Sosial siyasətin
mərkəzində “insan
ali dəyərdir”
prinsipi dayanır
Prezident
İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin
davamlı inkişafı
təmin edilib, iqtisadiyyatda
qeyri-neft sektorunun çəkisi ciddi şəkildə artıb.
İqtisadiyyatın modernləşdirilməsi,
qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması
nəticəsində yeni
iş yerləri açılıb, əhalinin
həyat səviyyəsi
yüksəlib, məşğulluğu
artıb, yoxsulluq azalıb.
Ölkəmizin ardıcıl və
dinamik inkişafı,
rəqabətə davamlı
iqtisadiyyatı təmin
edən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
ciddi təhlil edilib və Azərbaycan “Yüksək
insan inkişafı” ölkələri kateqoriyasına
daxil olub.
Ölkəmizdə yoxsulluqla mübarizə
sahəsində kompleks
tədbirlərin həyata
keçirilməsi məqsədilə
“2003-2005-ci illər üçün
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və
davamlı inkişaf Dövlət Proqramı” uğurla
icra olunub. İqtisadiyyatın şaxələndirilməsi
və qeyri-neft sektorunun inkişafını
sürətləndirmək məqsədilə dövlət
başçısının imzaladığı fərman
və sərəncamlar,
təsdiq etdiyi inkişaf proqramları makroiqtisadi sabitliyin təmin olunmasında, ölkə iqtisadiyyatının
neft gəlirlərindən
asılılığının minimuma endirilməsində
mühüm rol oynayıb. 2004-cü ildə təsdiq edilən “Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı”
ölkəmizdə qaçqın
və məcburi köçkünlərə dövlət
qayğısının növbəti
təzahürü idi.
Proqram nəticəsində 2004-cü ildən
başlayaraq qaçqın
və məcburi köçkünlər üçün
respublikamızın müxtəlif
bölgələrində yeni
yaşayış qəsəbələrinin
inşası prosesinə
start verildi. Sonrakı illərdə
proqrama əlavələr
edildi və buna müvafiq olaraq qaçqınların
və məcburi köçkünlərin sosial
durumunun, yaşayış
şəraitinin daha
da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirildi.
Bununla yanaşı, dövlət
başçısının sosialyönümlü siyasəti
ölkəmizdə sosial
proqramların da uğurla
davam etdirilməsinə,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində irəliyə
doğru yeni mühüm addımların
atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək
və əhalinin sosial müdafiə sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün
mütərəqqi islahatlar
davam etdirilib.
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının
dördüncü ilinin
yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev bildirib ki, son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib: “Keçən ilin iqtisadi göstəriciləri
göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. İqtisadiyyatın
qeyri-neft sektoru 2,7 faiz, sənayedə
qeyri-neft sektoru 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz,
valyuta ehtiyatlarımız
4,5 milyard dollar artmışdır.
Bu ilin yanvar
ayının nəticələri
də mənə məruzə edildi. Bu barədə də
demək istəyirəm.
Bu göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il
sürətli inkişaf
ili olacaqdır. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız
təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5
faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri
inflyasiyanı iki dəfə üstələyir.
Bu ilin yanvar
ayında bizim valyuta ehtiyatlarımız
2 milyard dollar artıb
və bu gün valyuta ehtiyatlarımız 44 milyard
dollar səviyyəsindədir. Bu, hələ ilin
əvvəlidir. Mən
əminəm ki,
2018-ci il sürətli inkişaf ili olacaq və
ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye
sahəsində indi həyata keçirilən
layihələr tezliklə,
bir-iki il ərzində öz bəhrəsini verəcəkdir”.
Ölkə başçısı çox
haqlı olaraq qeyd edib ki,
sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə
yaşanan böhranlı
vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə
təhlükəsizlik, əmin-amanlıq,
sabitlik şəraitində
öz yolu ilə uğurla gedir. Bu gün
inkişaf parametrlərinə
və vətəndaş
həmrəyliyinə görə
Azərbaycan dünyada
nümunəvi ölkələrdən
biridir.
Prezident İlham Əliyevin
rəhbərliyi ilə
həyata keçirilən
islahatların strateji hədəfləri sırasında
qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın
rəqabət qabiliyyətinin
yüksəldilməsi, regionların
davamlı və tarazlı inkişafının
təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin
prioritetliyinin qorunub saxlanılması təsadüfi
deyil. Çünki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə
vətəndaşların yüksək
rifah halının təmini istiqamətində
həyata keçirilən
ardıcıl tədbirlər
Azərbaycanın milli
inkişaf modelinin sosialyönümlü səciyyə
daşıdığını tam təsdiqləyib. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə
salınması məqsədilə
reallaşdırılan islahatlar
yoxsulluğun səviyyəsinin
azaldılmasına, əmək
qabiliyyətli əhalinin
iqtisadi fəallığının
yüksəlməsinə, eləcə
də ölkənin məşğulluq strategiyasının
səmərəliliyinə imkan verib.
Son illər respublikada
sosialyönümlü siyasətin
bütün mahiyyəti
üzrə gerçəkləşdirilməsinə
şərait yaradan, bu sahədəki ənənəvi yanaşma
və metodları daha da təkmilləşdirən
mükəmməl qanunvericilik
sisteminin yaradılması,
mühüm fərman
və sərəncamların
imzalanması, habelə
mövcud beynəlxalq
konvensiyaların ratifikasiyası
da mühüm önəm
daşıyıb. Bu baxımdan
dövlət başçımızın
dediyi kimi, ötən illər ərzində Azərbaycan
xalqının həyat
səviyyəsinin yaxşılaşdırılması
istiqamətində əməli-praktiki
addımlar atılıb.
Çünki dövlət siyasətinin
təməlində Azərbaycan
vətəndaşının maraqları dayanır.
Eyni zamanda, əsas strateji məqsəd, hədəf ölkəmizi
daha da gücləndirməkdir,
Azərbaycan dövlətinin
qüdrətini artırmaqdır,
müstəqilliyimizi möhkəmləndirməkdir.
Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ötən dövrdə milli iqtisadiyyatını 3,4 dəfə, o cümlədən
uğurlu iqtisadi şaxələndirmə nəticəsində
qeyri-neft sektorunu 2,6 dəfə artırıb.
Mühüm sosial uğurlar olaraq, ölkədə 1,6 milyondan
çox yeni iş yerinin yaradılması, əhalinin
gəlirlərinin 5,2 dəfə,
minimum əmək haqqının
3,5 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə
yaxın, pensiyaların
10,3 dəfədən və
sosial müavinətlərin
3 dəfədən çox
artırılması, ölkə
əhalisinin 26 faizə
qədərinin sosial təminat sistemi ilə əhatə olunması, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi təmin edilib.
Dövlət başçısının rəhbərliyi
ilə sosial müdafiə sistemində
əhatəliliyin artırılması,
səmərəliliyin yüksəldilməsi,
şəffaflığın tam təmin olunması yönündə məqsədyönlü
islahatlar aparılıb. Milli
əmək və sosial müdafiə sisteminin dünyada nümunəvi təcrübələr
kimi qəbul olunan avtomatlaşdırılmış
müasir infrastruktur yaradılıb. Bütövlükdə,
dayanıqlı iqtisadi
inkişaf təmin edilib, etibarlı sosial müdafiə sistemi formalaşdırılıb.
Ölkəmizdə
neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata
keçirilməsi müstəsna
rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş
yerləri yaradılır.
Son illərdə Azərbaycanda 1 milyon 300 minə yaxın yeni iş yeri
yaradılmışdır. Onlardan 1,2 milyonu daimi iş yeridir.
İşsizliklə bağlı
aparılan tədbirlər
nəticəsində bu
göstərici 5 faizdən
aşağı enmiş,
yoxsulluq isə 5 faiz səviyyəsindədir.
Dünyanın aparıcı
kredit reytinq agentlikləri, o cümlədən
Davos İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb.
Ölkə başçısının
vurğuladığı kimi,
aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan
vətəndaşlarının maddi rifah halının
yüksəldilməsinə yönəldilib. Yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu şaxələndirilməsi, enerji
gəlirlərindən səmərəli
istifadə olunması,
sahibkarlığın inkişafı
üçün əlverişli
şərait yaradılması,
regionların inkişafına
xidmət edən Dövlət proqramlarının
uğurla reallaşdırılması
və bu qəbildən olan digər addımlar sayəsində mümkün
olub.
Zahid Rza
İki
sahıl.- 2018.-15 fevral.- S.18.