Akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd olunub

 

AMEA Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm xadimi, akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti ilə birgə keçirilən tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəmli alim Cəlal Əliyevin həyat yolundan və elmi fəaliyyətindən ətraflı danışıb. Qeyd olunub ki, bütün həyatını elmə həsr edən görkəmli alim Cəlal Əliyev Azərbaycanın elm tarixində ilk dəfə Yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesinin əsaslı şəkildə öyrənməsinə ciddi maraq göstərib və bu sahə alimin elmi yaradıcılığının fundamental tədqiqat obyektinə çevrilib. Vurğulanıb ki, sanballı tədqiqatları ilə ölkə elminin inkişafında misilsiz xidmətlər göstərən alimin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.

İsmayil Hacıyev Cəlal Əliyevin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyərək görkəmli alimin “Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomuna layiq görüldüyünü, Azərbaycanın ali Ddövlət mükafatlarına - “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunduğunu xatırladıb.

Qeyd olunub ki, 500 çox elmi məqalənin, 20-dən artıq kitab və monoqrafiyanın müəllifi olan Cəlal Əliyevi nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda tanınıb. Cəlal Əliyev müxtəlif illərdə Azərbaycan Respublikası və Almaniya Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyası və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü seçilib.

Cəlal Əliyev perspektivli və istedadlı gəncləri ətrafına toplayaraq böyük elmi məktəb yaratdığını deyən, akademik görkəmli alimin müəllim qayğısı və şəxsi təşəbbüsü ilə 300-ə yaxın gənc dissertasiya müdafiə edərək alim adı aldığını, onlardan 80-dan çoxunun namizədlik, 11-nin doktorluq dissertasiyasının bilavasitə elmi rəhbəri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, alimin rəhbərliyi altında hazırlanmış və müasir elmin əsas potensial qüvvəsini təşkil edən “Cəlal Əliyev məktəbi”nin yetirmələrinin sorağı bu gün qabaqcıl ölkələrin tanınmış universitetlərindən, elmi-tədqiqat müəssisələrindən və beynəlxalq mərkəzlərdən gəlir.

İsmayıl Hacıyev Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Sərəncamına əsasən keçirilən yubiley tədbirlərinin akademik Cəlal Əliyevin elmi fəaliyyətinə verilən qiymət olduğunu bildirərək qeyd edib ki, elmə dəyərli töhfələr vermiş görkəmli alim daim minnətdarlıqla xatırlanacaq.

Konfransda Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Akademik Cəlal Əliyev və onun mənalı ömür yolu”, Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Daşqın Qəmbərov “Cəlal Əliyevin biologiya və aqrar elmlərin inkişafında rolu”, Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev “Dünya şöhrətli seleksiyaçı alim” və Naxçıvan Dövlət Universitetinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov “Biologiya elmində Cəlal Əliyev məktəbi” mövzularında məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, yüksək intellektual təfəkkürə malik olan alim öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun elmi fəaliyyəti, əsasən, ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib. Alimin dərin nəzəri bilikləri, ideyaları və gərgin əməyi nəticəsində yeni buğda sortlarının yaranmasına nail olunub.

Diqqətə çatdırılıb ki, bu sahədə çalışan alimlər bu gün öz tədqiqat işlərində Cəlal müəllimin elmi yaradıcılığından, dəyərli ideyalarından bəhrələnir.

 

 

İki sahil.- 2018.- 30 iyun.- S.8.