“Azərbaycan ədəbiyyatında erməni xisləti”

Buludxan Xəlilovun təqdimatında: “Azərbaycan ədəbiyyatında erməni xisləti”

Bu yaxınlarda filologiya elmləri doktoru, professor  Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” kitabı işıq üzü görüb.

Siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun elmi redaktorluğu ilə nəşr olunan kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadə və tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafadır.

Günümüzün aktual  mövzularından birinə həsr olunmuş kitabın annotasiyasında qeyd olunur ki, nəşrdə Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin və Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında ermənilərin qorxaqlığı, ikiüzlülüyü, böhtanı, müsəlmanları (azərbaycanlıları) əsas hədəf kimi götürmələri, milli ədavətin qızışdırıcısı və iştirakçısı olmaları, başqalarını təqlid etmələri və digər  məsələlər ətraflı şərh və təhlil olunur. Bundan başqa, erməni-müsəlman münasibəti, ermənilərin həmişə başqalarından istifadə etmələri, onların millətlərin arasına nifaq toxumu səpməsi, başqalarına yarınmaq yolunda hər cür oyundan çıxmaları, qonşu xalqlara xəyanət etmələri, hazırda yaşadıqları əraziyə gəlmə olmaları, həmişə “xristianlıq mərhəməti”ndən öz mənfəətləri naminə istifadə etmələri və sair məsələlər bədii mətnlərə istinad olunmaqla erməniləri və onların psixologiyasını, xislətini  oxuculara təqdim edir.

Mirzə Fətəli Axundzadənin yaradıcılığında erməni məsələsini araşdıran müəllif daha çox diqqəti “Hacı Qara” komediyasına yönəldərək əsərdəki erməni yüzbaşısı Ohanın simasında ermənilərin qorxaqlığını, ikiüzlülüyünü və böhtançı olduğu qənaətini oxucularla bölüşüb: “Əsərdə Hacı Qaranın dili ilə ermənilərin hiyləgər olduqları, nadürüstlükləri, başqalarını tovlayıb (kazakları) üstə gətirmələri tənqid olunur. Belə ki, ermənilər, daha doğrusu, yüzbaşı Ohanın dəstəsi qorxularından uzaqlaşıb gözdən itdikdən sonra Hacı Qara ilə Heydər bəy arasında söhbət belə olur: “Hacı Qara: A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız?

Heydər bəy: Nədən ötrü, Hacı?

Hacı Qara: Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

Heydər bəy: Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə?

Hacı Qara: Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?”.

Cəlil Məmmədquluzadənin  “Danabaş kəndinin əhvalatları” hekayəsinə müraciət edən müəllif  Karapet ağanın xarakterinin ermənilərə xas cizgiləri əsasında onların xislətini açır və “erməni ilə müsəlmanın nə alveri?”  fikrini bir daha vurğulayır. Ədibin digər bir əsərində- “Usta Zeynal” hekayəsindəki Muğdusi Akopun xarakteri ilə bağlı nüansları açarkən ritorik suallarla fikrini əsaslandırır: “Bu, Muğdusi Akopun alicənablığıdır, laqeydliyidir, biganəliyidir, yoxsa qanmazlığıdır? Bizcə, bunların heç biri deyil. Erməniyə məxsus olan soyuqqanlılığıdır. Həmin soyuqqanlığın içərisində nələr yoxdur? Onu erməninin özündən başqa heç kəs bilməz. Daha doğrusu, erməninin özü qədər, Muğdusi Akopun özü qədər heç kəs bilməz”.

Erməni məsələsindən söz düşmüşkən, professor Buludxan Xəlilov  Mirzə Cəlilin məşhur “Kamança” hekayəsini də diqqətdən qaçıra bilməzdi: “Bu ermənilər müsəlmanların toyunda plov yeyir, müsəlmanların pullarını ciblərinə doldurur, müsəlman kəndlərini yandırır, igid müsəlman övladlarını öldürürlər. Onlar bu müsəlmandan nə istəyirlər? Heç özləri də öz istəklərini bilmirlər, istəklərinin nə ilə nəticələnəcəyini başa düşmürlər. Sonra da “Kaş müsəlmanın sonrakı ağlı məndə olaydı” deyimi ilə təsəlli tapırlar. Erməninin xislətində abır-həyanın olmaması və qorxaqlıq milli keyfiyyətdir. Abır-həyadan uzaq olmaq erməniyə imkan verir ki, istədiyini etsin, qorxaqlıq isə imkan yaradır ki, çətin məqamlarda, aciz məqamlarda başqalarının qarşısında ağlasın”.

Başqa bir məqamda isə müəllif yazır: “Erməninin marağı, bəlkə də ağ eləməsi o səviyyədədir ki, kamançanın Muğuş balasına çatdırılmasını istəyir. Burada incə bir mətləb və məna var: Erməni ona aid olmayan, ona məxsus olmayan kamançanın sahibi kimi özünü aparır . Erməni Baxşının qanının arasına kamança girir.Qəhrəman yüzbaşı kamançanı Baxşıya uzadır “A balam, yazıqsan, barı bir dəfə də çal” deyir. Baxşıya da bu fürsət lazım idi. O, fürsətdən məharətlə istifadə edir, Qəhrəman yüzbaşının ürəyini yumşaldır. Çox həvəslə “Rast” havasını çalır. Rastdan sonra “Şikəsteyi fars”a keçir. Onun çalğısı Qəhrəman yüzbaşını elə ələ alır ki, o, qəməni yavaş-yavaş, guya özündən bixəbər, soxur belindəki qınına və qulaq asır . Əgər erməni Baxşı kamançanı çala bilməsəydi nə baş verərdi? Deməli, erməni Baxşı kamançadan istifadə edərək öz işini görür, pul qazanır, lazım gələndə müsəlmanın ürəyini yumşaldır. Görün Qəhrəman yüzbaşı erməni Baxşının kamançanı çalmasından sonra nə deyir: “A balam, erməni, bir de görüm bizdən nə istəyirsiniz? (Baxşı təəccüblü baxır və bir söz demir. Qəhrəman yüzbaşı acıqlı və bir az ucadan). Sənnən söz soruşuram ey, niyə dinmirsən? Kar deyilsən ki! Bir de görüm, bizdən niyə əl götürmürsünüz?”  Qəhrəman yüzbaşının bu sualı tarix boyu yaxamızdan əl götürməyən ermənilərə ünvanlanan aktual bir sual kimi diqqəti çəkir... Professor Buludxan Xəlilov Nəriman Nərimanovun “Bahadır və Sona” romanı ilə baglı düşüncələrini qeyd edərkən erməni qızı Sonanın şıltaqlığı, erməni missiyasında müsəlmanların əsas hədəf olmasını önə çəkib və  “Bahadır və Sonanın fəlsəfəsi camaatın fəlsəfəsinə ziddir” qənaətinə gəlir.

Cəfər Cabbarlının yaradıcılığında erməni məsələsini araşdıran professor “1905-ci ildə” pyesindəki şəxs adlarını önə çəkərək bu qədər yaxınlıqdan ermənilərin məqsədli şəkildə istifadə etdiklərini  və ürəyi təmiz azərbaycanlıların adlarını da özlərinə qoyduqlarını bildirib: “ Heç utanmadan, çəkinmədən Allahverdi, Nabat, Eyvaz, Sona adlarını daşıyıblar. Qonşuluq münasibətində azərbaycanlıları o qədər ələ alıblar ki, o qədər “səmimiyyət” göstəriblər ki, onlara inanmamaq heç kəsin ağlına gəlməyibdir.

Cəfər Cabbarlı “1905-ci ildə” əsərində elə məqamlara toxunur ki, onların hər biri həm tarixə, həm də bu gün də müşahidə etdiyimiz, qarşılaşdığımız məsələlərdir. Bu mənada Cəfər Cabbarlının “1905-ci ildə” əsəri erməni  məsələsi ilə bağlı dəyərli bir mənbədir. Bu mənbəni dönə-dönə oxumaq, dönə-dönə təhlil etmək, dönə-dönə gənc nəslə çatdırmaq lazımdır. Erməni məsələsinin belə aydın şəkildə işıqlandırılmasına görə hər birimiz Cəfər Cabbarlıya minnətdar olmalıyıq”.

Buludxan Xəlilov Üzeyir Hacıbəylinin  “İrşad” qəzetinin 1906-cı il 9 mart tarixli 64-cü nömrəsinin 1-2-ci səhifəsində “Üzeyir bəy Hacıbəyli” imzası ilə çap etdirdiyi “Biz hamımız qafqazlı balalarıyıq” sərlövhəli məqaləsinə istinad edərək  ədibin proqressiv, demokratik, internasional görüşlər təqdim etdiyini yazır: “O, qafqazlı balalarını səadətə, xoşbəxtliyə, məhəbbət və sevgiyə, həmrəyliyə və həmməsləkliyə çağırmışdır. Görəsən bu cür düşünən erməni yazıçısı olmuşdurmu? Görəsən bu cür yanğı ilə qafqazlıların probleminə yanaşan erməni ziyalısı olmuşdurmu? Görəsən Qafqazın taleyini, xoşbəxtliyini, gələcəyini bu cür anlayan erməni başbilənləri varmı? Olsaydı, yəqin ki, Qafqaza xor baxanlar da olmazdı, Qafqazı müharibə, münaqişə yuvasına çevirənlər də olmazdı. Doğrudan da, erməni xisləti Qafqazın inkişafına bir əngəl olubdur.  Ermənilərin yazıçıları, şairləri, ziyalıları, ictimai-siyasi xadimləri həmişə araqızışdıran yazıları, çıxışları və mövqeləri ilə Qafqazın qana çalxalanmasına nail olublar”.

Professor kitabda yer alan “Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanı: erməni xisləti, erməni məkri” sərlövhəli  məqalələr  silsiləsində erməniləri tarixən nifaq toxumu səpən şeytanlar kimi səciyyələndirib: “Ermənilərdə yaltaqlıq, ikiüzlülük, kimlərəsə yarınmaq xisləti də bir milli keyfiyyətdir. Qonşu xalqlarla düşmənçilik etmək, bu düşmənçiliyi həyata keçirmək üçün kilsə ilə, erməni ruhaniləri ilə əlaqə qurmaq xisləti də ermənilərə məxsus olan xüsusiyyətdir”.

Sonda müəllif ermənilərin haqsız, ədalətsiz və məkrli işlərini  həyata keçirə bilmək üçün hər yola əl atdıqlarını vurğulayır və yazır ki, tarix boyu belə olub, indi də belədir.

Bizim qarşımızda duran əsas vəzifə isə faciələrimizin gələcəkdə təkrarlanmaması  üçün belə dəyərli araşdırmaları oxuyub öyrənərək tarixdən ibrət dərsi almaqdır...

 

Sevinc Mürvətqızı

İki sahil.- 2018.- 8 iyun.- S.14.