Səndə tarixlərin çox nişanı var

 

“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018”

 

Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunduğu 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında beş min illik şəhər mədəniyyətinə malik Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması İslam aləminin ayrılmaz parçası olan, əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi tanınan Azərbaycana marağın ifadəsidir. Belə yüksək etimad ölkəmizin əsrlərdən bəri dinlərin, dillərin, mədəniyyətlərin ünsiyyət və təmas yeri olmasının, müxtəlif xalqların birgə yaşayış məskəni kimi şöhrət qazanmasının məntiqi nəticəsidir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış mərasimində qeyd olunduğu kimi, tarixin yadigarı, əsrlərin izlərini daş yaddaşında saxlayan 60-a yaxını bəşəri əhəmiyyətli olmaqla 1000-dən artıq abidənin qorunduğu bu qədim, ulu məskənin belə etimada layiq görülməsi Naxçıvanın qədim yaşayış məskəni olmasının təsdiqidir. Bu gün də dünya şöhrətli, Şərq və İslam memarlığı məktəbinin əsasını qoyan, Atabəylər dövründə yaşayan Əcəmi Əbubəkr oğlu Naxçıvaninin adı ilə bağlı olan, əzəməti, möhtəşəmliyi ilə hamını heyran edən, İslam mədəniyyətinin pasportu sayılan abidələrin qorunması milli-mənəvi dəyərlərimizə diqqət və qayğının ifadəsidir. Bu abidələr subut edir ki, dünya sivilizasiyasının formalaşıb, inkişaf etməsində İslam təhsilinin, elminin, mədəniyyətinin böyük rolu olmuşdur. Bu, tərəqqidə xüsusi payı olan Naxçıvanın abidələri, hər daşı bir tarix olan qalaları özünəməxsusluğu ilə seçilir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı- 2018”in açılış mərasimində Naxçıvanın dünya sivilizasiyasına bəxş etdiyi milli-mənəvi dəyərlərimizi yaşadan çoxəsrlik mədəni irsimizin tarixi barədə ətraflı məlumat verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov ölkəmizdə milli-mənəvi dəyərlərə xüsusi diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin irsini davam etdirən Prezident İlham Əliyevin xidmətlərini yüksək dəyərləndirdi:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, mültikultural dəyərlər nümunə göstərilir. Belə bir şəratdə Naxçıvanın İslam Mədəniyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir.

Vasif Talıbovun vurğuladığı kimi, Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. Bu həqiqəti təsdiqləyən fakt kimi XV əsrdə tərtib edilmiş “ Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adının qeyd olunduğunu bildirən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov fikrini həmin mənbədə yer alan sözlərlə əsaslandırdı: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzəsidir.” On səkkizinci əsrdə Naxçıvan xanlığı dövründə də bu torpaqda İslami dəyərləri yaşadılıb, tarixi- mədəni irs davam və inkişaf etdirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında İslami dəyərlərə yeni yanaşmanın-elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb. Naxçıvanda zəngin tarixi-mədəni irs toplanmışdır. Möminə xatun, Gülüstan, Əlincə qala, Qarabağlar, Yusif ibn Küseyir məqbərəsi, türbələr, buzxana və hamamlar lap qədim dövrlərdən Naxçıvanın İslam mədəniyyətini yaşadan ulu məskən olmasını təsdiqləyir. İlk insan məskəni olmasını qayaüstü təsvirləri ilə bu günümüzə qədər saxlayan Gəmiqaya rəsmləri ilə bağlı tədqiqatlar aparılmışdır. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 26 aprel 2001-ci il tarixdə imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”kı Sərəncam əsasında bu ərazidə müxtəlif vaxtlarda alimlər maraqlı məlumatlar əldə etmişlər. Əcdadlarımızın dini, ideoloji baxışlarını, mifologiyasını, əmək fəaliyyətini, ovçuluq peşəsini əks etdirən qayaüstü rəsmlərin hər biri tarixi yaşadan qiymətli tədqiqat mövzusu, Azərbaycan xalqının ən qədim tarixinin və mədəniyyətinin öyrənilməsi üçün xəzinədir. Dini məbəd kimi Qurani- Kərimin 18-ci “Əl-Kəhf” (“Mağara”) surəsində adı çəkilən Əshabül-kəfh ziyəratgahına gələnlər burada yaradılan şərait üçün təşkilatçılara minnətdarlıqlarını bildirirlər. “Əshabül- Kəhf Ziyərətgahı” Dini Mədəni Abidə Kompleksi, bərpa olunan “Nuh” türbəsi tarixi nümunələr olmaqla maddi-mənəvi, dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır.

Türk və ya türkəsillilərə məxsus coğrafiyalarda “Qız qalası” adı ilə tanınan bir çox tikililərə rast gəlinir. Araşdırmalardan məlum olur ki, Qız qalası əsasən türkəsilli xalqların ərazisində yayılmışdır. Az sayda olsa da, Oğlanqala adı verilən qalalar da var. Azərbaycandan kənarda çox sayda Qız qalasının olmasına baxmayaraq Oğlanqala yalnız Azərbaycana məxsusdur. Bunun ən möhtəşəmi isə Naxçıvandadır.

Qız qalasının mifoloji başlanğıcı haqda artıq bir neçə mənbədə göstərilmiş və ata başlanğıcın qurd qəbul edilməsi ilə bağlı uyğur əfsanəsi ilkin arxetip kimi müəyyənləşdirilmişdir.

 

Sivilizasiyalararası dialoq mərkəzi olan Azərbaycan İslami dəyərlərin qorunmasına, İslam mədəniyyətinin inkişafına dəyərli töhfələr verir

 

Açılış məraismində çıxış edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl- Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev İslam mədəniyyətinin qorunmasında çoxəsrlik nailiyyətlər qazanan Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın cari il üçün İslam aləminin paytaxtı elan olunmasını düzgün seçilən ünvan adlandırdılar. Qeyd olundu İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən bu proqram qupuma üzv dövlətlərin koordinasiyası çərçivəsində həyata keçirilən və İslami dəyərlərin dünyada təbliğinə yönələn layihələrdəndir. Meyarlara görə İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülən Naxçıvan bəşəri, insani dəyərlərə verdiyi töhfələri ilə bu etimadı doğruldur. Bu proqram çərçivəsində həyata keçirilən layihələrin məqsədi keçmişimizə bu günümüzün gözu ilə baxmaq, dəyər vermək, tarixi yaddaşı təzələmək, yeni nəslə çatdırmaqdır. 2009-cu ildə bu istiqamətdə həyata keçirilən layihələrin səmərəsini qiymətləndirənlər əmindirlər ki, cari ildə davam etdirilən tədbirlər İslam mədəniyyətinin dünyaya tanıdılmasında yeni mərhələ olacaq. Çünki Naxçıvan təkcə tarixi abidələri, inacları, türbələri, ziyarətgahları ilə deyil, bəşəriyyətə verdiyi tarixi şəxsiyətləri ilə də bu adı layiqdir. Hazırda bütün dünya ictimaiyyətinin dövlətçilik təcrübəsinə, zəkasına, qətiyyətinə heyran qaldığı ulu öndər Heydər Əliyev sərkərdələr, şairlər, ədiblər yetirən ulu məskən- Naxçıvan torpağının yetirməsidir.

1991-ci ildən İSESCO-nun üzvü olan Azərbaycan bu əməkdaşlığa böyük dəyər verir. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 24 noyabr 2006-cı ildən İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi qurumla ölkəmiz arasındakı əlaqələri daha da möhkəmləndirir, müsəlman ölkələri ilə əməkdaşlıq münasibətləri yeni mərhələ üzrə davam etdirilir. Dövlət başçımız İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, IV İslam Həmryliyi Oyunlarının keçirilməsi, 54 islam dövlətini təmisl edən idmançıların sülh, bərabərlik, əməkdaşlıq naminə birlik nümayiş etdirməsi İslami dəyərlərə hörmət və ehtiramın ifadəsi idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən, qlobal çağırışları ilə fərqlənən “Bakı Prosesi”ndə Avropa və Şərq dövlətləri nümayəndələrinin birgə iştirakı bəşər sivilizasiyasında islami dəyərlərin xüsusi yer tutmasını göstərir. Bütün bunlar müsəlman intibahına önəmli töhfələr verən Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsini şərtləndirir.

 

Arazüstü şəhərim: Tariximizin şahidi olan hər abidə dünənimizdən bu günümüzə körpüdür

 

Hazırda simasını dəyişərək gözəlləşən, görkəmi ilə Avropa şəhərləri ilə müqayisə olunacaq dərəcədə müasirləşən Naxçıvanda, muxtar respublikanın rayon və kəndlərində əsrlərdən bəri qorunan tarixi abidələrin bərpasına xüsusi diqqətlə yanaşan MR rəhbərliyinin bu fədakarlığı tariximizə sədaqət, keçmişimizə sahib çıxıb, qorumaq vətəndaşlıq borcunun ifadəsidir. İslam mədəniyyətinin, güclü dövlətçilik, sülh və əmin- amanlıq ənənələrinin qorunduğu bu qədim diyar Atabəylər dövründə intibah dövrünü yaşayıb. Bu gün müasir Naxçıvanın hər kəsi məftun edən gözəllikləri də bu intibahın müasir günümüzdə də davam etdirilməsinin göstəricisidir.

“Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyət malik olan diyardır, eyni zamanda müasir şəhərdir... Naxçıvan muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verib” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan tərəfindən blokadada saxlanılmasına baxmayaraq, Naxçıvanda aparılan quruculuq işləri ilə müqayisə olunacaq ikinci bir məkan yoxdur. İldən-ilə deyil, gündən- günə dəyişən, gözəlləşən, müasir siması, təbiəti, yenilikləri ilə qonaqlarını heyrətləndirən Naxçıvan respublikamızın ən çox quruculuq işləri aparılan bölgələrindəndir.

“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında , müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.” Son illərdə müxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, Ulu Öndərin istək və arzularını ifadə edən bu sözlərlə həmahəng səslənir. Daxili imkanlardan və potensialdan səmərəli istifadə etməklə muxtar respublikanı quruculuq meydanı kimi tanıdan, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun gərgin əməyinin fədakarlığının nəticəsidir ki, bu gün qədim odlar diyarı modernləşib. Yerləşdiyi geosiyasi məkan, siyasi iqtisadi əhəmiyyəti ilə fərqlənən, Şərqə açılan qapı adlanan, tarixi İpək Yolu ilə qitələri dolaşanlara bələdçilik, ev sahibliyi edən Naxçıvan həmişə şəninə deyilmiş “Nəqşicahan” adına layiq olmuşdur.

Müasirləşən Naxçıvan həqiqi mənada inkişafdan intibaha gedən yolda inamla addımlayır. Naxçıvanın fədakar insanları daha böyük əzmlə çalışır, bu günlərindən sabaha inamla baxırlar. Gələcək isə daha böyük uğurlardan xəbər verir. Hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər. Qədimliyi ilə müasirliyin vəhdətində inkişaf edən odlar diyarı haqqında Prezident İlham Əliyevin “ Naxçıvan strateji yerdə yerləşir. Ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır... Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ümummilli Liderin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerində oturtmuşlar” sözləri o ağır illərdə mövcud olan bütün çətinlikləri Ulu Öndərin ətrafında birləşməklə aradan qaldıran naxçıvanlıların fədakarlığına verilən qiymətdir.

2018-ci il muxtar respublikanın tarixində daha bir hadisə ilə yaddaqalan olacaq. “ İslam Mədəniyyətinin Paytaxtı” elan olunan Naxçıvanda bu il xeyli tədbirlər keçiriləcək. Artıq cənnətməkan kimi turistlərin diqqətini çəkən Naxçıvan dünyada daha geniş miqyasda tanınacaq və hər kəs görəcək ki, yer üzündə belə gözəl məkan var. “Çünki Naxçıvan buna layiqdir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi gözəl insanları olan bu məkanın adı Naxçıvandır.

 

 

Xuraman İsmayılqızı

                         

İki sahil.- 2018.- 26 iyun.- S.8.