“Xocalıya ədalət” beynəlxalq
kampaniyası Xocalı soyqırımının dünyada
tanıdılması istiqamətində işləri daha da
sürətləndirib, səmərəsini artırıb
Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov
- Nazim müəllim, Xocalı
soyqırımının növbəti
ildönümüdür və xalqımızın
başına gətirilən bu faciə ən qanlı,
amansız qətliam kimi tarixin yaddaşına
düşüb. Erməni təcavüzünü
ifşa edən, ermənilərin insanlığa zidd olaraq
açıq şəkildə soyqırım törətməsini
pisləyən, Ermənistanın işğalçı
dövlət olduğunu təsdiqləyən ardıcıl fəaliyyətə
rəğmən ermənilərin və ermənipərəst
qüvvələrin saxta təbliğatı erməni qəddarlığının
bu acı nəticəsinin bütün dünya ictimaiyyəti
tərəfindən birmənalı olaraq qəbul edilməsində
süni maneələrə səbəb olur...
- Biz yüz illərdir anti-Azərbaycan,
anti-türk ideologiyası altında yalan və saxta təbliğatla
dünyanı çaşdırmağa çalışan bir
ideologiya ilə mübarizə aparırıq. Ona
görə də biz Azərbaycan xalqı, Azərbaycan
dövləti olaraq Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə və azərbaycanlıların
tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli
beynəlxalq qiymətin verilməsi üçün
çalışmalıyıq. Yəni
mübarizəmiz davam edir və bütün maneələrə
baxmayaraq, bu gün deyə bilərik ki, biz artıq ermənilərin
yüz illik təbliğatını zəiflətməyə,
haqsız, ədalətsiz, saxtakarlıq üzərində
qurulan siyasətini ifşa etməyə nail oluruq. Ulu öndərimiz Heydər Əliyevin
başladığı və cənab Prezident İlham
Əliyevin davam etdirdiyi məqsədyönlü,
ardıcıl siyasət nəticəsində Azərbaycan
dövləti az bir vaxtda ermənilərin anti-Azərbaycan təbliğatının
zəiflədilməsinə, bəzi məqamlarda isə
ifşa edilməsinə nail olub. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin,
Xocalı soyqırımının dünyada
tanıdılması istiqamətində həyata keçirdiyi
məqsədyönlü işlər, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi
ilə artıq 10 ildir aparılan “Xocalıya ədalət”
beynəlxalq kampaniyası nəticəsində çox ciddi
uğurlar əldə olunub.
“Xocalıya ədalət” kampaniyası bu tədbirlərə
daha çox insanın cəlb olunmasında və bu tədbirlərin
daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb.
Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi
Asiya, Yaxın və Uzaq Şərq ölkələri,
Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı
əhatə edir. “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası bu sahədə görülən işləri
daha da sürətləndirib, səmərəsini
artırıb. Aparılan ümumi işin nəticəsi olaraq
bu gün dünyanın bir çox ölkə və təşkilatları
hadisəni soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini
soyqırımı adlandırıb, Pakistan
soyqırımı pisləyən qətnamə qəbul edib,
Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi
tanıyıb, Çexiya, Bosniya və Herseqovina parlamentləri
Xocalı soyqırımını rəsmən tanıyıb,
Peru, Honduras, Cibuti parlamenti, ABŞ-ın 21 ştatı Xocalıda
qırğın törədilməsi faktının
tanınması haqqında qətnamə qəbul edib. Bundan
başqa, İslam Əməkdaşlıq Təşkilatı
da Xocalı qətliamını soyqırımı və
insanlığa qarşı cinayət kimi tanıyıb.
Türkiyənin bütün ictimai təşkilatları, QHT və
siyasi partiyaları, türk ictimai rəyi Xocalı faciəsini
soyqırımı kimi tanıyır, hər il Türkiyə
Böyük Millət Məclisində qətliamla bağlı
dinləmələr keçirilir. Yəni biz ermənilərin
“soyqırımına məruz qalan” deyil, soyqırımı
törədən bir xalq olduğunu sübut etməkdəyik və
görülən işlər onu deməyə əsas verir ki,
buna nail oluruq. Görülən işlər isə deyərdim
ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin
tərkib hissəsidir. Azərbaycan həqiqətlərinin,
o cümlədən Xocalı soyqırımının
dünya ictimaiyyətinə çatdırılması
Diasporla İş üzrə Dövlət Komitəsinin
bilavasitə əsas prioritetlərindəndir. İllərdir bu
istiqamətdə məqsədyönlü və sistemli iş
aparılır, Dövlət Komitəsi olaraq, nəinki Xocalı
soyqırımı ərəfəsində bütün il ərzində
də bu istiqamətdə xarici ölkələrdə təbliğat
işləri aparır, diaspor təşkilatları tərəfindən
çox maraqlı və effektiv tədbirlər həyata
keçirilir. Təkcə 2017-ci ildə Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması sahəsində
ümumilikdə 150-dən çox tədbir keçirilib. Xüsusilə də Azərbaycan diaspor təşkilatları
tərəfindən Ermənistanın, erməni diaspor və
lobbi qruplarının ölkəmizlə bağlı anti-təbliğat
kampaniyalarının qarşısının alınması məqsədilə
il ərzində müxtəlif formatlı tədbirlər
keçirilib, xarici ölkələrin kütləvi
informasiya vasitələrində mütəmadi olaraq məlumatlar
yayımlanıb. Azərbaycan diaspor təşkilatları
tərəfindən Avropa, ABŞ, Kanada və digər ölkələrdə
etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil
olunur, ictimai nəqliyyatlarda videoçarxlar nümayiş
etdirilir, fotosərgi və filmlər təqdim olunur, yerli
qanunverici orqanlara müraciətlər göndərilir, dəyirmi
masa, konfranslar keçirilir. Qeyd edim ki, belə tədbirlərə
həmin ölkələrin hökumət və qanunverici
orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının
nümayəndələri də qatılır.
- Xocalı faciəsinin dünyaya
tanıdılması istiqamətində digər qurumlarla əməkdaşlıq
necə qurulub?
- Nəinki diaspor təşkilatlarımızın,
eləcə də Azərbaycan Respublikasının bir sıra
dövlət və qeyri-hökumət təşkilatları,
diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın
kifayət qədər maraqlı təşəbbüsləri,
layihələri olur. Təqdirəlayiq haldır ki,
bütün azərbaycanlılar Xocalı soyqırımı
ilə bağlı belə yüksək fəallıq
nümayiş etdirirlər. Xüsusilə də
xarici ölkələrdə yaşayan
soydaşlarımızın, diaspor təşkilatlarımızın
nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik
mövqeyi təqdirəlayiqdir. İldən-ilə tədbirlərin
mahiyyəti, məzmunu daha maraqlı olur və daha geniş
coğrafiyanı əhatə edir. Azərbaycan
Prezidentinin apardığı siyasət, müəyyən
etdiyi strateji xətt bütün dünya azərbaycanlılarını
vahid bir ideya ətrafında birləşdirib. Azərbaycanlıların
yaşadığı və təşkilatlandığı
elə bir ölkə yoxdur ki, orada Xocalı
soyqırımına dair hansısa bir tədbir, layihə həyata
keçirilməsin. Bu da bir daha onu göstərir
ki, bütün dünya azərbaycanlıları Azərbaycan
dövlətinin ətrafında sıx birləşiblər və
xalqımızın tarixin müxtəlif mərhələrində
məruz qaldığı ədalətsizliklərə öz
etirazlarını bildirməyi milli borc kimi qəbul edirlər.
Hər il dünyanın müxtəlif ölkələrində
- ABŞ, Almaniya Federativ Respublikası, Türkiyə
Respublikası, İsveç Krallığı, Litva
Respublikası, Ukrayna, Gürcüstan, Rusiya Federasiyası,
Fransa Respublikası, Belçika Krallığı, Niderland
Krallığı, Misir Ərəb Respublikası və digər
ölkələrdə diaspor təşkilatlarımız tərəfindən
müxtəlif məzmunlu tədbirlər,
kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil
olunur. 2017-ci ildə Almaniyada Münhen Təhlükəsizlik
Konfransın keçirildiyi “Bayerişer Hof” otelinin
önündə, Nyu-Yorkda Ermənistanın BMT-dəki daimi
nümayəndəliyi və BMT-nin baş qərargahı
qarşısında, Amsterdamda Xocalı soyqırımı ilə
bağlı etiraz aksiyası keçirilib. Bundan başqa, Azərbaycan və türk
icmalarının Vaşinqtonda və onun ətrafında
yaşayan üzvləri Ermənistanın Vaşinqtondakı Səfirliyi,
Stokholm şəhərində yaşayan azərbaycanlı,
türk və türkmən icmalarının üzvlərinin
iştirakı ilə İsveç parlamentinin
qarşısında, Kopenhagen şəhərində etiraz
aksiyaları keçirilib.
- Nazim müəllim, yəqin ki, faciənin
26-cı ildönümü ilə bağlı da tədbilərin
keçirilməsi nəzərdə tutulur?
- Hər il olduğu kimi bu il də
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən diaspor təşkilatları müxtəlif
mitinq, yürüş və tədbirlərlə
soyqırımı qurbanlarını anır, bu tədbirlər
yerli ictimaiyyətin məlumatlandırılması məqsədinə
xidmət edir. Bu il Xocalı soyqırımının 26-cı
ildönümü ilə bağlı ən böyük tədbirlərimizdən
biri Amsterdamda keçiriləcək. Avropa Azərbaycanlıları
Konqresinin təşkilatçılığı ilə
Niderland Krallığının Amsterdam şəhərində
Xocalı soyqırımına həsr olunmuş konsert-rekviem təşkil
olunacaq. Belə kütləvi tədbirlər, Avropanın digər
ölkələrində, Türkiyədə, ABŞ-da,
Kanadada və digər ölkələrdə də
keçiriləcək. Nyu- York şəhərində
BMT-nin mənzil qərargahı qarşısında,
Vaşinqton, Brüssel və digər şəhərlərdə
Ermənistan səfirlikləri qarşısında, eləcə
də Almaniyanın bir sıra şəhərlərində azərbaycanlıların
etiraz aksiyaları, yürüşlər təşkil edilir və
qarşıdakı günlərdə belə tədbirlər
daha da intensivləşəcək. Kanadada faciənin
ildönümü ilə əlaqədar keçirilən tədbirlər
demək olar ki, ölkənin bir çox şəhərlərini
əhatə edir. Türk və Azərbaycan diasporunun
güclü olduğu Almaniyada bu il də genişmiqyaslı
aksiyalar keçirilməkdədir. Berlin, Hannover, Hamburq,
Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
fotosərgi, konfrans və etiraz aksiyaları təşkil etməklə
ictimaiyyətin diqqətini bu faciəyə yönəldir.
Bundan əlavə, ictimai nəqliyyat vasitələrində
faciəyə həsr olunmuş videoçarx və posterlərin
yayılması məlumatlandırma kampaniyasında
böyük effekt verir. Belə təbliğat vasitələri
hər gün nəqliyyatdan istifadə edən yüz minlərlə
insanın bu çarxları görməsi ilə nəticələnir.
Bununla yanaşı, yerli kanallarda Xocalı
soyqırımını əks etdirən filmlərin
nümayişi, rəsmi orqanlara müraciətlər də
apardığımız kampaniyanın tərkib hissədir.
Qardaş Türkiyədə də Xocalı
soyqırımına həsr olunmuş tədbirlər,
görüşlər, aksiyalar həyata keçirilir.
Bilirsiniz ki, bu işlərin səmərəliliyini və
kütləviliyini artırmaq məqsədi ilə
"Türkdilli ölkələrin diaspor təşkilatlarının
ortaq fəaliyyət strategiyası" qəbul olunub.
Xocalı faciəsinin tanıdılması istiqamətində
türkdilli ölkələrin, xüsusilə də Türkiyənin
diaspor təşkilatlarının böyük dəstəyi
hiss edilir. Yəni artıq Azərbaycanın və dünya azərbaycanlılarının
həyata keçirdiyi bütün təbliğat xarakterli tədbirlərdə,
aksiyalarda Türkiyənin və digər Türkdilli ölkələrin
bayraqları da görünür. Biz artıq ermənilərin
formalaşdırdığı soyqırımı
yalanını birgə mübarizə sayəsində müəyyən
qədər ifşa edə bilmişik və ermənilərin əsl
üzünün ortaya çıxmasında, onların yalan
üzərində qurulmuş saxta təbliğatının
puç olmasında əvvəlcə Xocalıda törədilmiş
vəhşiliklərin tam olaraq dünyanın hər yerində
bilinməsi gərəkdir. Dünyanın bütün
xalqları təfsilatı ilə bilməlidir ki, erməni
faşizmi nədir. Yəni bizim ən mühüm hədəfimiz
budur və düşünürəm ki, qarşıdakı
illərdə bu hədəfimizə daha da
yaxınlaşacağıq.
İki
sahil.- 2018.- 24 fevral.- S.5.