin nümayəndələri
isə lojada yerləşdirilmişdilər.
Azərbaycan parlamentinin ilk iclası saat 13.25 dəqiqədə
Milli Şura sədri M.Ə.Rəsulzadənin nitqi ilə
öz işinə başladı. Parlamentin rəisi (sədri)
Əlimərdan bəy Topçubaşov, onun birinci müavini
isə Həsən bəy Ağayev seçildilər. Özünün iştirakı olmadan
Ə.Topçubaşovun parlamentin sədri seçilməsi
onun görkəmli hüquqşünas, siyasi xadim və vətənpərvər
ziyalı olması ilə bağlı idi. O, Birinci
Dövlət Dumasının, Bakıda Müsəlman Milli
Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin
üzvü olmuşdu. “Kaspi” qəzetinin
yaradıcılarından və redaktorlarından biri olmuş,
yüzlərlə məqaləsi dərc edilmişdi.
Bakı Dumasının üzvü, sonralar sədri olmuş,
Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının
– “İttifaqi-əl-Müslim”in yaradılması və fəaliyyətində
iştirak etmiş, onun proqram sənədlərini tərtib
etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I- IV
qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş,
“İttifaqi-əl-Müslimin” qurultaylar tərəfindən
seçilmiş MK-nın daimi bürosunun üzvü
olmuşdu. 1917-ci ilin martında Bakıda
İctimai təşkilatların Şurası və onun
İcraiyyə Komitəsinin tərkibinə daxil olmuş, sonra
isə sədri seçilmişdi. Həmin
ilin aprelində Bakıda Ümumqafqaz Müsəlmanlarının
Qurultayı Ə.Topçubaşovun sədrliyi altında
keçmişdi. Ona görə də
parlamentdə təmsil olunan bütün siyasi partiyalar
Ə.Topçubaşovun parlamentin sədri vəzifəsinə
seçilməsi təklifi müdafiə etdi və o,
özü iclasda iştirak etməsə də, yekdilliklə
parlamentin rəisi (sədri) seçildi.
Həsən bəy Ağayevin parlament sədrinin birinci
müavini vəzifəsinə namizədliyi irəli
sürüldü. O, görkəmli ictimai-siyasi xadim, publisist, həkim,
müəllim idi. Moskva Universitetinin tibb
fakültəsini bitirmişdi. Azərbaycanın
istiqlalı elan edilərkən Milli Şura sədrinin
müavini olmuşdu. Parlamentin
açılışına qədər Azərbaycan Dəmir
Yolu İdarəsinin baş həkimi vəzifəsində
çalışmışdı. O, bu vəzifəyə
seçildi. 1919-cu ilin dekabr ayında H.Ağayev
parlament sədrinin birinci müavini vəzifəsinə yenidən
seçildi. Lakin o, 1920-ci il
yanvarın 22-də istefa verdi. Fevralın 2-də
parlamentin 121-ci iclasında parlament sədrinin birinci müavini
vəzifəsinə Məmməd Yusif Cəfərov
seçildi. O, 1920-ci il aprelin 27-nə,
yəni, Cümhuriyyətin süqutuna qədər bu vəzifədə
qaldı.Azərbaycan parlamentinin ilk iclasında daha sonra
hökumət sədri F.Xoyskinin hökumətin fəaliyyəti
ilə bağlı geniş məruzəsi dinlənildi. F.Xoyski hökumətin çətin şəraitdə
fəaliyyət göstərməsinə baxmayaraq, üzərinə
düşən vəzifələrin öhdəsindən
layiqincə gəldiyini parlament üzvlərinin diqqətinə
çatdırdı, fəaliyyətində hansısa qüsur
olmuşdusa onlara görə üzr istədi və kabinəsinin
parlamentə istinadən, onun dəstəyi ilə
formalaşmalı olduğunu diqqətə çatdıraraq
başçılıq etdiyi hökumətin istefasını
parlamentə təqdim etdi. Parlament
F.Xoyskinin istefasını qəbul etdi. Qəbul
olunan qərara görə yeni hökumətin təşkilinə
qədər köhnə kabinənin fəaliyyətini davam
etdirməsi və yeni hökumətin təşkili yenidən
F.Xoyskiyə tapşırıldı. Dekabrın
26-da F.Xoyski hökumət proqramı və yeni hökumətin
tərkibi barədə parlamentdə məruzə ilə
çıxış etdi. Geniş
müzakirələrdən sonra parlament F.Xoyski hökumətinin
proqramını bəyəndi və yeni hökumətə
etimad göstərdi.
Qeyd etmək
lazımdır ki, parlament haqqında qanunda erməni nümayəndələri
üçün 21 yer, rus nümayəndələri
üçün isə 10 yer, həmkarlar ittifaqı nümayəndələri
üçün 3 yer ayrılmasına baxmayaraq, onlar Azərbaycan
parlamentinin ilk iclasının açılışında
iştirak etmədilər.
Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə
tutulmuşdusa da, müxtəlif səbəblərdən
heç vaxt parlamentdə bu sayda deputat olmamışdı. 1919-cu ilin əvvəllərində
Azərbaycan parlamentinin cəmi 79 üzvü var idi.
Müsavat fraksiyasını 23, bitərəfləri 15,
İttihadı 11, Əhrarı 9, Hümməti 5, Müsəlman
sosialistlər blokunu 5, milli azlıqları 4, Rus-Slavyan Cəmiyyətini
3, erməni fraksiyasını 4 deputat təmsil edirdi.1919-cu ilin
sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya
fraksiyası və qrupunu artıq 96 deputat təmsil edirdi.
Parlamentdəki siyasi partiyalar və qrupların qüvvələr
nisbəti aşağıdakı kimi idi: Müsavat və bitərəflər
fraksiyası - 39 nəfər, İttihad - 13 nəfər,
Əhrar - 6 nəfər, Müsəlman sosialistlər bloku - 13
nəfər, bitərəflər - 4 nəfər, müstəqillər
- 3 nəfər, erməni fraksiyası - 5 nəfər,
Daşnaksütyun fraksiyası - 6 nəfər, azlıqda qalan
millətlər fraksiyası - 4 nəfər. Sonradan Azərbaycan
parlamentinin üzvlərinin sayında yenə də dəyişikliklər
baş verdi və üzvlərinin sayı
109-a çatdı.Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin açılışı ölkədə yeni bir
ab-hava yaratdı. Həmin gün, 1918-ci il
dekabrın 7-də parlamentin ilk iclasında siyasi amnistiya
haqqında qanun qəbul edildi. Amnistiya
keçirmək məqsədilə layihə hazırlamaq
üçün Əfvi-ümumi komissiyası
yaradıldı. Komissiya dekabrın 11, 13, 17 və 25-də
keçirdiyi iclaslarında “Azərbaycan Cümhuriyyəti
parlamentinin açılışı münasibətilə
siyasi amnistiya haqqında” qanun layihəsini hazırlayaraq
parlamentin 1919-cu il yanvarın 8-də
keçirilən 7-ci iclasının müzakirəsinə
verdi. Qanuna görə, 1918-ci il dekabrın
7-nə qədər həbs edilmiş və ölkədə
qüvvədə olan keçmiş Rusiya qanunlarının həm
cinayət, həm də mülki məcəllələrinin
bir sıra maddələri ilə təqsirli bilinən şəxslər
bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş
və icraatda olan məhkəmə işlərinə də
xitam verilirdi.Azərbaycan parlamentinin 1919-cu il fevralın 18-də
keçirilən on beşinci iclasında qəbul etdiyi qanuna əsasən
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Mühafizə Dəstəsi
yaradıldı. İclasda büdcə-maliyyə
komissiyasının sədri Abuzər bəy Rzayev parlamentin
mühafizəsi haqqında qanun layihəsini müzakirəyə
çıxardı və həmin layihə əsasında
qanun qəbul edildi. Qanuna əsasən parlamentin
mühafizəsi üçün 8-i baş əsgər, 192-si
əsgər olmaqla 200 nəfərlik dəstə
yaradılmalı, onun şəxsi heyəti parlamentin Rəyasət
Heyəti tərəfindən formalaşdırılmalı və
bilavasitə Rəyasət Heyətinə tabe edilməli, dəstənin
saxlanılması üçün dövlət xəzinəsindən
iki milyon iki yüz min manat vəsait ayrılmalı idi.Azərbaycan
parlamentində 11 komissiya fəaliyyət göstərirdi. Onlar
aşağıdakılar idi: maliyyə-büdcə,
qanunvericilik təklifləri, mandat, hərbi, aqrar məsələlər,
sorğular, təsərrüfat-sərəncamverici, ölkənin
istehsal qüvvələrindən istifadə üzərində
nəzarət, redaksiya, fəhlə məsələləri və
Müəssislər Məclisinə seçkilər üzrə
mərkəzi komissiya.
Azərbaycan
Xalq Cümhuriyyəti parlamentinin açılış
iclası 1918-ci il dekabrın 7-də, son
iclası isə 1920-ci il aprelin 27-də olmuşdur. Fəaliyyət göstərdiyi 16 ay 20 gün və
ya 506 gün ərzində Azərbaycan parlamentinin 145 iclası
çağırılmışdı. Yetərsay
(kvorum) olmadığı üçün bu iclaslardan 15-ni
keçirmək mümkün olmamışdı.Azərbaycan
parlamentinin iclaslarının keçirilməsi
üçün yetərsaya ciddi şəkildə riayət
edilirdi. İlk dəfə olaraq 1919-cu il
yanvarın 16-da parlamentin 8-ci iclasında yetərsay məsələsi
müzakirəyə çıxarıldı və kvorum təyin
olunması məsələsi H.Ağayev tərəfindən
gündəliyə gətirildi. Kvorum
seçilmiş deputatların yarısı, yəni, 41 nəfər
müəyyənləşdirildi. Sonrakı dövrlərdə
parlamentin 1919-cu il 10 aprel, 12 iyun, 23 iyul, 4
avqust və s. tarixli iclasları, ümumilikdə, 15 iclası
kvorum olmadıqlarına görə keçirilmədi, lakin
onların protokolları tərtib edildi.Azərbaycan parlamentinin
145 iclasından yerdə qalan 130 iclasının ikisi – 28 may və
15 sentyabr 1919-cu il tarixli iclasları Azərbaycanın
istiqlalının və Bakının azad edilməsinin birinci
ildönümləri münasibətilə; dördü təntənəli
– 12 mart 1919-cu il və 12 mart 1920-ci il tarixli iclaslar
Böyük rus inqilabının 2-ci və 3-cü
ildönümləri münasibətilə; ikisi – 27 iyun 1919-cu
il Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq
haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci
il Paris sülh konfransı iştirakçısı olan
dövlətlər tərəfindən Azərbaycanın
müstəqilliyinin de-fakto tanınması münasibətilə;
ikisi isə fövqəladə iclas olaraq – 1918-ci il dekabrın
20-də Ermənistanın Gürcüstana müharibə elan
etməsi və 1920-ci il martın 17-də Gürcüstan və
Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq
haqqında müqavilələrin təsdiqi münasibətilə
keçirilib.Digər 122 iclas isə işgüzar iclas olub. Həmin iclaslarda ölkənin daxili və xarici siyasəti,
sosial siyasət, aqrar siyasət, iqtisadiyyat və maliyyə məsələləri,
qanunvericilik aktlarının müzakirəsi və qəbulu,
ordu, mədəni quruculuq və digər məsələlər
müzakirə olunmuş, müvafiq qərar və qanunlar qəbul
edilib.
İclasların gündəliyinə 270-dən çox
qanun layihəsi çıxarılıb, onlardan təxminən
230-u qəbul edilib. Digərləri isə bir sıra düzəlişlər
və əlavələr edilmək üçün təkrarən
komissiyalara göndərilib və onların müzakirəsi
komissiyalarda aparılıb.Azərbaycan parlamentində
müzakirə olunan qanunların demək olar ki, heç biri
ilk oxunuşda qəbul olunmayıb, müzakirələrdə
səsləndirilən fikirlər, ortaya qoyulan dəlillər hər
zaman nəzərə alınıb, redaktələr və
düzəlişlər edilməsi üçün
komissiyalara göndərilib və elə buna görə də
qanunlar bir qayda olaraq yalnız üçüncü
oxunuşdan sonra qəbul edilib.Azərbaycan parlamenti fəaliyyətə
başladıqdan az sonra parlament nizamnaməsini hazırlayan
komissiya yaradıldı. Nizamnamə layihəsi 1919-cu il martın 6-da parlamentin 20-ci iclasında
müzakirəyə təqdim olundu. Nizamnamə 8 fəsil
(parlamentin açılışı və onun üzvlərinin
səlahiyyətlərinin yoxlanılması; vəzifəli
şəxslərin parlament tərəfindən seçilməsi;
parlamentin komissiyaları; işlərin parlamentdə icrası
qaydaları; parlamentin ümumi iclasının aparılması
qaydaları; parlament üzvlərinin şəxsi vəziyyəti;
parlamentin Rəyasət Heyəti; parlamentin nizamnaməsinə
yenidən baxılması qaydaları) və 200 maddədən
ibarət idi. Nizamnamə layihəsi parlamentin həmin
iclasında, davamı isə 10 mart tarixli iclasında fəsil-fəsil
oxunub müzakirə olundu, əlavə və dəyişikliklərlə
qəbul edildi. Nizamnamə sonuncu –
üçüncü oxunuşda parlamentin martın 17-də
keçirilən iclasında müzakirə olunmadan qəbul
edildi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti
1920-ci il aprelin 27-də keçirilən
son fövqəladə iclasına qədər bu nizamnamə əsasında
fəaliyyət göstərdi.Azərbaycan parlamenti və
hökumətinin diqqət yetirdiyi sahələrdən biri dil
siyasəti olmuşdur. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman
türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Azərbaycan dilinin dövlət dili kimi işlənməsi
təcrübəsi geniş şəkildə Azərbaycan
parlamentinin dilində də öz əksini tapmışdı.
Dövlət idarələrində müəyyən
müddət ərzində rus dilinin işlənməsinə
icazə verilməsi parlamentə aid deyildi. Ona görə, parlamentdə dillərin işlənməsi
məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin,
parlament üzvlərinin öhdəsinə
buraxılmışdı. Parlamentin istifadə
etdiyi dil dövlət dili statusuna malik Azərbaycan dili idi.
Nizamnaməyə əsasən parlamentin
iclasları ilk gündən məcburi surətdə yalnız
Azərbaycan dilində aparılırdı. Qeyri-yerli parlament nümayəndələri
çıxışların rus dilində olmasını təklif
etdikdə, iclaslardan birində bu məsələ ayrıca
müzakirə olunur və bu xüsusda qərar qəbul
edilirdi. Başqa millətlərin nümayəndələrinə
və xarici qonaqlara rus dilində danışmaq hüququ
verilirdi.
Azərbaycanlı deputatlar isə yalnız Azərbaycan
dilində çıxış etməli idilər. Azərbaycan
parlamentinin bütün fəaliyyəti dövründə bu
prinsipə bir qayda olaraq hər zaman əməl edilib, lakin cəmi
iki dəfə bu prinsip pozulub, azərbaycanlı millət vəkilinə
rus dilində çıxış etmək üçün
icazə verilib. Birinci dəfə, 1919-cu il
fevralın 25-də Azərbaycan parlamentinin on altıncı
iclasında hərbi nazir Səməd ağa Mehmandarovun şəxsi
xahişi ilə parlament onun rus dilində
çıxış etməsinə razılıq verdi.
S.Mehmandarovun bu nitqi Azərbaycan dilinə tərcümə
edilərək 1919-cu il martın 7-də
“Azərbaycan” qəzetində dərc edildi. İkinci dəfə
isə 1919-cu il iyulun 7-8-də Qara bəy Qarabəyov və
Şəfi bəy Rüstəmbəyli Şuşa qəzasının
Qaybalı kəndində həmin il iyunun 4-də baş
vermiş hadisələrlə bağlı erməni
deputatları İ.Xocayan və P.Çubaryan ilə bir-birlərinin
məruzələrini başa düşmək məqsədilə
parlamentin icazəsi ilə rus dilində məruzə etdilər.
Azərbaycan parlamentinin iclas protokolları bir qayda olaraq
iki dildə - Azərbaycan və rus dillərində rəsmiləşdirilirdi. Azərbaycan
dilində olan protokollarda rus dilində danışan natiqin
çıxışları bəzən tərcümə
edilərək Azərbaycan dilində verilir, bəzən isə
onun adının qarşısında mötərizədə
yalnız “rusca” sözü yazılırdı. Rus dilində olan protokollarda isə əksinə Azərbaycan
dilində çıxış edən natiqin adının
qarşısında mötərizədə “türkcə”
sözü yazılırdı. Dövlət dilində
olmayan sənədlərin üstündə parlamentin sədr
müavini Həsən bəy Ağayev, adətən, belə
bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə
lisanda olmadığı üçün əncamsız
qalır”.
Azərbaycan parlamenti xalqa açıq formada fəaliyyət
göstərirdi. Bütün mətbuat nümayəndələri
parlamentin iclaslarında iştirak edə və onların
gedişini işıqlandıra bilərdilər. Bundan
başqa, Azərbaycan parlamentində irəli sürülən
qanun layihələri, onların müzakirələri, səsləndirilən
fikir, təklif, qeyd və iradlar, yekunda qəbul edilən
qanunlar və s., bir sözlə, parlamentdə aparılan
bütün müzakirələrin hamısı Azərbaycan və
rus dillərində nəşr olunan “Azərbaycan” qəzetinin
növbəti sayında dərc edilirdi.
Hökumət üzvləri, eyni zamanda, parlamentin üzvləri
idilər. Parlament üzvlərindən formalaşan hökumət
yalnız parlament tərəfindən təsdiq edilir, parlamentə
hesabat verir, parlament qarşısında məsuliyyət
daşıyırdı. Parlamentin dəstəyini ala bilməyən
bir kabinənin hökumət kimi fəaliyyət göstərməsi
mümkün deyildi.Azərbaycan Xalq Cümhuriyyəti parlamenti
mövcudluğu dövründə başlıca diqqətini və
fəaliyyətini ölkənin suverenliyinin qorunmasına,
sosial-iqtisadi və maliyyə problemlərinin həllinə,
siyasi və ərazi toxunulmazlığını təmin etməyə,
vətəndaşların hüquqlarını qorumağa,
dövlətin demokratik və hüquqi əsaslarını
möhkəmləndirməyə, müstəqil dövlətin
dünya birliyi tərəfindən tanınması
üçün lazımi şərait yaratmağa, onun xarici
ölkələr, ilk növbədə isə yaxın
qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələrini
qurmağa yönəltmişdi.Azərbaycan parlamentinin qəbul
etdiyi qanun və qərarların hamısı müstəqil
dövlətin ilk qanunvericilik aktları olduğundan çox
böyük əhəmiyyət daşıyır. Parlamentin
fəaliyyəti zamanı ən çox diqqət yetirdiyi
mühüm məsələlərdən biri Azərbaycanda
ordu quruculuğu olmuşdur. Parlament üzvləri başa
düşürdülər ki, ölkənin siyasi və ərazi
müstəqilliyini qoruyub saxlamaq üçün güclü
ordu lazımdır. Ona görə də Azərbaycan Xalq
Cümhuriyyəti parlamentində demək olar ki, mübahisəsiz
və ümumi razılıq əsasında yalnız ordu
quruculuğuna aid qanunların müzakirəsi keçir və
qəbul olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
ilə yanaşı, Azərbaycan parlamentinin fəaliyyətində
də ölkədə xalq maarifinin inkişafı məsələlərinə
xüsusi yer verilirdi. Tədris və
teatr-tamaşa müəssisələrinin milliləşdirilməsi,
yeni tədris müəssisələrinin açılması,
orada dərs verən müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması məsələsi daim Azərbaycan
Xalq Cümhuriyyəti parlamentinin diqqət mərkəzində
olub. Xüsusilə Bakı Dövlət
Universitetinin açılıb-açılmaması məsələsi
demək olar ki, bir neçə ay müddətində Azərbaycan
parlamentinin iclaslarında qızğın müzakirələrə
səbəb olmuş və dəfələrlə bu haqda
böyük mübahisələr getmişdi. Buna da səbəb
universitetdə dərs vermək üçün yüksək
ixtisaslı milli kadrların olmaması səbəbindən
universitetin rus dilində açılmasının nəzərdə
tutulması idi. Bu işə xüsusilə İttihad,
Əhrar partiyalarından olan nümayəndələr ciddi
müqavimət göstərirdilər. Onlar Universitetin rus
dilində açılmasını Azərbaycanda
ruslaşdırma siyasətinin davam etdirilməsi kimi başa
düşürdülər. Müsavat, Sosialistlər
fraksiyasından olan deputatlar isə universitetin rus dilində
açılmasının heç bir təhlükə
törətmədiyini qeyd edərək
vurğulayırdılar ki, universitetə daha çox azərbaycanlı
tələbələr cəlb olunmalı, onlar tərbiyə
edilib milli kadrlar yetişdirildikdən sonra tədrisin tədricən
azərbaycanlaşdırılması prosesinə keçilməlidir.
Qızğın müzakirələrdən sonra parlament
1919-cu il sentyabrın 1-də keçirilmiş 70-ci
iclasında Bakı Dövlət Universitetinin təsisi
haqqında qanun qəbul etdi. Azərbaycanda elm və
təhsilin inkişafı, milli kadrların yetişdirilməsi
üçün xarici ölkələrin müxtəlif ali məktəblərində
təhsil almaq üçün azərbaycanlı tələbələrin
xaricə göndərilməsi sahəsində də Azərbaycan
Xalq Cümhuriyyəti parlamenti və hökuməti tarixi əhəmiyyət daşıyan işlər gördü. Azərbaycan
hökuməti tərəfindən 100 nəfər azərbaycanlı
gənci ali məktəblərdə təhsil almaq
üçün dövlət hesabına xarici ölkələrə
göndərmək haqqında hazırlanmış qanun layihəsi
parlamentdə geniş müzakirə edilərək qəbul
olundu. Seçilmiş yüz nəfər daha çox
ümidverici gəncdən 45 nəfəri Fransa, 23 nəfəri
İtaliya, 10 nəfəri İngiltərə, 9 nəfəri
isə Türkiyənin müxtəlif ali məktəblərinə
göndərildi. Rusiyada təhsil almaq üçün
göndərilməsi nəzərdə tutulan 13 nəfər gənc
Rusiyada vətəndaş müharibəsinin davam etməsi ilə
əlaqədar olaraq oraya gedə bilmədi. Bu addımlar Azərbaycan
parlamentinin ölkədə təhsilin inkişafına
xüsusi əhəmiyyət verdiyini göstərirdi.
Azərbaycan parlamenti və hökumətinin
qarşısında duran mühüm vəzifələrdən
biri dövlətin müstəqilliyinin beynəlxalq aləmdə
tanınmasına nail olmaqdan ibarət idi.
Azərbaycan Xalq Cümhuriyyəti və onun
parlamentinin Azərbaycan xalqının dövlətçilik,
parlamentarizm və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir.
Cümhuriyyət liderlərinin ölkənin gələcək
taleyi və dövlət quruluşunu parlamentli respublikada
görmələri və hələ milli istiqlal mübarizəsinin
aparıldığı zamanlardan başlayaraq bu ideya ilə
bağlı prinsipial mövqe ortaya qoyub bu istiqamətində
ardıcıl mübarizə aparmaları və həmin ideyaya
sonadək sadiq qalmaları, xalqa xidmət etmək və millətin
imzasını təsdiq etmək amalında olmaları nəticəsində
nail olundu.
1918-1920-ci illərdə fəaliyyət
göstərən Azərbaycan Xalq Cümhuriyyəti parlamenti
həm qanunvericilik, həm demokratiya və həm də milli
dövlətçilik sahəsində bir çox ilklərə
imza atmaqla nəinki XX əsrin əvvəllərində, hətta
indinin özündə belə bir çox Avropa dövlətləri
üçün nümunə ola biləcək bir parlament
yaratdı. Bu, böyük tarixi əhəmiyyət
daşıyan hadisə idi. Ona görə də Xalq
Cümhuriyyəti parlamenti Azərbaycan xalqının qürur
mənbəyinə çevrilib.
İki
sahil.- 2018.- 14 fevral.- S.14.