Azərbaycan Polisi - 100: Cümhuriyyətin yaşıdı
2 iyul - Polis Günü daxili işlər orqanlarının
yaradılması və
peşə bayramı
kimi qeyd edilir. Bu əlamətdar
günün qeyd olunmasının əsası
ümummilli lider Heydər Əliyevin 1998-ci
il 24 iyun
tarixində imzaladığı
Sərəncamla qoyulmuşdur.
Məlumdur ki,
Ulu Öndər hər zaman hazırkı Azərbaycan
Respublikasını 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan
Xalq Cümhuriyyətinin
(AXC) hüquqi və siyasi varisi hesab
edirdi. Ona görə də
ölkəmizdə polis orqanlarının
yaradılmasının tarixi
də AXC-nin yaranması ilə təqribən üst-üstə
düşür.
Bu gün yaradılmasının yüzüncü
ilini bayram edən Azərbaycan polisi gərgin və şərəfli inkişaf yolu keçmişdir. Azərbaycanın ilk daxili işlər naziri kimi tarixə
adı düşən
şəxs AXC-nin qurucularından biri, görkəmli dövlət
xadimi Fətəli Xan Xoyski olmuşdur.
1918-ci il
mayın 28-də Azərbaycan
Milli Şurası Tbilisidə “İstiqlal Bəyannaməsi”ni qəbul
etdikdən sonra birinci hökumətin yaradılması haqqında
da qərar verir. İlk hökumətin Baş
naziri seçilən
F.X. Xoyski həm də daxili işlər naziri portfelini daşıyırdı.
Həmin il iyunun 17-də Gəncəyə köçən
milli hökumətin ikinci təşkilində daxili işlər naziri postunu Behbud xan Cavanşir
tutur. B.Cavanşir polis orqanlarının formalaşdırılmasında böyük xidmətləri
olan nazir kimi hər zaman
ehtiramla yad edilir. Məhz onun rəhbərliyi
və təşkilatçılığı
liə Azərbaycanda
ilk dəfə milli
polis təşkilatının yaradılması işinə
başlanmışdır.
Cümhuriyyət Höküməti iyulun
2-də Daxili İşlər
Nazirliyinin məruzəsi
əsasında polis işçilərinin
əmək haqqını
artırmaq barədə
qərar qəbul edir. Bu qərarla
Gəncə Quberniya İdarəsi işçilərinin
sayı ixtisar edilir və təşkilatın yenidən
qurulması haqqında
təlimatlar hazırlanır.
DİN-in Gəncə şəhərində həyata
keçirdiyi ilk tədbirlərdən
biri də şəhərin özünüidarəsinin
bərpa edilməsi olmuşdur. Polis orqanlarının
konkret fəaliyyəti
və təşkili ilə bağlı 1918-ci il iyulun
2-də verilən bu qərar Azərbaycan polisinin yaradılması günü kimi qəbul edilmişdir...
AXC-nin mövcud olduğu 23 aylıq dövrdə Daxili İşlər Nazirliyinin fəaliyyətini
tədqiqatçılar şərti
olaraq üç mərhələyə bölürlər. Birinci mərhələ Behbud xan Cavanşirin nazirliyə rəhbərlik
etdiyi dövrdür.
Bu dövrdə DİN-in funksiyası bir tərəfdən müstəqil
dövlətin müstəqil
nazirliyi tərəfindən
həyata keçirilirdi.
1918-ci il
sentyabrın 15-də Qafqaz
İslam Ordusunun köməkliyi ilə Bakının daşnak və eser-menşevik hərbi qüvvələrindən
azad edilməsindən
sonra Xalq Cümhuriyyəti
Bakıya köçdü.
Bundan sonra DİN-in fəaliyyət
dairəsi daha da genişləndi. 1918-ci ilin dekabrında
hökümətdə edilən
dəyişikliklər nəticəsində
daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə
olundu. Bu dövr DİN-in fəaliyyətinin
ikinci mərhələsi
hesab edilir.
Nazirliyin fəaliyyətinin
üçüncü mərhələsi
isə 1919-cu il aprelin 14-də təşkil olunmuş dördüncü hökümət
kabinəsində Baş
nazir Nəsib bəy Yusifbəylinin həm də daxili işlər naziri vəzifəsini tutması ilə başlayır. Bu dördə artıq nazirlik və onun yerli orqanları
ölkədə xarici
hərbi qüvvələrin
müdaxiləsi olmadan
sərbəst və müstəqil fəaliyyət
göstərməyə başladılar.
Bu işdə nazirliyin hazırladığı
və 16 aprel tarixli əmrlə elan etdiyi təlimatın
mühüm əhəmiyyəti
olmuşdur. Təlimatda
qanunçuluğun və
intizamın möhkəmləndirilməsi,
ölkənin bütün
vətəndaşlarına eyni münasibət göstərilməsi, milli
qırğın təzahürlərinin
qarşısının qətiyyətlə
alınması, vəzifəli
şəxslərin öz
vəzifələrindən sui-istifadə hallarına qarşı kəskin mübarizə aparılması
və s. məsələlər
öz əksini tapmışdı.
Bu dövrdə
DİN-in fəaliyyətində bir sıra təşkilati
xarakterli tədbirlər
də həyata keçirildi. Nazirlik tərəfindən
hazırlanmış Azərbaycan
polis inspektoru haqqında
Əsasnamə də Dövlət Müdafiə
Komitəsi tərəfindən
təsdiqləndi.
1919-cu ilin dekabrında N.Yusifbəylinin
yaratdığı beşinci
hökümət kabinəsində
daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd
Həsən Hacınski,
sonra isə Mustafa bəy Vəkilov tutmuşlar.
Təəssüflə vurğulamaq lazımdır
ki, 1920-ci il
aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı
işğal etməsi
nəticəsində Azərbaycan
Xalq Cümhuriyyəti
süquta uğradı.
Beləliklə, milli qüvvələrdən
təşkil edilən
Daxili İşlər
Nazirliyinin də fəaliyyətinə son qoyuldu.
Buna baxmayaraq, o dövrdə fəaliyyət
göstərən milli
polis təşkilatı mürəkkəb
tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması,
qanunçuluğun və
hüquq normalarının
bərqərar edilməsi
istiqamətində xeyli
işlər görməyi
bacarmışdır.
Taleh Turqut
İki sahil.-
2018.- 28 iyun.- S.10.