Azərbaycanlıların
soyqırımı-100
Tarix
heç zaman unudulmur
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə
yaddaşdır. Ən əsası zaman hadisələrin
düzgün dəyərləndirilməsi baxımından zəngin
mənbədir. Dövlətimizin başçısı
İlham Əliyevin “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” Sərəncamı,
sənəddən irəli gələn vəzifələrin yerinə
yetirilməsi tariximizin yenidən vərəqlənməsində
yardımçıdır. Saxta
tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq
ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan
çıxan ermənilər və onların dəstəkçiləri
hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının
fərqindədirlər.
Faktlar təsdiqləyir ki, erməni millətçiləri
tarixin müxtəlif mərhələlərində mifik
“Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək
məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə,
deportasiya və soyqırımları həyata
keçirmişlər. Azərbaycan xalqının başına gətirilən
ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel
aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət
göstərən daşnak-bolşevik silahlı dəstələri
tərəfindən xüsusi qəddarlıqla törədilmiş
kütləvi qırğınlardır. Həmin
günlərdə Bakı şəhərində, habelə
Bakı quberniyasına daxil olan digər şəhər və
qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə
görə qətlə yetirilmiş, yaşayış məntəqələri
dağıdılmış, mədəniyyət abidələri,
məscid və qəbiristanlıqlar yerlə-yeksan
edilmişdir. Sonrakı dövrlərdə
daha da azğınlaşan erməni millətçiləri
qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur,
Naxçıvan, Şirvan, İrəvan və digər
bölgələrdə kütləvi qətllər, talanlar və
etnik təmizləmələr həyata keçirmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin
törətdikləri ağır cinayətlərin
araşdırılması üçün Fövqəladə
İstintaq Komissiyası yaratmış, komissiyanın üzə
çıxardığı həqiqətlərin xalqın
yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə
çatdırılması üçün bir sıra tədbirlər
görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses
dayandırılmış, baş verənlərin sona qədər
təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət
verilməsinin qarşısı alınmışdır. Xalqımıza qarşı aparılan
soyqırımı siyasəti özünün siyasi-hüquqi
qiymətini tapmadığı üçün tarixi faktlar
sovet mətbuatında ermənilər tərəfindən təhrif
olunur və ictimai fikir çaşdırılırdı.
1988-ci ildən ortaya atılan Dağlıq
Qarabağ münaqişəsinin ilkin mərhələsində
yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından qovulmasına da respublikada düzgün siyasi
qiymət verilmədi. Azərbaycanın Dağlıq
Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə
daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını
və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə
Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən
çıxarmasını xalqımız narazılıqla
qarşıladı və mühüm siyasi aksiyalara əl
atmaq məcburiyyətində qaldı. Ölkəmizdə keçirilən mitinqlərdə
torpaqlarımızın işğalı siyasəti qətiyyətlə
pislənsə də, Azərbaycan rəhbərliyi öz
mövqeyindən əl çəkmədi. Məhz elə
bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə
güclənən xalq hərəkatını boğmaq məqsədilə
Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı
öldürüldü, yaralandı, digər fiziki təzyiqlərə
məruz qaldı.
XX əsrin
dəhşətli faciəsi olan Xocalı
soyqırımı da minlərlə
azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə-yeksan edilməsi ilə tarixə yazılıb. Separatçı ermənilərin Dağlıq
Qarabağda başladıqları avantürist hərəkatın
nəticəsi olaraq, bu gün bir milyondan artıq
soydaşımız erməni qəsbkarları tərəfindən
öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin
erməni silahlı qüvvələri tərəfindən
işğalı zamanı minlərlə vətəndaşımız
şəhid oldu, xəsarət aldı.
Bunlar tarixi faktlardır. Bu faktları
ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin Qafqazda törətdikləri
soyqırımı və deportasiya siyasətinin bir məqsədi
olduğu hər kəsə məlumdur - Nəyin bahasına
olunsa olsun Azərbaycan torpaqlarında məskunlaşmaq.
Dövlətimizin başçısı İlham Əliyev
bildirir: “Bizim ata-baba torpağımız olan İrəvan
xanlığı, Zəngəzur mahalı, digər torpaqlar
indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana
qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki
indiki Ermənistanın yerləşdiyi ərazi qədim
türk, Azərbaycan topaqlarıdır.”
İnkaredilməz
həqiqət budur ki,
Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, ulu öndər
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıtdıqdan sonra tariximizin obyektiv mənzərəsinin
yaradılması üçün
imkanlar əldə olundu. Ümummilli Liderin
fəaliyyətinin əsas tərkib hissələrindən biri
Azərbaycanın ətrafında yaradılan informasiya
blokadasının yarılması oldu. Ulu Öndərin
xarici ölkələrə elə bir səfəri yox idi ki, orda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan
həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında
dünya ictimaiyyətinin diqqətinə çatdıran
ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna
verdiyi önəm də bu istəkdən qaynaqlanırdı.
Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə
əsaslı şəkildə çatdırılmalı, ermənilərin
iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək
tapşırığı da Ulu Öndərin tariximizə
verdiyi dəyərdən irəli gəlirdi. Məhz
Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq faktların
dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif
dillərə tərcümə olunaraq dünyaya
çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart
tarixli “Azərbaycanlıların soyqırımı
haqqında” Fərmanında həmin dəhşətli hadisələrə
adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmişdir. Bu
günün çağırışı dünyanın bu tarixi həqiqətlərə
həqiqət gözü ilə baxıb düzgün, ədalətli
mövqe nümayiş etdirməsidir.
Əvvəldə də qeyd etdiyimiz kimi, ötən 20
ildə aparılmış araşdırmalar sayəsində
çoxlu sayda yeni faktlar və sənədlər
toplanmış, Quba şəhərində kütləvi məzarlıq
aşkar olunmuşdur. Üzə çıxan tarixi faktlar
1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə
erməni millətçilərinin həyata keçirdikləri
qanlı aksiyaların coğrafiyasının daha geniş və
faciə qurbanlarının sayının qat-qat çox
olduğunu sübut etmişdir. Ölkə Prezidenti
İlham Əliyevin ermənilərin 100 il əvvəl azərbaycanlılara
qarşı törətdikləri bəşəri cinayətlər
barədə həqiqətlərin ölkə və dünya
ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə
imzaladığı Fərman tariximizin hər bir səhifəsinin
bizim üçün əziz olduğunu nümayiş etdirməklə
yanaşı, eyni zamanda dünyanın erməni vəhşiliklərinə
göz yumması fonunda sonrakı dövrlərdə hansı
faciələrin yaşandığına bir
baxışdır.
27 ildən
artıqdır həllini gözləyən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə ikili
yanaşmalar rəsmi Bakının daim sərt bəyanatlarla
çıxış etməsinə səbəb olur. Münaqişənin
həlli üçün möhkəm hüquqi baza mövcud
olsa da, beynəlxalq qurumlar, dövlətlər gözləmə
mövqeyində dayanmağa daha çox üstünlük
verirlər. Bu gözləmələr,
susmalar ermənilərin daha böyük iddialarla
yaşamasına gətirib çıxarır.
Azərbaycan dövlətinin erməni
vəhşiliklərini dünyaya bəyan edən
addımları bu
reallığı bir daha təsdiqləyir ki, təbliğat
real həqiqətlərə əsaslananda daha
inandırıcı və uzunömürlu olur. Ən əsası
Azərbaycan işğala məruz qalan tərəf kimi əsaslı
təbliğatı əsasında informasiya mübarizəsində qələbəsi
ilə yeganə problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllini daha da
yaxınlaşdırır. Dövlətimizin
başçısı İlham Əliyevin bu gün hər bir yazımızın əsas
mahiyyətini təşkil edən həqiqətlərimizin təbliğinə yardımçı olan “Azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında”, eyni zamanda cari
ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi
barədə sərəncamları tarixi əhəmiyyət kəsb
edən sənədlərdir. Hər iki sənəd tariximizə
daha dəqiq yanaşmanı bir zərurət kimi ortaya qoyur. Ölkə Prezidenti İlham
Əliyev bildirir: “Ermənistanda başa düşməlidirlər
ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə
yaşayırıq və XXI əsrin əlamətləri hər
bir ölkə üçün
əsas olmalıdır. Biz istəyirik ki, bölgədə
sülh olsun. Biz istəyirik ki,
beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir
işğalçı bilməlidir ki, bu işğalın sonu
olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir,
ya da qaçılmaz məğlubiyyətdir.” Azərbaycanfın
iqtisadi və siyasi uğurları göz önündədir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın
iştirakı olmadan bölgədə hansısa iqtisadi və
siyasi layihənin həyata keçirilməsi
mümkünsüzdür. İşğalçılıq
siyasəti ucbatından bütün enerji layihələrindən
təcrid olunan Ermənistan isə iqtisad böhran
içərisindədir. Ölkədən kütləvi tərketmələrin intensiv xarakter alması inkaredilməz həqiqətlər
sırasındadır. Diplomatik mübarizədə
qələbəmiz, iqtisadi imkanlarımızın genişlənməsi
fonunda güclənən, qüdrətlənən ordumuz yeganə
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə inamı
daha da artırır. Cocuq Mərcanlıya
qayıdış bu inamın təsdiqidir.
Tariximizin
hər səhifəsinə hörmətlə yanaşan
dövlətimiz mövcud imkanlardan səmərəli istifadə
edərək həqiqətlərimizin dünya ictimaiyyətinə
çatırılmasına səy göstərir, diplomatik
uğurlarımız göz önündədir.
Yeganə
Əliyeva
İki
sahil.- 2018.- 8 mart.- S.18.