Düşmənin növbəti məğlubiyyəti
- Günnüt əməliyyatı
Şərur-Sədərək
istiqamətində yola çıxanlar yol kənarında yeni
vurulmuş bir istiqamət bildirən lövhə görəcəklər.
Bu işğaldan yenicə azad olunmuş Günnüt kəndinə
gedən yolu göstərən lövhədir. Düz 26 il bu yol
qəlbimizdən keçib. Bugünsə qəlbimiz qürur
hissi ilə dolub.
Bu
ilin may ayında Naxçıvan Əlahiddə
Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat
nəticəsində Şərur rayonunun Günnüt kəndi
və ətrafındakı 11 min hektar ərazi düşməndən
azad edilərək dövlət sərhəddi boyunca əlverişli
hədlər ələ keçirilib.
Rayon mərkəzindən
22 km məsafədə yerləşən kənd 1992-ci ildə
erməni işğalçıları tərəfindən
tamamilə dağıdılıb və əhalisi Mahmudkəndə
köçüb. Magistraldan ayrılıb maşınlarla
yeni salınmış yolla Günnütə doğru hərəkət
edirik. Yolun sağ və solunda
çobanlar öz sürülərini arxayınlıqla
düzənliklərə və dağların yamaclarına
yayıblar. Ərazilərə yeni gətirilmiş arı
yeşikləri də diqqətimizi çəkir. Artıq 26
ildən sonra burada başlanan həyatın nəfəsi
duyulur, yaz fəslində çiçəklərin ətri
duyulan kimi. Təxminən bir ay əvvəl əsgərlərimizin
xidmət etdiyi yüksəkliklərdə qurduğu
postları geridə qoyaraq irəliləyirik. Düşmən
tapdağından təmizlənmiş Günnütə və
əsgərlərimizin mövqe qurduğu yeni postlara
çatmağa tələsirik.
Yolboyu texnikalar
işləyir, işğaldan azad edilən yüksəkliklərə
yollar çəkilir. Düşmənin bir neçə
addımlığında həyata keçirilən bu işlər,
necə deyərlər, elə düşmən bağrı
çatladandır. Bunu həzm edə bilməyən
düşmən texnikaya atəş açmaqla susdurmağa,
dayandırmağa, işə mane olmağa
çalışır. Lakin nə faydası?! Traktor
açılan atəşlərdən zədələnsə
də, “döyüş tapşırığını” yerinə
yetirir və məqsədinə çatmaq üçün irəliyə
doğru hərəkət edir, geniş yol açır. Gecə-gündüz
aparılan işin nəticəsi olaraq qısa zamanda ərazinin etibarlı müdafiəsi, bölmələrin
manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə
məqsədi ilə 50 km-dən artıq yol çəkilib,
60 km-dən artıq yararsız yollar bərpa edilib.
Yeni qurulan postlardan birinə
çatırıq. Qısa vaxtda əsgərlərin
yaşayışı və xidməti üçün burada
lazımi şərait yaradılıb. Ərzaq
təminatları da yüksək səviyyədədir. Əsgərlərlə görüşürük.
Hərəsi bir qəhrəmandır. 26 ildən sonra düşmənin ayağını
bu torpaqlardan kəsmək şərəfi onlara nəsib olub.
Ərazidəki postlardan birinə
“Qurtuluş” adı verilib. Nə gözəl! Qalib əsgərlərlə
birgə Günnütdə bayrağımızı
dalğalandırır, qələbə sevincimizi
bölüşür və bu anı fotoda əbədiləşdiririk.
Kənddəki məzarlığa baş
çəkirik. Daşı daş üstdə qoymayan ermənilər
qəbirlərin bir çoxunu dağıtsa da, tamamilə məhv
edə bilməyib. Axı düşmən
cəhd göstərsə belə gerçək tarixi gizləyə
bilməz. Torpağın ən dərin qatlarından
gec-tez o tarix baş qaldırar və həqiqəti söylər:
Bu ərazilər azərbaycanlılara məxsusdur və
onların əzəli ata-baba ocağıdır. Biz öz torpaqlarımızdayıq. Niyə təlaş edirsiniz? Nədir
bu narahatlıq? Bizi kəndin ərazisində
görüb bir neçə dəfə atəş
açırlar. Sizcə bu atəş səsləri
bizim qəlbimizdəki torpaq həsrətini, yurd sevgisini susdura
bilərmi? Nədən qorxmalı, nədən
geri çəkilməliyik? Açın,
tarixi bir vərəqləyin. Kimsiniz siz?
Hardan gəlib harada məskunlaşmısınız?
Bizə atəş açdığınız
və mövqe qurduğunuz ərazilər sanki sizin
torpaqlarmı? Mənfur niyyətlərinizdən
əl çəkib vaxt tapanda xəritələrə
baxın. Bilin ki, dayandığınız
mövqelər, məskunlaşdığınız
hazırkı ərazilər belə azərbaycanlıların
əzəli ata-baba torpaqlarıdır. Bizim işimiz haqq
işidir və bu yolda geri çəkilmək yox, yalnız irəli!
Düşmənlə üz-üzə
postlardan biri əsgər Adil Tatarovun şəhid olduğu
postdur və bu gün o posta “Tatar postu”adı verilib, vətən
oğlunun şərəfinə. Qabaq postlarda, Ermənistanın dövlət
sərhəddində arada qorxa-qorxa başını
qaldıran düşmən əvvəlki mövqelərimizə
geri çəkilməyimizi gözləyir. Nahaq. Dağlarda öz sinəsini
sipər edən dağ kimi oğullar təzədən geri
çəkilərmi?
İrəli, oğullar, Vətən
eşqinə!
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri
çərçivəsində Əlahiddə
Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan
şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi
texnika ilə tanış oldu və Naxçıvanda ordu
quruculuğu istiqamətində görülən işləri
yüksək qiymətləndirdi: “Biz son illər ərzində Azərbaycan ordusunu yüksək dərəcədə
gücləndirə bilmişik. Alınan
müasir texnikanın, demək olar ki, bütün növləri,
yaxud da ki, əksər növləri Naxçıvana göndərilir.
Naxçıvanın coğrafi yerləşməsinə,
relyefinə uyğun şəkildə bütün müasir
texnikalar göndərilir. Bu gün
Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və
düşmənin istənilən təxribatının
qarşısını ala bilər və eyni zamanda uğurlu əks-hücum
əməliyyatı keçirə bilər”. Ali Baş Komandanın bu açıqlamasından
sonra işğalçı Ermənistan çox çəkmədi
ki, Əlahiddə Ümumqoşun Ordunun Qarsda keçirilən
Türkiyə-Azərbaycan birgə döyüş
atışlı taktiki təlimlərini
izləməli oldu. Şərur-Sədərək
istiqamətində növbəti təxribata əl atdı.
Görünür, bununla deyilənləri təkzib
etmək və öz gücünü göstərmək istəyirdi.
Lakin aldığı cavab gözlənilməz
oldu. Bir səhər gözünü
açdı ki, ən mühüm strateji yüksəkliklərdə
Azərbaycan əsgəri mövqelənib. Hərtərəfli düşünülmüş
və dəqiqliklə planlaşdırılmış tədbirlərin
həyata keçirilməsi ilə bölmələrimiz ilkin
mövqelərdən 3-6 kilometr dərinliyə irəliləyərək
daha əlverişli mövqelərdə möhkəmləndi,
Günnüt kəndi ətrafındakı yüksəklikləri
Qızılqaya dağı və Qaraqaya dağlarında yeni
mövqeləri ələ keçirdi. Dərələyəz
mahalının Arpa kəndində və Mehridərə
vadisində düşmən fəaliyyəti nəzarətə
götürüldü. Həm də
itkisiz. Günnüt əməliyyatı
son illərdə həyata keçirilən ən uğurlu hərbi
əməliyyat kimi tarixdə öz yerini alacaqdır.
Əsgərlərimizin nəzarətinə
keçən ərazi o qədər genişdir ki, onu bir
günə gəzib qurtara bilmirik. Növbəti
gün yolumuzu düşməndən azad edilən digər ərazilərdən
salırıq. Ümumilikdə 11 min hektar ərazi olmaqla
sağ cinahda Ağsal dağı-Qaraqaya dağı istiqamətində
459, mərkəzdə Danzik-Qızılqaya dağı istiqamətində 1089, sol cinahda Ardıc
dağı-Kömürlü dağı istiqamətində
1184 hektar ərazi bölmələrimizin nəzarətinə
keçib. Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda
3107 və Qarağac-Həsənqulubağ dağı istiqamətində
1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin
edilib. Ələ keçirilən ərazilərin
8 min hektardan artığı kənd təsərrüfatı,
xüsusilə dəmyə əkinçiliyi üçün
yararlı sahələrdir.
Sədərəyə məxsus şərab
zavodu illərdir ki, düşmənin nəzarəti
altında idi. Bu gün o zavodun qapıları sökülən
girişindən içəri keçib erməni vəhşiliyinin
izlərinə şahidlik edirik. Artıq ərazi
əsgərlərimizin nəzarətindədir. Şərab
zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə
işləri həyata keçirilir və tam yararsız vəziyyətə
salınan şərab zavodu tullantılardan təmizlənir.
Qeyd edək ki, bu zavod ötən əsrin
70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə inşa edilib və Şərur-Sədərək
bölgəsinin iqtisadi həyatında mühüm yer tutub.
Zavodun yerləşdiyi geniş sahə, bir
neçə addımlıqda yerləşən ermənilərin
məskunlaşdıqları Arazdəyən və Armaş kəndləri,
eləcə də Qarabağa gedən yol ordumuzun tam nəzarətinə
keçib.
Bölmələrimizin təhlükəsiz
hərəkətini və fəaliyyətini təmin etmək
məqsədilə qeyd olunan ərazilərdə
mina-axtarış işləri aparılıb, 1600-dən
çox müxtəlif növ minalar aşkar edilərək zərərsizləşdirilib,
ələ keçirilən yeni mövqeləri möhkəmlətmək
məqsədilə mühəndis-istehkam işləri
görülüb.
Sədərək istiqamətində yerləşən
belə mövqelərdən birindəyik. Bir neçə
addımlıqda ermənilərin şərti olaraq
“Qırmızıdam” adlandırılan postu aydın
görünür. Bizim çəkiliş
heyətini görüncə narahatlıqlarını ifadə
edən səsləri ucalır.
Qısa zamanda dayaq məntəqələrinin
bir neçə kilometrlərlə önə çəkilməsi,
düşmənin illərdir möhkəmlənmiş əraziləri
tərk etmək məcburiyyətində buraxılması təbii
ki qarşı tərəfdə ciddi mənada təşviş
yaradıb.
Növbəti gün yolumuz dəniz səviyyəsindən
1683 metr hündürlükdə yerləşən
Qızılqayayadır. O Qızılqaya ki, yalnız
sıldırımlı yollarla ora yetişmək olar. O
Qızılqaya ki, zirvəsinə qalxmaqüçün quşqonmaz yollardan
keçməlisən. Enişli-yoxuşlu
dağ yollarını qızmar günəşin altında qət
etmək üçün gücü ana torpaqdan alacaqsan.
Dizlərinə təpər, qollarına qüvvət
gələcək 9 kilometr yolu gedib qayıtmaq
üçün. Qızılqayanın
strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi
avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.
Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat
nəticəsində paytaxt İrəvanı Ermənistanın
cənubu ilə və eləcə də işğal
altındakı Qarabağ ərazisi ilə birləşdirən
əsas magistral yolun bir hissəsinin Əlahiddə
Ümumqoşun Ordu bölmələrinin bir neçə
istiqamətdə tam vizual nəzarəti altına keçməsi
mühüm hərbi üstünlük deməkdir. İrəvandan ermənilər üçün ən
həyati vacib istiqamətlərə aparanbu yolun mühüm
bir hissəsi bu gün Azərbaycan əsgəri tərəfindən
daim vizual müşahidə edilir və atəş vasitələrinin
birbaşa zərbəsi altına düşüb.
Qızılqayadan Qərbi Azərbaycan
torpaqları, o cümlədən ermənilərin
adını dəyişərək Areni qoyduqları Arpa kəndi
görünür. Eləcə də ermənilərin bu istiqamətdə
yerləşən postları ordumuzun nəzarətindədir.
Uzun illərdir burda mövqe quran və əl
içi kimi görünən erməni postlarının şəraitsizliyindən
isə bəhs etməyə dəyməz.
Qızılqayaya bayrağımızı
sancan Azərbaycan əsgəri Vətən torpaqlarının
keşiyində sədaqətlə dayanıb. Bir də bu torpaqlara
düşmən ayağı dəyməsin deyə. Biz
gecə-gündüz rahat uyuyaq, çalışaq deyə qızmar günəşin
altında sayıqlığını itirməyərək
düşmənlə üzbəüz mövqedə məğrurcasına
dayanıb. Onların hərəsi bir qəhrəmandır.
Ən yüksək zirvədə qərar tutan
Azərbaycan əsgərinin hər biri bir zirvədir.
Pillə-pillə, qarış-qarış, gecəsini
gündüzünə qataraq Qızılqayanı fəth edən
Azərbaycan əsgərinin bu qayalarda sinəsini sipər edərək
düşmənə sədd çəkməsi may zəfərinə
kölgə salmağa cəhd edən ermənilərə və
ermənipərəst qüvvələrə layiqli bir
cavabdır. Bu zirvədən düşmənin
taxıl sahələri və üzüm bağları
görünür. Areni kənd əhalisinin
bir narahatçılığı da ordumuz zirvədə qərar
tutandan sonra artıq bu əkin sahələrindən istifadə
edə bilməyəcəyini düşünməsi idi.
Lakin Azərbaycan ordusunun gücü
Tanrının verdiyi nə bu nemətlərə qarşı
yönəlib, nə də mülki əhaliyə.
Bir qədər aşağıda
ağır texnikalar dağların bağrını yararaq, parçalayaraq Qızılqayaya yol açır. Texnikanın səsi uzun illərin sükutunu pozub.
Hər kəs yorulmadan, inamla çalışır. Hər daşı, hər qayası qızıldan da
qiymətli olan Qızılqaya fatehlərinə uğurlar
arzulayıb axşamüstü geri qayıdırıq. Gördüklərimizi, müşahidə etdiklərimizi,
əziz oxucu, səninlə paylaşmaq üçün.
Günnüt əməliyyatı kimləri
və niyə narahat edir?
İctimaiyyəti
çaşdırmağa, növbəti yalanları ilə
sakitləşdirməyə çalışan Ermənistan rəhbərliyi
heç bir şəkildə Günnüt zəfərini həzm
edə bilmir. Təbiidir. Bu gün Günnütü itirən,
Qızılqayanı əldən verən düşmən sabah bu məğlubiyyətlə Kərkidə
də qarşılaşacağını bilir. Günnütün
və 11 min hektar ərazinin işğaldan azad olunması xəbəri
ilk dəfə veriləndə işğalçı dövlət
Naxçıvan mətbuatının dezinformasiya
yaydığını deyərək çaşqınlıq
yaratmağa cəhd göstərdi. Bu
düşmən tərəfindən gözlənilən
addım idi. Bu gün Günnütdə oturan Azərbaycan
əsgəri istisna deyil ki, sabah Kərkidə
oturacaq, eləcə də digər işğal olunmuş ərazilərdə.
Bu reallığı və Azərbaycan ordusunun
gücünü yaxşı bilən işğalçı
ölkənin Müdafiə Nazirliyi bununla əlaqədar olaraq
məlumat yayıb ki, Azərbaycan tərəfinin bütün
hərəkətləri Ermənistan Silahlı Qüvvələrinin
nəzarəti altındadır. Vəziyyətlə
yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin təşəbbüsü
ilə həftə içində bir sıra erməni siyasi və
ictimai xadimləri həmin bölgəyə gedib. Orada onlar Ermənistan Silahlı Qüvvələrinin
hərbi qulluqçularının döyüş növbətçiliyinin
aparılmasını və qarşı tərəfin
mövqelərini müşahidə edib. Amma
iyunun 8-də Naxçıvan televiziyasının və Azərbaycanın
digər informasiya vasitələrinin yaydığı
dezinformasiyaya görə Ermənistan-Naxçıvan təmas
xəttində olan bölgədə Azərbaycan Silahlı
Qüvvələri 11 min hektar ərazi azad edib. Ermənistan Silahlı Qüvvələri geri çəkilib
və Günnüt yaşayış məntəqəsi Azərbaycanın
nəzarəti altına keçib.
Sözüm Ovannisyanadır
Reallığı ört-basdır eləməyə
çalışan Ermənistan Respublikası Müdafiə
Nazirliyinin mətbuat katibi Arsrun Oovhannisyanın müşayəti
ilə iyunun 10-da bir neçə jurnalist, ekspert və blogger həmin
istiqamətdə ön xətdə olub. Müdafiə
Nazirliyinin mətbuat katibi Arsrun Ovannesyan iddia edir ki, guya ermənilər
“humanistlik” göstərərək, Azərbaycan tərəfinin
müraciətinə əsasən insanların
doğmalarının qəbirlərini ziyarət etmək
üçün Günnütə girməyə imkan yaradıblar. Əvvəla
“humanizm” və “erməni” sözləri bir-birinə tamamilə
ziddir. İkinci tərəfdən, əgər
günnütlülər məzarları ziyarət
üçün gəlmişdilərsə, onda ermənistanlı
jurnalistlərin yazdığı kimi prosesi niyə
yalnız Naxçıvan
televiziyasının əməkdaşları çəkdilər?
Ermənilərin bu imkanı olsaydı
çoxdan özlərini “humanist” kimi göstərmək
üçün bu kadrları çəkib dünyaya yaymışdılar.
Necə oldu ki Qızılqayanın zirvəsində
jurnalistlər tam sərbəst şəkildə Azərbaycan
bayrağını dalğalandırdılar? Harda idi sənin əsgərin? Mən
deyim, bir qədər aşağıda, Qızılqayanın ətəyində,
Azərbaycan əsgərinin tam nəzarətində idi erməni
hərbiçiləri.
Bu günlərdə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi Günnüt kəndinin
işğaldan azad edilməsinə dair hazırlanan
videomaterialı öz səhifəsində yerləşdirdi və
geniş izləyici auditoriyasına təqdim etdi.
Erməni KİV-ləri tərəfindən
yayılan dezinformasiyalara cavab olaraq təqdim edilən videoda Azərbaycan
Ordusunun erməni işğalçılarından kəndi
azad etməsi, Sədərək istiqamətində irəliləyişlər,
şərab zavodu və ona yaxın ərazilərin nəzarət
altına alınması faktlarla izah olunur.
Buna qədər, Ermənistan tərəfi
istər müdafiə naziri, istərsə də digər səlahiyyətli
şəxslər səviyyəsində Azərbaycan Ordusunun
öz ərazilərində irəliləməsini və
mühəndis işləri aparmasını qeyd edirdi.
Azərbaycan Müdafiə naziri Zakir Həsənovun
Günnüt zəfəri barədə açıqlaması,
strateji olaraq azad edilən bölgələrdən
Laçın koridoruna nəzarət edilməsini
vurğulaması yuxuya verilmiş Ermənistan cəmiyyətini
silkələdi. Nəticədə
Ermənistan Müdafiə nazirliyi, mətbuat katibi Arsrun
Ovannisyanın dili ilə mülki sakinləri təhdid edən
ifadələr səsləndirdi: “Yeganə reallıq ondan ibarətdir
ki, 25 ildir təhlükəsiz şəraitdə olan Azərbaycan
tərəfinin təsərrüfat işçiləri və
çobanları bundan sonra təhlükə
qarşısındadırlar”.
Arsrun Ovannisyan, sən hansı təhlükədən
danışırsan? Kimin torpağında kimi təhdid
edirsən? Qarşı tərəfdə
durub müşahidə apardığın mövqe, üzərində
dayandığın torpaq belə millətinə məxsus
deyil. Qızılqayadan baxdıqda uzanan
dağ silsiləsi boyunca geniş ərazilər Azərbaycana
məxsus qədim Dərələyəz mahalıdır.
Bunu təsdiqləyən tarix var, xəritələr
var. Dərələyəz Naxçıvan
xanlığının ən qədim və zəngin
mahallarından biri olub. Arpa, Ortakənd, Başkənd,
Gülüdüzü, Canı, Əmoğlu, Ələyəz
və digər kəndlər-ümumilikdə, 78 kənd Azərbaycan
türklərinin məskunlaşdıqları ərazilər
olub. Hansı ki, sənin babaların 1918-ci ildə
Şərurun Yaycı kəndindəki məğlubiyyətinin
acısını Dərələyəz mahalının
Əmoğlu kəndindən alıb, soyqırım aktı
törədib. Sonradan gəlib məskunlaşaraq
Arpanı-Areni, Göytürkü-Getap, Həsənkəndi-Satin,
Əyarı-Aqarakadzor, Başkəndi-Varnaşen, Yengicəni-Qandzak,
Ortakəndi-Qladzor, Gülüdüzünü-Vardohovit,
Qızılgülü-Arates kimi dəyişdirməklə
deyilki! O torpaqların hansı dərinliyinə getsən, ordan
Azərbaycan tarixi baş qaldıracaqdır. Ovannisyan və digər
“yan”lar isə
başlarını heç qaldırmasınlar. Çünki bu dəfə sizə heç xeyir etməz.
Bir dəfə başınızı
qaldırdınız, Lələtəpəni itirdiniz, ikincidə
Qızılqayanı uduzdunuz, üçüncü sizin
üçün daha ağır olacaq. Gerçəklərlə
barışın. Azərbaycan 1990-cı
illərin böhranını çoxdan adlayıb. Qarşınızdakı isə 90-cı illərin pərakəndə
deyil, tam silahlanmış qüdrətli Azərbaycan Ordusudur.
O ordu ki, bu dəfə də sənin layiqli cavabını verdi və ordunu mənəvi-psixoloji zərbə
altına saldı.
Yazını çapa hazırlayarkən
ordu.az saytının erməni KİV-lərinə istinadən
verdiyi xəbər diqqətimi cəlb etdi. Ovannisyan etiraf etdi: “Azərbaycan Ordusunun
Naxçıvandakı irəliləyişləri
doğrudur”.
“Azərbaycan müdafiə nazirliyinin
yaydığı 30 dəqiqəlik videogörüntüdə
iddia edilir ki, Azərbaycan ordusu hücuma keçərək
Günnüt kəndini, çılpaq gözlə Arpa (Areni) kəndi
və kəndin infrastruktur tikililərini müşahidə
altında saxlamağa imkan verən bir sıra əhəmiyyətli
yüksəklikləri və mövqeləri azad edib.
Videogörüntüyə əsasən,
Azərbaycan ordusu yeni azad edilmiş mövqelərə
doğru aparan ümumi hesabla 50 km uzunluğunda yeni yollar
inşa edib”, – deyə Ovannisyan qeyd edib.
Axır ki düşmən də anladı
ki, yalan nə qədər ayaq tutsa, yeriməz.
Qaldı ki Günnüt zəfərini qəbul
edə bilməyən, düşmən dəyirmanına su
tökənlərə. Sosial şəbəkələrdə bu məsələ
xeyli müzakirə obyektinə çevrildi. O
qayaları, o səngərləri özünə məskən
seçən əsgərlər-igidlər səni, məni,
bizi-bu vətəni qoruyur, məğrurcasına, şərəflə.
Əsgərin alın təri, ürəyinin hərarəti,
qolunun gücü, əzmi ilə alınıb o torpaqlar! O əzmin,
o iradənin, o Vətən sevgisinin qarşısında baş
əyirəm! Azərbaycanlı adını
daşıyan hər kəs qürur duysun və bilsin ki biz
artıq qələbəyə gedən yoldayıq. Bu
yolda addımlamağa bizə cığır açan, meydan
verən Azərbaycan Ordusuna eşq olsun!
Ruhiyyə Rəsulova
İki
sahil.- 2018.- 23 iyun.- S.11.