MDB ölkələrinin mədəni, elmi və təhsil elitası Astanada toplaşıb

 

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib

 

İyunun 19-20-də Qazaxıstanın paytaxtı Astanada, Qazaxıstan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII Forumu keçirilib.

MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Forumu Müstəqil Dövlətlər Birliyi məkanında ən iri illik humanitar tədbirdir. MDB ölkələrinin mədəni, elmi və təhsil elitası forumlarda görüşməklə birbaşa peşəkar ünsiyyət və təhsil, elm, ədəbiyyat, təsviri incəsənət və Birlikdə mədəniyyətlərarası qarşılıqlı əlaqənin digər sahələrində aktual, tələbat duyulan layihələrin dəstəklənməsi üçün nadir imkana malik olur.

AZƏRTAC xəbər verir ki, Forumda Azərbaycanı geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadə, digər elm və incəsənət xadimləri daxil idi.

Forumun açılışında Azərbaycan ilə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib. Qazaxıstanın Dövlət katibi Gülşara Abdıkalıkova Prezident Nursultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Dövlət katibi vurğulayıb ki, belə forumlar çərçivəsində humanitar əməkdaşlıq ölkələr arasında mehriban qonşuluq siyasətini daha da möhkəmləndirir.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və tədbirin işinə uğurlar arzulayıb.

Sonra 2017-ci il üçün “Birlik ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçirilib. Laureatlar sırasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Nərgiz Paşayeva, görkəmli rusiyalı musiqiçi, alt alətində ifaçı, dirijor, məşhur pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti Yuri Başmet, Qazax Milli incəsənət Universitetinin rektoru, ictimai xadim, Qazaxıstan Respublikasının Xalq Artisti Ayman Musaxacayeva, Moldova Elmlər Akademiyasının həqiqi üzvü, Milli Kosmik Texnologiyalar Mərkəzinin direktoru, Moldova Respublikasının elm və texnika sahəsində Dövlət Mükafatı laureatı İon Bostan, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyev, Tacikistan Respublikasının Xalq Şairi, Yazıçılar İttifaqının sədri Kosim Nizom, Belarus Respublikasının Əməkdar İdman Ustası, Beynəlxalq Biatlon Federasiyasının İdmançılar Komitəsinin üzvü, dördqat Olimpiya çempionu Darya Domraçeva da var.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elmi və humanitar fəaliyyətinə görə “Birlik ulduzları” mükafatını almaq üçün səhnəyə dəvət edilib. Professor Nərgiz Paşayeva onun fəaliyyətinə verilmiş yüksək qiymətə görə Forumun iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirərək deyib:

-XIII Humanitar Forumun iştirakçılarını ürəkdən salamlayıram.

Mənə “Birlik ulduzları” mükafatı laureatı olmaq və sizin aranızda olmaq xoşbəxtliyi nəsib olub. Şadam ki, dostluq tellərini möhkəmləndirərək biz müasir dünyada bir-biri ilə qarşılıqlı anlaşmanın necə vacib olduğunu başa düşürük. Hər dəfə bu cür imkan düşəndə biz biliklərin, ideyaların, mədəni təcrübənin, gələcək planlarımızın və ümidlərimizin mübadiləsinə kömək etməliyik. Məhz bu əbədi platformalar bizi hər şeydən daha çox əlaqələndirə bilər.

Bu gün biz dünya mədəni irsinin və universal dəyərlərin başı üstünü alan yeni, gözlənilməz təhlükələri tez-tez hiss edir və görürük. Gəlin yada salaq ki, IX, X, XI, XII əsrlər müsəlman mədəniyyəti və elminin ən parlaq dövrü olub. Lakin Şərqdən və Qərbdən başlanan müharibələr, yürüşlər, basqınlar böyük tələfata səbəb olub, çox şeyi birdəfəlik məhv edib. XV əsrdə Qranadada o dövrün böyük sayda sufi şeirləri yandırılıb.

Hamı başa düşmək və qəbul etmək istəyirmi ki, əxlaqi-etik, humanitar-mənəvi dəyərlər və oriyentirlər olmadan yaradıcılıq, ideya azadlığı, elmi fikrin tərəqqisi davamlı inkişaf edə bilməz.

Tarixən yaradıcılıqda həqiqətin öz abstrakt, bəzən tam fərdi, bədii ifadəsi olur. Elmdə həqiqətə və şöhrətə gedən yol uzundur. İllərboyu gərgin əmək, axtarışlar, təcrübələr olmasa, alimlər, yəqin ki, tanınmağın və elmi uğurun sevincini duya bilməzlər. Elmdə həqiqəti aşkar etmək azdır, onu dönə-dönə yoxlamaq, sübut etmək və illüziyalardan qorumaq lazımdır. Xatırlayaq ki, böyüklər də səhvə yol veriblər. Ptolomey Yerin hərəkətsiz olmasına şübhə etmirdi.

Kopernik, Eynşteyn, Tolstoy kimi doğulmaq, Nizami kimi “Xəmsə” yazmaq, Nəsimi kimi yaradıcı ideyalar naminə tərki-dünya olmaq hər kəsə nəsib olmur. Lakin biz hamımız istəsək də, istəməsək də bu böyük insanların – harmoniyanın və biliklərin gözəlliyini yaradanların bütün bəşəriyyətə qoyub getdikləri o böyük nurun bir zərrəsini daşıyırıq. Məhz onlar, onların ölməz irsi bizim yolumuzda sönməz ulduzlardır.

Biz isə, öz növbəmizdə, o ulduzların işıqlı yolu ilə getməyə çalışırıq və bəzən bu işığı əks etdirməyə ehtiyatlı cəhdlər edirik. Bununla da Göy və Yer arasında öz borcumuzu yerinə yetirir və dərk edirik ki, Həqiqətin müəllifi yoxdur, çünki müəllif o özüdür.

Əgər biz öz yolumuzda müəyyən uğur qazanmışıqsa, onda, ilk növbədə, müəllimlərimizə və ustadlarımıza, valideynlərimizə, doğmalarımıza və yaxınlarımıza, həmkarlarımıza borcluyuq. Öz uğurlarımıza görə məhz onlara borcluyuq. Mənə verilmiş yüksək mükafata görə səmimi təşəkkürümü bildirirəm. Sizin icazənizlə, pul mükafatını M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mənim rəhbərlik etdiyim Bakı filialının tələbələrinin xeyirinə istifadə etmək istəyirəm. Mən bu mükafatı bizim ali məktəbin ən yaxşı tələbəsinə təqaüd üçün ayırmaq niyyətindəyəm.

Bu yaxınlarda Azərbaycanda tariximizin ən parlaq səhifələrindən birini təntənəli şəkildə qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününün yüz illiyini bayram etdi. Azərbaycan xalqı müsəlman Şərqində ilk azad və demokratik respublika qurub. Azərbaycanlılar bir əsr ərzində tarixi kataklizmlərə, repressiyalara, edamlara, təqiblərə və təhdidlərə rəğmən bu böyük hadisəni daim yadda saxlayıb və respublikamızın banilərinə, o dövrün böyük nümayəndələrinə ehtiram bəsləyiblər. Azərbaycan özünün demokratik və respublikaçılıq ənənələri ilə həmişə fəxr edib və bu gün də fəxr edir.

Məqsədi ictimai rifaha xidmət etmək və humanitar əlaqələri möhkəmlətmək olan bu böyük mənalı tədbirin bütün təşkilatçılarına bir daha təşəkkürümü bildirirəm. Təltif edilənlərin hamısını, bizim bütün komandamızı təbrik edirəm, sizin hər birinizə ruh yüksəkliyi, möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram!

Əl-Fərabinin böyük ömür yolunun başlandığı Qazaxıstan Torpağına, bu gözəl Yerdə yaşayan bütün insanlara ehtiramla təzim edirəm. Qazaxıstan xalqına xoşbəxtlik arzu edirəm. Şərqdə belə bir məsəl var: xoşbəxt olmaq istəyirsənsə, ol.

Sağ olun, yeni görüşlərədək!

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı Forumda çıxış edərək bildirib ki, MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun keçirdiyi forumlarda mədəniyyət, təhsil, elm, informasiya, idman və turizm sahələrində ən vacib məsələlər müzakirə edilir. Nazir MDB çərçivəsində elmi və humanitar əməkdaşlıqda Azərbaycanın rolunu xüsusi qeyd edib və akademik Nərgiz Paşayevanın bütövlükdə dünya elminə, mədəniyyətinə, sivilizasiyalararası dialoqun inkişafına verdiyi böyük töhfəyə görə ona minnətdarlığını bildirib. O deyib: “Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz xanım da qlobal miqyaslı şəxsiyyətdir. Biz bunu böyük fəxr hissi ilə söyləyirik. Nərgiz xanımın “Birlik ulduzları” mükafatı ilə təltif olunması bir daha təsdiqləyir ki, onun həm Azərbaycan elminin, mədəniyyətinin, həm də dünya sivilizasiyasının inkişafında böyük xidmətləri var. Akademik Nərgiz Paşayevanın fəaliyyətini qiymətləndirmək bizim üçün böyük şərəfdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan elmi, mədəniyyəti və təhsili yüksək səviyyədədir”.

MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHAF) İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu müasir dünyada belə forumların keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, ümumi qloballaşma və texnologiyaların sürətli inkişafı fonunda humanitar əməkdaşlıq məsələləri daim diqqət mərkəzində olmalıdır. Bu baxımdan birgə mədəni layihələrin həyata keçirilməsi müntəzəm xarakter alıb. Postsovet məkanında humanitar əməkdaşlığın miqyasının genişləndirilməsi modeli sağlam düşüncəli insanların diqqət mərkəzindədir. Diplomat MDB iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının Forumunun həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Forumun işinə uğurlar arzulayaraq deyib ki, bu cür tədbirlər Birlik ölkələri arasında elm və təhsil sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. O vurğulayıb ki, bu baxımdan Astana Forumunu elm xadimlərinin, yaradıcı ziyalıların ünsiyyət platforması adlandırmaq olar.

Qeyd edək ki, beynəlxalq “Birlik ulduzları” mükafatı 2009-cu ildə MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahələrində nailiyyətlərə görə hər respublikadan bir nümayəndəyə verilir. Laureatların irəli sürülməsi prosesi MDB ölkələrindən olan görkəmli alimlərin, dövlət və ictimai xadimlərin daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçirilir.

Budəfəki Forum Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatı dəstəyi ilə keçirilib.

Astanada keçirilən budəfəki Forumda Belarus Respublikasının Brest şəhəri 2019-cu il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi mücbiri

Astana

 

İki sahil.- 2018.- 22 iyun.- S.4.