Şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən xeyirxah peşə sahibi

 

Tanrının ömür payının səkkizinci onilliyini arxada qoyan, yaşamaq üçün qalib gəlməyi bacaran akademik Sudeyif İmamverdiyev həyatı öyrənərək öyrədən ziyalılarımızdandır

 

Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biriSudeyif İmamverdiyevdir. Ömrünün səkkizinci onilliyinin zirvəsindən ötənlərə nəzər yetirən Sudeyif İmamverdiyevAlim qocaldıqca ucalar, ucaldıqca da qocalarsözünün hikmətini” insanlara xidməti ilə, xəstələrinin yaddaşında şəfalı əllər sahibi kimi qalmaqla doğruldub.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Sudeyif İmamverdiyev üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Sudeyif İmamverdiyev həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Sudeyif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində, müəllim ailəsində anadan olub. Orta məktəbin rus bölməsini bitirən gənc Sudeyif 1956-nı ildə N.Nərimanov adına ATİ-nin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1962-ci ildə ali təhsillini başa vurmuşdur. Hippokrat andı içərək həkim kimi fəaliyyətə başlasa da, tibbin ən çətin bölməsində biliyini sınamağı qarşısına məqsəd qoyan gənc mütəxəssis biliyini daha çox məsuliyyət, diqqət, daim axtarış tələb edən cərrahiyyə sahəsində sınamağa üstünlük verir. Tələbəlik illərində cərrahiyyə sahəsində elmi işlə məşğul olduğu üçün bu sahəni seçməyi də təsadüf olmayıb. Hələ gənc yaşlarında ilk elmi axtarışlarına görə mükafata da layiq görülüb. İşinə böyük yaradıcılq enerjisi ilə başlayan Sudeyif təkcə həkim kimi çalışmaqla kifayətlənməyib. 1968-ci ildə Bakıda “Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiyasümükdaxili canaq fleboqrafiyasının rolumövzusunda namizədlik, 1974-ci ildə isə (36 yaşında) Moskvada “Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyasında o dövrlər üçün mütərəqqi metod hesab olunan ən yeni diaqnostika və müalicə üsullarını tətbiq etdiyi üçün tədqiqatları, axtarışları tanınmış tibbi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Tibb elmləri doktoru kimi tanınan S.İmamverdiyev 1975-ci ildə Azərbaycana qayıdır. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent olan Südeyif məzunu olduğu Tibb İnstitutunda Urologiya kafedrasının yaranması təşəbbüsünü irəli sürür. İşinə məsuliyyəti , qarşısına qoyduğu vəzifənin yerinə yetirməsi istiqamətində göstərdiyi qətiyyət bəhrəsini verir. 1975-ci ildə onun təşəbbüsü və səyi nəticəsində Azərbaycan Tibb İnstitutunda Urologiya kafedrası açılır. 1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır. Bu günədək həkim kimi fəaliyyət göstərən Sudeyif həkim ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Südeyif həkim yaxşı biliir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Sudeyif həkim bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

Ona görə də çoxşaxəli və geniş elmi-pedoqoji fəaliyyətində də daha çox insana həyat bəxş etmək, xəstəliyə, yeri gələndə ölümə qalib gəlmək üçün biliyə, təcrübəyə əsaslanıb, urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib. Alim kimi aktivinə yazılan, müəllifi olduğu elmi əsərlərin hər biri minlərlə xəstəni həyata qaytaracaq alim axtarışının, yuxusuz gecələrin, sonda isə xəstələrin simasında xoşbəxt anlarını yaşayan xalatlı, şəfalı əllərin yaratdığı sevincdir.

Alim kimi cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklifin müəllifidir. Bunlara - nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 4 nefropeksiya üsulu (1984, 1986, 1992,2008), sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986), prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991), mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993), prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987,1998), varikoselektomiya zamanı kollateral venaların aşkarlanması üsulu (2004), Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2005) aiddir. Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.

Alim kimi Azərbaycanı dünyanın 30-dan çox ölkəsində keçirilən mötəbər elmi konfranslarda təmsil etmişdir. AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri Sudeyif İmammerdiyev təkcə Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da təcrübəli uroloq kimi tanınır, təcrübəsi öyrənilir.

Alim kimi ölkəmizdə gənc kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyən Sudeyif həkim deyir ki, müəllimin evi kitabxana, dövləti şagirdləri, nəğməsi şagirdlərinin sədası, qazancı isə millətin məhəbbəti və ehtiramıdır:

Tərbiyədə, elm öyrənməkdə ən böyük səhv həddən artıq tələskənlikdir. Uşaqlar üçün onlara tərbiyə verən müəllimlər dünyaya gəlmələri üçün borclu olduqları valideynlərindən daha hörmətlidirlər: biri yalnız həyat, digəri gözəl, şərəfli həyat bəxş edir. Bu baxımdan həkimlik daha çox çox diqqət tələb edən peşədir. Çünki ilkin müayinə zamanı həkimin xəstəyə baxışı “xəstə-həkim münasibətlərini” formalaşdırır, onun həyatı üçün çəkdiyi nigarançılığı, narahatlığı həkimin adi baxışından başlanır. Belə “səssiz münasibətlər”, ürəyin aynası olan gözlərdəki ifadə xəstədə yaşamaq ümidi yaradırsa, demək xəstəliyin müalicəsi üçünmühit” yaranıb. Buna görə də hansı sahədə çalışmasından asılı olmayaraq həkim ilk növbədə təcrübəli psixoloq da olmalı, ən ağır zamanlarda belə xəstənin son ümidinin itirilməməsi üçün var gücü ilə çalışmalı, təcrübəli həmkarlarından məsləhətlər almaqdan çəkinməməlidirlər. Təki bir insan ömrünü xilas etmək mümkün olsun. Bu xüsusiyyətlər isə əsil humanizm, xeyirxahlıq nümunəsidir.

O, işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daim çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi altında 15 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunub. 1 namizədlik dissertasiyası ilkin müdafiəyə hazırlanır, 3 doktorluq dissertasiyası yazılır.  Sudeyif həkimi sevindirən, illərdən bəri çalışdığı sahədə qazancı hesab etdiyi xoşbəxtlik hazırladığı alimlər sırasında xarici ölkə vətandaşlarının da olmasıdır. S.İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 280-dan çox elmi məqalənin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 1 metodik vəsaitin, 1 dərsliyin, 13 səmərələşdirici təklifin və ixtiranın müəllifidir. Ölkə sərhədlrindən kənarda tanınmaq şərəfi nəsib olmuş Sudeyif İmamverdiyev 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həmçinin 2005-ci ildə “SKV” Azərbaycan Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloqlar Konfedarasiyasının sədri seçilib.

1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilib. Məşhur “91-lər”dən olan Südeyif İmamverdiyev Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Yeni Azərbaycan Partiyasının yarandığı o çətin dövrü həyatının ən mənalı illəri hesab edən alim bildirir ki,  Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin hər bir sözü bütün vətəndaşlar kimi, mənim üçün də həyat amalı, fəaliyyət prinsipidir:

- Partiyanın ikinci qurultayında çıxış edən YAP-ın yaradıcısı Heydər Əliyevin sözlərini bu gün də xatırlayıram: Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır.” Zaman, müstəqilliyimizin əbədiliyi naminə Ulu Öndərin göstərdiyi xidmətlər, müdrik siyasətçinin ölkəmizi gözləyən təhlükələrədən qurtarmaq üçün qətiyyət və siyasi iradəsi xalqımıza bugünkü Azərbaycanı bəxş etdi. İnsanlara daim diqqət və qayğı ilə yanaşan, gənclərin gələcəyimizin layiqli davamçıları kimi hazırlanmasını dövlət siyasətinin əsas məqsədlərindən hesab edən Ulu Öndər müasir tariximizin əbədi yaşarılıq qazanan dahilərindən, öndərləirindən idi. Onun “Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Naxçıvanda bizim partiyanı yaradanlar,- mən bunu demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur. Bizim partiyada bunlara həmişə hörmət olmalıdır və onların xidmətləri həmişə yüksək qiymətləndirilməlidir” sözləri insanlara verilən ən böyük, qiymətli dəyərdir.  Eyni siyasət Prezident, ümumxalq partiyası olan YAP-ın sədri İlham Əliyev tərəfindən də davam etdirilir. Varislik prinsipinə sadiqliyini Ulu Öndərin arzusunda olduğu Azərbaycanı qüdrətli dövlətlər sırasına çıxarmaqla bildirən cənab İlham Əliyevə ümumxalq etimadının tükənməzliyi Ümummilli Liderə, onun adı ilə bağlı olan YAP-a inam və etibarın nümunəsidir. Mən belə bir partiyanın üzvü olduğum üçün həmişə fəxr etmiş və əməyimlə, Vətən qarşısında xidmətimlə bu adı doğrultmağa çalışmışam. Bundan sonra da dövlət başçımızın hər bir çağırışına xalqımın siravi əsgəri kimi həmişə hazıram.

Alim elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni, 2006-ci ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə Y.Məmmədəliyev adına medalla təltif edilmiş, 2008-ci ildə isə Əməkdar elm xadimi adına layiq görülmüşdür. Alim, həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü secilmiş, “Elmi məktəb”in yaradıcısı fəxri adına layiq görülmüş və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə “Nobel” medalı ilə təltif olunmuşdur.

...Ömrünün müdriklik çağından ötənlərə ünvanlanan Sudeyif İmamverdiyevin “İllər, səndə nəyim qaldı?” sualının cavabı çox zəngindir. O illər yubilyara xalq sevgisi qazandırıb, şəfalı əlləri ilə yuzlərlə insanı həyata qaytarıb, xalq elçisi kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Yetişdirdiyi tələbələrinin uğurları ilə fərəhlənib, qürur duyub. Ən çox fərəhləndiyi anlar isə dünyada qüdrətli dövlətlərlə eyni sırada addımlayan Azərbaycanın qazandığı siyasi, iqtisadi, diplomatik uğurların sevincini yaşadığı zamanlar olub. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri  peşəsinin vurğunu,  xalqını sevən, dövlətinin mənafeyini hər şeydən üstün tutan, sıravi vətəndaş Sudeyif İmamverdiyevin həyat amalı olub.” “Yalnız elm, ağıl, iradə, vicdan insanı ucaldır” söyləyən el ağsaqqalına, Südeyif həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Onaiki əlli” qədər” , əsrə bərabər yaşam sevinci diləyirik.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2018.- 23 iyun.- S.6.