Azərbaycan Xalq Cümhuriyyətinin
təhsil nazirləri
2018-ci il Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan edilib.
Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi Azərbaycan tarixində ən şərəfli
dövrlərdən biridir. Bir sıra sahələrdə
olduğu kimi, AXC dövründə milli təhsil sahəsində
də qısa dövrdə xeyli işlər
görülmüş, milli təhsil sisteminin
yaradılması istiqamətində uğurlu addımlar
atılmışdır. Bu baxımdan, ümumi təhsil sahəsi
ilə yanaşı, Azərbaycan təhsilinin və elminin
sonrakı inkişafında misilsiz rol oynayan Bakı Dövlət
Universitetinin yaradılmasını xatırlatmaq kifayət edər.
Ümumi təhsil sahəsində də
Cümhuriyyətin yaradıcıları bir sıra sahələrin
inkişafında qısa müddətdə xeyli işlər
gördülər. Bütün bunları, eləcə
də oxucularımız üçün maraqlı
olacağını nəzərə alıb həmin dövrdə
Azərbaycan təhsilinə rəhbərlik etmiş şəxsiyyətlərin
həyat və fəaliyyətləri barədə qısa məlumat
verməyi özümüzə borc bilirik.
Yolda qətlə yetirilən ilk təhsil naziri
Yuxarıda qeyd etdiyimiz kimi, AXC dövrü bir
sıra strukturların yaradılması baxımından Azərbaycan
tarixində mühüm dövrdür. Elə ilk Təhsil
Nazirliyinin yaradılması və təhsil naziri vəzifəsi
də dövlətçilik tariximizdə məhz Cümhuriyyətin
adı ilə bağlıdır.
Beləliklə, Azərbaycanın tarixinə
düşən ilk təhsil naziri AXC-nin qurucularından biri
olan Nəsib bəy Yusifbəyli olmuşdur.
Gəncə şəhərində
doğulan Yusifbəyli Nəsib bəy Yusif oğlu (1881-1920)
1918 il may ayının 28-də müstəqillik bəyannaməsini
imzalayan 26 nəfərdən biri olaraq həm də həmin
günlərdə yaradılan ilk hökumətdə Maarif və
Dini Etiqad Nazirliyinin rəhbəri təyin edilir.
N. Yusifbəyli 1902-ci ildə
Rusiyadakı İmperator Novorosiyski Universitetinin hüquq
fakültəsinə daxil olmuş, lakin həmin illərdə
geniş yayılan inqilabi hərəkatlara görə
universitet Çar Rusiyası tərəfindən
bağlanmış və Nəsib bəyin təhsili
yarımçıq qalmışdır.
Bundan sonrakı fəaliyyətini Nəsib bəy
Kırımın Bağçasaray şəhərində,
İsmayıl Qaspiralının dərc etdirdiyi “Tərcüman” qəzetində
davam etdirib. Burada həm də teatr sahəsində
çalışıb.
1908-ci ildə İstanbula köçən Nəsib
bəy publisistik fəaliyyətlə yanaşı, “Türk dərnəyi”
cəmiyyətinin yaradılması ilə də məşğul
olmuşdur. Burada İsmayıl Qaspiralının qızı
Şəfiqə Soltan xanımla ailə qurduqdan sonra 1909-cu ildə
yenidən Gəncəyə qayıtmış, şəhər
bələdiyyəsində çalışmışdır.
Gəncədə yaşadığı dövrdə Nəsib
bəy Yusifbəyli publisistik fəaliyyətini davam
etdirmiş, müxtəlif ictimai işlərdə fəallıq
göstərmişdir.
Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin
üzvü, Zaqafqaziya federativ hökumətində - maarif
naziri, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində
1918-ci il may ayının 28-dən 1919-cu ilin mart ayına kimi
maarif və dini etiqad naziri olmuşdur. N. Yusifbəyli sonrakı
dövrdə Cümhuriyyətin Baş naziri və 1919-cu ilin
iyun-dekabr aylarında daxili işlər naziri olmuşdur.
1920-ci il aprelin 27-də Azərbaycan
Sovet Rusiyası tərəfindən işğal edildikdən və
kommunist rejimi qurulduqdan sonra Nəsib bəy də digər
hökumət üzvləri kimi, ona qarşı olan təqiblərdən
yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək
istəmişdir. Lakin 1920-ci il may ayının 31-də
Bakıdan çıxıb gedərkən yolda, Kürdəmir
uyezdinin Qarxun kəndində müəmmalı şəkildə
qətlə yetirilmişdir.
Rəşid xan Zabit xan oğlu Qaplanov
Nəsib bəy Yusifbəylidən sonra Azərbaycanın
ikinci təhsil naziri olub. 11 noyabr 1883-cü ildə
Dağıstanlı tanınmış mülkədar Zabit xan
Qaplanovun ailəsində doğulmuşdur.
Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə
Parisdəki Sorbon Universitetinin hüquq fakültəsini
bitirmişdir. İstanbul Universitetinə dəvət
olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin
il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində
andlı müvəkkil müavini vəzifəsində
çalışmışdır.
Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda
gedən siyasi proseslərdə fəal iştirak edən R.
Qaplanov Dağlılar Respublikasının daxili işlər
naziri olmuş, 1919-cu ilin əvvəllərində Bakıya
köçmüşdür.
Rəşid xan Azərbaycan Xalq Cümhuriyyətinin
4-cü hökumət kabinəsində maarif və dini etiqad
naziri vəzifəsinə təyin edilmişdir. Onun rəhbərliyi
ilə Bakıda və Azərbaycanın bir çox şəhərlərində
yeni tipli məktəblər yaradılmışdır. Azərbaycanın
ilk universiteti olan Bakı Dövlət Universitetinin
yaradılmasında R. Qaplanov da yaxından iştirak etmiş,
özü də bu universitetdə “Osmanlı ədəbiyyatı
tarixi”ndən dərs demişdir.
Aprel işğalından sonra -1920-ci ilin iyununda
Rəşid xan Qaplanov Bakıda həbs olunaraq əvvəlcə
Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdir.
Moskvadakı Şərq Xalqları Universitetində “Osmanlı
imperiyası tarixi”ndən dərs demiş, eyni zamanda, vəkil
kimi özəl fəaliyyət göstərmişdir.
30-cu illər repressiyası Rəşid xandan da yan
keçməmişdir. Qaplanov 8 oktyabr 1937-ci ildə həbs olunmuş, həmin
il dekabr 10-da güllələnmişdir. Məzarı
Moskvadadır.
Şahtaxtinski
Həmid bəy Xəlil ağa oğlu
Həmid bəy Şahtaxtinski 12 mart 1880-ci ildə
Naxçıvan qəzasının Şahtaxtı kəndində
anadan olub. Tanınmış marifçi, Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət xadimlərindən biridir.
Həmid bəy Şahtaxtinski ibtidai təhsilini Naxçıvanda
mollaxanada almış, üçüncü dərəcəli
şəhər məktəbində davam etdirmişdir. 1899-cu ildə
İrəvan müəllimlər seminariyasını
bitirmişdir. Pedaqoji fəaliyyətə həmin
seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi
başlamışdır. İrəvandakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin üzvü olmuş, Odessada
Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş
(1912), tələbəlik illərində buradakı “Azərbaycanlı
həmyerlilər təşkilatı”nın
başçılarından biri olmuşdur.
1912-ci ildə Gəncəyə gələrək, şəhərin
ictimai-siyasi həyatında yaxından iştirak etmiş,
1914-cü ildə Yelizavetpol Quberniyasının (Gəncə)
xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə
yaxın Yelizavetpol dairə məhkəməsində
andçı-müvəkkilin köməkçisi vəzifəsində
işləmiş, sonra Bakıya köçərək, dairə
məhkəməsində eyni vəzifədə
çalışmışdır.
H.Şahtaxtinski Rusiyadakı fevral inqilabından (1917)
sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən
“İttihad” partiyasının üzvü olmuşdur.
1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil
İdarəsi üzrə komissar idi. Azərbaycan Milli
Şurasının üzvü olmuş, Azərbaycan Xalq
Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrində
maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində
maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa
vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur.
Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində
ana dilində məktəb və seminariyaların
açılmasında böyuk əmək sərf etmişdir. Bakı
Dövlət Universitetinin təşkilində xidməti
olmuş, orada müəllim, prorektor (1919-25), həmçinin
Bakı Xalq Maarifi Şöbəsi nəzdindəki ikiillik
Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət
Tibb İnstitutunda (1930-1940) işləmişdir. 1929-cu ildən professor elmi dərəcəsi
almışdır. 1928-ci ildə, həmçinin
Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini
bitirmişdir.
Azərbaycanın ümumtəhsil məktəbləri
üçün dərsliklərin, Azərbaycan dilində elmi
terminologiyanın tərtibi üzrə komissiyaların sədri
olmuş, yeni Azərbaycan əlifbasının
yaradılmasında iştirak etmişdir.
Həmid bəy Şahtaxtinski də repressiyaya məruz
qalmış, 1941-ci ildə həbs edilərək
sürgünə göndərilmişdir. 1944-cü il
fevralın 3-də Arxangelsk vilayətində, sürgündə
həlak olmuşdur.
Nurməhəmməd
bəy Ədilxan oğlu Şahsuvarov
1883-cü ildə Zəngəzur qəzasının
(indiki Laçın rayonunun) Minkənd kəndində anadan
olub. İbtidai təhsilini kənd məktəbində
başa vurmuş Nurməhəmməd bəy Şahsuvarov
1899-1903-cü illərdə Qori Müəllimlər
Seminariyasında oxuyub. Bir müddət Gəncədə
rus dili müəllimi işlədikdən sonra 1912-ci ildə
Tiflis Aleksandr Müəllimlər İnstitutunu bitirib. Həmin
il Kiyev Universitetinin hüquq fakültəsinə
daxil olub və ali məktəbi eksternat yolu ilə 1915-ci ildə
bitirib. Dağıstan Vilayəti Xalq Maarifi
İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə
inspektor təyin edilib.
1917-ci ildə Rusiyada fevral burjua inqilabı zamanı bitərəf
Nurməhəmməd bəy Şahsuvarov siyasi hadisələrdə
yaxından iştirak edib. 1918-ci ilin yayında
Şimali Qafqazda yaşayan xalqların milli azadlıq hərəkatı
nəticəsində yaradılan Dağlılar
Respublikasının xalq maarifi naziri təyin olunub.
1919-cu il iyunun əvvəlində Bakıya gələn
Nurməhəmməd bəy Şahsuvarov Azərbaycan Demokratik
Respublikası Nazirlər Şurasının sədri, 4-cü
Hökumət Kabinetində xalq maarifi və dini etiqad nazirinin
müavini vəzifəsini icra etməyə başlayıb. O,
Azərbaycanın şəhər və kəndlərində
ana dilində məktəb və seminariyaların
açılması və digər mütərəqqi tədbirlərin
həyata keçirilməsində böyük əmək sərf
edib. Azərbaycanın ilk ali məktəbi
olan Bakı Dövlət Universitetinin təşkilində Nurməhəmməd
bəy Şahsuvarov xüsusi xidmət göstərib.1920-ci il
aprelin 27-də baş verən hadisələrdən sonra Nurməhəmməd
bəy Şahsuvarov Azərbaycan SSR xalq maarifi
komissarının müavini təyin olunub. O, həmin dövrlərdə
Bakıda pedaqoji və Səmədağa Ağamalıoğlu
adına torpaq və geodeziya
texnikumlarında rus dilindən dərs deyib. Sonralar
Bakı Dövlət Universitetində rus dili kafedrasının
müdiri, Azərbaycan Neft və Kimya İnstitutunda isə rus
dili müəllimi işləyib.Keçmiş Sovetlər
Birliyində 1930-cu illərdə tüğyan edən repressiya
dalğası ondan da yan keçməyib. 1940-cı
ildə qondarma ittihamlarla həbs olunan və Krasnodar
diyarına sürgünə göndərilən Nurməhəmməd
bəy Şahsuvarov orada da öz ixtisası üzrə dərs
deyib. Üç il sonra - 1943-cü
ildə sürgündən Bakıya qayıdıb, Azərbaycan
Tibb İnstitutunda rus dili kafedrasının müdiri və
müəllimi işləyib. Azərbaycanda rus
dili sahəsində bir mütəxəssis kimi məşhur
olub.
Öz
dövrünün tanınmış şəxsiyyətlərindən
biri olan Nurməhəmməd bəy Şahsuvarov 1958-ci il avqustun 11-də Bakıda vəfat edib.
Taleh Turqut
İki
sahil.- 2018.- 16 mart.- S.19.