“Müəllimlərsiz
millətin gücü
və qüvvəsi ola bilməz”
Azərbaycan Xalq Cümhuriyyətinin
maarif sahəsində həyata keçirdiyi ən önəmli tədbirlərindən biri
Qori Müəllimlər
Seminariyasının Azərbaycan
şöbəsinin Qazaxa
köçürülməsi olub.
Qazaxda Müəllimlər
Seminariyasının fəaliyyətə
başlaması nəinki
ölkəmizin, həm
də bütövlükdə
regionun mədəni həyatında çox böyük hadisə kimi dəyərləndirilib.
Bu təhsil ocağı xalqımızın
mənəvi geriliyinin
aradan qaldırılmaqla
yanaşı, respublikamızda
milli pedaqoji kadrlar hazırlayan ilk milli tədris
ocağı kimi tariximizin yaddaşına həkk olunub. Bu mənada Qazax Müəllimlər Seminariyası sonrakı təhsil müəssisələrimizin
mayakı olub.
Qazax Müəllimlər
Seminariyasında tədris
günün tələbləri
səviyyəsində təşkil
edilirdi. Xalq şairi Vaqif Səmədoğlunun sözləri
ilə desək: “Bu Qazax Seminariyası,
vallah şişirtmək
olmasın, bəlkə
də Oksford, Kembric, Harvard universitetləri verən savadı o dövr üçün verib”.Azərbaycan Xalq
Cümhuriyyətinin qısa
zaman kəsiyində gördüyü işləri
yüksək dəyərləndirən
ulu öndər Heydər Əliyev Qazax Müəllimlər Seminariyasının yaradılmasının
80 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktiki
konfransının iştirakçılarına
göndərdiyi təbrikində
bildirirdi: “XIX əsrin ortalarından başlayaraq Azərbaycanda
gedən siyasi və sosial-iqtisadi proseslər onun mədəni həyatına
da güclü təsir göstərmiş,
böyük vüsət
alan maarifçilik hərəkatı yeni tipli təhsil ocaqlarının yaranmasına
təkan vermişdir. Öz xalqının gələcəyini elmdə, təhsildə görən görkəmli
ziyalılar yeni tələblərə cavab
verən müəllim
kadrların hazırlanması
üçün var qüvvələrini sərf
etmişlər. Onların
bu səyləri 80 il bundan əvvəl
Qazax Müəllimlər
Seminarıyasının yaranması
ilə nəticələnmişdir.
Vaxtilə bütün Yaxın
Şərqdə şöhrət
tapan seminariyanın yaradılması Azərbaycan
maarifçilərinin fədakarlığı
və vətənpərvərliyinin
canlı nümunəsi
Azərbaycan Xalq Cümhurıyyəti hökumətinin
təhsil sahəsində
yeritdiyi düzgün və məqsədyönlü
siyasətin parlaq təzahürüdür.
Adları Azərbaycan ədəbiyyatı
tarixinə qızıl
hərflərlə yazılmış
Səməd Vurğun,
Osman Sarıvəlli, İsmayıl Şıxlı
kimi görkəmli simalar məhz həmin seminarıyanın
ilk məzunları olmuşlar.Qazax Müəllimlər
Seminariyasi 40 illik fəaliyyəti dövründə
respublikanın müxtəlif bölgələri
üçün minlərlə
müəllim kadrları
hazırlamışdır. Azərbaycanın bir sıra tanınmış
elm, mədəniyyət
və ədəbiyyat
xadimləri bu təhsil ocağının
yetirmələridir....Qazax
Müəllimlər Seminariyasının
xalqımızın mədəni
həyatında oynadığı
böyük rol danılmazdır. Onun təməli üzərində
neçə-neçə təhsil
ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını
Azərbaycan maarif tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan
Respublikasının təhsil
işçilərinin neçə-neçə
nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.Ölkəmizdə
təhsilin inkişafına
xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev də belə təhsil ocaqlarının fəaliyyətini
yüksək dəyərləndirib.
Yeri gəlmişkən, dövlətimizin
başçısının imzaladığı
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ilə bağlı Sərəncamda qeyd olunduğu kimi, Cümhuriyyətin ömrü
az olsa da,
onun müstəqillik ideyası unudulmadı. Bu aspektdən çıxış etsək,
bu məsələdə
Qazax Müəllimlər
Seminariyasının
məzunlarının da
rolu az olmadı.Qazax
Müəllimlər Seminariyasının
yaradılmasına aparan
tarixi yolun ilk mərhələsi olan Qori Müəllimlər
Seminariyası 1876-cı ilin
sentyabrından fəaliyyətə
başlayıb. Bu təhsil
ocağının nəzdində
tatar (Azərbaycan) bölməsinin yaradılmasına
1879-cu ildən başlanılsa
da, 1880-cı ilin mayın 13-də Rusiya imperatoru II Aleksandrın imzaladığı fərmanla
rəsmən qanuniləşdirilib.
Şamaxıda boya-başa
çatmış Aleksey
Çernyayevski Azərbaycan
bölməsinə inspektor
təyin olunub. Məhz o, azərbaycanlı
uşaqların seminariyaya
cəlb edilməsində
mühüm rol oynayıb. Qori seminariyasının məzunu
olmuş Firudin bəy Köçərli
deyirdi: “Qori
Seminarıyasında yaxşı
və diqqətəlayiq
nə vardısa, hamısı Çernyayevskinin
adı ilə bağlıdır.Qori Seminariyasını
bitirənlər (Cəlil
Məmmədquluzadə, Üzeyir
Hacıbəyli, Nəriman
Nərimanov, Müslüm
Maqomayev, Firidun bəy Köçərli,
Rəşid bəy Əfəndiyev, Süleyman
Sani Axundov, Fərhad Ağazadə və
digərləri) Azərbaycan
mədəniyyətinin, təhsilinin
inkişafında mühüm
rol oynayıblar.
Görkəmli ədəbiyyatşünas
Əziz Şərif yazırdi: “Çar Rusiyasında heç bir təhsil ocağı Qorı Müəllimlər Seminariyası
qədər Azərbaycana
mədəniyyət xadimi
verməyib”.Azərbaycan
Xalq Cümhuriyyəti
hökuməti 1918-ci il
iyunun 20-də keçirilən
iclasında Qori Müəllimlər Seminariyasının
Azərbaycan şöbəsi
əsasında müstəqil
müəllimlər seminariyasının
təşkil edilməsini
qərara alıb. Hökumətin tapşırığı ilə seminariyanın Azərbaycan şöbəsinə aid əmlakının Qoridən
Qazax şəhərinə
gətirilməsini təmin
etməyi həmin şöbənin müfəttişi,
görkəmli pedaqoq Firidun bəy Köçərliyə (o, 1920-ci ildə bolşeviklər tərəfindən siyasi ittihamlarla qətlə yetirilib) tapşırıb
və bu məqsədlə 5 min manat vəsait ayrılıb. Lakin Gürcüstan hökumətinin
1918-ci ilin iyun-avqust aylarında Cənubi Qafqaz dəmir yolu nəqliyyatının
normal fəaliyyətini
əngəlləməsi ilə
əlaqədar əmlakın
daşınması təxirə
salınıb. 1918-ci ilin
sentyabr ayının ortalarında Qori Müəllimlər Seminariyası
Azərbaycan şöbəsinin
əmlakını
Qazax şəhərinə
gətirib çıxarmaq
mümkün olub. Məşədi İbrahim
Hacı İsmayıl
oğlu Qazax şəhərində özünəməxsus
17 otaqlı mülkünü
seminariyaya hədiyyə
edib. Azərbaycan hökumətinin qərarı ilə şöbənin bazasında
Qazax Müəllimlər
Seminariyası təşkil
olunub və Azərbaycan xalq maarif naziri N.Yusifbəylinin
1918-ci il 12 oktyabr tarixli əmri ilə Firidun bəy Köçərli
həmin il oktyabrın 1-dən seminariyanın
direktoru təyin edilib. Direktorun təqdimatı əsasında
xalq maarif naziri buraya Bakıdan
xeyli miqdarda dərslik və dərs vəsaiti göndərib.Rəsmi məlumatlara
görə, Qazax Müəllimlər Seminariyasının
açılışı 1918-ci il noyabrın 10-da keçirilib və bu təhsil ocağında dərslər
də elə həmin gündən başlanıb. Açılış mərasimində seminariyanın Qoridəki fəaliyyətini yüksək
dəyərləndirən F.Köçərli
bildirib ki, indi Qazaxa köçürülmüş
tatar bölməsi xalqın mənəvi geriliyinin aradan qaldırılmasının mühüm
amillərindən birinə
çevriləcək və
bu yolda var qüvvəsi
ilə çalışacaq.
Qazaxda yerləşən türk
ordusunun komendantı Səbri bəy isə öz çıxışında “Müəllimlərsiz,
bu təmənnasız
fədailərsiz millətin
gücü və qüvvəsi ola bilməz” deyib.Qısa zaman kəsiyində seminariyanın mövcud proqramı da günün tələblərinə
uyğunlaşdırılıb.
Bu məsələdə
vaxtilə Qori seminariyasının Azərbaycan
bölməsini bitirmiş
məzunlar fəal iştirak ediblər.
Xatırladaq ki, bu il
həm də Qazax Müəllimlər Seminariyasının 100 yaşı
tamam olacaq.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2018.- 23 mart.- S.23