İqtisadiyyata qoyulan investisiyalar
bəhrəsini verir
Ölkə iqtisadiyyatının aparıcı
sahəsi olan qeyri-neft sektoru istər dövlətin iqtisadi təhlükəsizliyinin
etibarlı təminatında,
istərsə də ölkə üzrə ümumi daxili məhsulun formalaşmasında
çox mühüm əhəmiyyətə malikdir. Son dövrlərdə Prezident
İlham Əliyev tərəfindən həyata
keçirilən yeni iqtisadi kurs, aparılan səmərəli
islahatlar və ardıcıl olaraq imzalanan onlarla sərəncam, fərman, qanun ölkə iqtisadiyyatının yeni dövr üçün xilas zəmininə çevrilib. Azərbaycanda qeyri-neft sahəsinin əsasını təşkil
edən yerli istehsala böyük əhəmiyyət verilir,
həm dövlət, həm də özəl sektora vəsait qoyulur.
İyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında ölkə iqtisadiyyatının qazandığı
uğurlardan söhbət
açılıb. Bildirilib
ki, dövlət başçısının yeni
iqtisadi mərhələdə
həyata keçirdiyi
strateji xəttin əsas komponentləri çevik addımlarla dayanıqlı
iqtisadi inkişafın
təmini, islahatların
kompleks həyata keçirilməsi yolu ilə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi,
biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi şaxələndirmə
mexanizminin təkmilləşdirilməsi,
regionların və sahibkarlığın inkişafının
sürətləndirilməsidir.
Bu ilin birinci yarısında
ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz,
informasiya və rabitə xidmətlərində
4,9 faiz, ticarətdə
2,5 faiz artıma nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə
4,1 milyard manat vəsait daxil olub ki,
bu da 2017-ci ilin eyni dövrü
ilə müqayisədə
275 milyon manat və ya 7,3 faiz çoxdur. Əsas kapitala yönəldilən
vəsaitlər qeyri-neft
sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.
2018-ci ilin ilk yarısını
təhlil edəndə
görürük ki, qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatındakı
rolu artıb və gələcəkdə
daha yüksək olacaq. Cənab Prezident İlham
Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında qeyri-neft sektorunun, iqtisadiyyatın inkişafı
ilə bağlı ətraflı məlumat verilib. Dövlətimizin
başçısı çıxışında
bildirib ki, bu ilin göstəriciləri
isə onu deyir ki, əvvəlki
illərdə apardığımız
islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr
verir: “Mən bəzi rəqəmləri
Azərbaycan ictimaiyyətinə
çatdırmaq istərdim.
Beləliklə, altı
ay ərzində ümumi
daxili məhsul 1,3 faiz artmışdır.
Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha
yaxşı göstərici
odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır.
Sənaye istehsalı 1 faiz
artsa da, bu da məqbul
rəqəmdir. Qeyri-neft
sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir
ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək
öz bəhrəsini
verir.”
Son illər ölkəmizdə
aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası
siyasəti nəticəsində
qısa müddətdə
bu sahədə mühüm nailiyyətlər
əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların
istehsalı genişlənib. Qeyd etmək
yerinə düşər
ki, bu ilin
altı ayında xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən
qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır.
Nazirlər Kabinetinin iclasında
cənab Prezidentin verdiyi tapşırıqların
icrası ilə bağlı İqtisadiyyat
Nazirliyinin struktur bölmələrinin və
tabeliyindəki qurumların
rəhbərlərinin iştirakı
ilə keçirilən
kollegiya iclasında iqtisadiyyatın aparıcı
sahələrindən olan
sənayenin inkişafı
istiqamətində görülən
işlərdən danışan
nazir Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə
siyasətinə uyğun
olaraq, sənaye parkları və məhəllələrinin yaradılması,
yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər
davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə
və istehsalda 11 minə yaxın iş yeri yaradılıb.
Növbəti mərhələdə
investisiya qoyuluşunun
3,6 milyard dollara çatdırılması
və 7500-dək yeni iş yerinin açılması nəzərdə
tutulur. Artıq Sumqayıt Kimya
Sənaye Parkında 7
müəssisə fəaliyyət
göstərir, 2018-ci ilin
sonunadək daha 7 müəssisə istifadəyə
veriləcək. Balaxanı,
Pirallahı, Mingəçevir
sənaye parklarında 10-a yaxın iri müəssisə işə
salınıb. Neftçalada və Masallıda sənaye məhəllələrinin tikintisi
başa çatıb,
Hacıqabul və Sabirabadda isə ilin sonunda tikinti
işləri yekunlaşacaq.
Təkcə Neftçalada 8 müəssisə
fəaliyyət göstərir.
Regionlarda xalça emalatxanalarının
tikintisi sürətlə
davam edir.
Nazirlər Kabinetinin 2017-ci ilin
birinci yarısının
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi islahatları
dərinləşdirmək üçün biz sahibkarlardan
böyük fəaliyyət
gözləyirik: “Dövlət
sahibkarlığın inkişafına
böyük dəstək
verir. Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat
güzəştli kreditlər
verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə
163 min yeni iş yeri yaradılmışdır.
Bu il də
170 milyon manat güzəştli şərtlərlə
kreditlərin verilməsi
nəzərdə tutulur.
Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcəkdir. Eyni zamanda,
sahibkarlara metodiki tövsiyələr, məsləhətlər
verilir. Biz xaricdə ticarət evlərinin açılması
ilə sahibkarlara şərait yaradırıq
ki, onlar öz ixrac imkanlarını
genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan
dövləti qeyri-neft
məhsullarının ixracının
artırılmasına sahibkarlardan
daha çox çalışır. Sahibkarlar bir
qədər passivdirlər.
Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə
dövlət bütün
bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla
bir çox sərgilər, təqdimatlar
keçirilir, ticarət
evləri açılır.
Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə
ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə
onlarla ticarət evi açılmalıdır.
Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə, ixracla bağlı öz səylərini artırsınlar.”
Deyilənləri əsas götürərək
bu qənaətə gəlmək olar ki, bu ilin
ilk yarısında da
əvvəlki dövrlərdə
olduğu kimi, qeyri-neft sektoruna diqqət yönəltməklə
neftdənkənar sahələrlə
bağlı iqtisadiyyatın
formalaşmasına şərait
yaradılıb. Bu da yeni və qabaqcıl
müəssisələrin yaradılmasını,
yeni iş yerlərinin açılmasını,
əhalinin məşğulluq
səviyyəsinin yüksəldilməsini,
eləcə də iqtisadi və sosial infrastrukturun davamlı inkişafını
təmin edib.
Orxan Vahidoğlu,
İki sahil.-
2018.- 18 iyul.- S.8.