Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

 

Abbas Mirzə Şərifzadə: Kino musiqidi, teatrdı, ədəbiyyatdı, bir sözlə, özgə aləmdi

 

Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlərin janr müxtəlifliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 120 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib. Görkəmli mədəniyyət xadimi, ilk kino rejissorumuz Abbas Mirzə Şərifzadə deyirdi ki, kino musiqidi, teatrdı, ədəbiyyatdı, bir sözlə, özgə aləmdi.

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. İlk filmlər fotoqrafnasir Aleksandr Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. bir bədii kinosüjetdən ibarət idi. Neftin sənaye üsulu ilə istehsalına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmışdı. 1915-ci ildə isə İbrahim bəy Musabəyovun “Neftmilyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. Azərbaycanda kino yaradıcılığı dövrü sovetlər dövründə nailiyyətləri ilə yadda qaldı. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi, 96 nömrə “Mozalansatirik jurnalı yaradılıb. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə istehsal olunub. Bu gün də dəfələrlə izlənilməsindən asılı olmayaraq yenə də sevə-sevə baxdığımız filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə, çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.

Müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu var. Məlum olduğu kimi, müstəqillik əldə etdiyimiz ilk illərdə kino sahəsində də ciddi problemlər yaşandı. Azərbaycan kinosu ilə bağlı ulu öndər Heydər Əliyevin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə “Kinematoqrafiya haqqında” Qanun qəbul olundu. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradıldı, filmlərin qorunması təmin edildi. 18 dekabr 2000-ci il tarixli Ulu Öndərin Sərəncamı ilə hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” və “Dəvət” filmləri müasir dövrümüzün ən dəyərli sənət nümunələri kimi kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlardan sonra kinonun bütün sahələrinin problemlərinin həllinə başlanıb. Bu sərəncamlarda respublikamızda, eyni zamanda, dünyanın bir neçə ölkəsində Azərbaycan kinosu üçün kadrların hazırlanması məsələsi də öz əksini tapıb. Onu da qeyd edək ki, yerlixarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün dünya standartlarına uyğun kinoteatrlar tikilib, mövcud olanlar isə müasir standartlar səviyyəsinə gətirilib. “NizamiKino Mərkəzi yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunduğu üçün ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilib.

2008-ci il avqustun 4-də cənab Prezidentin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” artıq öz müsbət nəticələrini verməkdədir. Proqram kino sənətimizdə əsaslı yeniliklərin başlanğıcı oldu desək yanılmarıq. Bu gün milli kinomuz dünyada müstəqil Azərbaycan kinosu kimi tanınmağa başlayıb. Çəkilən filmlərimiz Azərbaycan simasını, özünəməxsusluğunu dünyaya tanıtdıra bildi. Tanınmış kinorejissor, “Humay” mükafatı laureatı Şamil Əliyevin “Çölçüfilmi 5 qitədə Azərbaycan bayrağını qaldıran filmdir. 32 beynəlxalq kinofestivalda olub, 12 mükafat alıb və bu, uğurun göstəricisidir.

Bundan başqa, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı, qısametrajlı bədii, sənədli, cizgi filmləri çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə həsr olunan bədii və sənədli filmlər ərsəyə gətirilib. Prezident İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamı uzun illər özünün çətin dövrünü yaşayan kino sənətinin inkişafında mühüm rol oynayacaq. 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq.

Gənc ssenarist Orxan Muxtarlı “İki sahil” qəzetinə bildirdi ki, Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, kino mədəniyyətinin tarixi əsasları var: “Kinostudiyanın hələ yeni yarandığı zamanda Bakı neft buruqlarında artıq kino çəkilməyə başlanılmışdı. Hələ Sovetlər dönəmində Azərbaycan kino industriyası birlik ölkələrinin içində özünəməxsus yer tutmuşdu. İndiki zamanda da bir çox keçmiş Sovet respublikalarında Azərbaycanda çəkilmiş kinolar televiziya vasitəsi ilə göstərilir və sevilir. 90-cı illərdə məlum səbəblərdən Azərbaycanda bir çox sahədə olduğu kimi, kino sahəsində də tənəzzül prosesi baş verdi. Lakin Ulu Ondərin Azərbaycanın iqtisadiyyatının inkişaf strategiyasını düzgün qurması ümumən Azərbaycanın inkişafinın yenidən dirçəlməsinə gətirib çıxardı. Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi qayğı özünü göstərməkdədir. Dövlət başçısının “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu. Televiziya kanallarında serialların çəkilməsi üçün maliyyə yardımın göstərilməsi, Mədəniyyət Nazirliyi tərəfindən çəkilən yüksək keyfiyyətli filmlər bunun bariz nümunəsidir.”

O.Muxtarlı hesab edir ki, bu gün bazar iqtisadiyyatı zamanında yaşayırıq. Hər bir sahəyə olduğu kimi, kino sahəsinə də  maliyyə yardımı göstərilməlidir ki, inkişaf etsin: “Belə mühitin yaranması istiqamətində Bakıda tikilən biri-birindən gözəl tikilən ticarət mərkəzlərini misal göstərmək olar. Bu mərkəzlərdə fəaliyyət göstərən kinoteatrlar gənclərin əyləncə məkanlarından birinə çevrilib. Bu isə yerli kinonun stimullaşması üçün çox böyük önəm daşıyır.”

Ssenarist söhbət zamanı təəssüflə bildirdi ki, bir çoxları Azərbaycanda çəkilən kinolarının çoxusunun bayağı, komediya janrından şikayətlənir: “Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Türkiyə kimi böyük ölkədə də durum tam bizimki kimidir. Hər çəkilən 100 kinodan 2-si uğurlu olar. Bu tam təbiidir. Çünki hər hansı sahənin inkişafı üçün lazımdır. İş olan yerdə də əlbəttə ki, qüsur və zəif olacaq. Bundan qorxmaq lazım deyil. Əksinə yeni rejissor və ssenaristlərin kinonun inkişafı uğrunda işlərini dəstəkləmək lazımdır. Çünki hər bir uğurlu işin özülündə təcrübə durur. İndiki zamanda rejissorların komediya janrına müraciət etmələri isə sadəcə seyricilər tərəfindən tələblə bağlıdır. Teleserialların seyirçiləri orta yaşlı nəsildirsə kinoteatrlara gedən seyirçilər isə əsasən gənclərdir. Seriallarda orta nəsil dramı necə görmək istəyirsə gənclər də kinoteatrlarda komediyanı o qədər çox seyr etmək istəyirlər. Bir daha vurğulayıram ki, gənclər kinoteatrlara əyləncə məkanlarından biri kimi baxırlar. Bunları nəzərə alaraqqonşu ölkələrin indiki kino sənayesinin inkişafına baxanda Azərbaycanda bu sahədə gedən kifayət qədər ümidvericidir. Azərbaycan bu ölkələrlə müqayisədə kiçik olmasına baxmayaraq çəkilən bir çox kinolar həmin ölkələrdə çəkilən kinolardan geri qalmır, hətta irəlidədir.”

Azərbaycanda kino sənayesinin böyük potensialının olduğunu deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, “Dağlı məhəlləsi”, “Bakı bağları”, “Azərbaycan qalaları”, “Sönməz ocaq”, “Qərib ellərin novruzu”, “Nağıl kimi toylar” kimi onlarla filmlərin rejissoru, “Lider” telekanalının rejissoru Maarif Məhərrəmbəyli isə qeyd edir ki, sovet dövründə rejissor, ssenarist, operator və aktyorlarımızın ərsəyə gətirdikləri dəyərli filmlər bir daha sübut edir: “Bütün gücümüzü birləşdirib yenidən Azərbaycan kino sənayesini inkişafını təmin edərək, milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq. 1978-ci ildə “Azərbaycanfilm”də işləmişəm. O dövrün kino həyatı ilə indiki dövr arasında çox böyük fərq var. Düzdür, Azərbaycanımız, paytaxtımız Bakı şəhəri inkişaf edir. Lakin bu inkişaf kino sahəsində o qədər də özünü göstərə bilmir. Bunun müəyyən səbəbləri var. Ən başlıca səbəblərdən biri filmlərin auditoriyasının olmamasıdır. Sovetlər dönəmində isə ən zəif film də belə öz izləyiciləri hesabına maliyyə cəhətdən özünü doğrulda bilirdi. O dövrdə Kinostudiyada canlanma müşahidə olunurdu. İndi bir qədər passivlik müşahidə olunur. Ulu öndər Heydər Əliyevin kino sahəsinə göstərdiyi qayğının nəticəsi idi ki, Azərbaycan kinosunun intibah dövrü məhz 1970-1980-ci illərdə olmuşdu. Dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin kino sahəsinə göstərdiyi diqqət özünü biruzə verir. Telekanallara ayrılan maliyyə vəsaiti hesabına müxtəlif janrlarda filmlər, seriallar çəkilir. Maliyyə vəsaiti daha çox olsa filmlərin sayı da çox olar. Filmlərə sponsorların cəlb olunması məsələsi qabardılmalıdır. Həmçinin çəkilən filmlərin bölgələrdə təbliği bir qədər zəifdir. Ölkə başçısının kino ilə bağlı müvafiq Sərəncamında da qeyd olunur ki, kino prokatı sistemi yaradılsın. Yəni istehsal olunan filmlər tamaşaçılara çatdırılsın. İnsanlarda kinoteatrlara getmək həvəsi əvvəlki kimi deyil. Bölgələrdə isə ümumiyyətlə, kinoteatrlara maraq azdır.”

M.Məhərrəmbəyli müasir dövrdə çəkilən filmlərin janr məsələsinə toxundu: “Camaatın zövqünü bir qədər dəyişiblər. Seyirçiləri daha çox komediyaya istiqamətləndiriblər. Bizim çox gözəl tarixi mövzularda çəkiləcək filmlərimiz olmalıdır. Çünki Azərbaycanın çox qədim tarixi etnosu, adət-ənənələri, milli qəhrəmanları var. Bu mövzulara yer ayırmaq lazımdır. Bundan başqa, digər ölkələrlə birgə müştərək filmlərin çəkilməsinə diqqət ayrılmalıdır.”

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2018.- 21 iyun.- S.14