Müasir Azərbaycan Cümhuriyyət dövründəki bütün boşluqları aradan qaldırdı

Müsahibimiz tarix elmləri doktoru, professor Anar İskəndərovdur

 

-Anar müəllim, sizcə bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi hansı zərurətdən doğdu?

- 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi AXC-nin xalqın tarixində oynadığı mühüm rol  ilə bağlıdır. Əslində bir cümlə ilə belə də deyə bilərik: bu gün Azərbaycan Respublikasının hansı müstəvidə olmasından asılı olmayaraq nə qədər böyük uğurları varsa, onun mənbəyi 1918-1920-ci illərə dayanır. Bu mənada Prezidentin növbəti tarixi Sərəncamı göstərir ki, 1918-1920-ci illərdə mövcud olan Cümhuriyyət Azərbaycan tarixində şərəf zirvəsidir. O zirvənin bütün istiqaməti Azərbaycan xalqının tarixində bir uğurdur. Sadəcə bir tarixi faktı diqqətinizə çatdırım. 23 ay ərzində fəaliyyət göstərən bu dövlətlə bağlı ən azı 350 dəfə “ilk dəfə” ifadəsini işlətmək mümkündür. Elə ilk söz Azərbaycan adı ilə bağlıdır. 1918-ci ilin mayına qədər coğrafi məfhum olan Azərabycan ifadəsi siyasi məfhuma çevrildi və dövlət Azərbaycan Xalq Cümhuriyyəti adlandırıldı. Bundan başqa, Azərbaycan dili, ordusu,  Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), ilk parlament, hakimiyyət bölgüsü və s. Belə-belə 350 dəfədən artıq ilk dəfə sözü işlədə bilərik. Tarixdə elə bir dövlət yoxdur  ki, 23 ay yaşasın və belə böyük işlərə imza atsın. Müsəlman Şərqində ilk Cümhuriyyət, hakimiyyət bölgüsü, məhkəmə, qonşu dövlətlərlə münasibətlər, eyni zamanda bu gün üçün də aktuallığını qoruyub saxlayan məsələlərin müzakirəsi. O vaxt da erməni azərbaycanlının düşməni idi, bu gün də elədir. Erməni ideoloqlarından olan Qaragen Nejdenun təlimini bu gün bütün erməni gəncləri öyrənir. O, öz təlimində yazır: “Sonuncu türk kar, kor olsa da öldürülməlidir”. Görün necə dəhşətli təlimdir. AXC bəlkə də bütün bunları bildiyinə görə 1918-ci il iyunun 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratdı və həmin vaxtdan başlayaraq Bakı, Şamaxı, Quba, Qərbi Azərbaycan ərazilərində müsəlman türkünə qarşı soyqırımı həyata keçirənlərə qarşı mübarizə başlandı. Elə bir Komissiya ki, onun üzvlərinin əksəriyyəti qeyri-azərbaycanlı idi. Onlar qısa müddət ərzində bizlərə 36 cild sənəd qoydular. Biz bu gün bütün dünyada erməninin gözyaşları ilə “Türklər bizi qırıblar” ifadəsinə qarşı o sənədləri qoyuruq. Doğrudur, Qərbin gözü kordur, qulaqları eşitmir. Çünki biz müsəlmanıq. Amma real fakt odur ki, bizə qarşı həyata keçirilən soyqırımı ilə bağlı AXC-nin həyata keçirdiyi tədbirlərdən sonra bu qədər sənəd var. Bütün bunlar göstərir ki, 1918-1920-ci illərdə mövcud olan AXC Azərbaycanın tarixində həqiqətən də şərəfli zirvədir. Cümhuriyyətçilər az müddətdə fəaliyyət göstərmiş olsalar da, böyük tarix qoydular. Bizə bəyan oldu ki, ey azərbaycanlı, nə qədər Şimala tərəf həsrətlə baxsan da uğursuzluqla rastlaşacaqsan. Şimaldan nə çar Rusiyası olan, nə də 70 illik Sovet Rusiyasından xeyir gəlmədi. Bizim ümidimiz dil, din qardaşı Türkiyə Cümhuriyyətidir. Bu gün də müstəqil Azərbaycan Respublikası əmin oldu ki, doğrudan da Türkiyə həmişə bizim yanımızdadır. Elə 1918-ci ilin Mart soyqırımından sonra da bizim Osmanlıya dönüşümüz, Osmanlının isə ən çətin məqamda bizə köməyə  gəlməsi 23 ay bu dövlətin yaşamasına imkan verdi. Fikirləşin ki, Tiflisdə 24 nəfər Azərbaycan Cümhuriyyətini elan edir. Bu Cümhuriyyətin bir əsgəri belə yoxdur. Onlar nə edə  bilərdilər?! Amma həmin dövrdə Osmanlı bizə qardaşlıq yardımı etdi. 29 yaşlı Nuru Paşa başda olmaqla Qafqaz İslam Ordusu köməyimizə gəldi. Gəncədən başlanan bu xilaskarlıq yürüşü Bakıya qədər davam etdi və təkcə Bakı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusu 1030 nəfər şəhid verdi.

 

- AXC-nin tarixindən danışarkən çox ilklərin  adını çəkdik. Hansı ki, o vaxt tələb olunan islahatlar bu gün də aktualdır. Heçdən var olan, mümkünsüzləri mümkünə çevirən bir dövlət niyə 23 ay yaşadı?

 

- Ümumiyyətlə, AXC dövrü ilə bağlı çox fikirlər yazılır. Hətta görkəmli tarixçilərdən biri yazır ki, bu dövlətin adı gərək Azərbaycan Xalq Cümhuriyyəti olmayaydı və yaxud dövlət yalnız daxili çəkişmələrdən süquta uğradı. Bu cür düşünən insanlar İstiqlal Bəyannaməsini bir də oxusunlar. Hansı dildə oxuyurlarsa oxusunlar, görəcəklər ki, oradakı üç maddədə yazılıb ki, bu dövlətin adı Azərbaycan Xalq Cümhuriyyətidir. İstiqlal Bəyannaməsi isə AXC-nin əsas dövlət sənədi idi. Orada Azərbaycanın adı ürəklə çəkilir. Oradakı 6 bəndin üçündə Azərbaycan adı işlənir. Daha nə olmalıdır?! İkincisi, mən də oxuculara sual verirəm, 1918-1920-ci illərdə Ukrayna, Belarus, Pribaltika, Finlandiya, Orta Asiya, Ermənistan, Gürcüstan - bu dövlətlər də müstəqillik elan etmişdilər. Bəs sonra nə oldu? Hamısı işğal olundu. Hətta 1917-ci ilin fevralında 300 il hakimiyyətdə olan Romonovlar devrildi. Rusiya devrilmədi ki? Ya Sovet Rusiyası, ya Rusiya Federasiyası, bunun fərqi varmı? Bu gün də həmin iddialar var. Əgər həmin iddialar olmasa işğal olunmuş torpaqlarımızı azad etmək üçün bəlkə iki saat çoxdur. Axı mən tarixçiyəm, heç nəyin üstünü malalamıram. Yəni 1918-1920-ci illərdə həmin ölkələrin hamısı işğal olundu. Çar Rusiyası həmin imperiyanı yenidən yaratdı. Hətta axırda Latviya, Litva, Estoniya qalmışdı. 39-40-cı illərdə onları da tutdu. Yəni AXC-nin daxilində hətta siyasi böhran olmasa idi belə, hətta 3 milyon xalq gecə-gündüz bir yerdə yatıb-dursaydı, xalqın hər bir üzvü əli silahlı əsgər olub keşikdə dayanası olsaydı da belə yenə bu dövlət işğal olunmalı idi. Çünki Sovet Rusiyasının başçısı Lenin demişdi ki, Bakı nəyin bahasına olursa, olsun işğal olunmalıdır. Əgər desək ki, AXC-ni daxili çəkişmələr süquta uğratdı, səhv eləmiş olarıq.

 

- Daxili çəkişmələr yox idi əslində?

 

- Əlbəttə ki, var idi. Çəkişmə olmayan yerdə inkişaf ola bilərmi?! Yəni Cümhuriyyət demokratik düşüncəli ziyalıların toplusu olub. Həmin ziyalılar parlamentli respublika mədəniyyətini formalaşdırdılar. Seçki prosesinə qadın-kişi bərabərliyini gətirdilər. Baxın, Avropada seçkiyə qadın-kişi bərabərliyi nə vaxt gətirilib? 1946-cı ildə. Amma 1919-cu ilin iyun ayında biz seçkidə qadına səsvermə hüququ vermişik.  Ziyalılar deyirdilər ki, Azərbaycanda bir ovuc polyak, alman yaşayırdı, biz onlara da Parlamentdə yer verdik. Amma tarixi vərəqləsək aydın görərik ki, Cümhuriyyətin Parlamentindən sonra heç bir parlament bu qədər cəsarətli addım atmayıb o dövrdə. Bu, bizim xalqımızın uğurudur.  Bu gün dünyanın harasına gediriksə, mənim Cümhuriyyətlə bağlı üzə çıxardığım faktlar çox zaman ya narazılıqla, ya da şübhə ilə qarşılanır.

 

- Yəqin ki, hansısa Şərq dövlətinin imza atdığı işlər onları təəccübləndirib...

 

- Bəli. Bu fikrinizlə bağlı bir hadisəni danışmaq istəyirəm. 1999-cu ildə Avropa Parlamentindən bir neçə deputat gəlmişdi. Görüşdə mən də var idim və onlarla söhbət çərçivəsində qeyd etdim ki, 1919-cu ilin iyununda qadın və kişi bərabərliyinin seçkilərə ilk dəfə biz gətirmişik. Fransadan olan nümayəndə dedi ki, ola bilsin ki, müəllim məsələni şişirdir. Axırda mən məcbur olub arxiv sənədini gətirdim. Həmin nümayəndə 10 dəfə məndən üzr istədi. Onun üzürünü qəbul etmək mənim üçün önəmli deyildi. Bilirsiniz, mənim üçün önəmli nə idi? Mən sənədlərimi götürüb evə gəldim və düşündüm ki, gör avropalı nəyə inanmır, amma mənim uğurum nədir. Mənim babam o boyda uğur qazanıb və deyib ki, sən avropalını yen. Bizim üstünlüyümüz odur. Ona görə deyirəm ki, daxildə də mübahisə var idi, olmalı idi. Baxın, müəllim necə olmalıdır? sualına necə cavab tapıblar. AXC-nin dövründə iqtisadi vəziyyət o qədər də yaxşı deyildi. Heç ola da bilməzdi. Ancaq bütün bunlara baxmayaraq, Parlamentin müzakirələrində deyilirdi ki, müəllim öyrədəndirsə, onun yeməyi müəyyən qədər qənaətcil olmalıdır ki, o dərs deyəndə dərs dediyi şagird hiss eləsin, ona inansın. Dünyada ən böyük şey inamdır. Etibar qazan, sonra həmin insandan nəyi istəsən istə. 1919-cu il mayın 28-də Əlimərdan bəy Topçubaşov 7-ci məktbunda yazır ki, mən bir saat ərzində ABŞ prezidenti Vudro Vilsonu inandıra bilmədim ki, Azərbaycan dövləti var. O mənə dedi: Kartli-Kaxetiya, İmeretya, Georgiya məlum. Bəs Azərbaycan haradan çıxdı? Təsəvvür edin ki, bu qədər  şeylərdən sonra biz elə etdik ki, Avropa dövlətləri bizi de-fakto tanıdı. Bu inamı yaratmaq pul, zor gücünə olmadı. Bax, uğur budur. Azərbaycanlının böyüklüyü buradadır. 2003-cü ilin aprelində ümummilli lider Heydər Əliyev kursantların qarşısında tribunaya çıxanda özü də bilirdi ki, ən ağır saniyələrdir. Amma ordan enmədi. Çünki o bilirdi ki, bu torpaqları azad edən də, qoruyan da o kursant olacaq və o görəcək ki, Heydər Əliyev gəldi, üç dəfə öz sözünü dedi, cəsarət nümayiş etdirdi. Azərbaycan xalqının belə oğulları var. 

 

- Anar müəllim, müasir Azərbaycan Respublikasının Cümhuriyyət ənənələrinə sadiqliyi barədə nə deyə bilərsiniz?

- 1991-ci ildə Konstitusiya Aktı qəbul ediləndə qeyd etdik ki, biz AXC-nin siyasi varisləriyik. Təbii ki, ümummilli lider Heydər Əliyevin Cümhuriyyətlə bağlı 1998-ci və 2003-cü illərdəki fərman və sərəncamı göstərir ki, Azərbaycan tarixinə hörmətlə yanaşır. Müasir Azərbaycan Respublikası Cümhuriyyət dövründəki bütün boşluqları aradan qaldırdı. Biz o zaman nələri edə bilmədik? Azərbaycan neftini dünya bazarına çıxara bilmədik. Amma bu gün neftimiz dünyanın bütün bazarlarını gəzir. Konstitusiya qəbul edə bilmədik, amma 1995-ci ildə Konstitusiyamız qəbul olundu. Cümhuriyyət hərbi ali məktəblər yarada bimədi. İndi görün nə qədər ali hərbi məktəblərimiz var. Yəni AXC o dövrdə nələri edə bilmədisə, Azərbaycan Respublikası onları etdi. O dövrlə eyni qalan situasiyalar da var. Belə ki, o dövrdə də Ermənistanla münasibət indiki kimi idi. Azərbaycan indi daha güclü, müasir, demokratik respublikadır. Dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır.  Cümhuriyyət ənənələrinə sadiqdir və bu gün Azərbaycanda qadın hüquqlarının qorunması, gənclərə ali hərbi savadın verilməsi, neftimizin dünya bazarlarına çıxarılması və s. kimi önəmli irəliləyişlərə nail olub. Eyni zamanda, ölkəmiz tolerantlıq, multikulturalizm kimi bəşəri ideyalarla çıxış edərək bütün dünyanın diqqətini yenə də üzərinə çəkməyi bacarır. Tarixiliyi qoruyub saxlamaqla, inkişafa nail olmaq budur.

 

Şəmsiyyə Əliqızı

Şəfiqə Dadaşova

İki sahil.- 2018.- 20 fevral.- S.10.