Media maarifçilik hərəkatının ön sırasındadır

 

 

“Rusiyada əvvəlinci türk qəzetəsi”nin yaradıcısı, görkəmli alim və mütəfəkkir, böyük maarifçi-demokrat Həsən bəy Zərdabi 143 il əvvəl mətbuatın cəmiyyətin maarifləndirilməsindəki rolunu görürdü və yüksək dəyərləndirirdi. O, xalqının inkişafı üçün çox əzablı, məşəqqətli bir həyat yolu keçdi, mövhumat və cəhalətə qarşı elmi və maariflənməni mübarizə yolu kimi seçdi.

 

Çağdaş dövrümüzdə də Azərbaycan mədəniyyətində mühüm yer tutan maarifçilik ideyaları millətin təbii mənəvi qaynağı və özünüdərki kimi meydana çıxır. Ölkəmizdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maarifçilik istiqamətində keçdiyi yola hər zaman işıq tutur, qələm əhli bütün dönəmlərdə olduğu kimi, yenə də maarifçilər ordusunun önündə sıralanır.

 

AZƏRTAC bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynovanın qeydlərini təqdim edir.

 

Bilik Fondunun təşkilatçılığı ilə mütəmadi olaraq Azərbaycan milli mətbuatının tarixi ilə bağlı silsilə tədbirlər keçirilir. Əhalinin maarifləndirilməsi, elmi biliklərə marağın artırılması, milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliği işində fəal iştirak edən və Bilik Fondunun fəaliyyətini obyektiv işıqlandıran jurnalistlərlə mütəmadi görüşlər təşkil olunur. Jurnalistlərimizin əməyi yüksək qiymətləndirilir, Fondun təşkilatçılığı ilə onların zəhmətinin bəhrəsi olan kitabların, xalqımızın tarixi və mədəniyyətinə, xüsusilə şərəfli Cümhuriyyət tariximizə həsr olunan sənədli filmlərin təqdimatı keçirilir.

 

Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamını rəhbər tutaraq, Bilik Fondu 2017-ci il oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrasına dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ilə birgə yeni bir layihə işləyib hazırladı və uğurla həyata keçirdi. 2017-ci ilin oktyabr-noyabr aylarında “Xəzər TV” MMC, “Lider TV” MMC, “ARB” Media Qrupunun “ARB 24” (Tovuz) və “Kəpəz TV” şirkətlərində Bilik Fondu tərəfindən gerçəkləşmiş “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin alim və mütəxəssislərinin, eləcə də praktik jurnalistlərin gənc aparıcı, müxbir və redaktorlar üçün silsilə mühazirə və təlimləri təşkil olundu. Gənc jurnalistlər və təlimçilər layihənin faydalılığını artırmaq üçün belə təlimlərin mütəmadi xarakter almasını arzuladıqlarını bildirirlər.

 

“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin ilk mərhələsinin yekunu olaraq, Bilik Fondu televiziya və radio verilişləri yayımı şirkətlərinin müxbir və aparıcıları üçün ədəbi dil normalarına riayət edilməsi ilə bağlı metodik tövsiyələrdən ibarət eyniadlı məqalələr toplusunu nəşr etdi. Bu günlərdə təqdimatı keçirilən toplu ölkədə fəaliyyət göstərən bütün televiziya və radio şirkətlərinə, eləcə də jurnalist kadrların hazırlandığı ali təhsil ocaqlarına hədiyyə ediləcək.

 

Ötən ilin sonunda Bilik Fondu “Kaspi” qəzeti ilə birgə bu il 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ilk dəfə respublikanın xanım jurnalistləri arasında “Azərbaycanın maarifçi qadınları” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan etdi. Bayram ərəfəsində müsabiqə qaliblərinin Beynəlxalq Mətbuat Mərkəzində mükafatlandırılması mərasimi keçirildi və xanım jurnalistləri “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təbrik etdilər.

 

Müsabiqəyə təqdim olunan materiallardan ibarət “Azərbaycanın maarifçi qadınları” toplusu Beynəlxalq Qadınlar Günü ərəfəsində xanım jurnalistlərimiz üçün gözəl hədiyyə oldu.

 

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərildiyi kimi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın formalaşmasının əsas şərtlərindən biridir. Müasir dövrdə ictimai fikrin formalaşmasını təmin edən təsirli vasitə kimi, KİV-lərin cəmiyyət həyatında rolu və əhəmiyyəti durmadan artır. Buna görə də kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin başlıca istiqamətlərindən biridir.

 

Gənc jurnalistlərin peşə vərdişlərinə daha yüksək səviyyədə yiyələnməsi üçün müxtəlif təlimlərin təşkili, Azərbaycanın jurnalistika tarixinin öyrənilməsi istiqamətində gənclərin maarifləndirilməsi və biliklərininin artırılması istiqamətində birgə fəaliyyətin qurulması məqsədilə ötən il 15 sentyabr – Bilik Günündə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi və Bilik Fondunun informasiya təminatı sektoru arasında əməkdaşlığa dair niyyət sazişi imzalandı.

 

Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrdə, bu sahəyə marağı olan gənclərdə praktik vərdişlərin aşılanması, onların elmi və mədəni-kütləvi tədbirlərə cəlb edilməsi, istedadlı gənclərin aşkarlanması və rəğbətləndirilməsi məqsədilə Bilik Fondu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə birgə “Gənc jurnalistlər” klubunu təsis etdi. Klubun üzvləri tez-tez müxtəlif təlimlərə, müsabiqələrə qatılır, maraqlı layihələrə imza atırlar.

 

Bilik Fondunun ölkənin bütün bölgələrində, eləcə də xaricdə həyata keçirdiyi maarifləndirici tədbirlər və bütövlükdə fəaliyyətimiz mütəmadi olaraq “Azərbaycan”, “Xalq qəzeti”, “525-ci qəzet”, “İki sahil”, “Kaspi”, “Mədəniyyət”, “Həftə içi”, “Mövqe”, “Palitra”, “Ədalət”, “Azərbaycan müəllimi” qəzetlərində geniş işıqlandırılır.

 

Kütləvi informasiya vasitələri ilə işbirliyimiz bununla yekunlaşmır. Media kapitanları və təcrübəli jurnalistlər Fondun həyata keçirdiyi layihələrdə və mühazirələrdə də fəal iştirak edirlər. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, fakültənin professor-müəllim heyətindən Nəsir Əhmədli, Allahverdi Məmmədli, Sevinc Əliyeva, Aynur Nəsirova, Samir Mirzəyev, Günel Orucəliyeva və bir çox tanınmış jurnalistlər Fondun mühazirəçilər qrupunun fəal üzvləridir.

 

Onların iştirakı ilə Azərbaycanın müxtəlif bölgələrində “Heydər Əliyev və Azərbaycan mətbuatı”, “20 Yanvar – mətbuatda”, “Soyqırımı hadisələri - mətbuatda”, “Cümhuriyyət dövrü və mətbuat” mövzularında ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, gənclər evləri və mədəniyyət saraylarında, ali, orta-ixtisas və orta təhsil müəssisələrində təşkil olunan silsilə mühazirə və təlimlər əhalinin marağına səbəb olub.

 

Bilik Fondu ölkə əhalisinin müxtəlif sahələrdə biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması işındə üzərinə düşən maarifləndirmə missiyasını həm alim və tədqiqatçılar, təcrübəli təhsil və mədəniyyət işçiləri, həm də peşəkar media təmsilçiləri ilə birgə yerinə yetirir. Mətbuatla səmərəli əməkdaşlıq Fondun fəaliyyətinə yeni təkan verir və ölkə ictimaiyyəti ilə əlaqələrini möhkəmləndirir.

 

Sonda yenə mətbuat və jurnalistika gününü bizə ərməğan qoymuş sələfimiz dahi Zərdabinin zərb-məsələ çevrilmiş bir fikrini xatırlatmağı özümə borc bildim: “Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun”.

 

Əziz media təmsilçiləri, Sizi 22 iyul – peşə bayramınız münasibətilə təbrik edir, Zərdabi ənənələrinə sadiqliyi, aynamızın günümüzün reallıqlarını hər zaman təmiz və şəffaf əks etdirməsini diləyirik! Hədəfimiz eynidir – maarifçilik!

 

Xatirə Hüseynova

İki sahil.- 2018.- 21 iyul.- S.17.