Azərbaycanlıların soyqırımı-100

Tarix heç zaman unudulmur

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Ən əsası zaman hadisələrin düzgün dəyərləndirilməsi baxımından zəngin mənbədir. Dövlətimizin başçısı İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı, sənəddən irəli gələn  vəzifələrin yerinə yetirilməsi tariximizin yenidən vərəqlənməsində yardımçıdır.  Saxta tarix yazıb bu günə qədər  bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər.

Faktlar təsdiqləyir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. 1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız  narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə  keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldürüldü,  yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

 

XX əsrin dəhşətli faciəsi  olan Xocalı soyqırımı da  minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə  tarixə yazılıb. Separatçı ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb.  Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

 

Bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olunsa olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan topaqlarıdır.”

 

İnkaredilməz həqiqət budur ki,  Azərbaycan müstəqillik qazandıqdan,  daha dəqiq desək, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  tariximizin obyektiv mənzərəsinin yaradılması üçün  imkanlar əldə olundu. Ümummilli Liderin fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, orda  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da Ulu Öndərin tariximizə verdiyi dəyərdən irəli gəlirdi. Məhz Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq  faktların dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə olunaraq dünyaya çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu günün çağırışı dünyanın  bu tarixi həqiqətlərə həqiqət gözü ilə baxıb düzgün, ədalətli mövqe nümayiş etdirməsidir.

 

Əvvəldə də qeyd etdiyimiz kimi, ötən 20 ildə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxan tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Ölkə Prezidenti İlham Əliyevin ermənilərin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə imzaladığı Fərman tariximizin hər bir səhifəsinin bizim üçün əziz olduğunu nümayiş etdirməklə yanaşı, eyni zamanda dünyanın  erməni vəhşiliklərinə göz yumması fonunda sonrakı dövrlərdə hansı faciələrin yaşandığına bir baxışdır.

 

27 ildən artıqdır həllini gözləyən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili yanaşmalar rəsmi Bakının daim sərt bəyanatlarla çıxış etməsinə səbəb olur.  Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcud olsa da, beynəlxalq qurumlar, dövlətlər gözləmə mövqeyində dayanmağa daha çox üstünlük verirlər. Bu gözləmələr, susmalar ermənilərin daha böyük iddialarla yaşamasına gətirib çıxarır.

 

Azərbaycan dövlətinin erməni vəhşiliklərini dünyaya bəyan edən addımları  bu reallığı bir daha təsdiqləyir ki, təbliğat real həqiqətlərə əsaslananda daha inandırıcı və uzunömürlu olur. Ən əsası Azərbaycan işğala məruz qalan tərəf kimi əsaslı təbliğatı əsasında  informasiya mübarizəsində qələbəsi ilə yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini daha da yaxınlaşdırır. Dövlətimizin başçısı İlham Əliyevin bu gün  hər bir yazımızın əsas mahiyyətini təşkil edən həqiqətlərimizin təbliğinə  yardımçı olan   “Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”, eyni zamanda cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncamları tarixi əhəmiyyət kəsb edən sənədlərdir. Hər iki sənəd tariximizə daha dəqiq yanaşmanı bir zərurət kimi ortaya qoyur.  Ölkə Prezidenti İlham Əliyev bildirir: “Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir  ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh  olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki,  bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir.” Azərbaycanfın iqtisadi və siyasi uğurları göz önündədir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olunan Ermənistan isə iqtisad böhran içərisindədir. Ölkədən kütləvi tərketmələrin  intensiv xarakter alması  inkaredilməz həqiqətlər sırasındadır. Diplomatik mübarizədə qələbəmiz, iqtisadi imkanlarımızın genişlənməsi fonunda güclənən, qüdrətlənən ordumuz yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır. Cocuq Mərcanlıya qayıdış bu inamın təsdiqidir.

Tariximizin hər səhifəsinə hörmətlə yanaşan dövlətimiz mövcud imkanlardan səmərəli istifadə edərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatırılmasına səy göstərir, diplomatik uğurlarımız göz önündədir.

 

Yeganə Əliyeva

İki sahil.- 2018.- 8 mart.- S.18.