Azərbaycan
multikulturalizm diyarıdır
Dövlətimizin
başçısı bildirir ki, əgər biz ətrafda gedən
hadisələrə, Avropada, Yaxın Şərqdə, digər
bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac
verən amillərə nəzər salsaq bu sahədəki
siyasətimizin təkcə ölkə daxili deyil, dünya
üçün önəmli olduğunu görərik
Dövlətimizin
başçısı İlham Əliyev qarşıdakı
illər üçün hədəfləri
açıqlayarkən bildirir ki, milli mənəvi, dini dəyərlər,
ənənələr bundan sonra da inkişafımızın əsas
istiqaməti olacaq. Bu gün dinlərarası, millətlərarası
dialoqdan söhbət açılanda ilk növbədə Azərbaycan
göz önünə gəlir. Təsadüfi deyil ki,
multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq
forumlar məhz Azərbaycanda keçirilir:
“Bizim gələcək
fəaliyyətimiz üçün milli ideologiyamız əsas
rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda
tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında
birləşib və ölkəmiz çox uğurla
inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası
münasibətlər nümunəvi xarakter daşıyır.
Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri
bir ailə kimi mehribanlıq şəraitində yaşayır
və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və
cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq
addımları da şərtləndirəcək” Bu məqam
da təəssüf hissi ilə vurğulanır ki, islamofobiya,
ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə
dövlət siyasətinə çevrilir, başqa millətlərin,
dinlərin nümayəndələrinə mənfi münasibət
göstərilir: “Ona görə biz
çalışmışıq və bundan sonra da
çalışacağıq ki, öz nümunəmizi
göstərərək sübut edək ki, multikulturalizm
yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz
milli mənəvi dəyərlərimizə sadiqik, buna
bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və
2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi”
illəri elan olunmuşdur.”
Azərbaycan
dünyəvi dövlətdir. Lakin dünyəvilik dini inkar
etmək deyil, bu, dövlətin siyasi qurumunun məzmununu
müəyyən edir. Din insanların cəmiyyət
qarşısında məsuliyyətlərini daha da
artırır. Dövlətin dinə münasibətində də
siyasətin əsasını mənəviyyatın milli sərvətin
tərkib hissəsi kimi dəyərləndirməsi təşkil
edir. İnsanın sərbəst yaşayıb işləməsi
üçün bütün azadlıqlarının mövcud
olduğu ölkəmizdə bu münasibətlər yüksək
səviyyədə tənzimlənir. Ölkə Prezidenti
İlham Əliyev bildirir: “Bu gün din-dövlət münasibətləri
uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə
ardıcıllıq davam etdiriləcəkdir.”
Qeyd
etdiyimiz kimi, Azərbaycanda dini və milli
dözümlülüyün çox böyük və şərəfli
tarixi vardır. Prezident İlham Əliyevin
vurğuladığı kimi, bu fikirlər Bakıda təşkil
olunan sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə
həsr olunmuş beynəlxalq konfranslarda da dəfələrlə
səslənmişdir. Dünya ictimaiyyəti üçün
aydın olan həqiqət budur ki, Azərbaycanın dinlərarası
dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də
uğurla davam etdirilir. Azərbaycanda milli dəyərlərə
sadiqlik, ümumbəşəri dəyərlərə
hörmət meyilləri respublikanın müasirləşməsinə,
modernləşməsinə xidmət göstərir. “Ölkənin
gücü təkcə onun iqtisadi imkanları ilə
ölçülmür” söyləyən dövlətimizin
başçısı İlham Əliyev dünya dini liderlərinin
sammitində də bu
reallığı diqqətə
çatdırmışdır ki, bizim gücümüz
birliyimizdədir, ölkədə hökm sürən
sabitliyin möhkəmlənməsindədir, dini və milli
sülhün mövcudluğundadır. Ölkə Prezidenti
“Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb
hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola
bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir
qarşıdurma, heç bir anlaşılmazlıq da yoxdur.
Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din
xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə
müsbət ab-havanın mövcudluğu və əlbəttə
ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas
rol oynayır. Bu, bizim böyük sərvətimizdir” fikirləri
ilə düşünülmüş və məqsədyönlü
siyasətin uğurlarını bir daha ümumiləşdirir
və bu fonda perspektivləri açıqlayır.
Ölkəmizdə
vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə
davam edən meyillər möhkəmlənir. Bu gün Azərbaycan
xristian və yəhudi dinlərinə mənsub olan insanlar
üçün doğma vətəndir. Azərbaycanda bu
cür demokratik şəraiti ölkəmizə gələn
qonaqlar da etiraf edirlər. Prezident İlham Əliyev mütəmadi
olaraq dini icmaların liderləri ilə görüşür,
onların ehtiyac və problemlərinə maraq göstərir,
ölkədə tolerantlığın formalaşması,
milli azlıqların ictimai həyatın bütün sahələrinə
inteqrasiyası, dini, əqidə azadlığının təmin
olunması üçün dini liderlərlə konstruktiv
mövqe nümayiş etdirilir.
Bu fikir də
vurğulanır ki, ölkələr, xalqlar arasında daha da
yaxşı münasibətlərin qurulması
üçün dini liderlərin birgə fəaliyyəti
çox böyük əhəmiyyətə malik olan məsələdir.
Bu günlərdə Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif
dini icmaların başçılarından ibarət nümayəndə
heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri
çərçivəsində ABŞ yəhudilərinin ən
nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət
göstərən Sinay Sinaqoqunda Azərbaycanın
multikulturalizm və dini tolerantlıq ənənələrinə
həsr olunmuş tədbirdə də Azərbaycanın dinlərarası
harmoniya modeli böyük rəğbətlə
qarşılanıb. Azərbaycanın Los-Ancelesdəki Baş
konsulluğunun və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı
ilə 300-dək qonağın, o cümlədən xarici
ölkələrin Los-Ancelesdə akkreditə olunmuş
baş konsullarının, yerli yəhudi icmasının təmsilçilərinin
qatıldıqları tədbirdə Amerika Yəhudi Komitəsinin
Los-Anceles nümayəndəliyinin sədri Skot Edelman ölkəmizdə
müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının,
eləcə də uzun əsrlərdən bəri Azərbaycanda
mövcud olan yəhudi icmasına göstərilən
münasibətin yüksək səviyyədə
olmasının Amerika yəhudiləri tərəfindən
yüksək dəyərləndirildiyini bildirmişdir.
Bütün
bunlar bu reallığın təsdiqidir ki, tolerantlıq milli
mentalitetimizin xarakterik cəhəti kimi ölkəmizdə
stabilliyin əsasına çevrilib. Dövlətimizin
başçısı İlham Əliyevin Sərəncamı
ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm
İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli”
elan edilməsi, eyni zamanda Azərbaycanın 2015-ci ildə ilk
Avropa Oyunlarına, ötən il IV İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi etməsi multikulturalizm, tolerantlıq təcrübəsinin
nümayişi, həmçinin dünyaya bir birlik, həmrəylik
mesajı kimi dəyərləndirildi. Azərbaycan
atdığı addımları ilə multikultural cəmiyyətlərin
formalaşdırılmasına davamlı töhfələr
verməkdə maraqlı olduğunu təsdiqləyir.
Çoxkonfessiyalı ölkə olaraq Azərbaycanın xarici
siyasətində Qərb və Avropa dövlətləri ilə
yanaşı, İslam aləmi ilə qarşılıqlı
faydalı münasibətlər əsas yer tutur. Ölkəmizin
İslam həmrəyliyinə verdiyi töhfələrin
miqyasının genişliyi keçirilən beynəlxalq səviyyəli
tədbirlərdə də xüsusi qeyd olunur. Hər bir məsələnin
sülh, əmin-amanlıq, ən əsası beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə
regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı
ilə əməkdaşlığı yüksək səviyyədədir.
Qurumun sülhməramlı fəaliyyətinə dəstək
verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin
möhkəmləndirilməsinə ciddi əhəmiyyət
verir. İslam Əməkdaşlıq Təşkilatının
sammitlərində, Zirvə görüşlərində Azərbaycanın islamofobiyaya qarşı mübarizədə
fəal iştirakı xüsusi önə çəkilir.
“Biz müsəlmanlara qarşı törədilən cinayətləri
qətiyyətlə pisləyirik” söyləyən Prezident
İlham Əliyev ötən il ölkəmizdə
keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən
artıq müsəlman ölkəsinin iştirakını
islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirmişdir.
Eləcə də İslam aləmində narahatlıq
doğuran hadisələr - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq
dövlətlərində yaranmış qarşıdurmalar,
qaçqın böhranının hər biri taleyüklü
məsələ olmaqla həmrəyliyin, birliyin vacibliyini
aktuallaşdırır.
Dövlətimizin
başçısı İlham Əliyev
çıxışlarında diqqəti Xocalı
soyqırımına, Dağlıq Qarabağ müharibəsi
zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın
Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə
yönəltməklə erməni faşizminin bu gün də
davam etməsinə göz yuman, seyrçi qalan Qərb
dövlətlərinin, beynəlxalq təşkilatların
müsəlman ölkələrinə qarşı ikili
standartlardan yanaşmasının beynəlxalq hüququn norma və
prinsiplərinə zidd olduğunu
bildirir. “Ermənistanda islamofobiya pik həddinə
çatıb. Ermənistan çox çalışır ki,
müxtəlif müsəlman ölkələri ilə əlaqələrini
genişləndirsin. Onların riyakar və yalan sözlərinə
inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi
dağıdan Ermənistan müsəlman ölkələrinin
dostu ola bilməz” söyləyən cənab İlham
Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına
qarşı törətdikləri terrorları vəhşilik
adlandırır. O da vurğulanır ki, BMT Təhlükəsizlik
Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı,
Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq
qurumlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrə
məhəl qoymayan Ermənistanın maddi və mənəvi
dəstəkdən yaranan ərköyünlüyünə bu
günə qədər göz yumulmasının
yaratdığı problemlər göz önündədir.Rəsmi
Bakı bəyanatlarında daim bu məqamı da xüsusi diqqətə
çatdırır ki, Ermənistanı açıq-aydın
təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri
işğalçı dövlətlə münasibətdə
olan bütün müsəlman ölkələri
üçün əsas mesaj olmalıdır. Çünki
Ermənistanın işğalçılıq siyasəti təkcə
Azərbaycanın dini-mədəni sərvətlərinə
qarşı deyil, həm də ümumilikdə İslamın
tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın
işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə
aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq
və s. dağıdılmış, bütün bunlar
ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən
təsdiq olunmuşdur. Pakistan və Səudiyyə Ərəbistanının
Ermənistanı Azərbaycan torpaqlarını işğal
etdiyinə görə rəsmən tanımaqdan imtina etməsi,
Türkiyənin bu ölkə ilə sərhədlərinin
açılmasından imtina etməsi, beş müsəlman
dövlətinin Xocalı soyqırımını rəsmən
tanıması İslam həmrəyliyinin addım-addım
olsa da nümunəsidir.Azərbaycan İslam dünyasında
mövcud münaqişələrin həllinə öz
töhfəsini verir, müsəlman dövlətlərində
baş verən və maraqlı qüvvələrin təhriki
ilə hələ də davam etdirilən problemlərin ədalətli
həlli ilə bağlı müzakirələrdə birmənalı
olaraq beynəlxalq hüquqa əsaslanır, prinsipial
mövqeyini əməli ilə təsdiqləyir. “Bədxahlara,
anti-Azərbaycan, islamofob qüvvələrə ən
yaxşı cavabımız bizim
reallıqlarımızdır. Gəlsinlər, öz gözləri
ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana
gələn xarici qonaqların mütləq əksəriyyəti
ölkəmizdən ən xoş arzularla ayrılır.
Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə
gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm
ki, biz xoş niyyətlə ölkəmizə gələn
bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan
multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində
heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və
olmayacaqdır. Biz bir çox ölkələr
üçün nümunəyik, xüsusilə, indiki
dövrdə. Bu gün hamımızın gözü
qarşısında müsəlman qaçqınlara işgəncələr
verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan
o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə
dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq.
Bütün vacib beynəlxalq məsələlərlə
bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər
bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə,
o zaman dünyada münaqişələrin və dini, milli zəmində
qarşıdurmaların sayı da azalacaqdır” söyləyən
Prezident İlham Əliyev bütün
çıxışlarında bildirir ki, bundan sonra da ölkəmizdə
bütün xalqların, bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir.
Yeganə Əliyeva
İki
sahil.- 2018.- 18 may.- S.2.