Sağlamlığınız
üçün Azərbaycana gəlin!
Azərbaycan təbiətin səxavətlə
bəxş etdiyi sərvətlərə malik və bir
çox insanın sağlamlığını bərpa etmək
üçün tez-tez səyahət etdiyi ölkələrdən
biridir. Respublikada kurort zonalarının
infrastrukturu sürətlə inkişaf edir, istənilən
zövqə və tələbata uyğun otel və pansionatlar
tikilir. Ölkədə bir çox mineral bulaqlar var ki, kimyəvi
tərkibindən asılı olaraq onlardan bir sıra xəstəliklərin
müalicəsində istifadə edilir. Məsələn,
Qalaaltı bulağının suyu böyrək xəstəliklərinin,
Masallının termal suyu isə bir çox xəstəliyin
müalicəsində faydalıdır. Azərbaycanın daha
bir müalicəvi sərvəti təbii duzdur.
Naxçıvanda müasir sanatoriyanın fəaliyyət
göstərdiyi Duzdağın şöhrəti hər yerə
yayılıb.
Qalaaltı – daşı əridən su
Bakının 120 kilometrliyində,
Şabran rayonunda dəniz səviyyəsindən 1000 metr
yüksəklikdə yerləşən “Qalaaltı” müalicə-istirahət
kompleksi ötən əsrdən fəaliyyət göstərməyə
başlayıb. 1969-cu ildə Qalaaltının dağətrafı
meşələrində müalicəvi mineral su mənbələri
aşkar edilib və onların yaxınlığında
tez bir zamanda ümumittifaq əhəmiyyətli istirahət məkanına
çevrilən sanatoriya tikilib. Kompleksdə əsas müalicəvi
amil unikal sudur. Bu, tərkibində zəngin hidrokarbonat və
natrium-kalsiumun, habelə Naftusya tipli orqanik maddələrin
olması ilə Ukraynanın Truskavets kurortunun suyundan da
üstündür.
Hazırda “Qalaaltı” müasir müalicə-istirahət
kompleksi ilə köhnə sovet sanatoriyası arasında
heç bir bənzərlik yoxdur. Burada dəyişməyən
isə şöhrəti artmaqda davam edən həmin unikal
sudur.
Naftusya mineral suyunun müalicəvi xüsusiyyətləri
çoxdan məlumdur – mənbələrdə onun faydası
barədə ilk dəfə 1578-ci ildə bəhs olunub.
Adından da məlum olduğu kimi, bu, bütün dünyada tərkibində
neft mənşəli orqanik maddələrin bol olduğu yeganə
müalicəvi sudur. Meşədə böyük ehtiyatlara
malik yeddi su mənbəyi aşkar edilib. Suyun debiti dəqiqədə
10 min litrdən çoxdur. Bu yataqlardakı Naftusya
sözügedən bölgədəki suyun müalicəvi
xüsusiyyətlərinin əsas göstəricisi olan orqanik
maddələrlə zəngindir. Qalaaltı suyundakı orqanik
maddələrin təkrarolunmaz təbii kompleksi, bir çox
ölkələrdən olan həkim-uroloqların da qəbul
etdiyi kimi, onu dünyada yeganə müalicəvi mineral suya
çevirib.
Qalaaltı suyunu bilavasitə
bulaqdan içmək olar, çünki tərkibindəki
uçan orqanik maddələr səbəbindən onu saxlamaq və
daşımaq mümkün deyil. Ən müasir avadanlıqla
təchiz edilmiş “Qalaaltı” müalicə-diaqnostika mərkəzində
yerli kurortologiya və fizioterapiyanın ən yeni
texnologiyalarının dünya səhiyyəsinin ən
yaxşı nailiyyətləri ilə vəhdəti
mövcuddur.
Müxtəlif formalı böyrəkdaşı,
qastroentoloji xəstəliklərin müalicəsində
Qalaaltı suyu olduqca faydalıdır. Sanatoriyanın dəhlizində
divardan asılmış və bu suyun qeyri-adi təsiri sayəsində
pasiyentlərin böyrək və mədəaltı vəzilərindən
çıxarılmış duz və daşların
toplandığı sınaq şüşələrini
görmək olar.
İmmunoloji təsiri sayəsində
Qalaaltı suyu orqanizmin müdafiə gücünü bərpa
edir, orqanlarda və toxumalarda iltihab prosesinin aradan qalxmasına,
mübadilə məhsulları və toksik maddələrin
çıxmasına kömək edir və bununla orqanizmin
vaxtından əvvəl qocalmasının
qarşısını alır.
Kompleksdə qonaqların asudə vaxtını
səmərəli keçirmələri üçün
beşulduzlu dəbdəbəli otel də var. O, dəniz səviyyəsindən
1232 metr yüksəklikdə IV-VI əsrlərdə
ucaldılmış, vaxtilə möhtəşəm və
alınmaz olan qədim Cıraqqalanın xarabalıqları
üzərində, qaya altındakı dağ meşələrinin
qoynunda tikilib.
Masallı – qaynar müalicə
Azərbaycanın daha bir bölgəsi –
Masallı qədim vaxtlardan öz müalicəvi suları ilə
tanınır. Onların ən məşhuru isə
İstisudur. Bu termal bulaq dəniz səviyyəsindən 1650
metr yüksəklikdə Dəmbəlov dağının
yamaclarında, Viləşçayın sahilində bir
neçə mənbədən çıxır. Əsrlərboyu
insanlar bu bulağın suyunu min bir dərdin dərmanı
hesab ediblər.
1960-cı ildə həkim-alim Mir Kazım
Aslanlı–Sarəng bu suyun tərkibində hidrogen sulfit,
kalsium, natrium xlor, hidrokarbonat maqnezium, yod (hər litrdə 30
milliqram) olduğunu müəyyən edib. Su yerin təkindən
90-250 metr dərinlikdən isti halda (69 dərəcəyə
yaxın) çıxır. Ondan revmatizm, radikulit, dəri,
böyrək, sidik yolları və digər xəstəliklərin
müalicəsində istifadə olunur. Müalicə həkim
diaqnozu və nəzarəti ilə aparılmalı, bir kursu
10-15 müalicə vannasından ibarət olmalıdır.
Mir Kazım Aslanlı–Sarəngin kəşfi
böyük maraq doğurdu. Dövlət tərəfindən
İstisu bulağına Sovet İttifaqının müvafiq
klinikaları və aparıcı elmi mərkəzlərindən
on iki alim dəvət olundu və onlar da Aslanlı–Sarəngin
rəylərini təsdiqlədilər. 1971-ci ildə müalicəvi
bulaq ümumittifaq əhəmiyyətli müalicə-kurort
statusu aldı və intensiv istifadə olunmağa
başlandı.
Hazırda “Fatimeyi-Zəhra” sanatoriyası adlanan
bu şəfa ocağında bütün prosedurlar həkim nəzarəti
altında aparılır. Buraya gələn hər kəsə
qoyulmuş diaqnozun və keçiriləcək prosedurların
göstərildiyi sanatoriya-kurort kitabçası verilir.
Sanatoriyada mükəmməl müalicə olunmaqla
yanaşı, yaxşı istirahət etmək də
mümkündür. Məsələn, Viləşçayın
sularında insanın bütün yorğunluğu
çıxar. Çayın bir hissəsində termal bulağın
suları daşların üzərinə tökülür və
çayın soyuq suyuna qarışaraq, bir növ, təbii
termal vannalar meydana gətirir. Çayda üzən xırda
diribaş balıqlar istirahət edənlərin dərisində
açıq yerləri çimdikləyir. Onların dəri xəstəliklərinin
müalicəsinə kömək etdiyi hesab olunur.
Çayın digər hissəsinin
yaxınlığında “Mədə” adlı təbii şəfa
suyu var. Adından da göründüyü kimi, bu su mədə-bağırsaq
xəstəliklərinin müalicəsində istifadə
olunur. Maraqlıdır ki, burada hər daşın altında zərərsiz
kiçik yengəclər də var.
İstisu bulağının
yaxınlığında, Yanar dağın ətəyində
daha bir sanatoriya var. Həqiqətən, zirvəyə aparan
qayalıqdakı dar pillələrlə
qalxdığınız zaman qarşınızda heyrətamiz
mənzərə canlanır: torpağın altından alov
yüksəlir. Onlar əsrlərcə yığılıb
qalmış təbii qazların yanması nəticəsində
meydana gəlir.
Lakin möcüzənin şahidi olmaq
üçün çox uzaqlara getmək lazım gəlmir:
aşağıda, sanatoriyada istirahət edənləri ondan da
az heyrətamiz olmayan Yanar bulaq gözləyir. Onun da
yaranması qazlarla bağlıdır və alovlar termal su ilə
yerin səthinə çıxır. Qırmızı alov
dilləri sanki kükürd mənbəyinin üzərində
əbədi rəqs edir. Bu bulaqda suyun hərarəti qonşu
“Fatmeyi-Zəhra” sanatoriyasında olduğundan yüksəkdir və
76 dərəcəyə çatır. Suyu əvvəlcədən
çənlərə doldurur və insan bədəni
üçün normal olan 34-36 dərəcəyədək
soyudur, sonra otel otaqlarında vannalara və hovuzlara verirlər.
Yanar bulağın suyu sulfidlər, kalsium,
natrium, xlor və birləşmələri, yod, maqnezium, metan və
digər elementlərlə zəngindir. Bu elementlər orqanizmə
müsbət təsir göstərir və hipertoniya, qaraciyər
və öd kisəsi yolları, artrit və digər xəstəliklərin
müalicəsində istifadə olunur.
Naxçıvan – sinə dolusu nəfəs
alın
Dünya Səhiyyə Təşkilatının
məlumatına görə, planetimizin sakinlərinin 15 milyona
yaxını bronxial astmadan əziyyət çəkir. Bir
çox xəstəliklərin, o cümlədən
astmanın müalicəsi duz mədənlərində
speleoterapiya (yunancadan “spelain” – mağara deməkdir) yolu ilə
daha səmərəli aparılır. Bu cür şaxtalar
Polşadakı Krakov şəhəri, Ukraynadakı Solotvino qəsəbəsi,
Ujqorod və Naxçıvanda mövcuddur.
Naxçıvanın rəmzlərindən biri
olan 90 milyon tona yaxın olan duz ehtiyatları ilə zəngin
Duzdağ müalicəvi əhəmiyyətə də
malikdir. Burada istirahət və müalicəyə gələnlər
üçün hər cür şərait yaradılıb.
Xüsusilə, öz oteli və fizioterapiya mərkəzi olan
“Duzdağ” kompleksi bu ərazidə yerləşir.
Mərkəzin müalicəxanası yeraltı
və yerüstü olmaqla iki hissədən ibarətdir. Biri
“Duzdağ” oteli, digəri isə dağın altındakı
girişdən 300 metr dərinlikdə olan duz mədənidir.
Oteldə palatalar, kafelər, TV salonu və kitabxanalar yerləşir.
Xəstələrin müalicəsi tibb
personalının nəzarəti altında həyata
keçirilir. Yeraltı müalicəxanada bütün
yaşlardan olan insanlar müalicə ala bilərlər.
Uşaqlar burada 8 gün, böyüklər isə 16 gün
qalırlar. Şaxtaların allergik təsiri yoxdur,
çünki burada ilin bütün fəsillərində
temperatur 18,5–20 dərəcə arasında dəyişir. Odur
ki, burada müalicə ilboyu aparılır. Müalicə
kursları başa çatdıqdan sonra böyüklərdə
65–70 faiz, uşaqlarda isə 80–85 faiz yaxşılaşma
müşahidə edilir.
Gündüz vaxtlarında otelin rahat
otaqlarında istirahət edə bilərsiniz. Akvapark,
açıq və örtülü hovuzlar, basketbol, futbol
meydançaları, tennis kortları və idman-əyləncə
mərkəzləri sizin xidmətinizdə olacaq.
Qeyd edək ki, Naxçıvan duzu dəniz duzundan
fərqlənir. Əsl Naxçıvan duzu ekoloji cəhətdən
təmizdir, tərkibində ağır minerallar yoxdur və
şəfalıdır. Bu duzun tərkibində olan maqnezium
ürək-damar xəstəliklərindən əziyyət
çəkənlərin müalicəsi üçün də
faydalıdır.
Duzdağ mədəninin istismarına təxminən
eramızdan əvvəl III minillikdə başlanılıb.
Bu diyarda indiyədək duzun əl üsulu ilə
çıxarıldığı və atlara yükləndiyi
qədim şaxtalar qalıb. Duzdağda duzun sənaye üsulu
ilə çıxarılmasına 1927-ci ildən
başlanılıb. Hazırda burada qazma üsulu ilə illik
duz istehsalı 6-8 ton təşkil edir. Emal edilən duz kristal
və doğranmış formalarda satılır. Sexlərdə
bir ton doğranmış duzun tərkibinə qalxanvarı vəzi
xəstəliklərinin profilaktikası üçün 66
qram yod əlavə olunur.
Emil Eyyubov
Iki sahil.-
9 iyun.- S.-18