Naxçıvan şəhərinin
İslam Mədəniyyətinin Paytaxt seçilməsini şərtləndirən
amillər
Bütün müsəlman
dünyasını əhatə edən İslam mədəniyyətinin
paytaxtı layihəsi çox genişmiqyaslıdır.
İslami dəyərlərə və mədəniyyətlərarası
dialoqa verdiyi töhfələrlə əlaqədar hər il
İslam ölkələri şəhərlərindən
birinin paytaxt seçilməsi ənənəsi çox
da qədim tarixə malik deyildir. Bu məsələ
ilə əlaqədar qərar İslam Ölkələri Elm,
Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO-nun) təklifi ilə 2001-ci ilin sonlarında Qətərin
paytaxtı Doha şəhərində İslam ölkələri
mədəniyyət nazirlərinin III konfransında qəbul
olunmuş və ilk dəfə olaraq belə bir şəhər
2005-ci ildə İslam dünyasının mərkəzi
sayılan Məkkə şəhəri seçilmişdir. Bundan 4 il sonra – 2009-cu ildə isə bu hüquq Azərbaycanın
paytaxtı Bakı şəhərinə verilmişdir.
Şübhəsiz ki, fəaliyyətə başlamasından 4
il sonra dünyanın inkişaf etmiş İslam ölkələrinin
böyük şəhərlərinin deyil, müstəqilliyini
yenicə bərpa etmiş Azərbaycanın paytaxtı Bakı
şəhərinin İslam Mədəniyyətinin Paytaxtı
seçilməsi ölkəmizdə islami dəyərlərə
və mədəniyyətlərarası dialoqa verilən
töhfələrlə əlaqədardır.
Məlumdur ki, İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində
keçirilən VI konfransında Naxçıvan şəhəri
2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuşdur. Əlbəttə, bu qərar heç
də təsadüfən, birdən-birə qəbul edilməmişdir.
Sözsüz ki, Naxçıvan şəhərinə belə
bir statusun verilməsini şərtləndirən bir sıra
amillər olmuşdur. Bütün bu amilləri,
bu qərarın hansı səbəbdən verilməsini
aydınlaşdırmaq üçün İslam mədəniyyətinin
yaranmasına, Naxçıvan şəhərinin keçdiyi
tarixi inkişaf yoluna, ərazidəki tarix-mədəniyyət
abidələrinə, onların qorunması, bərpası, tədqiqi
və təbliği vəziyyətinə nəzər
yetirmək lazımdır.
VII əsrin əvvəllərində
tarix səhnəsinə çıxan İslam dini qısa
müddət ərzində bir sıra ölkələrdə
yayıldı, nəticədə, Xilafət dövləti
yarandı. Bununla da, onun tərkibinə daxil olan müxtəlif
xalqların mədəniyyətlərini özündə birləşdirən
İslam mədəniyyəti formalaşdı. VII
yüzilliyin ortalarından etibarən Azərbaycan əhalisi də
İslam dinini qəbul etdi. Beləliklə, Azərbaycan
çox geniş əraziləri əhatə edən Xilafətin
tərkibinə daxil oldu. Bununla əlaqədar
xalqımızın həmin vaxtadək minilliklər boyu əldə
etdiyi bütün elmi-mədəni nailiyyətlər də
Xilafətin yaranması ilə formalaşan və dünya mədəniyyəti
tarixində dərin iz buraxan ümumislam mədəniyyəti
xəzinəsinə daxil oldu və onun tərkib hissəsinə
çevrildi. Bundan sonra Azərbaycanda əldə olunan mədəni-elmi
nailiyyətlər həm də islami mahiyyət kəsb etməyə
başladı.
Xilafətin tərkibində
olduğu müddətdə Yaxın və Orta Şərqin
inkişaf etmiş mədəniyyət mərkəzləri ilə
yaradılan və tədricən inkişaf etdirilən
qarşılıqlı əlaqələr və münasibətlər
Azərbaycanda mədəniyyətin tərəqqisinə
çox müsbət təsir göstərdi. Ona görə
də orta əsr Azərbaycanının ictimai-siyasi və mədəni
həyatında baş verən bütün hadisələrdə
və dəyişikliklərdə, əldə olunan nailiyyətlərdə
İslam ideologiyasının təsiri vardır. Buna görə
də, bütövlükdə, orta əsr Azərbaycan mədəniyyətini,
o cümlədən elmini, təhsilini, ədəbiyyatını
İslam dinindən ayrı təsəvvür etmək olmaz.
2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı seçilən Naxçıvan şəhəri
çox böyük inkişaf yolu keçmişdir. Son tədqiqatlara
görə, əsası bir yaşayış məskəni
kimi eramızdan əvvəl V minilliyin əvvəlində
qoyulan Naxçıvan, təxminən, 5 min il bundan əvvəl
şəhər kimi formalaşmışdır. Naxçıvan şəhəri,
bütövlükdə, Naxçıvan ərazisi bir sıra
mədəniyyətlərin, o cümlədən Eneolit,
Boyalı qablar və Kür-Araz mədəniyyətlərinin
yarandığı və ətraf yerlərə
yayıldığı bir mərkəzə
çevrilmişdir. İlk orta əsrlər dövründə
Naxçıvan şəhəri mühüm
bir inzibati-siyasi mərkəz kimi də diqqəti cəlb
edirdi. Ərəblərin buraya gəlişindən sonra da
şəhər üstünlüyünü saxlamış,
bu səbəbdən də ərəblər ətraf əraziləri
idarə etmək üçün Naxçıvan şəhərini
özləri üçün hərbi-inzibati mərkəz seçmişdilər.
Naxçıvan şəhəri,
həmçinin bütün Naxçıvan ərazisi
islamlaşmadan sonra, xüsusilə islamın intibah
dövründə Azərbaycanın ictimai-siyasi və mədəni
həyatında mühüm rol oynamış, ticarət-iqtisadi
cəhətdən xeyli inkişaf etmişdir. Hətta şəhər X-XI əsrlərdə
“Naxçıvanşahlıq” adlı kiçik feodal dövlətinin,
az sonra – 1136-cı ildə tarix səhnəsinə
çıxan Azərbaycan Atabəyləri kimi nəhəng
bir dövlətin paytaxtına, Azərbaycan
memarlığının mərkəzlərindən birinə
çevrildi. Naxçıvan Azərbaycan mədəniyyəti
tarixinə Əcəmi Əbubəkr oğlu Naxçıvani
kimi dahi bir memar bəxş etdi. Burada Azərbaycan
memarlığının ən möhtəşəm
qollarından olan Naxçıvan məktəbi
formalaşdı. Şəhərdə
və bütün Naxçıvan bölgəsində
çoxlu sayda gözəl və möhtəşəm
memarlıq abidələri, o cümlədən türbələr,
məscidlər, xanəgahlar, mədrəsələr,
hamamlar, buzxanalar, mülki binalar və bu qəbildən olan digər
abidələr inşa edildi. Naxçıvan
şəhərində Yusif Küseyir oğlu, Möminə
xatın, Came məscidi, Dövlətxana və digər bu kimi
möhtəşəm memarlıq nümunələri
yaradıldı. Naxçıvan şəhəri yüksək
inkişaf səviyyəsinə çatdı. Buna görə
də gözəlliyinə və ehtişamına görə
orta əsr müəllifləri onu, obrazlı şəkildə,
“Nəqşi-Cahan” (“Dünyanın bəzəyi”)
adlandırırdılar.
Sonralar bölgənin müxtəlif
yerlərində isə Gülüstan türbəsi,
Qarabağlar Türbə Kompleksi, Ziya-ül-Mülk
körpüsü, Darkənd günbəzi, Əlincəçay
xanəgahı, Qeysəriyyə, imamzadələr kimi nadir
tarixi abidələr ucaldıldı. Beləliklə, orta əsrlər
zamanı sənətkarlarımız tərəfindən
Naxçıvanda memarlıq sahəsində çox zəngin
bir mədəni irs yaradıldı. Ancaq Azərbaycanın hər
yerində olduğu kimi, onun qədim mədəniyyət mərkəzlərindən
olan Naxçıvanda da yaranmış bu irsə keçən
yüzillikdə biganə və ögey münasibət bəslənilmiş,
hətta şəxsiyyətə pərəstiş illərində
onların bir qismi qəsdən
dağıdılmışdır.
Azərbaycan öz müstəqilliyini
bərpa etdikdən, xüsusilə ümummilli lider Heydər
Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra xalqımızın uzun əsrlərdən
bəri yaratdığı milli və mənəvi dəyərlərə,
mədəni irsə dövlət səviyyəsində diqqət
və qayğı artırıldı, onların bərpası,
tədqiqi və təbliği sahəsində məqsədyönlü
tədbirlər həyata keçirilməyə başladı.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da çox
böyük işlər görülmüşdür. Belə tədbirlər içərisində, ilk
növbədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə
imzaladığı Sərəncama əsasən qədim
diyarımızın tarix-mədəniyyət abidələrinin
qeydə alınaraq pasportlaşdırılmasını
vurğulamaq lazımdır.
Böyük bir qismi Azərbaycanda
İslamın qəbul edilməsindən sonrakı vaxtlara aid
olan bu abidələrin çoxu yarandıqları vaxtdan
keçən müddət ərzində təbii qüvvələrin
təsirindən güclü şəkildə
aşınmış, zəmanəmizə
yarımdağılmış vəziyyətdə gəlib
çatmışdır. Ona görə də
Ali Məclis Sədrinin diqqət və qayğısı ilə
çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət
abidəsi bərpa olunaraq əvvəlki görkəminə
salınmış, onlara yeni həyat verilmiş, tədqiqi və
təbliği sahəsində bir sıra mühüm tədbirlər
həyata keçirilmişdir. Bu abidələrin əksəriyyəti
məscidlər, imamzadələr, xanəgahlar, türbələr
və İslamla sıx əlaqədar olan digər abidələrdir.
Bu istiqamətdə işlər bu gün də sistemli şəkildə
davam etdirilir. Qeyd etmək kifayətdir ki, təkcə
2016-cı ildə Ali Məclis Sədrinin 2014-cü il 11 fevral
və 2015-ci il 8 oktyabr tarixlərdə imzaladığı sərəncamlar
əsasında Azərbaycan xalqının məğlubedilməzlik
rəmzi olan Culfa rayonundakı Əlincəqalada və XII əsr
Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən
sayılan Gülüstan türbəsində bərpa işləri
yüksək səviyyədə başa
çatdırılmışdır. Ali Məclis
Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən
Kəngərli rayonundakı XII-XIV yüzilliklərə aid
olan Qarabağlar Türbə Kompleksində başlanılan bərpa
işləri tamamlanmaqdadır. 2016-2018-ci illərdə Şərur
rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə,
Naxçıvan şəhərindəki İmamzadə
kompleksi və Babək rayonunun Nehrəm kəndindəki
İmamzadə bərpa olunmuşdur. Hazırda Şərur
rayonunun Yengicə kəndindəki hamamda bərpa işləri
tamamlanmaq üzrədir.
Ümumiyyətlə, Naxçıvan Muxtar
Respublikasında tarix-mədəniyyət abidələrinin
qorunması, bərpası, tədqiqi və təbliği
çox yüksək səviyyədə həll olunmuşdur.
Son illərdə muxtar respublikada bir sıra yaşayış
məskənlərində mövcud olan məscidlər və
ziyarətgahlar əvvəlki tarixi görkəminə
qaytarılmışdır. Bir sıra kəndlərdə dini
ibadətgahlar tikilərək istifadəyə verilmişdir.
Babək rayonunun Nehrəm kəndindəki məscid bunun ifadəsidir.
Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir.
Bu məscidlərdən 72-si yeni tikilmişdir. 95 məscid və
23 pir isə yenidən qurulmuş və ya bərpa
olunmuşdur.
Hazırda Naxçıvan şəhərinin
cənub tərəfində “Naxçıvanqala”
Tarix-Memarlıq Muzey Kompleksinin və Nuh Peyğəmbərin məzarüstü
türbəsinin yaxınlığında böyük məscid
binası inşa olunmaqdadır. İbadət zalından, 40
metrlik iki minarədən, qızlar və oğlanlar
üçün iki mədrəsədən, kitabxanadan
ibarət olan 15 günbəzli məsciddə eyni zamanda 2000 nəfərin
ibadət edə biləcəkdir. Muxtar
respublikada bu istiqamətdə keçirilən belə tədbirlər
isə dünyanın müxtəlif yerlərindən, o
cümlədən müsəlman ölkələrindən qədim
diyarımıza gələn alimlərin, turistlərin,
dövlət nümayəndələrinin və başqa
insanların diqqətindən yayınmır. Şübhəsiz
ki, Naxçıvan şəhərinin 2018-ci il
üçün İslam Mədəniyyətinin Paytaxtı
seçilməsində sadalanan bu amillər nəzərə
alınmışdır.
Ancaq qeyd olunan bütün bu
faktlar Naxçıvan şəhərinin İslam Mədəniyyətinin
Paytaxtı olması üçün kifayət etməzdi.
Əgər Naxçıvanda müasir infrastruktur
yaradılmasaydı, o, paytaxt ola bilməzdi. Çünki
İslam Mədəniyyətinin Paytaxtı seçilən
şəhərlərə dünyanın 50-dən artıq
ölkəsindən müxtəlif təbəqəyə
mənsub çoxlu qonaqlar gəlir. Həmin qonaqların yerləşdirilməsi
üçün müasir tələblərə cavab verən,
dünya standartlarına uyğun otellərin, başqa məişət
obyektlərinin olması çox vacibdir.
Məlumdur ki, İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin mədəniyyət nazirlərinin
2004-cü il dekabrın 15-17-də Əlcəzairdə
keçirilmiş IV konfransında təsdiqlənmiş
“İslam mədəniyyətinin paytaxtları”
proqramına əsasən hər hansı bir şəhərin
İslam Mədəniyyətinin Paytaxtı elan olunması
üçün həmin şəhər bir sıra keyfiyyətlərə
malik olmalıdır. Belə ki, həmin paytaxt
ölkə və region səviyyəsində mühüm
tarixi keçmişə, İslam və bəşər mədəniyyətində
elm, incəsənət, ədəbiyyat sahəsində
töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə,
fərdi və kollektiv şəkildə mədəni tədbirlər
təşkil edən qurumlara malik olmalıdır.
Naxçıvan şəhəri isə bütün bu tələblərə
cavab verir. Fikrimizcə, şəhərin
İslam Mədəniyyətinin Paytaxtı seçilməsində
son illərdə Naxçıvanda reallaşan mühüm əhəmiyyətli
beynəlxalq tədbirlərin, burada dövlət
başçılarının görüşlərinin təşkili
və bu sahədə qazanılan təcrübə də
öz müsbət təsirini göstərmişdir.
Məhz bütün bunlara görə
İslam Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu
ilin oktyabr ayında Bakı şəhərində keçirilən
VI konfransında Naxçıvan Muxtar Respublikasının
paytaxtı Naxçıvan şəhərinin 2018-ci il
üçün İslam Mədəniyyətinin
Paytaxtı elan olunması ilə əlaqədar qərar qəbul
edilməsi çox təbii görünür. Bununla əlaqədar
yaradılmış Təşkilat Komitəsinin 25 noyabr
2016-cı ildə keçirilən ilk iclasında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Təşkilat
Komitəsinin sədri cənab Vasif Talıbov demişdir: “Bu qərar
əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min
illik tarixə malik qədim şəhəri olan
Naxçıvan islam mədəniyyəti nümunələri
ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli
töhfələr vermişdir”.
Öz qədimliyi və
müasirliyi ilə İslam mədəniyyəti paytaxtları
üçün tələb olunan qayda və prinsiplərə
cavab verən, dini, milli və etnik tolerantlıq ənənələri
ilə seçilən, həmçinin artıq bir sıra
beynəlxalq miqyaslı möhtəşəm tədbirlərə
ev sahibliyi edən və bu sahədə böyük təcrübə
qazanan Naxçıvan şəhəri 2018-ci il
üçün İslam Mədəniyyətinin Paytaxtı
kimi burada keçirilməsi nəzərdə tutulan tədbirlərin
yüksək səviyyədə gerçəkləşəcəyinə
əminlik yaradır. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin dediyi kimi: “Bu gözəl hadisə
ilə bağlı təntənəli tədbirlər
keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər,
bir daha görəcəklər ki, dünyada belə gözəl
məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi,
binaları və ən önəmlisi, gözəl
insanları olan gözəl məkan var – bu məkanın
adı Naxçıvandır”.
Fəxrəddin
SƏFƏRLİ
İki
sahil.- 2018.- 6 iyun.- S.- 16