Soyqırımının
Quba səhifəsi
“XIX əsrin sonlarından başlayaraq Azərbaycan
xalqının başına gətirilən faciəli hadisələrin,
demək olar ki, hamısında bədnam qonşularımız
ermənilərin və onların havadarlarının xüsusi
rolu olmuşdur. Onu da deyim ki, ermənilər
xalqımıza qarşı törətdikləri bütün
vəhşilikləri əvvəlcədən
planlaşdıraraq həyata keçiriblər. Mən
bütün bunları 1918-ci ilin
hadisələrinin tədqiqatını aparan Fövqəladə
Təhqiqat Komissiyasının istintaq materiallarına istinadən
deyirəm”.Bu sözləri Azərbaycan Respublikası Dövlət
Arxivinin Quba filialının direktoru, Əməkdar mədəniyyət
işçisi Şirin Müzəffərov bizimlə söhbətində
dedi.Onun sözlərinə görə, Qərbi Avropa və
Rusiyada demokratik hərəkat və inqilabı yüksəlişlərin
təsiri altında Cənubi Qafqaza
köçürülmüş ermənilər artıq XIX əsrin
80-90-cı illərində siyasi cəhətdən təşkilatlanmağa
başlayıblar: “1885-ci ildə ermənilərin Vyanada
“Armenakan”, 1886-cı ildə Cenevrədə “Hnçaq”,
1890-cı ildə Tiflisdə
yaratdıqları “Daşnaksütyun” terrorçu təşkilatlarının
qarşılarına qoyduqları başlıca məqsəd
üç dövlərin - Rusiya, Türkiyə və
İranın ərazilərində yaşayan bütün erməniləri
öz bayraqları altında birləşdirərək dənizdən-dənizə
“Böyük Ermənistan”
yaratmaq idi. Azərbaycan Respublikasının Dövlət
Arxivində mühafizə olunan sənəd və
materialların təhlili sayəsində belə bir nəticəyə
gəlmək olar ki, radikal terrorçuluq mövqeyi tutan bu
partiyaların XIX əsrin axırlarından başlayaraq
başqa xalqlara, xüsusilə türk soyundan olanlara
qarşı törətdikləri qanlı cinayətlər,
soyqırımlar öz dəst-xəttinə, qəddarlıq
dərəcəsinə görə tarixdə bu qəbildən
olan hadisələr sırasında xüsusi seçilir. Onların 1918-ci ildə Azərbaycanın müxtəlif
bölgələrində, o cümlədən Quba qəzasında
dinc əhaliyə qarşı törətdikləri vandalizm
aktları məhz belə cinayətlərdən biri idi”.
Daha sonra həmsöhbətimiz dedi: “Azərbaycan
Respublikasının Dövlət Arxivində 1918-ci ildə ermənilərin
Bakı quberniyasının Quba qəzasında törətdikləri
dağıntı və qırğınların,
soyqımının istintaqını aparmaq üçün
Azərbaycan Xalq Cumhüriyyəti hökümətinin 1918-ci il iyulun 15-də təşkil etdiyi Fövqəladə
Təhqiqat Komissiyasının beş cilddən ibarət
istintaq sənədləri mühafizə olunur. Bu beş cilddən
ibarət olan materiallar arasında zərərçəkənlərin
və şahidlərin dindirilmə protokolları, Quba şəhərində
ayrı-ayrı günlərdə yandırılmış və
dağıdılmış evlərə və dükanlara
baxış protokolları, Fövqəladə Təhqiqat
Komissiyasının üzvü Aleksandr Novatskinin və digər
şəxslərin hazırladıqları məruzələr
və sair vardır. Sənədlərə əsasən,
“Daşnaksütyun” partiyasının ən qəddar üzvlərindən
olan S. Şaumyan və G. Korqanovun
başçılığı ilə erməni silahlı dəstələri
dinc, əliyalın insanlara heç bir mərhəmət
göstərmədən onların kütləvi surətdə
qırğınını təşkil ediblər.
Qırğınlar 1918-ci ilin may ayının 1-dən 10-dək
davam etmişdir. Fövqəladə Təhqiqat
Komissiyasının Qubaya göndərdiyi Aleksandr Novatskinin tərtib
etdiyi istintaq materiallarında şəhər rəisi Əlabbas bəy Əlibəyovun
məlumatında göstərilir ki, erməni qulduru
Amazapsın dəstələri tərəfindən
dağıdılana qədər Quba şəhərində 20
minə yaxın əhali və 10 minə yaxın ev
olmuşdur. Əlabbas bəy izahatında bildirir
ki, mart ayında şəhərdəki ermənilər (o zaman
orada məskunlaşan ermənilərin sayı 500 nəfərə
yaxın imiş) özlərinin daşınan və
daşınmaz əmlaklarını sataraq çıxıb
getməyə başlayıblar. Bunun səbəbini
soruşduqda A. Melikov və Bağdasarov deyiblər: “Sizinlə
bizim aramızda nə isə gözlənilir. Ona görə
komitə (“Daşnaksütyun”) bizi geri çağırır”.“Erməni daşnakları bu üsuldan dəfələrlə
istifadə ediblər” sözləri ilə söhbətini
davam etdirən Şirin müəllim bununla bağlı daha
bir tarixi fakta müraciət etdi: “1988-ci il Sumqayıt hadisələrindən
öncə də şəhərdə yaşayan ermənilər
özlərinə mənsub olan əmlakı satmış,
banklarda olan pullarını götürmüşdülər.Şirin
müəllimin sözlərinə görə, Quba şəhərinin
nüfuzlu şəxlərindən - Hacı İsmayıl
Orucovun və şəhər rəisi Ə. Əlibəyovun
verdikləri izahatlardan bəlli olur ki, əksəriyyəti
daşnaklardan ibarət Bakı Kommunasının silahlı dəstələri
ilk dəfə David Qolovaninin rəhbərliyi ilə Qubaya gələrkən
burada Sovet hakimiyyəti quracaqlarını bildiriblər. Vəziyyətin
gərgin olduğunu hiss edən şəhər əhalisi buna
razılıq verib: “D. Qolovaninin dəstəsi Qubanı tərk
etdikdən bir neçə gün sonra S. Şaumyanın
göstərişi ilə Qriqori Korqanov daşnak Amazapsın
komandanlığı altında 2 mindən artıq silahlı
cəza dəstəsini Qubaya göndərir. 1918-ci il mayın 1-də 3 istiqamətdən şəhərə
daxil olan Amazapsın dəstəsinin 4 top və 8 pulemyotu da var
idi. Bu dəstə tərəfindən təkcə birinci
gün şəhərin aşağı hissəsində 713,
ikinci gün isə 1012 nəfər azərbaycanlı və
orada yaşayan digər azsaylı xalqların nümayəndələri
qətlə yetirilmişlər. Ə. Əlibəyov daha sonra
qeyd edir ki, Amazaps şəhər məscidinin yanındakı
meydana gələrək bildirib: “Mən əslən
Ərzurumdanam. Uzun müddət türklərlə
vuruşmuşam. Ermənilərin mənafelərinin
müdafiəçisiyəm. Mən Sovet
höküməti tərəfindən cəza dəstəsi
ilə göndərilmişəm. Sizin müsibətiniz
o vaxt başlayacaq ki, (o, əlini üzərində
toplar dayanmış dağa tutaraq) mən sabah o dağa
qalxacağam, şəhəri topa tutduracaq və yerlə-yeksan
edəcəyəm”.Beləliklə, 10 gün ərzində
Amazapsın rəhbərliyi altında erməni cəza dəstələri
genişmiqyaslı soyqırımı törədirlər:
Ə. Əlibəyovun məlumatına görə, 2 min nəfər
öldürülür. Ölüləri
dəfn edən molla isə qətlə yetirilənlərin
sayının 2.800 nəfər olduğunu söyləyir. Amazapsın Qubaya doğru hərəkət edən
erməni hərbi hissələri yolboyu Quba qəzası ərazisində
122 kəndi dağıtmış və yandırmış,
imkan tapıb qaça bilməyən 60 nəfər kişi,
qadın və uşağı qətlə yetirmiş, 53
kişinı yaralamışlar.Ə. Əlibəyovin
izahatında diqqəti çəkən bir məqam da var. O
bildirir ki, Qubada törədilən soyqırımı barədə
Şaumyana məlumat verdikdə o, sevincini belə gizlətməyib
və baş verənlərə haqq qazandırmağa
çalışıb. Yeri gəlmişkən,
onu da deyim ki, təxmini hesablamalara görə, Amazapsın
quldur dəstəsi tərəfindən təkcə Quba şəhərində
4 milyon rubl nağd pul, 4,5 milyon rubl dəyərində brilyant,
qızıl, gümüş və digər qiymətli
daş-qaş, 25 milyon rubl dəyərində xalça
və digər ev əşyaları mənimsənilmişdir. Bundan əlavə, təkcə Quba şəhərində
105 ev və digər tikililər tamamilə yandırılaraq
dağıdılması nəticəsində şəhər
əhalisinə vurulmuş maddi zərər 100 milyon rubldan
çox olmuşdur”.Şirin müəllim tarixi faktlara əsasən,
Fövqəladə Təhqiqat Komissiyasının üzvü
A. Novatskinin məruzəsində “cəza dəstəsinin”
rəhbəri Amazasp, onun yaxın silahdaşları, eləcə
də vaxtilə Quba şəhəri sakinləri olmuş və
soyqırımında fəal iştirak etmiş ermənilər
barədə cinayət işi qaldırmağın təklif
olunduğunu söylədi: “Təəssüf
ki, 1920-ci ildə bolşeviklər hakimiyyəti ələ
keçirdikdən sonra Amazaps kimi quldurbaşının və
yüzlərlə erməni daşnaklarının törətdikləri
cinayətlər cəzasız qaldı və minlərlə azərbaycanlının
başına gələn faciələr arxivlərə atıldı. Bu yaraların üzü qaysaq
bağlamamış 1988-ci ildən bəri arxalı köpəklər
tərəfindən Azərbaycan xalqının başına
yeni-yeni müsibətlər gətirildi, Xocalı kimi əsrin
faciəsi törədildi, 20 % torpaqlarımız işğal
edildi, bir milyona yaxın soydaşımız öz doğma
torpaqlarında qaçqına, köçkünə
çevrildi.Yalnız ölkəmiz müstəqilliyini
qazandıqdan sonra faciələrimizi araşdırıb
faktları geniş ictimaiyyətə təqdim edə bildik. Bu məsələdə xalqımızın
ümümmilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il
tarixli Azərbaycanlıların
soyqırımı haqqında Fərmanı
mühüm rol oynadı. Xalqımız ümid edir ki,
işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan cənab İlham Əliyevin
yeritdiyi siyasət nəticəsində tezliklə azad ediləcək,
ölkənin ərazi bütövlüyü təmin ediləcək,
şəhidlərimizin və soyqırımı
qurbanlarının qisası düşməndən
alınacaqdır”.“2007-ci ildə Quba şəhəri
stadionunda tikinti məqsədi ilə aparılan
qazıntılar zamanı təsadüfən
aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may
ayında Qubanın müsəlman əhalisinin
soyqırımına məruz qalmasının əyani
sübutu kimi dünyaya nümayiş olundu” sözləri ilə
söhbətinə yekun vuran Şirin müəllim bildirdi ki,
soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı
əsasında Quba şəhərində “Quba
Soyqırımı Memorial Kompleksi” inşa edilib. Onu da deyim ki, bu muzey-abidə yalnız Quba
qırğınlarının deyil, ümumiyyətlə,
ölkəmizin bütün ərazilərində
soydaşlarımıza qarşı ermənilər tərəfindən
törədilmiş faciələrin
unudulmadığının və soyqırımı
qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz
nümunəsidir.
Qvami Məhəbbətoğlu
İlki
sahil.- 2018.- 20 mart.- S.29.