Azərbaycanın müstəqilliyinin
əbədiyyət tarixi
“Dahi Heydər Əliyev şəxsiyyətinin
Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq
daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz
əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik
arzusuna çatmasına nail
olmuşdur" söyləyən Prezident İlham Əliyev
haqlı olaraq vurğulayır ki, Heydər Əliyevin fəaliyyəti
nəticəsində Azərbaycan
özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa başlamış və
dünyanın ən dinamik inkişaf edən ölkələrindən
birinə çevrilmişdir.
Uğurlara aparan yol isə o qədər,
çətin, məsuliyyətli olmuşdur ki, bu xaosda ölkəsinin
düyünə düşmüş taleyini yalnız Heydər
Əliyev kimi dahilər aça bilərdi.
..Respublikamıza rəhbərliyinin ilk mərhələsində
ölkəmizi Sovet İttifaqının qabaqcıl diyarına
çevirən Ulu Öndərin istedadı, dövlətçilik
təcrübəsi, el arasında qazandığı hörmətdən
ehtiyatlanan Kremldəki "başbilən"
qaragüruhçular Heydər Əliyevi əsassız olaraq vəzifələrindən
kənarlaşdırdılar. O günləri xatırlayan cənab
Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, ona qarşı,
eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik
və təxribat idi: "Onun istefasından iki həftə
keçməmiş erməni millətçiləri
Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana
birləşdirmək haqqında məsələ
qaldırmışdılar. Yəni, Heydər Əliyev amili
onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə
etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən
gedəndən sonra bu məsələ qalxdı və dərhal
ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr
başladı, Ermənistanın təhriki ilə orada
separatçı meyillər gücləndi. Əfsuslar olsun ki,
o vaxtkı sovet rəhbərliyi cinayət törədərək
bu xoşagəlməz meyillərin qarşısını
almadı. Nəinki almadı, almaq istəmədi. Sovet
İttifaqının dağılması prosesi məhz o vaxtdan
başladı."
Bu cür təxribatların davamı olaraq
Qanlı Yanvar cinayəti, Sumqayıt hadisələri törədildi.
Günahsız insanlar qətlə yetirildi. Təqaüdçü
kimi hələ də Moskvada yaşayan, müəyyən təzyiqlərə
məruz qalan Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan
xalqına qarşı törədilmiş böyük cinayət
adlandıraraq dərhal öz haqq səsini ucaltdı. "Ertəsi
gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gəlmişdir. Mən də onunla bərabər orada idim. Mətbuat
konfransında sovet rəhbərliyini ittiham etmişdir.
Onların hərəkətlərini pisləmişdir. Deyə
bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir
hadisə idi. Çünki Sovet İttifaqının
dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin
ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi
nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın
atılması bir daha onu göstərdi ki, Heydər Əliyev
öz xalqına nə qədər bağlıdır, bu insan
nə qədər fədakardır, nə qədər cəsarətlidir"
söyləyən cənab İlham Əliyev əlavə
olaraq bildirir ki, Ulu Öndərə qarşı təzyiqlər,
təqiblər, mətbuatda qarayaxma kampaniyası daha da gücləndi.
Moskvada yaşamağın təhlükəli olduğunu hiss
edən Ulu Öndər Bakıya qayıtsa da
qurub-yaratdığı Vətənində ona yaşamağa
imkan vermədilər.
Belə nankorluqla qarşılaşan Ulu Öndər
məcbur olub doğulduğu yerə - Naxçıvana üz
tutdu. Naxçıvan əhalisi onun ətrafında birləşərək
o ağır illərin çətinliyinə birgə
dözdü. Naxçıvanlılar Heydər Əliyevi
bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə
o, Naxçıvanın rəhbəri kimi,
Naxçıvanı işğaldan qorudu. O dövr Azərbaycanın
müstəqilliyi üçün həlledici idi.
...1990-cı illərin əvvəllərində
tənəzzülə uğrayan Azərbaycan siyasi, iqtisadi
böhran içərisində idi. Xalq arasında o vaxtkı
iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş
müharibəsi başlamışdı. Torpaqlarımız, o
cümlədən Şuşa, Laçın, Kəlbəcərin
işğalı ilə Dağlıq Qarabağın təcavüzkar
Ermənistana coğrafi bağlılığı yarandı.
O zamanlarda Naxçıvanda yaşayan və hadisələri
siyasi, dövlətçilik təcrübəsi ilə
izləyən Ulu Öndər bütün Azərbaycanın
taleyi üçün narahat idi. Bu çətinliklərə
baxmayaraq ölkəyə başçılıq edənlərin
muxtar respublikaya ögey münasibəti, ulu öndər Heydər
Əliyevə olan qısqanclığı vəziyyəti daha
da çətinləşdirirdi. Çünki fərdi deputat,
təcrübəli dövlət xadimi kimi sessiyyalarda
iştirak edən ulu öndər Heydər Əliyevin müstəqilliyə
aparan təklifləri bütün Azərbaycan xalqı tərəfindən
dəstəklənir, Ümummilli Liderə olan xalq məhəbbəti
iqtidarsız iqtidarları təşvişə salırdı.
17 noyabr 1990- cı ildə keçirilən
Naxçıvan MR Ali Məclisinin iclasına ağsaqqal kimi sədrlik
edən Heydər Əliyev müstəqillik naminə ilk xidmətlərini
göstərdi. "Müstəqillik qədər çətin
yol yoxdur. Müstəqilliyin əldə
olunması nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan da çətindir"
söyləməklə, illərdən bəri həyata
keçirmək istədiyi arzularını fəaliyyəti ilə
reallaşdırdı. Həmin sessiyada Naxçıvan MSSR-in
adının dəyişdirilməsi, dövlət
atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının , himn və gerbinin bərpası
barədə qərar qəbul olundu. Naxçıvanın
özünün hər an Ermənistanın təcavüzünə
məruz qaldığı bir zamanda xalq düzgün
seçimini etdi.
3 sentyabr 1991-ci ildə keçirilən sessiyada
təcrübəli dövlət xadimi Heydər Əliyev
Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu
tarixi ölkəmizin müstəqilliyinin əbədiliyinə
aparan yolun başlanğıcı adlandıranların sözlərində
böyük həqiqət var.
Azərbaycanın taleyində
özünəməxsusluğu ilə seçilən həmin
tarixi günün məsuliyyətini "Çox böyük
əziyyət və mənəvi əziyyət içərisindəyəm
ki, mənim razılığım olmadan məni sədr
seçdilər. Ancaq bu zamanın, dəqiqələrin,
bu saatın hökmünü nəzərə almaya bilməzdim"
sözləri ilə bildirən , yalnız xalqı
üçün yaşayan, insanların xoşbəxt gələcəyi
naminə çalışan ulu öndər Heydər
Əliyev vurğulayırdı ki, Azərbaycanın belə
ağır vəziyyətində, çətin
günündə deputatların, binanın
qarşısında, ətrafında toplaşan
naxçıvanlıların tələbindən imtina etmək,
geri çəkilmək xalqın ağır günündə
qaçmaq onların ümidlərini qırmaq deməkdir.
Taleyini xalqa tapşıran, ən çətin günlərdə
xalqla bir olan Ulu Öndərin Azərbaycanın memarı
adlandırılması təsadüfi deyil. Xalq bütün
dövrlərdə ümummilli lider Heydər Əliyevə
sevgisini, inam və hörmətini ifadə etməkdə
yanılmamışdır.
Onun Naxçıvan MR Ali Məclisinə Sədr
seçildiyi gün təkcə muxtar respublikanın deyil,
bütünlükdə Azərbaycan xalqının xilas
günü kimi tarixə yazıldı.
Uzaqgörən siyasi xadim
yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə
inkişaf, yenilik nəinki çətindir, hətta
mümkünsüzdür. İmzaladığı əhəmiyyətli
sərəncamlarla Azərbaycanın suverenliyini təsdiqləyən
məsələlərinin həllini sürətləndirdi.
Naxçıvanda işləyərkən 20 Yanvar faciəsinə
siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını
qəti tələb etdi. Kremldə baş verən oyunlardan xəbərdar
olan uzaqgörən siyasətçi "İttifaq müqaviləsini"
Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü
hesab edərək ona qəti etirazını bildirdi. "Yenidənqurma"
oyununun pərdəarxası məqsədini, onun təhlükəli
nəticələrini də uzaqgörən siyasəti ilə
aydın dərk edirdi. O, "nəticə"
ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək
ağrısı, əzab- əziyyət, qaçqın, şəhid
sözlərini "bəxş etdi." Yalan, saxta ideyalar əsasında
formalaşan və xalqları 70 ildən artıq əsarətdə
saxlayan Kommunist Partiyasına etirazını onun
sıralarından istefa verməklə bildirən,
demokratiya tərəfdarı olduğunu sonrakı fəaliyyəti
ilə də təsdiqləyən Ulu Öndər vurğulayırdı
ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə
demokratiyadan, inkişafdan söhbət gedə bilməz.
Ulu Öndərin Naxçıvandakı ən
böyük xidmətlərindən biri insanlarda milli təfəkkür
və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr-
Dünya Azərbaycan türklərinin milli həmrəylik və
birliyi barədə qərar qəbul olundu. Əhəmiyyətinə
görə daha böyük önəm daşıyan xidmət
150 ildən artıq bir müddətdə "sərhədlərimizi
qoruyan" SSRİ-nin 41-ci sərhəd dəstəsinin
və 75 saylı mexanikləşdirilmiş motoatıcı
diviziyanın muxtar respublikanın ərazisindən
çıxarılması barədə qərarın qəbulu
oldu. Azərbaycanda "qızıl ordu" hissələrinin
qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli
addımın atılması, rus ordusuna məxsus silah-
sursatın, əmlakın, mülki texnikanın yeni
yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə
təhvil verilməsi yalnız düşünülmüş,
ağıllı siyasətin nəticəsində
mümkün ola bilərdi. Məhz o illərdə yaradılan
Naxçıvanın İnkişafı və Müdafiəsi
Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə
sərf olundu.
Ulu Öndərin Naxçıvan
MR Ali Məclisinin Sədri kimi Azərbaycan naminə xidmətlərindən
biri də respublikanın sərhədlərinin ,
Naxçıvanın ermənilər tərəfindən
işğalının qarşısının
alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi
oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən
çıxması üçün qonşu İran və
Türkiyə ilə əməkdaşlıq gücləndi.
Böyük şəxsiyyət olan Heydər Əliyevin
nüfuzu bu sahədə də özünü doğrultdu.
Naxçıvana hər iki qonşu dövlətdən ərzaq,
sənaye malları, ən başlıcası isə enerji
verildi. Türkiyə ilə qonşu dövlətlər
arasında əlaqələrin möhkəmləndirilməsi
üçün "Ümid" körpüsü
salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat
yolunun intensiv fəaliyyəti üçün geniş
imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi
açıldı. Azərbaycanın ictimai- siyasi həyatında
aparıcı rol oynayan, ölkənin gələcəyinə
böyük ümidlər vəd edən Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Ulu Öndərin
şəxsi nüfuzunun nəticəsi kimi ilk gündən
YAP-ın ətrafına yüz minlərlə insan toplandı.
1992-ci ildə hakimiyyətdə
olan və səriştəsiz rəhbərlikləri
üzündən Azərbaycanı uçuruma aparan,
Naxçıvanda dövlət çevrilişinə cəhd
edən AXC-Müsavat iqtidarındakı bəylərin
"unitar dövlətdə muxtariyyat ola bilməz" kimi səhv
ideyalarına Ulu Öndər "Mən həyatımdan
keçərəm, Naxçıvanı Azərbaycandan
ayırmaram" sözləri və xalqla həmrəyliyi ilə
tutarlı cavab verdi. Təcrübəli dövlət xadimi Heydər
Əliyev yaxşı bilirdi ki, Naxçıvanın
muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan
torpağının itirilməsi demək idi. Məhz onun rəhbərliyi
ilə sonradan Azərbaycanın bütün rayonlarında tətbiq
olunan rentabelli işləməyən kolxoz və
sovxozların, torpaqların özəlləşdirilməsi
kimi aqrar islahatların təməli qoyuldu.
1993-cü ildə xalqın təkidli
tələbi ilə Bakıya gələn Heydər Əliyev
çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə
Azərbaycanı inkişaf yolu ilə irəliyə apardı.
Xalqın iradəsi ilə Prezident seçilən Heydər
Əliyev perspektivləri bu cür müəyyənləşdirirdi:
"Dövlət müstəqilliyini möhkəmləndirmək,
suveren dövlət yaratmaq və inkişaf etdirmək, ərazi
bütövlüyünü təmin etmək, ölkəmizi
müharibə şəraitindən çıxarmaq,
respublikanın vətəndaşlarının rifahını
yaxşılaşdırmaq, onların yaşaması
üçün lazımi şərait yaratmaq-
bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas
istiqamətlər olacaqdır və mən bunların həyata
keçirilməsinə çalışacağam."
1994-1995-ci illərdə xarici qüvvələrin təhriki ilə
törədilən Azərbaycanda dövlət
çevrilişinə cəhdlərin qarşısını
müdrik siyasəti və xalqla həmrəyliyi ilə
alan Heydər Əliyev bir daha müstəqilliyimizi qorudu.
Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi
olan Azərbaycanın islahatlar ölkəsi
adlandırılması da Heydər Əliyev ideyalarının
gerçəkləşməsinin təzahürüdür. Son illərdə Prezident İlham Əliyevin davam
etdirdiyi siyasət, bölgələrdə aparılan yenidənqurma
işləri və həyata keçirilən islahatlar da
göstərdi ki, ulu öndər Heydər Əliyev tərəfindən
Naxçıvanda təməli qoyulmuş milli iqtisadi
inkişaf modeli alternativsizdir.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2018.- 9 iyun.- S.2