27 ilin
işığında sabaha inamla addımlayırıq
“İki sahil” qəzetinin qət
etdiyi 27 illik yol ona çoxsaylı mətbu orqanlar
sırasında özünəməxsus yer, geniş oxucu
auditoriyası və məhəbbəti qazandırıb
Günlərin,
ayların cilalanmasından yaranan illərin həyat və fəaliyyətimizdə
oynadığı rolun çox zaman
fərqində olmasaq da, bəzən geriyə baxmaq, illərin fonunda bir
ümumiləşdirmə aparmaq zərurətə
çevrilir, yaranan “İllər fəaliyyətimizə hansı möhürü vurub”
sualını cavablandırmaq məcburiyyətində oluruq. O
illər ki, bir hesabat, bu günümüzdən
sabahımıza baxışdır.
Bu gün
adı çəkiləndə
çoxsaylı mətbu orqanlar arasında öz dəst-xətti
ilə seçilməsindən qürur duyduğumuz “İki sahil” qəzeti 27 illik yolu qət etmiş, hər dövrün tələblərinə
uyğun təkmilləşmiş, tutduğu yola, əqidəyə
sadiq olmuş, dövlətçiliyimizin inkişafına
davamlı töhfələr vermişdir. “Vahid Azərbaycan uğrunda”
amalı ilə yola çıxan “İki sahil” məhz milli mətbuat
tariximizdə varlığına möhür vuran qəzetlərdən
olduğunu tarixi missiyasını uğurla yerinə yetirməsi
ilə təsdiqləmişdir. Ölkəmizdə ictimai-siyasi
hadisələrin gərgin olduğu illərdə nəşrə
başlayan “İki sahil” ən çətin məqamlarda belə öz prinsiplərinə sadiq
qalmış, ümumxalq mənafeyindən
çıxış edərək sağlam fikirli, vətənpərvər insanların daim müraciət
etdiyi mətbuat orqanı kimi nüfuz qazanmışdır.
26 ildən
artıq müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi yolun
bələdçisi kimi
“İki sahil”də dərc olunan
yazıların əsas, ana xəttini məhz dünənimizin, bu
günümüzün və sabahımızın əsası
kimi dəyərləndirilən
Heydər Əliyev ideyalarına sədaqət təşkil
edir. Fəaliyyəti dövründə ictimai
fikrin formalaşmasında əhəmiyyətli rolu və xidmətləri
olan qəzet hadisələrə obyektiv yanaşma tərzi ilə
seçildiyi kimi, peşəkar jurnalist ənənələrinin
qorunmasına, formalaşmasına, jurnalist etikasının zənginləşməsinə
də xüsusi diqqətlə yanaşmışdır.
Yarandığı gündən böyük dövlətçilik təcrübəsinə
malik müdrik siyasi xadim, müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu
öndər Heydər Əliyev ideyalarının yorulmaz təbliğatçısı
kimi çıxış edən “İki sahil” xalqın əsrlər boyu
formalaşdırdığı, qoruyub saxladığı
milli mənəvi dəyərlərin qorunmasında da qətiyyət
göstərmişdir. Qəzet ümummilli lider Heydər
Əliyevin dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızın bir amal-Azərbaycançılıq
məfkurəsi ətrafında sıx birləşməsi
çağırışını
biri-birindən önəmli məqalələri ilə oxuculara
çatdırmışdır.
Azərbaycanın
üzləşdiyi çətin məqamlarda Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin
Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevlə
bağlı yazıların “İki sahil”də dərc
olunması o dövrdə iqtidarda olanların xoşuna gəlməsə
də, qətiyyət və cəsarət göstərən qəzetin
kollektivi heç nədən çəkinməyərək Vətənə
sədaqətini yazıları ilə bildirmişdir.
Tutduğu yola
sadiq olan “İki
sahil”in kollektivinin əməyini yüksək qiymətləndirən
ulu öndər Heydər Əliyev 1994-cü il noyabrın 19-da Yeni Azərbaycan
Partiyasının
yaradılmasının ikinci ildönümü
münasibətilə
keçirilən
ümumrespublika
müşavirəsində bildirmişdir: “O vaxt “İki
sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu
qəzet çox iş görmüşdür. Bu
qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir.
Amma o vaxt bu partiya yox idi. Lakin
“İki sahil” çox cəsarətli məqalələr verirdi.
Mən təkcə Naxçıvanı
götürmürəm, ədalətsiz hadisələrə
qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının,
ziyalılarının fikrini dərc etməkdə bu qəzet
yaxşı fəaliyyət göstərmişdir. İndi də göstərir. Mən
bunu da yüksək qiymətləndirirəm.”
Təbii
ki, bu dəyər qəzetin kollektivinin hər bir üzvündə
böyük məsuliyyət hissi yaradaraq, daha səylə çalışmasına stimul olmuşdur. Bu qiymətləndirmənin
qarşısında əqidəmizə sadiqliyimizi ortaya
qoymaqla yanaşı, bu
sözü də vermişdik ki, dövlətimizin
başçısını, xalqımızı tam əmin
edirik ki, bütün
gücümüzü dövlətçiliyin
və müstəqilliyin
möhkəmləndirilməsinə sərf edəcəyik.
Ümummilli Liderin “İki sahil”in fəaliyyətinə verdiyi həmin
qiymətdən
bizləri 24 illik zaman ayırır. O vaxtdan verdiyimiz
sözə necə əməl etmişik, bunu
oxucularımızın
ixtiyarına veririk.
Ümummilli
lider Heydər Əliyev
yuxarıda qeyd etdiyimiz
çıxışında “Səs”, “İki sahil” və “Yeni
Azərbaycan” qəzetlərinin fəaliyyətini yüksək
dəyərləndirərkən
bu inamı da ifadə etmişdir ki, daha güclü təbliğat orqanlarına
çevrilə, öz ətraflarında daha güclü müxbirlər toplaya, daha
güclü məqalələr dərc edə bilərlər.
27 illik zaman bu inamı da hansı səviyyədə
doğrultduğumuza işıq salır.
Azərbaycanın
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
keçdiyi yol “İki sahil” qəzetinin səhifələrində
əsaslı şəkildə
işıqlandırıldı.
1994-95-ci illərdə xarici ölkələrin və
daxildəki antimilli qüvvələrin birgə xəyanəti
ilə dövlətçiliyimizə qarşı törədilən
qəsdlər zamanı da qəzetin kollektivi öz
sözünü dedi, paytaxtın Azadlıq meydanına
toplaşan və ümummilli lider Heydər Əliyevin
müdafiəsinə qalxan bir milyondan artıq ölkə vətəndaşı
ilə birgə haqqın, ədalətin, ən
başlıcası isə müstəqilliyimizin qarantı olan
Ulu Öndərin ideyalarına qarşı yönələn
qüvvələrə barışmaz mövqeyini
yazıları ilə bildirdi. Dövlətə, xalqa
bağlılığını
tutduğu yola sadiqliyi ilə təsdiqləyən
“İki sahil” gündən-günə oxucu auditoriyasını genişləndirdi,
Azərbaycanın dünənini, bu gününü və gələcəyini
düşünən, imzasının imzaların içərisində
olmasını istəyənlərin tribunasına
çevrildi.
Bu
reallığı da xüsusi qeyd etməliyik ki, “İki sahil” qəzeti xalqın
böyük əksəriyyətinin
istəyinin ifadəsi olan 91 nəfər ziyalının
dahi şəxsiyyət Heydər Əliyevə
ünvanladığı “Azərbaycan Sizin
sözünüzü gözləyir”
müraciətini və ulu öndər Heydər Əliyevin bu
müraciətə “Yeni, müstəqil Azərbaycan
uğrunda” cavabını dərc
edən ilk mətbu orqanlardandır.
Dövlətə və dövlətçiliyə xidməti
fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən
“İki sahil”in səhifələrində Yeni Azərbaycan
Partiyasının təsis konfransının keçirildiyi ilk
gündən bu günədək atdığı hər
addım, rayon və şəhər
təşkilatlarının fəaliyyəti,
gördüyü işlər ictimaiyyətə
çatdırılır,
ölkədə keçirilən hər bir seçki
prosesində qəzet partiyanın hazırlıq işlərini, apardığı təbliğat-təşviqat kampaniyasını geniş şəkildə
işıqlandırır. 1992-ci ilin noyabrın 21-də təsis
konfransını 550 nümayəndənin
iştirakı ilə keçirən Yeni Azərbaycan
Partiyasının sıralarında bu gün 700 mindən
artıq üzvün birləşməsi məhz Heydər Əliyev
ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin gələcəyinə inamın
göstəricisidir. Ölkədə keçirilən hər bir
seçki prosesindən partiyanın qələbə ilə
çıxması Heydər
Əliyev yolunun uğurlarına verilən dəyərdir.
Qəzetimiz hər bir seçki prosesinə günün tələbinə
uyğun şüarla qatılan Yeni Azərbaycan
Partiyasının namizədinin, ölkə Prezidentinin
gördüyü işləri geniş təbliğ edərək,
xalq-iqtidar birliyinin göstəricisi kimi dəyərləndirilən
seçkilərdə qələbəni böyük sevinc
hissi ilə işıqlandırır. Ən əsası qəzetimizin
səhifələrində
Prezident İlham Əliyevin cağırışına
uyğun olaraq tarixi paralellər fonunda Azərbaycanın
müstəqillik tarixinin ayrı-ayrı dövrləri
geniş təhlil olunur, yeni-yeni hədəflərə yol açan
uğurlarımız diqqətə çatdırılır. Məhz Heydər Əliyev yolunun uğurlarına
söykənərək Azərbaycanı inkişaf etmiş
ölkələr sırasında görmək istəyimizi
ortaya qoymuşuq.
27 illik enişli-yoxuşlu,
şərəfli və məsuliyyətli yolun “məhsullarını” bir yazı çərçivəsində
şərh etmək qeyri-mümkündür. Əsas
budur ki, tutduğun yola sadiq olasan, dövlətə, dövlətçiliyə
xidməti əsas amal qəbul edib, bu yolda inamla irəliləməyi
bacarasan. “İki sahil” bu uğura
atdığı imza ilə
qürur duyur. Çoxsaylı
mətbu orqanlar arasında özünəməxsus yer tutmaq
böyük uğurdur və təbii ki, qürurverici amildir.
Qəzetimiz dövlətimizin azad, müstəqil mətbuatın
inkişafına göstərdiyi diqqət və
qayğıdan heç zaman kənarda qalmamış, bu
qayğını fəaliyyəti ilə dəyərləndirmişdir.
Bu fəaliyyətin əsas prinsipi mətbuatın
prinsipləridir- Qərəzsizlik, obyektivlik, vətənpərvərlik.
Bu vəhdət fonunda
ədalət meyarını qorumaq, dövlətə
və dövlətçiliyə xidməti təsdiqləyən
materialları ortaya qoymaq mümkündür.
Qeyd
etdiyimiz kimi, hər
sahədə təcrübəsi nümunə olan Azərbaycanın
uğurları qəzetimizin səhifələrində
parlayır. Son 15 ildə Heydər Əliyev siyasi kursunu
uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil
islahatları nəticəsində dünyaya səs salan
uğurlarımızın miqyası gündən-günə
genişlənir. Hər bir
inkişafın əsasında dayanan iqtisadi tərəqqiyə
yol açan təbii
resurslarımızdan səmərəli
istifadənin əsası kimi dəyərləndirilən, ulu
öndər Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının uğurlu icrası göz önündədir.
Ümummilli lider Heydər Əliyev düşünülmüş
və məqsədyönlü siyasəti ilə Azərbaycanın
dünyaya günəş kimi doğmasını şərtləndirdi.
Son 15 ildə Azərbaycan
bu siyasətin davamı nəticəsində inkişaf modeli ilə
dünyanın diqqətində dayandı. İnkişafın
Azərbaycan modelinin mövcudluğunu təsdiqləyən
dünya dövlətlərinin etiraflarında bu fikir yer
alır ki, ölkəmizdə
həyata keçirilən siyasətin alternativi yoxdur. Azərbaycan
etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
“İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə
fəaliyyət göstərən mətbuat orqanı olaraq
daim səhifələrində ölkənin dinamik
inkişafına stimul verən iqtisadi tərəqqini, bu
inkişafı şərtləndirən amilləri ətraflı
şəkildə oxucularına çatdırır. Qəzetimizin hər
sayı 1994-cü ilin
sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən
ötən 23 ildən artıq dövr ərzində enerji
sektorunda qazanılan hər bir uğuru, Şirkətin
strukturlarının nəticələrini ətraflı şəkildə
işıqlandırır. Ölkə iqtisadiyyatına öz
töhfələrini verən SOCAR-ın dövlətimizin
başçısı İlham Əliyevin
tapşırığına uyğun olaraq modern, müasir tələblərə
cavab verən güclü və
çevik bir quruma
çevrilmək istiqamətində atdığı
addımların, şirkətin müxtəlif ölkələrdə həyata keçirdiyi investisiya layihələrinin
uğurlu nəticələrinin
təbliğatçısına çevrilən “İki
sahil” qəzeti daim səhifələrində informasiya
bolluğunu artırmağa çalışır. Dövlətimizin
başçısı İlham Əliyevin dünyaya
açılan pəncərə kimi dəyərləndirdiyi
BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca bu gün
beynəlxalq aləm “Cənub Qaz Dəhlizi”, o cümlədən
TANAP, TAP kimi qlobal layihələrin
iştirakçı dövlətlərə qazandıracağı
dividentlərdən bəhs edir.
23 ildən artıq dövr ərzində
ölkəmizin enerji sektorunda qazandığı
uğurların miqyası olduqca genişdir. “Əsrin
müqaviləsi”nin 20 illiyi ərəfəsində “Cənub
Qaz Dəhlizi”nin təməlinin qoyulması və bu ilin
mayında rəsmi açılışının olması,
cari ildə, eyni zamanda “Cənub Qaz Dəhlizi”nin əsas
seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi,
həmçinin
ötən il “Yeni əsrin müqaviləsi”nin
imzalanması davamlı, qürurverici uğurlarımız
sırasında “İki sahil”in səhifələrində əsaslı
şəkildə işıqlandırıldı.
Dövlət
müstəqilliyimizin möhkəmləndirilməsində
neftçi əməyinin rolunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin
Sərəncamı ilə “Neftçilər
Günü”nün təsis edilməsi, hər il bayram ərəfəsində
dövlətimiz tərəfindən
onların əməyinə verilən dəyər qəzetimizin hazırladığı xüsusi
buraxılışlarda öz əksini
tapır. Hər bir xüsusi buraxılış bir ildə
enerji sektorunda, neft strategiyasının uğurlu icrasında
öz payı olan SOCAR-ın ayrı-ayrı
strukturlarının fəaliyyətinin təbliğində
önəmli rol oynayır.
Qəzetimiz
həmişə olduğu kimi, bu gün də ölkəmizin
tərəqqisinə, dünyada möhkəmlənən
mövqeyinə qısqanclıqla yanaşan ermənilərə
və ermənipərəst
dairələrə qarşı barışmaz mövqeyi ilə
fərqlənir. “İki sahil” Azərbaycana
qarşı bir mənbədən idarə olunan qarayaxma
kampaniyasına qarşı barışmaz mövqeyini cəsarətlə
bildirir. Ümummilli lider Heydər Əliyevin “Jurnalist əməyi
qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər
göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq,
öz peşəsinə vurğunluq tələb edən əməkdir”
sözlərini fəaliyyətinin əsas istiqaməti kimi daim
diqqətdə saxlayan “İki sahil” qəzetinin yaradıcı
kollektivi Prezident İlham Əliyevin müstəqil mətbuatın
inkişafına göstərdiyi diqqət və
qayğını gündəlik həyatında hiss edir.
Qeyd etdiyimiz kimi, bir yazı çərçivəsində
27 ildə keçilən yolu geniş şəkildə şərh
etmək mümkünsüzdür. Bu amili də xüsusi
qeyd etməliyik ki, “İki sahil”, eyni zamanda, bir məktəb
rolunu oynayır. Müstəqil Azərbaycanımızın
26 ildən artıq müstəqillik tarixinə bələdçilik edən
“İki sahil” daim təkmilləşməni, yeniləşməni
öz fəaliyyətində əsas xətt kimi qəbul edib. Müasirləşmə, yeniləşmə
müasir dövrün əsas çağırışı
kimi mətbu orqanların da qarşısına yeni-yeni məqsədlər,
vəzifələr qoyur. “İki sahil”in
günbəgün yeniləşən internet saytı, qısa
müddətdə fəaliyyətə başlamasına
baxmayaraq geniş izləyici kütləsi qazanan “İki sahil”
TV məhz bu reallığın təsdiqidir.
Etiraf edək ki, illər biri-birini əvəzlədikdə,
keçilən yola, bu yolda zəhməti olanların fəaliyyətinə
düzgün dəyər vermək üçün daha
geniş imkan yaranır. Qəzetimizin uğurlarında
payı olan, amma bu gün aramızda olmayan əməkdaşlarımız
var ki, onlara Allahdan rəhmət
diləyirik. Zaman məhz bu rolu da düzgün dəyərləndirməyimizə əlavə imkanlar yaradır.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, vaxtilə “İki sahil”də çalışan əməkdaşlarımız bu gün ayrı-ayrı dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbəri, həmçinin müxtəlif mətbu orqanların baş redaktorları vəzifəsində işləyirlər. Bu gün bu məqamı da böyük fəxr hissi ilə qeyd edə bilərik ki, “İki sahil” gənclərə geniş meydan açaraq, öz potensial imkanlarını ortaya qoyub, qələmləri ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermələrinə şərait yaradır. Təbii ki, bu uğurlu addım qəzet rəhbərliyinin dövlətimizin siyasətinə uyğun olaraq, gənclərə diqqət və qayğısından qaynaqlanır. “İki sahil” məktəbindən bəhrələnənlərin sayı çox, uğurlarımız davamlı olsun!
Onu da qeyd edək ki, uğurlarımızın davamlılığı əməkdaşlarımızın əməyinin daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsi ilə müşayiət olunub. Bir qrup əməkdaşımız ayrı-ayrı vaxtlarda fəxri adlar və medallarla təltif olunublar. Dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamlarına uyğun olaraq tikilib istifadəyə verilən binalarda mənzil alanlar sırasında “İki sahil”in əməkdaşları da vardır. Bütün uğurlar ümumilikdə qəzetimizin fəaliyyətinə verilən dəyərin göstəricisidir.
27 illik tarixi yolun uğurlarına söykənərək, bu əlamətdar gün münasibətilə Baş redaktor, Əməkdar jurnalist Vüqar Rəhimzadə başda olmaqla qəzetimizin kollektivini, eyni zamanda bizimlə yol yoldaşı olan çoxsaylı oxucularımızı təbrik edirik.
Qələminiz iti, sözünüz kəsərli, yaradıcılıq axtarışlarınız davamlı olsun, əziz “İki sahil”çilər!
Yeganə Əliyeva
İki sahil.-
2018.- 11 iyul.- S.9.