"Naxçıvan Azərbaycanın
dövlətcilik tarixində"
Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə
1996-cı ildə Naxçıvan şəhərində
keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq
simpoziumundan sonra elm sahəsində başlanan inkişaf
özünü aparılan elmi-tədqiqat işlərində,
yeni monoqrafiya və kitabların nəşrində də
göstərir. Ötən dövr ərzində
Naxçıvanın tarix və mədəniyyətinin
müxtəlif problemləri ilə əlaqədar çoxlu
ümumiləşdirici əsərlər, məqalələr
hazırlanıb, kitablar, monoqrafiyalar nəşr etdirilib. Bu günlərdə Azərbaycanşünaslığın
tərkib hissəsi olan Naxçıvanşünaslıq elmi
xəzinəsi yeni bir sanballı əsər ilə, akademik
İsmayıl Hacıyevin uzun illərdən bəri
apardığı gərgin və səmərəli tədqiqatların
məhsulu olan “Naxçıvan Azərbaycanın dövlətçilik
tarixində” monoqrafiyası ilə zənginləşib.
Azərbaycan dövlətçilik
tarixində Naxçıvanın yeri və rolu məsələsinin
əhəmiyyətini və aktuallığını nəzərə
alan akademik bu mövzunu keçən yüzilliyin 90-cı illərində
elmlər doktorluğu dissertasiyası üçün tədqiqat
obyekti seçərək hazırladığı
dissertasiyanı 1999-cu ildə uğurla müdafiə edib.
Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan
dövlətçilik tarixi, Naxçıvanın bu prosesdə
rolu və mövqeyinə dair əlavə tədqiqatlar
aparılıb, bir sıra nəticələr əldə
olunub. Müasir dövrdə dövlətçilik tarixinə
artan maraq və aparılan tədqiqatlar kontekstində Azərbaycan
dövlətçiliyi, onun xüsusi istiqaməti kimi bu prosesdə
Naxçıvanın rolu məsələsi bu gün də
aktual olaraq qalmaqdadır. Bunu nəzərə alan müəllif
yenidən bu mövzuya müraciət edərək çox dəyərli
bir monoqrafiya hazırlayıb.
Giriş, səkkiz fəsil, nəticə,
biblioqrafiya, adlar göstəricisi və əlavələrdən
ibarət olan yeni nəşrin elmi redaktoru dosent Emin
Şıxəliyev, rəyçiləri AMEA-nın müxbir
üzvləri Fəxrəddin Səfərli və Vəli
Baxşəliyevdir.
Monoqrafiyada ilk olaraq diqqət Azərbaycan
tarixində dövlət və dövlətçilik problemi və
onun xronologiyasına dair baxışlara yönəldilib, Azərbaycan
coğrafiyasında Naxçıvanın ərazisi, təbiəti
və iqlim xüsusiyyətləri müəyyən edilib. Muxtar respublikada aparılan son tədqiqatlara əsaslanaraq
ərazidə insanların 500 min il bundan əvvəl məskunlaşdığını
vurğulayan müəllif ən qədim zamanlardan dövlətin
yaranmasınadək, yəni eramızdan əvvəl IV minilliyə
qədər olan dövrdə, həmçinin eramızdan əvvəl
III minillik – eramızdan əvvəl II minilliyin
sonları, I minilliyin əvvəllərində
Naxçıvanın Azərbaycanda dövlətin yaranma
prosesində rolu məsələsi tədqiqata cəlb olunub. Müəllif belə bir məntiqi nəticəyə
gəlib ki, Naxçıvanın təbii-coğrafi şəraiti,
burada insanların erkən vaxtlardan məskunlaşması,
böyük inkişaf yolu keçməsi onların İlk
Tunc dövründə və sonrakı vaxtlarda Azərbaycanda
dövlətin formalaşmasında fəal rol oynamasına
gətirib çıxarıb.
Araşdırmalar bir daha təsdiq
edir ki, Naxçıvan Azərbaycanın ilk mərkəzləşdirilmiş
dövlətlərindən olan Manna dövründə siyasi
proseslər və əlaqələrdə fəal iştirak
edib, Midiya, Əhəməni imperiyaları və
Makedoniyalı İsgəndər dövrünün əsas
faktorlarından olub, eramızdan əvvəl IV əsrdə
yaranan Atropatena dövlətinin həyatında mühüm
yer tutub. Bu dövr hadisələrindən bəhs
edən müəllif Naxçıvanda aparılan son arxeoloji
tədqiqatların nəticələrini təhlil edərək
qeyd edir ki, bu ərazilər Urartu dövlətinin tərkibinə
daxil olmayıb, əksinə, Naxçıvanın Urartu
dövləti ilə hüdudlarında yerləşən
Oğlanqala şəhər dövləti Urartuya qarşı
mübarizə aparıb, onun Naxçıvan ərazisinə
daxil olmasına imkan verməyib.
Naxçıvanın Atropatena
dövlətində yeri və rolunu təhlil edən müəllif,
qaynaqlarda Naxçıvan adının ilk dəfə çəkilməsi,
bu ad haqqında olan fikirləri təhlil edərək belə
bir qənaətə gəlir ki, “Naxçıvan”
sözünün mənşəyi Nuh Peyğəmbərlə
bağlı olub, “Nuh tayfalarının yurdu” mənasını
verir. Monoqrafiyada Naxçıvan adının bölgəyə
şamil edilməsi Naxçıvanın tarixi
coğrafiyası ilə əlaqələndirilib. Aparılan bu
müqayisə və təhlillər əsasında
Naxçıvanın sənətkarlıq istehsalı və
ticarət mərkəzi olub qapalı və ticarət mərkəzlərindən
aralıda yerləşməsi ilə izah edilib.
İlk orta əsrlər zamanı
– Azərbaycan dövlətçiliyinin mürəkkəb
dövründə Naxçıvanın siyasi rolunun
artdığını qeyd edən müəllif onun ərəb
xilafəti dövründə də Azərbaycanda yeni dövlətlərin
yaranması və möhkəmlənməsindəki rolundan da
bəhs edir, ərazidə indiyədək qalan yer adlarına
əsaslanaraq Naxçıvanın Xürrəmilər hərəkatının
yayıldığı ərazilərdən biri olduğu
vurğulanır. Kitabda həmin dövrdə mərkəzi
Naxçıvan şəhəri olmaqla yaranan
Naxçıvanşahlıq feodal dövlət qurumu, onun
asılı və yaxud müstəqil dövlət olması təhlil
edilir və belə bir qənaətə gəlinir ki, Azərbaycanın
IX-XI əsrlər tarixinin ümumi mənzərəsinə uyğun
olaraq Naxçıvanşahlığın bu dövrdə
mövcud olduğunu qəbul etmək daha doğrudur.
Azərbaycanın ən qüdrətli dövlətlərindən
olan Atabəylər dövlətinin tarixini araşdıran
müəllif Naxçıvan şəhərini bu dövlətin
paytaxtlarından və mərkəzlərindən biri kimi
xarakterizə edib. Monoqrafiyada Atabəylər
dövlətinin süqutundan sonra Naxçıvanda dövlətçilik
ənənələrinin davam etdirilməsi, monqolların
hücumları, Hülakülər dövlətinin
yaranması, Naxçıvan tüməni, Əlincəqala,
Hürufizm və azadlıq mübarizəsindən də bəhs
edilib. Eyni zamanda Naxçıvanın
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində
olduğu dövrlərə də müəyyən yer
ayrılıb, Naxçıvanın mərkəzləşdirilmiş
Azərbaycan Səfəvilər dövləti dövründəki
vəziyyəti geniş şəkildə təhlil edilib.
Yeni nəşrdə Osmanlılar tərəfindən
yaradılan “Naxçıvan sancağı” adlı inzibati-ərazi
vahidindən də danışılır. Bütün
bu məsələləri dərindən təhlil edən
akademik İsmayıl Hacıyev qeyd edir ki, Naxçıvan Azərbaycan
Atabəylər dövlətinin 1225-ci ildə süqutu ilə
Azərbaycanda dövlətçiliyin itirildiyi bir dövrdə
onun bərpası uğrunda mübarizənin mərkəzlərindən
biri olub, Qaraqoyunlu, Ağqoyunlu və Azərbaycan Səfəvilər
dövlətinin həm meydana gəlməsi, həm də
dövlətçilik tarixlərində mühüm rol
oynayıb.
Monoqrafiyada Azərbaycan dövlətçiliyi
tarixində özünəməxsus yeri olan Naxçıvan
xanlığı da tədqiqata cəlb olunub, onun ərazisi,
idarəetmə sistemi, ordusu, pulu, gerbi, bayrağı və
sair haqda müfəssəl məlumat verilib. Xanlığın
1828-ci ildə işğalından sonra çarizmin
köçürmə siyasəti, ermənilərin xanlıq ərazisində
yerləşdirilməsi, əhalinin müstəmləkəçilik
əleyhinə mübarizəsi, çarizmin
yaratdığı inzibati-ərazi bölgüləri, onun ərazi
bütövlüyünün pozulması məsələlərinə
də diqqət yetirilib. Həmçinin
köçürülən ermənilərin bu ərazilərdə
öz yerlərini möhkəmləndirdikdən sonra Azərbaycana
qarşı torpaq iddialarına başlaması, bu
iddialarını həyata keçirmək üçün
xalqımıza qarşı 1905-1907-ci illərdə törətdikləri
soyqırımlar da tarixi faktlarla oxuculara təqdim olunub.
Rusiya imperiyasının dağılmasından
sonra yaranan Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Naxçıvandakı ictimai-siyasi, tarixi proseslər də
monoqrafiyada ayrıca tədqiqat obyektinə çevrilib. Son dövrlərdə aparılan araşdırmalara əsaslanan
müəllif qeyd edir ki, bu dövlətin yaranması ilə
Naxçıvan əhalisi onu Azərbaycanın qanuni hökuməti
kimi tanıyıb, onunla birləşməyə hazır
olduğunu bildirib, əlaqələr yaratmağa
çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti də çox mürəkkəb vəziyyətdə
olmasına baxmayaraq, Naxçıvanla əlaqələr
yaratmaq üçün səylər göstərib, ona siyasi,
hərbi və maddi yardım etməyə
çalışıb. Monoqrafiyadan da aydın
olduğu kimi, məhz bu dövrdə ermənilərin
Naxçıvana iddiaları və təcavüzü güclənib,
ona görə də bu təcavüzün
qarşısını almaq üçün
Naxçıvanda Araz-Türk Cümhuriyyəti
yaradılıb, əhalinin köməyi ilə bölgənin
ermənilər tərəfindən işğal edilməsinin
qarşısı alınıb. Kitabda, həmçinin
Azərbaycanın, onun ardınca Naxçıvanın sovetləşməsi,
sovet rəhbərlərinin antiazərbaycan siyasəti, Moskva və
Qars müqavilələri, Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının yaradılması, bununla da, Azərbaycan
dövlətçilik tarixində yeni mərhələnin
başlanmasından da danışılır.
Sovet dövründə
Naxçıvandakı ictimai-siyasi vəziyyətin, o dövrdəki
tarixi-siyasi proseslərin də təhlilinin öz əksini
tapdığı monoqrafiyada bu qədim diyarın Azərbaycanın
dövlət müstəqilliyinin yenidən əldə edilməsi
və möhkəmləndirilməsi uğrunda mübarizəsi
də tədqiqat obyektinə çevrilib. Burada
ötən əsrin sonlarında Azərbaycanda müstəqillik
uğrunda mübarizənin ilk mərhələsində
Naxçıvandakı vəziyyət təhlil olunub,
ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi
və onun buradakı fəaliyyətinin SSRİ-nin
dağılmasında və Azərbaycanın müstəqillik
əldə edilməsindəki xüsusi
rolu işıqlandırılıb. Əsərdə görkəmli
dövlət xadiminin Azərbaycan dövlətçilik ənənələrinin
bərpası istiqamətində atdığı addımlar,
Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı ildə Onun sədrliyi
ilə keçirilən ilk sessiyasında qəbul olunan tarixi qərarlar,
xüsusilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi
haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət
hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar
Respublikasının dövlət rəmzləri haqqında” qərarlar
təhlil edilib. Burada, həmçinin ulu öndər
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri seçilməsindən, onun Naxçıvanın erməni
təcavüzündən qorunması, iqtisadi-siyasi böhrandan
xilas olması üçün həyata keçirdiyi tədbirlərdən,
dövlət çevrilişinə cəhdin
qarşısının alınmasından, Yeni Azərbaycan
Partiyasının yaradılmasından, əhəmiyyətli
islahatlardan və digər bu kimi taleyüklü məsələlərdən
ətraflı bəhs olunub. Monoqrafiyada Azərbaycanın
1995-ci ildə qəbul olunan Konstitusiyasının 134-cü
maddəsi ilə müəyyənləşdirilən
Naxçıvan Muxtar Respublikasının statusu da diqqətə
çatdırılır: “Naxçıvan Muxtar
Respublikası Azərbaycan Respublikasının tərkibində
muxtar dövlətdir”. Akademik də belə bir elmi qənaətə
gəlir ki, bu status, həm də Naxçıvanın Azərbaycan
dövlətçiliyindəki roluna verilən yüksək dəyərin
nəticəsidir.
Monoqrafiyanın yekununda
Naxçıvan Muxtar Respublikasının 1995-ci ilin
dekabrından bu günədək müasir Azərbaycan
dövlətçiliyindəki rolu təhlil olunur, ilk növbədə,
cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar
respublikanın ictimai-siyasi həyatında
baş verən dəyişikliklərdən, yeni hakimiyyət
orqanlarının təşkilindən, muxtar respublikanın
yeni Konstitusiyasının qəbul edilməsindən bəhs
edilir. 1998-ci ildə qəbul olunan bu Konstitusiyanın
Naxçıvanın Konstitusiya quruluşu tarixində yeni bir
mərhələ olması, bundan sonra Azərbaycan dövlətçiliyində
Naxçıvanın rolunun hüquqi-siyasi baxımdan yüksəlməsi
kitabda elmi tarixi faktlarla təsdiqini tapıb.
Akademik İsmayıl Hacıyev əsərdə
Naxçıvanda muxtar dövlətin əsas inkişaf istiqamətləri
və əldə olunan nailiyyətlərdən də bəhs
edib və belə bir nəticəyə gəlib ki, son 20 ildən
artıq bir dövrdə Naxçıvan siyasi, sosial-iqtisadi və
mədəni inkişafının yeni mərhələsinə
qədəm qoyub, Azərbaycan dövlətçiliyi tarixinə
yeni səhifələr yazıb.
Azərbaycan, türk, rus, ingilis
dillərində 529 ədəbiyyat və internet
materiallarından istifadə olunmuş yeni nəşrdə
şəxsi və coğrafi adlar göstəriciləri də
verilib. Əsərin sonunda 16 mart 1921-ci il Moskva müqaviləsinin,
13 oktyabr 1921-ci il Qars müqaviləsinin mətnləri, 12
noyabr 1995-ci il tarixdə referendum yolu ilə qəbul
olunan Azərbaycan Respublikası Konstitusiyasının
Naxçıvan Muxtar Respublikası haqqında olan VIII fəsli
və Naxçıvan Muxtar Respublikasının 1998-ci ildə
qəbul olunan Konstitusiyasının mətnləri “Əlavələr”
şəklində verilib. Burada, həmçinin müəllifin
gərgin əməyinin məhsulu olan Naxçıvan Muxtar
Respublikasının dövlət hakimiyyətinin qanunverici və
icraedici orqanlarının inkişaf tarixinə də yer
ayrılıb.
Akademik İsmayıl Hacıyevin
uzunmüddətli gərgin tədqiqatlarının nəticəsi
kimi ərsəyə gələn yeni monoqrafiya
Naxçıvanın Azərbaycan dövlətçilik
tarixində yeri və mövqeyi məsələsinə həsr
olunan ilk sistemli tədqiqat əsəridir. Bu
əsər ermənilərin Azərbaycana, xüsusilə onun
qədim mədəniyyət mərkəzlərindən olan
Naxçıvana ərazi iddialarının heç bir əsası
olmadığını, bu ərazinin ən qədim zamanlardan
Azərbaycana məxsusluğunu sübuta yetirən çox
sanballı bir tədqiqat əsəridir. Naxçıvanın
erkən çağlardan başlayaraq müasir tarixinə nəzər
salınan əsərdən aydın şəkildə
görünür ki, bu ərazilərdə heç bir vaxt erməni
dövləti olmayıb, Naxçıvan bütün dövrlərdə
Azərbaycanın tərkibində olub.
Yeni nəşr ermənilərin Azərbaycan
xalqının köçəri, heç bir dövlətçilik
ənənəsinə malik olmaması haqqındakı
iftiralarını ifşa etməsi ilə də diqqəti cəlb
edir. Monoqrafiyadan aydın olur ki, təxminən,
5000 illik Azərbaycan dövlətçilik tarixində
Naxçıvan mühüm rol oynayıb, tarixin müxtəlif
mərhələlərində bu ərazi bir sıra dövlət
qurumlarının, o cümlədən
Naxçıvanşahlığın, Azərbaycan Atabəylər
dövlətinin, Naxçıvan
xanlığının, Araz-Türk Cümhuriyyətinin mərkəzi
hissəsi, Naxçıvan şəhəri isə bu dövlətlərin
paytaxtı olub. Həmçinin Azərbaycan ərazisində
Naxçıvan adı ilə bir neçə inzibati-ərazi
vahidi (Naxçıvan tüməni, Naxçıvan
sancağı və sair) yaranıb ki, onların da mərkəzi
Naxçıvan şəhəri olub. Deməli, nəinki Azərbaycan,
hətta onun qədim diyarı Naxçıvan da tarixi dövlətçilik
ənənələrinə malikdir. Bütün bunlar isə
ermənilərin Azərbaycanda qədim dövlətçilik
tarixinə malik olmaması haqqında iddialarını ifşa
edir.
Naxçıvanşünaslıq
elmi xəzinəsinə çox dəyərli bir töhfə
olan yeni monoqrafiya Azərbaycanın qədim elm, təhsil və
mədəniyyət mərkəzlərindən olan
Naxçıvan haqqında həqiqətləri, onun Azərbaycan
dövlətçiliyi tarixində rolu, xüsusilə 1995-ci
ildən bəri muxtar dövlət kimi keçdiyi
inkişaf yolu, tarixi ədəbiyyatda deyildiyi kimi burada baş
verən möcüzələrlə tanış olmaq istəyənlər
üçün qiymətli elmi mənbədir.
Fəxrəddin
SƏFƏRLİ
İki
sahil.- 2018.- 9 iyun.- S.-20