Azərbaycanın
inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə
daha da sürətlənəcək
Sahibkarlar əmindirlər ki, Azərbaycanın
inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə
daha da sürətlənəcək. Buna görə də Azərbaycan
sahibkarları prezident seçkilərində dövlətimizin
başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri
fevralın 14-də Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev
“Regionların inkişafında sahibkarlığın rolu”
mövzusunda keçirilən konfransda deyib.
İki yüzdən çox
sahibkarın iştirak etdiyi konfransda konfederasiyanın prezidenti
bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının
potensialının daha da yüksəlməsinə
şərait yaradıb, Azərbaycanda dayanıqlı və
sabit iqtisadi sistem formalaşıb. Ölkədə
sahibkarlığın inkişafı istiqamətində
reallaşdırılan kompleks və sistemli tədbirlər, bu
sahəyə dövlət dəstəyinin gücləndirilməsi
özəl bölmənin inkişafını sürətləndirib,
iri şəhərlərlə yanaşı, regionlarda da
sahibkarlığın inkişafına əlverişli şərait
yaradıb. Bütün bunların nəticəsində
sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə
çevrilib.Məmməd Musayev deyib ki, regionların sosial-iqtisadi
inkişafı dövlət proqramları çərçivəsində
görülən işlər bölgələrdə iqtisadi
potensialın artmasında, infrastruktur təminatının,
biznes mühitinin yaxşılaşmasında və əhalinin
rifahının yüksəlməsində mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan, regionların iqtisadi
potensialından istifadənin səmərəliliyinin
artırılmasında, qeyri-neft sektorunun inkişafının
sürətləndirilməsində, məşğulluğun
təmin edilməsində sahibkarlığın rolu
böyükdür və özəl bölmənin iqtisadi
inkişafda önəmi artır.
“Dövlətimizin
başçısının siyasətinə həmişə
sadiq olan və cəmiyyətin fəal hissəsini təşkil
edən sahibkarlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə inkişafın Azərbaycan modeli yeni mərhələdə
də keyfiyyətcə öz nailiyyətləri ilə
davamlı inkişafın istinadına çevriləcək. Bütün
bunları nəzərə alaraq, çoxminlik Azərbaycan
sahibkarları adından cari il aprelin 11-də keçiriləcək
prezident seçkilərində İlham Əliyevin namizədliyini
yekdilliklə dəstəkləyəcəyimizi bildirirəm”,
- deyə M.Musayev vurğulayıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə
qeyd edib ki, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi
inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi
müəyyən olunub. Dövlətimizin
başçısının həyata keçirdiyi
sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq
mühitinin davamlı şəkildə
yaxşılaşdırılması, regionlarda infrastrukturun
müasirləşdirilməsi, sahibkarlığın maliyyə
təminatının artırılması, dövlət-özəl
sektor münasibətlərinin inkişafı nəticəsində
Azərbaycan iqtisadiyyatında regionların xüsusi
çəkisi artmaqda davam edir.
Komitə sədri diqqətə
çatdırıb ki, hər il Azərbaycanın
iqtisadiyyatı daha da möhkəmlənir, iqtisadiyyatda keyfiyyət
dəyişiklikləri baş verir, ölkədə vətəndaş
həmrəyliyi güclənir. Bütün bunlar Azərbaycan
Prezidentinin apardığı düşünülmüş
siyasətin hesabına formalaşıb.
Xalqın qarşıdakı
seçkilərdə düzgün mövqe tutacağına əminliyini
ifadə edən Z.Səmədzadə hər bir şəxsi Azərbaycanın
gələcəyi, onun qüdrətinin artması, beynəlxalq
arenada nüfuzunun daha da möhkəmlənməsinə səs
verməyə çağırıb.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin
başçısı İlham Əliyevin
sahibkarlığın inkişafına böyük önəm
verdiyini, ölkənin sosial-iqtisadi tərəqqisində
sahibkarların rolunu vurğulayıb. Bildirib ki, yeni
iş yerlərinin yaradılmasında, işsizliyin və
yoxsulluğun səviyyəsinin azaldılmasında özəl
bölmənin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu baxımdan, işçilərin sosial-iqtisadi
hüquqlarının müdafiəsində həmkarlar təşkilatları
ilə yanaşı, sahibkarlar da maraqlı olmalıdırlar.“Azərbaycan
xalqının sosial-iqtisadi həyatındakı uğurlar
dövlətimizin başçısının
apardığı siyasətin, həyata keçirdiyi
strategiyanın nəticəsidir. Xalqımızın
xoşbəxt, firavan gələcəyini görmək istəyiriksə,
prezident seçkilərində dövlətimizin
başçısı İlham Əliyevin namizədliyini dəstəkləməliyik”,
- deyə Səttar Möhbalıyev qeyd edib.Auditorlar
Palatasının sədri Vahid Novruzov bildirib ki, Prezident
İlham Əliyevin regionların inkişafına göstərdiyi xüsusi diqqət bu gün öz
bəhrəsini verməkdir. Ölkə iqtisadiyyatının,
qeyri-neft sektorunun inkişafı sahibkarlığın
inkişafından asılıdır. Ölkədə
sahibkarların fəaliyyətinə dəstək olan bir
çox layihələr həyata keçirilir, subsidiyalar
verilir, vergi yükünün azaldılması istiqamətində
mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan
Respublikası Prezidentinin həqiqətən də
sahibkarların dostu olduğunu göstərir. Bu səbəbdən
aprelin 11-də dövlətimizin başçısı
İlham Əliyevə səs verib Azərbaycanın uğurlu
gələcəyi üçün çalışmağa
davam edəcəyik.
Azərbaycan Banklar Assosiasiyasının
prezidenti Zakir Nuriyev ölkə rəhbərliyinin bank
sektorundakı siyasətinə toxunub. O deyib ki, 14 ildə Azərbaycanda
bank aktivlərinin ümumi həcmi 27 dəfəyə
yaxın artıb. Həmin dövrdə kredit portfelinin
həcmi 19 dəfə, bank sektorunun depozit bazası 28 dəfə,
əhalinin əmanətləri isə 30 dəfəyə
yaxın artıb. Ümumilikdə kapitalın həcmində
20 dəfəyə yaxın artım müşahidə olunub.
188 milyon manatdan başlayan balans kapitalının həcmi bu gün 3,7 milyard manata çatıb.“Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yenidən
prezident seçilməsi ölkədə həyata
keçirilən genişmiqyaslı islahatların və
inkişaf layihələrinin uğurla davam etdirilməsinə
imkan yaradacaq. Özündə 16 mindən artıq intellektual
seçicini birləşdirən bank icmasının təmsilçisi olaraq Azərbaycan Banklar
Assosiasiyasının adından İlham Əliyevin növbəti
prezident seçkilərində namizədliyini dəstəkləyirik”,
- deyə Z.Nuriyev vurğulayıb.Tikinti Materialları
İstehsalçıları Assosiasiyasının idarə heyətinin
sədri, ASK-nın Rəyasət Heyətinin üzvü Elxan
Bəşirov tikinti sektorunda görülən işlərdən,
həyata keçirilən layihələrdən bəhs edib.
Qeyd edib ki, dövlətimizin başçısının
sahibkarlar üçün yaratdığı şərait,
sahibkarlığın inkişafı ilə bağlı imzaladığı
fərmanlar bu layihələrin həyata keçirilməsinə
böyük stimul verib. Bunları nəzərə
alan sahibkarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir
və seçkilərdə hər birimiz bu dəstəyi
nümayiş etdirməyə hazırıq.“CTS-Aqro” MMC-nin
direktoru, ASK-nın vitse-prezidenti Zakir Əzimov bildirib ki, 2018-ci
ildə 35 hektar ərazidən 70 min ton pambıq istehsalı nəzərdə
tutulub. Qarşıdakı illər ərzində isə
bu rəqəmin 100 min tona çatdırılması
planlaşdırılır. Z.Əzimov MMC-nin
kollektivi adından Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini
söyləyib.Azərbaycan Türk İş Adamları
Birliyinin idarə heyətinin sədri Camal Yanğın, “Azərsun
Holdinq”in Müşahidə Şurasının sədri,
ASK-nın rəyasət heyətinin üzvü Abdulbari Gözəl,
Azərbaycanda Qadın
Sahibkarlığının İnkişafı
Assosiasiyasının idarə heyətinin sədri Səkinə
Babayeva, Azərbaycanda Amerika Ticarət Palatasının
icraçı direktoru Natəvan Məmmədova, Mebel
İstehsalçıları Assosiasiyasının idarə heyətinin
sədri Məşhur Məmmədov çıxış edərək
Azərbaycan Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata
keçirilən islahatları və qəbul edilmiş
hüquqi aktları böyük razılıqla
qarşıladıqlarını bildirib,
sahibkarlığın inkişafına göstərilən
diqqət və qayğıdan geniş bəhs ediblər.
Bildiriblər ki, 2018-ci il aprelin 11-də keçiriləcək
prezident seçkilərində dövlətimizin
başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcək,
Azərbaycanın uğurlu gələcəyi naminə səs
verəcəklər.
Konfransın sonunda bəyanat qəbul edilib.
Bəyanatda
deyilir ki, bu gün ölkəmizin siyasi nüfuzuna və
iqtisadi qüdrətinə arxalanan iş adamları ölkə
daxilində və xaricində uğurla fəaliyyət göstərirlər.
Görülmüş tədbirlər nəticəsində
özəl bölmənin ümumi daxili məhsuldakı
payı 80 faizdən çoxdur, məşğulluqda isə 75
faizi ötüb. Dövlətimizin
başçısının müxtəlif tədbirlərdə,
ölkəmizin şəhər və rayonlarında
keçirdiyi görüşlərdəki
çıxışları zamanı sahibkarların istək
və təkliflərinə həssas münasibəti, bu sahədə
imzaladığı fərman və sərəncamlar biz
sahibkarları işimizə daha böyük həvəslə
və peşəkarlıqla yanaşmağa ruhlandırır.
İnanırıq ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız
bundan sonra da böyük uğurlara imza atacaq, ölkəmiz
daha da qüdrətlənəcək. Danılmaz
faktdır ki, bu günədək Prezident İlham Əliyevin rəhbərliyi
ilə görülən genişmiqyaslı işlər nəticəsində
sahibkarlar ölkə iqtisadiyyatının aparıcı
qüvvəsinə çevriliblər. Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Yol Xəritəsinə
uyğun olaraq, ölkəmizdə biznes və investisiya
mühiti davamlı surətdə yaxşılaşır,
qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
və onların inzibati yükünün azaldılması
üçün məqsədyönlü işlər
görülür. Bu siyasətin davamı olaraq, hər il 25
aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü
kimi qeyd edilməsi barədə Sərəncam da
sahibkarlığın inkişafına ən yüksək səviyyədə
göstərilən diqqət və qayğının əyani
göstəricisi olmaqla, cəmiyyətdə sahibkarlığa
dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan
verib.Bəyanat bu fikirlərlə yekunlaşır: “Biz -
“Regionların inkişafında sahibkarlığın rolu”
mövzusunda keçirilən konfransın
iştirakçıları cəmiyyətin fəal hissəsini
təşkil edən çoxminlik sahibkarlar adından dövlətimizin
başçısının rəhbərliyi ilə Azərbaycanın
sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik
ənənələrinin və demokratik təsisatlarının
gücləndirilməsini, ölkənin beynəlxalq
nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə
möhkəmləndirilməsini, habelə onun şəxsində
Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı
nəzərə alaraq aprelin 11-də keçiriləcək
prezident seçkilərində İlham Əliyevin Azərbaycan
Respublikasının prezidentliyinə namizədliyini dəstəklədiyimizi
bəyan edirik”.
İki
sahil.- 2018.- 15 fevral.- S.17.